2/23/2017

Necə unudum səni…

Necə unudum səni?

Bəlkə mənə deyəsən…

Qaçım ortaq dostlardan?

Nömrəni telefondan,

Şəklini də bəlkə silim

netbukumun yaddaşından?

Bəs edərmi bunlar

Səni unutmağa?



Necə unudum səni?

Sevgimi öldürmək

Haqqım varmı görəsən?

Nə edim ki, sevgim,

İntihar etsin əlimdən,

Ya da ki, qaçsın

Yaxın durmasın mənə?



Necə unudum səni?

Qoxunu mu unudum,

Nəfəs almayım…

Xatirələrimi silim

Yaddaşımdan…

Səsini mi tanımayım

Eşitdiyimdə?



Bəlkə səni unutmaq

Yerinə…

Birisinə deyim mən:

Mənə insan göstər,

insanların sırasından

ölmüş insanlığı

yaşatmaq üçün,

varis axtarıram insanların arasında…

Neden? (Nazim Hikmətin yazılarından ilhamlanaraq)

– Neden ben doğuldum, Tanrım?

– Çünki bir canlısın… Canlılar doğular…



– Neden, peki tez büyüdüm, Tanrım?

– Çocukken büyümek istediyin için…



– Neden sevdiyim adam beni sevmiyor, Tanrım?

– Seni seven her kesi sen sevmediyin için… Birisi seni sever, sense sevmezsin…



– Neden hayat beni bazen bıkdırıyor, Tanrım?

– Sen hayata ne verdinse, hayat onu sana geri veriyor… Hayatı sen bıkdırmışsın demek ki…



– Neden insanlar ölüyor, Tanrım?

– Sence? Her başlanğıcın bir sonu var, bir doğuş var, bir de ölüm…



– Neden insanlar satılır, satır, Tanrım?

– Paranı daha çok önemsedikleri için…



– Neden iki seven insan ayrılıyor, Tanrım?

– Bir-birilerini degil, kendilerini daha çok sevdikleri için…



– Neden savaşıyor insanlar, Tanrım?

– Birinin hayatı, varlığı digeri için önemli degildir diye…



– Neden çoçuklar doğulmuyor, Tanrım?

– Onların yerine baba, annesi karar vermiştir, doğulsun, ya yok…



– Neden bana bir aile vermedin, Tanrım?

– Ailesiz insanların var olduğunu göstermek için… Birisi sene sahip çıksın diye…



-Neden, o zaman insanlar intihar ederler, Tanrım?

-Hayatın deyerini bilmedikleri, hayatlarını sevmedikleri, yaşamağı bile bilmedikleri için…



– Neden kalbimi, aklımı, vicdanımı verdin bana, Tanrım?

– Bu hayatta yaşamak bazen zor, bazen ise kolay olsun diye…



– Neden insanlar susarlar, Tanrım?

– Ya demeye sözleri olmaz, ya söz gerekmez, ya da sözü demeye cesaret edemezler…

2/22/2017

Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)

Biri vardı, biri yoxdu…

Var olanlar da vardı, var olmalı olanlar da yoxdu, yox olmalı olanlar da vardı, yox olanlar da yoxdu…

Yazımdan inciməyin, risk meneceri kimi yazıram… Yazıçı kimi yox…

Absurdistan adlı məkan var, bu məkanın o qədər absurd, gülməli riskləri, insan həyatları var ki, elə absurd hadisələr baş verir ki, gülməkdən başqa əlindən nəsə gəlmir, bir də başını götürüb qaçmaqdan savayı… Əlacsızsan…

Bu məkanda bir neçə cəbhə var:

Pofiqistlər, o qədər biganədirlər ki, nə yaxşı təsir edər onlara, nə də ki pis…
Absurdistanın qurucusu, idarə edəni…
Absurdistanın iki ayaqlı qurbanları…
Qurban olmayıb mübarizə aparanları…
Nə idarəedən, nə də qurban olanı, öz işində olanı, spekulyasiya, manipulyasiya edib, yaxşıdan da, pisdən də mənəvi və maddi mənfəət götürəni, güdəni…
Bura elə məkandır ki, doğrunu deyəni daşa basırlar, həqiqəti yazanı təhqir edirlər, söyüş söyməyəni, qəmiş olmayanı, şüvənliyə salmayanı, yaltaqlanmağı, sabunla və ya sabunsuz yumşaq yerə girməyəni, işverənlik etməyəni hörmətli insan, ziyalı saymaq qeyri-mümkündür…

Bura elə məkandır ki, gəncləri başını götürüb qaçır, qaçmaq istəməyəni ya susmalıdır, ya da aqibəti yaxşı bitməz… Hər kəs bilir ki, o, gənc haqlıdır, yenə də düşəcəklər üstünə, ətini didməyə…

Bura elə məkandır ki, çoxluq bədbəxtdir, çünki xoşbəxt olanda, bilmir ki, xoşbəxtdir, tox olmur nə gözləri, nə mədəsi, nə də ki, cibləri…

Bura elə məkandır ki, hər cür risk var, böyüyündən tutmuş kiçiyinədək… Risklər də ki, göz qabağındadır, maliyyəsi də var, maliyyə olmayan, mənəvisi də…

Bura elə məkandır ki, savadsızlıq və nadanlıq dəb halını almışdır. Dəblə ayaqlaşmayana deyirlər ki, “bizdən deyilsən, bas bayıra”…

Bura elə məkandır ki, absurdluq yarışı keçirilir, hər il iki kərə, özü də absurd məbləğlər sərf edilir absurd yarışlara…

Bura elə məkandır ki, gənclər yaşlıları bəyənmir, yaşlılar gəncləri, ortada isə orta nəsil qalır, onu də nə gənclər bəyənir, nə də yaşlılar, tərəf tutmadıqlarına və bitərəf olduqlarına görə…

Bura elə məkandır ki, gah paz olur, gah lox, gah da ki, soxan… Bunların da qurbanı var və olacaq… Çünki bura Absurdistandır. Hər kəsin də tükənməz yaradıcı düşüncəsi və təxəyyülü vardır…

Bura elə məkandır ki, tənqidçiləri də absurdcasına tənqid edir, yaltaqlananları da absurd yaltaqlanaraq tərif edir… Amma bu absurdluq fərqli, özəl və seçici olduğundan, həm absurd tənqidlər, həm absurd təriflər söz yiyəsindən dərhal ünvanına çatır. Arada absurd poçt ünvanları olur, saxta ünvanlar, bəzən absurdcasına səhvən o ünvanlara gedir, onlar da absurd qəmiş və şüvən olanların ünvanları olur…

Bura elə məkandır ki, qiymətlər qalxır, maaşdan savayı, amma hər kəs absurdcasına həyatından razıdır, narazı olanlar belə elə yaşayır ki, razı olanlar onların narazılığını absurdcasına anlaya bilmir və daha absurd təklifləri ilə onları real narazıçıya çevirməyə çalışırlar. Onlar isə yenə də narazı qala -qala razı həyatı yaşayırlar. Bilirəm, absurd mənzərədir. Amma Absurdistanda absurd olmalıdır axı…

Bura elə məkandır ki, absurd yarış və tədbirlərin absurd liderləri və qalibləri olur. Düşünürsən ki, bu hara, bu yarış hara, bu qələbə hara?! Sonra xatırlayırsan ki, Absurdistandasan…

Bura elə məkandır ki, gözəgirmək və irəli getmək üçün ilk növbədə absurd fikirlər səsləndirməli, absurd ittihamlar etməlisən… Absurdluqla ancaq absurd zirvələrə sahib olmaq olar…

Absurdistanın riskləri də absurddur, hər kəsin xəbəri var, amma heç kim heç nə etmir… Çünki bilir ki, risklər belə absurd olduğunu anlayıb, başını götürüb qaçacaq Absurdistandan, üzü qərb ölkələrinə doğru…

Absurdistanın sərhədlərini keçən kimi səni salamlayacaqlar:

Absurdistana xoş gəlmişsiniz, yerli və xarici qonaqlar…


Köhnə ilin nağılı…


Biri var idi, biri yox idi…

Bütün nağıllar bununla başlar. Mənim nağılımın nəyi əskikdir ki…

Bir varlılar varmış, onlara varlıqlar deyək. Bir də yoxsullar varmış, onlara da yoxluqlar, yoxsullar deyək. Varlıqları yoxmuş kimidir…

Bir də ki, bu iki qruplaşmanın arasında qalmış padişah varmış.

Varlıların hər şeyi var olduğundan özlərini ölməz və toxunulmaz bilirlərmiş. Fövqəlbəşər varlıqlarmış.

Yoxsulların isə heç nəyi olmadığından özlərini ölən, acından bütün günü  yatan, toxunulan bilirlərmiş.

Bir də arada hakimiyyət varmış. Məhkəmə, media, qanunverici və icraedici…

Bu hakimiyyətlərin isə öz maraqları var imiş. Bayraq külək əsən zaman necə dalğalanırsa, necə əsirsə, bax bu hakimiyyət nümayəndələri də elə imiş.

Varlıların çoxusu bir vaxtlar yoxsul olduqlarından, bir daha o anları və həyatı yaşamamaq üçün əllərindən gələni də, gəlməyəni də edərdilər. Yalan da danışardırlar. Oğurluq da edərdilər. Xəyanət də edərdilər. Hələ digər təbəqəni təhqir edib, borclu çıxarardılar.

Çıxdıqları təbəqəni bəyənməzmişlər.

Hakimiyyətdə olan üç sistem və onun işçiləri çox zaman varlı təbəqədə olarmışlar. Qanunu verənlər, yazanlar, qəbul edərək icra edənlər, bu qanunu məhkəmədə qoruduğunu düşünənlər, öz məhkəməsini qurub qərar verənlər varlıların tərəfində imişlər. Aralarında tək-tük yaxşı adamlar varmış, onlar da sakit, savadlı, işgüzar, ağıllı olduğundan bütün yükü çiyinlərində daşıyar, işi onlar görərdilər. Onlar daha çox müşahidə edər, daha çox susardırlar.

Ölkənin adı Analoqu olmayan Absurdistan idi. Absurd hər şey bu ölkədə kəşf edildiyindən və absurd hər bir şeyin analoqu olmadığından bu adı hər kəs ona yaraşdırardı.

Varlıların da analoqu olmazmış, kasıbların da.

Hər iki təbəqə bir birinə düşmən kəsilmişdir, bir-birilərinə nifrət edərdilər.

Hər iki təbəqə yeni il gələndə, bayramlar olanda ümid edərdilər ki, daha yaxşı yaşayacaqlar. Varlılar daha çox vara sahib olacaqlarına, yoxsullar isə yoxsulluqdan canlarını qurtaracaqlarına. Bu da bir absurd istək imiş.

Bir də orta təbəqə var idi. Bacardığı qədər həm varlıları, həm də yoxsulları atmağa çalışırdı. Bu təbəqə ən təhlükəli təbəqə imiş. Çünki hara və nə üçün, nə vaxt işləməkləri və əsl niyyətləri bəlli deyilmiş.

İllərlə varlılar varları ilə varlı yaşayır, yoxsullar yoxları ilə yoxsul yaşayırdılar. Çünki Absurdistanın analoqu olmayan çiçəklənmə və inkişaf dövrü var imiş. Gəlir də xəzinəyə su kimi axırmış. Amma bir gün dövran tərsinə fırlanmağa başlayır. İşlər tərs gətirməyə başlayır. İnkişafımızı düşmənlərimizin acığına yavaşlayası oluruq.

Padişah başbilənləri çağırır yanına ki, məsləhətləşsin. Real vəziyyəti söyləyir. Hərəsi bir “ağıllı fikir” söyləyir. yarınmaq üçün təkliflər edir. Xəzinənin boş olduğunu və təhlükəli mərhələdə olduğunu anlayanda susurlar.

Padişah əmr edir ki, “gedin elə bir sənəd hazırlayın ki, o sənəddən razı qalım və gələcək 20 il üçün inkişafımızı görüm. Amma gopa basmayın ha. Elə sənəd yazın ki, reallaşdırmaq olsun.” Elə sənəd hazırlamayacaq və onu icra edə bilməyəcək şəxsləri isə işdən çıxaracağını xüsusilə vurğulayır. Bizim başbilənlərimizdə elə bir sənədi hazırlayacaq baş olmadığından o sənədi xaricilərə yazdırırlar “Strateji yol xəritəsi” adlı sənədin düz 112 səhifəlik mətni və əlavəsi olur. Hakimiyyət nümayəndəsi olan media bu sənəd təsdiq edilən kimi onu yayır ki, hər 3 təbəqənin rəyini öyrənsin. Başı çıxanlar da, çıxmayanlar da, onu oxuyur. Kimisi inanır ki, gerçək olacaq, xilas yoludur. Kimisi isə inanmır, çünki bu ölkədə hər sənəd yaxşı yazılır, mükəmməl olur, icra edəni olmur, yəni icra edə bilmirlər deyə, icra edilmir, həm də icra edilməsi xeyir etmir deyə, icra edilmir.

Padişaha bu sənədi gətirəndə, o, çox sevinir, razı qalır, ən azı çünki 10 illik plan və keçmiş vəziyyət təhlil edilir, proqnozlar verilir. Elə təkliflər verilir ki, oxuyan elə bilər ki, Absurdistanın dövlət televiziyası olan tv-nin göstərdiyi səfalət içində yaşayan, dağılmış qərb ölkələrinə düşəcək, uşaq kimi sevinirlər ki, nəhayət ki, kimsə bizi xilas edəcək.

Ay-hay…

Vay-vay hələ qabaqdadır. Çünki onu icra etməyə nə xəzinədə pul var, nə pullar əvvəlki kimi su kimi axmır xəzinəyə, nə də ki, başbilən kadrlar var. Çünki başbilən kadrların hamısı bu absurd, analoqu olmayan ölkədə yaşaya bilməyəcəklərini çoxdan anlamış insanlar imişlər və vaxtında başlarını götürüb qaçmışlar.

Padişah sənədi oxuyub bitirəndən sonra soruşur ki: Yaxşı yazmısınız, bəs o pulu haradan tapacaqsınız?

Xüsusi vergili bir adam deyir ki, “o işi mənim öhdəmə buraxın, məndə olan ideya və vergili təkliflərlə elə gəlir gələcək ki, xəzinəyə, hələ “çox sağ ol” deyəcəksiniz”

Gömrükdən hər şeyin absurd yollarla  keçirilməsini məhdudlaşdıran, yazdığı məcəlləni danan, amma necəsə xəzinə pullarının çıxarılmasına göz yuman gömrükçü başbilən də deyir ki, ay vergili dostum, sən vergini yüklə, mən də gömrüklə sıxım, yığılan pulları bir daha yığaq ki, xəzinədən savayı, daha iki belə xəzinəni dolduraq.

Bu zaman xəzinə işinə baxan şəxs deyir ki, “görün neyləyirsiniz, gümanımız sizədir”

Heç vaxt səsi çıxmayan baş başbilən isə “Əla, pakizə, razıyam” deyir, məclisi və iclası yola verir.

Hamı pul çapedən və pula görə məsul olan baş bankçıya baxır, o da anlayır ki, bu da xətirləri əziz olan insanları necəsə dəstəkləməlidir: “Deyir ki, əvvəllər, maliyyə bazarı və institutları məndə idi, nəsə edirdim, indi məndə deyil, günah məndən getdi, amma nə təklif etsəniz, dəstəkləyəcəyəm” deyib, pası ötürür, yeni yaradılmış absurd ölkənin analoqu olmayan maliyyə bazarlarına nəzarət qurumunun rəhbərinə. O, da cavan olsa da, min vergili, gömrüklü, pullu adamı suya aparıb susuz gətirə bilər. Sözə dəstək üçün deyir ki, “Pulu yığmaq o mənim böyük gözlərim üstə, qəpiyindən tutmuş kağız pulunadək yoxsulların əlində nə varsa, alacağam”.

Olmayan absurd və analoqsuz iqtisadiyyatın qeyri-neft sektorunu necəsə inkişaf etdirən iqtisadiyyata cavabdeh şəxs isə deyir ki, “xaricdən pulu cəlb etmək də mənlikdir.” Bu müəmmalı işə görə hər ay ən azı iki ölkənin biznesmenləri bir araya gəlməliymiş.

Özləri yoxsul olmadığından və varlı təbəqəni dəstəklədiyindən, yenə olan yoxsullara olur. Yenə yoxsullara soxurlar, sözü də, pazı da, cəriməni də, gömrüyü də, vergini də…

Hə, az qala unutmuşdum, göydən üç alma təpəmizə düşməmiş, bu ölkədə yoxsulların sayını hər cür azaltmağa çalışırlar. Ya ölkədən getməsinə şərait yaratmaqla, ya da acından qırmaqla. Çünki yoxsul təbəqə çoxluqdur, çünki çoxluq p….dur onun üçün, artıq zibildir.

Ona görə də gah qaralmış neftçilər batır, gah bir hündürmərtəbəli bina yanır, gah da azğınlaşıb bir-birini qırırlar. Varlılar isə kənardan baxıb sevinirlər.

Bir də ki, torba tikirlər, peşəkarcasına, bir də qazmaqla araları yaxşıdır.

Nə torbamı tikin, nə də ayağımın altını qazın.

Elə bilərsiniz, Azərbaycandan yazmışam?! Tövbə! Adını yazmışam axı, söhbət Analoqu olmayan Absurdistandan gedir.


Dəhşətizm-Absurdistanın dəhşətləri… (kiçik, satirik nağıl) 18+

Biri vardı, biri yoxdu:

Bir gün bir filosof, alim, yazıçı, tənqidçi bütün məkan və məmləkətləri gəzməyi qərara alır. Onun çıxdığı məkanın şərqdə yerləşdiyini nəzərə alıb, ilk yolçuluğunu yaxın şərq ölkələrinə etməyi qərara alır. Yola çıxanda, bilmirdi ki, çıxartmaq istədiyi kitab üçün mövzu və yazı ideyalarını məhz bir məkanda tapacaqdır. Sonra yazdığı o kitab məşhur olacaq və bestsellərə çevriləcəkdir. Sağ olsun, Absurdistan!

Amma onu da bilmirdi ki, bu məkana gəlməyinə həm də peşman olacaq, daha doğrusu peşman edəcəklər.Sağ olsun, Absurdistandakılar!

İlk daxil olmaq istədiyi və çətinliklə daxil olduğu məkan Absurdistan olur, analoqu, ataloqu olmayan, rəqəmsal, kosmopolit məkan. Bir ili multimədəniyyətə, bir ili məhz bir dinin  həmrəyliyinə həsr edilmiş, olmayan gənclik, turizm, kənd təsərrüfatı illəri də olan və ortalığa bir şey çıxmayan layihələrlə dolu bir məkandır bura.

Elə sərhəddəcə onu sorğu suala tuturlar ki, üstündə nə qədər pulun var, nə gətirirsən, o olmaz, bu nədir, bu olmaz. Əlindən yazığın hər şeyini alırlar, qalır bir özü, bir də əynindəki paltarı. Yalvarıb yaxarır, təsir göstərə bilmir. Axırda əlindən alınan pulun yarısını verir ki, əşyalarını geri ala bilsin. Öz əşyalarını onun özünə satan əməkdaşlar, vətəndaşlar sevinirlər ki, məkana yeni lox gəlir. Ura! Biri digərinə deyir, o biri digərinə. Beləcə, həmin şəxs haqqında bütün məkan xəbər tutur ki, yeni və sadəlövh lox gəlir, əsl loxlanasıdır.

Yolla gedəndə, bərk acır, özüylə götürdüyü yeməyi sərhəddə əlindən almışdılar deyə, yeyib-içməksiz qalır. Məcbur olur ki, bir yer axtarıb yeyib-içsin. Yaxınlaşır yolkənarı bir əminin kafesinə. Orada bir buna baxırlar, bir geyiminə. Söhbət zamanı biləndə ki, həmin xarici qonaq məmləkətlərində ad qazanmış, məşhuri-cahan loxdur, sevinir ki, bəxti nəhayət ki, onun üzünə gülür. Hə, görəndə ki, pulu xarici valyutadır, qeyri-iş günüdür, qaqaşa deyir ki, bəs banklar işləmir, mübadilə məntəqələri bağlanıb, pulunu qara bazarda dəyişə bilərsən. Orada bir tanış adam var, sənə sərfəli qiymətə valyuta dəyişər. Çox başınızı ağrıtmayım, həmin kafe sahibi dostuna zəng edir, qara bazara bənzər bir yerə aparır xarici qaqaşı, nəyi var, loxlayıb, dəhşətizm dərəcəsində onu məzənnə fərqində aldadırlar, soxurlar, ikisi də xaricidən qopardıqları xarici valyutanı öz aralarında bölüşür. Xaricini aparır öz kafesinə ki, bəs qonaqsan, bizim məkan qonaqpərvərdir, nə istəyirsən sifariş et, pulun yarısını ödə. Menyu gətirirlər. Menyu da ki, 3 il bundan əvvəl çap edilmişdir, köhnə qiymətlərlə, qonaq yeyib, içir, pul ödəmək vaxtı gələndə, hesablayır ki, nə qədərdir hesab, onun yarısını ödəyəcək. Kafe sahibi isə deyir ki, bu 3 il bundan əvvəlki qiymətlərdir, məmləkətdə 2 dəfə devalvasiya olub, inflyasiya da elə sürətlə qaçır ki, qiymətləri dəyişməyi çatdıra bilmirlər. Əlavə xərc olmasın deyə, yeni menyu çap etmirlər. Məntiqli izah və üzücü xəbərdən sarsılan xarici kafe sahibinə onun dediyi və guya ki, endirdiyi qiymətə hesab ödəyib çıxır. Tövbə edir ki, bir də kiməsə inanmayacaq, amma yenə də aldanılacağını hələ bilmir.

Öz özünə düşünür ki, kitab yox, ensiklopediya, seriyalarla kitab buraxa biləcək, bunun üçün yetərincə yol qeydləri, müşahidələri olacaq. Hələ bir gün deyil ki, həmin məmləkətdədir. Artıq yazılası o qədər mövzu vardır ki, gedib bir kənarda skamyada oturub çantasından bloknot və qələmini, fotoaparatını çıxardır, nəsə yazmaq, fotoaparatı ilə şəkillər çəkmək istəyir ki, başının üstünü absurd 3 qaqaş alır və başlayır sorğu-sual etməyə ki, kimdir, nəçidir, niyə burada oturub məkan əhəmiyyətli yerlərin şəklini çəkir, nə yazır? Aparırlar absurd bir bölməyə, sənədlərinə baxıb, həmin loxun olduğuna əmin olurlar, deyirlər ki, məmləkətə icazəsiz giriş edib, fotoaparat, mobil telefonunu məmləkətdə qeydiyyatdan keçirtməyib, bloknot və qələmi isə hələ ki, onlarda qalacaq ki, tərcüməçi tapıb mətni tərcümə etsinlər, əgər siyasi nəsə tapmasalar, qaytaracaqlar, bu isə ən azı bir həftə vaxt aparacaq. Xaricinin canına vəlvələ düşür, maraqlanır ki, necə bu işi tez həll etmək olar?! Buna başa salırlar ki, bəs rəis gəlsin, onunla danış, həll et, o nə desə, onu etsin, yoxsa, deport edəcəklər və əşyaları da qalacaq bölmədə, əlbəttə ki, əşyalarını öz aralarında bölmək niyyətləri var idi, son model planşet, qızıl suyuna çəkilmiş qələm, son model mobil telefon, noutbuk, daha nələr, nələr… Gözlərinə işıq gəlmişdi. Hələ portmanesində olan qızıl plastik kartlar, nağd xarici valyuta. Onlar bu dəbdəbəni son zaman son xarici loxu loxlayanda görmüşdülər. Bu isə ən azı 1 il öncə olmuşdu. Rəis gəlir, razılaşırlar, məcbur olur ki, bahalı nəsə hədiyyə etsin, beləcə ona xas olanları geri ona verirlər, hamısına hörmət edə-edə, çıxır bölmədən. Hələ bölmədəkilər zarafatla söz atırlar ki, “yaxşı adama oxşayırsan, yolunu gözləyirik, bizi darıxmağa qoyma”.

Sevincək olub şəhərə çıxır ki, bilet alıb avtobusa minsin, yaxınlaşır avtovağzala. Avtovağzalın əməkdaşı onun aksentindən dərhal həmin adamın xarici loxun olduğunu bilir, bileti hamıya 3ə satırdısa, ona 9a satır, xarici giley edəndə, 3 dildə yazılmış elanı göstərir ki, absurdistanlı cücələrə pulsuz, böyüklərə 3ə, xaricilərə 9a. Xarici məcbur olaraq, razılaşıb, bileti alır. Məqsədindən dönmək istəmirdi. Əksinə, başına şnə gələcəyini öyrənmək istəyirdi. Bileti ona vermirlər ki, gəlib sürücüyə özləri deyəcəklər. Belə ki, xaricinin burada qeydiyyatı yoxdur, vizasını isə ancaq məmləkətin baş kəndində ala bilər. Avtobusa minir. Avtobusda avtobusdan istifadə qaydalarını diqqətlə dinləyib, dəhşətə gəlir və ilk qeydini etməyə və kitabını yazmağa başlayır. Adını isə “Dəhşətizm” qoyur.

Avtobusda yanında bir dəhşətli absurd vətəndaş oturur, biləndə ki, yanında oturan xaricidir, başlayır dəhşətli şəkildə xarici dildə danışıb özünün dəhşət insan olduğunu gözə soxmağa. Susdurmaq üçün ancaq ya stop düyməsini tapmaq, ya da pul vermək lazımdır. Hələ bu harasıdır. O, tək deyil, özü kimi dəhşətlərdən ibarət absurd ailəsi və uşaqları var. Özü qeyd etdiyi kimi dəhşət və əjdaha kimi uşaqları, od parçaları.

Xaricini qulağına taxdığı qulaqcıq və dinləməyə çalışdığı musiqi belə xilas edə bilməzdi. Dəhşət dilənəndə, başlayanda, dayana bilmir axı. Dəhşətlər belə analoqu olmayandır.

Xaricinin gözünün odunu necə almışdılarsa, əşyalarından bərk-bərk yapışmışdı, yuxulu və yorğun olsa da, yatmamağa çalışırdı ki, olan-qalanını itirməsin.

Danışmırdı ki, bəlkə bu dəhşət insan nə vaxtsa, amansızcasına susar. Özü həm də susurdu ki, özünü zibilə salmasın.

Bu dəhşət isə məmləkətindən tutmuş var-yoxuna qədər hər şeydən danışdı, gah şikayət etdi, gah təriflədi, bir-birinə zidd sözlər dedi, özü-özünü inkar etdi, özü danışıb özü eşitdi.

Uşaqları da genetik amilin təsiri altında oxşamışlarına oxşamışdı, sakit dayanmaq, ictimai yerdə özlərini aparmağı bacarmırdılar ki… Bu da azad tərbiyə… “Dəymə, amandır, uşaqdır uşağım” prinsipiylə tərbiyə edilmiş dəhşətli od parçaları idi. Kimisi bərkdən qışqırır, kimisi ağlayır, kimisi xaricinin saçlarını, saqqalını dartır, gözünü çıxartmağa çalışır.

İndi isə onun gəldiyi məmləkət haqqında bir az məlumat verim:

Gəldiyi məkanın adı Absurdistandır, analoqu olmayan Absurdluların məkanı… Böyüyündən kiçiyinə kimi əhalisi absurdlulardan ibarətdir. Absurd olmaq istəməyənlər isə analoqu olan məmləkətlərə üz tutur, özü də ki, düz gedirlər ha, geriyə baxmadan, dönmədən, ailəvi.

Analoqu olmayan, absurd məkanın təməli dəhşətizm daşlarından hörüldüyündən, adamları da dəhşətdir, hadisələri də. Burada vardı dəhşətlər, yoxdu dəhşətlərlə mübarizə aparan pəhləvan və igidlər.

Burada o qədər dəhşətlər baş verirdi ki, dəhşətli mediası belə onları tez-tez yeniləyə bilmirdi, çatdırmırdı. Hər günə ən azı 10 yeni dəhşət mövzu gəlirdi.

Burada ən sevimli məşğuliyyət qeybət etmək, ictimai müzakirə və qınağa mövzu tapmaq, mübarizə hərəkatı yaradıb, üzvləri cəlb etməkdir. Bu da bekarçılıqdandır. İş-güc sahibi olan insanların belə şeylərə vaxtı hardandır ki?!

Baş kənddə:

Baş kəndə çatanda, xarici lox qaqaş avtobusdan düşməyə tələsdi, yerdə olanda elə sevindi ki, ateist olduğunu unudaraq, “Allahına şükür etdi”. Hər şərdə bir xeyir var, bu məmləkətin sayəsində qatı ateist haqq yoluna könüllü olaraq gəlmişdi. Bu isə bir inkişaf, tərəqqidir. Amma tələsməmək lazımdır, yavaşlamaq lazımdır. Yoxsa, yerli absurdlular hiss edər ki, kənar şəxsdir, yenə bir hoqqa çıxardarlar. Hamı kimi olmalıdır ki, yerli olmadığını kimsə hiss etməsin. Buna görə də qısa zaman ərzində diqqətli olmalı, çoxlu müşahidə etməli və absurdluları öyrənməli idi.

Təəccüb etdikcə, öyrənməli, öyrəndikcə, tətbiq etməli, tətbiq etdikcə, onlar kimi olub, dəyişməli idi. Bu iş üçün lazım idi. Bunu etməliydi. Bu məmləkətə girdisə, buradan çıxmaq da lazımdır. Çıxmaq üçün isə bir müddət başını girləməlidir.

Dəhşətizmlə bağlı qeydlər:

Burada insanlara xas nəsə yoxdur, özünə xas nəyinsə olduğunu düşünən insan yanılır, çünki istənilən birisi onu borclu çıxarda və ona xas olanı əlindən alıb, geri ona müəyyən bir qiymətə sata bilər.
“Hamı yerli mal alsın. xeyir vətənə qalsın” pıinsipiylə kim kimə nəyi bacarırsa, soxur, ələxsus da, əgər yerli deyilsənsə, hələ təzə cücərmiş otsansa, səni alaq otları kökləri ilə sarıyıb, məhv edəcək, özün saralıb solacaq, çürüyəcəksən. Ona görə hamı kimi alaq otu olmaq və qəmiş olmağı öyrənmək lazımdır.
Zibili zibil qablarına deyil, hara gəldi atmaq olar, qazonda gəzmək olar.
Yoldan keçən hər kəsə yaxınlaşıb söz atmaq olar. Nə badə yerli birisi kiməsə söz ata, absurdlular bir olmadıqları halda, bu zaman həmrəy olub basıb onu döyəcəklər və “ne pravsan, pravam”söhbətini edib, onu absurd ittihamlarla bölməyə sürükləyəcəklər.
Absurd ittihamlarla kimin kimdən xoşu gəlməzsə, ona “reket və ya xalq düşməni” damğasını vurub şərlədəcək, mələdəcək. Bu terminlər bu əcnəbi üçün yeni idi, çünki onun məmləkətində belə şeylər yox idi.
Kimin hansı kişi və ya qadından xoşu gəlirsə, dərhal absurd və analoqu olmayan “podxod” üsulu ilə girişir, s…, sonra da “otval” verir, müzakirəyə çıxardır, elə bil ki, bəhsəbəsdir, kimdə neçəsi olub, kimlər olub. Hamısında da bir neçə xəstəlik var, bir-birilərini yoluxdura-yoluxdura inkişaf edirlər.
İctimai nəqliyyat, ələxsus metro və Bakubusda onlardan istifadə qaydalarını və qadağaları dinləyəndə, anlayırdı ki, necə bir absurd cəmiyyət və insanların içinə düşüb.
Hər şeydən pul çıxartmağı, insanlara soxmağı, pazlamağı, loxlamağı sevən bir insanların çoxluq təşkil etdiyi bir məktəbdə imtahan verməli olduğunu da anladı.
Absurd uşaqlar və gənclər yetişir, tərbiy, kitab, təhsil üzü görməyən bir nəsil yetişir və hər kəs də bu nəsillə fəxr edir.
İnkişaf etmək əvəzinə, geriyə gedir, bundan da çox razıdırlar.
Elə bir dərəbəylik var ki, insanlar rahatca qaydaları, qanunları pozurlar. Söyüş və təhqirlərin biri-bir qəpiyədir.
Bazar və marketlərdə, xidmət sahəsi obyektlərində, mənzil bazarında, hər yerdə qiymətlər elə bir kosmik həddədir ki, tut ucundan qalx addım-addım qalaktikaya doğru və Allahına yaxınlaş.
Növbə mədəniyyəti, gözləmək, mədəni ünsiyyətdən məhrudurlar.
Hər şeyə görə icazə almaq lazımdır, yoxsa cərimələnmək ehtimalın artır.
Azlıq susur, çoxluğa tabe olduğunu göstərir ki, necəsə sağ qalsınlar.
Öz inanc və dinləri var, guya multimədəni və tolerantdırlar, amma başqa din və ya inanc, millət sahibi görəndə, kimsə seçiləndə radikal yanaşıb, onu daşa basırlar.
Biri digərinin şəxsi işinə və şəxsi həyatına müdaxilə etməyi sevir, hələ ictimai müzakirəyə də qoyur.
Bir-birilərinin beyinlərini yumağa və əsəblərini korlamağa yaman həvəslidirlər, bir-birilərinin sevinclərinə, uğurlarına sevinə bilmir, kədər və uğurusuzluqlarına isə sevinirlər.
Buranı elə üstən bəzəyib, yamayıblar ki, elə bilərsən ki, cənnətə düşmüsən.
Kommunal xidmətlər elə gündədir ki, dəhşətə gəlməmək günahdır.

Qara müraciət məktubum… (satirik, tənqidi yazı)

Qar…

Bağışla ki, sənə yazıram… Əlacım tək sənədir… Ümidvaram ki, məni anlayar və qınamazsan…

Nə olar… Xahiş edirəm səndən… Yağma…

Elə bil bu qış ayından çox yağdın… Yollarımız özünə yenicə gəlirdi… Buzlıar yenicə ərimişdi axı…

Bakıya yağma… Hara yağırsan yağ… Bakıya, iri şəhərlərimizə yağma…

Vallah yaraşmır…

Ağ və boz rəngin bizə yaraşmır…

Yağmağına sevinə bilmirik…

Bir dəfə də olsa, yerə enəndə göydən, özünə kənardan və bizim gözlərimizlə bax… O zaman anlayarsan bizi…

Niyə? Niyəsini yazım, bil, bəlkə vicdanın oyanar, rəhmin gələr, yağmazsan daha:

İlk yağanda, yerdə qalmayanda, sevinirik, sonrakı yerdə qalırsan, səni yığışdırmırlar, palçığa, suya, buza dönürsən, vay halımıza.
Piyada yolları, ev və market, ofislərin önündəki qarı yığıb yola atırlar, yoldan isə götürüb piyada yoluna. Bunu bir yerə yığıb əritmək mümkün deyil, hökmən mübahisə, bəhsəbəs, rəqabət olmalıdır.
İşıqlarımız zəifləyir, qaımız azalır, suyun təzyiqi düşür aşağı.
Evdən işə, işdən evə gedəndə, Yaradanın varlığına inanmağa başlayıb dua edirik ki, mərmərli, parketli piyada yolları, parklardan keçərkən, yıxılmayaq, travmatologiyaya düşməyək;
Avtobuslar qar yağmayan günlərdən fərqli olaraq, ya yox olur möcüzəvi şəkildə, ya gec gəlir, ya sayca çox az olur. Gec gələndə, soyuq dayanacaqda avtobus gözləməli olur, evə, işə gecikir, donur, xəstələnirsən. Gəlib çıxanda da, sürücülər addımbaşı adam görən kimi dayanır və adi günlərdə 10 dəqiqəyə gediləcək yolu ən yaxşı halda yarım saata gedir. Avtobus olmayanda avtobus dayanacağına taksi sürücüləri girişir və adi günlərdə 5 manata aparacaqları yolu 20 manata aparır. Avtobuslar yoldakı buz sayəsində sürüşüb aşmamaq üçün elə aşağı sürətlə gedir ki, sanki uşaq üçün yelləncəyə minib yellənirsən;
Hava soyuq, yollar buz bağladığından marketlər tez bağlanır. İstədiyin nəyisə ala bilmirsən.
Yeraltı keçidlərin eskalatorları işləmir, pilləkanları sürüşkən və buzlu olur. Bəzi pilləkan yerlərini qar elə örtür ki, orada pilləkanın olmasından əsər-əlamət olmur.
Pəncərə və qapılarımızın boş deşiklərindən soyuq hava girir, üşüdür.
Şəhər o qədər çırkin və çirkli olur ki, estetik və təbii gözəlliyinin vurğunu ola və şəhəri tərifləyə bilmirsən.
Metro ətrafındakı əksər yerlər çox sürüşkən və təhlükəli olur.
Hər dəfə sən yağandan sonra xəstələnənlərin sayı və xəstə-xəstə evə, işə, qonaq gedənlərin və başqalarını yoluxduranların sayı artır.
İşdən sonra gəzinti istəklərin və planların alt-üst olur.
İnsanlar vicdanını və insanlığını itirir.
Uşaq bağçası, orta və ali məktəblərdəki otaqlar soyuq olur.
Bic-bic baxan və ilişməyə səbəb axtaran uşaq və gənclər səni bizim üstümüzə atır, zorla qoruyub saxladığımız tarazılığımızı itirib yıxılırıq, onlar isə kömək etmək əvəzinə, baxıb gülürlər.
Yıxılmamaq, travma almamaq, sağ qalmaq üçün məcbur olacağıq ya sürünərək, ya da otura-otura hərəkət edək.
Yeməyimizi qazın olmaması sayəsində soyuq şəkildə yeyəcək, çayımızı soyuq şəkildə içəcəyik.
Yollar da bağlı olacaq, həftəsonu başımızı götürüb şəhərdən kənara çıxa bilməyəcəyik.
Ölümüz olsa, onun yasını yola vermək, basırmaq çətinləşəcək.
Bir saatlığa sevincimiz olursan. Sonra yenə şikayətlər başlayır. Nə şəhərimiz, nə insanlarımız sənin yağmağına hazırdır.

Söz və söz adamları…

Söz adamının obyekti də, sevgisi də, işi də, subyekti də sözdür… Söz adamının özü sözdür.

Eynək, tərəzi, güzgü… Qələm, bloknot, yazılmamış fikirlərim…

Eynək-diqqət, tərəzi-çəki, güzgü-real vəziyyətin əksi, gerçəklik, bloknot-boş vərəq, qələm-yazıda cəsarət, hamısı da sözlə bağlıdır, söz adamında olur.

Bu aksesuarlar sevirəm, hər zaman üzərimdə gəzdirirəm. Çünki hamısında bir parçam var, özümü dərk etməyə kömək edir. Fərdi inkişafımda lazımı aksesuarlardır.

Eynək- həm zəif gözlərimə düşən yükü azaldır, həm müəyyən şüalardan qoruyur, həm də diqqətimi artırır, müşahidə aparmağıma yardımçı olur.

Tərəzi- istənilən nə və ya kiminsə sözünü vizual və audial çəkmək üçün lazım olur. Həmin insanın sözə olan münasibəti və sözünün çəkisini, onun yanında mənim sözlərimin çəkisini öyrənməyə lazımdır.

Qələm- yazmaq üçündür. Qeydləri aparmaq üçündür. Cəsaərətli olmağı və fikirlərindən imtina etməməyi öyrədir. Qələmlə yazılanları silmək olmaz.

Bloknot- qələmin funksiyasını icra etməsi üçündür. Boş vərəqlərin funksiyası isə dolmaqdır.

Güzgü-özünü, zamanı, reallıqları, qırışları görmək üçündür. İtirdiklərini, qazandıqlarını, onların sənə göstərdiyi təsirləri sənə göstərmək üçündür. Sənin emosiyalarını, səni kənardan necə görürlər onu göstərir sənə… Hər qırış bir hadisə, bir bilik, bir təcrübə, bir itki və qazancın məhsuludur.Bir də ki, onun sayəsində sən gözlərini, gözlərinin sayəsində fikirlərini, hisslərini, qəlbini görə bilirsən…

Əslində, söz adamları üçün bu aksesuarlar olmalıdır.

Mənim balam…

Mənə əyri baxana, düz baxıram, məni balam…

Mənə söz atana söz atmıram, mənim balam…

Mübahisə edənə baş qoşmuram, mənim balam…

Söysə, var yoxumu, söymərəm, mənim balam…

Dalımca deyinəni heç sayıram, mənim balam…

İnsanlığı olmayandan uzağam, mənim balam…

Yıxanları, sökənləri unutmuram, mənim balam…

Tayım deyil o cür insanlar… Onlar o taydadırlar… Biz isə bu tayda…

Darıxırsan?

Darıxırsan?
Kimin üçün?
Axtar səbəbini
Darıxmağının…
Axtar darıxdığını…
Zəng et,
İsmarıc yaz,
Bəlkə gözləyir
Səndən bir xəbər…
Bəlkə o da darıxır…
Görüş onunla
Bircə dəfə
Darıxan zaman…
Nə üçün?
Qaytar həyatına
Darıxdığını…
O zaman bəlkə də
Darıxmazsan…

Üç nöqtə bitməmiş fikirdir. Sözlə ifadə edilməyən, davamı gözlənilən fikirdir.

Üç nöqtə ehtimaldır, təsəllidir.

Üç nöqtə fərziyyədir. Seçimdir.

Üç nöqtə. Sonsuzluğa gedən nöqtələrdir.

Üç nöqtə təxəyyül, sonu görsənməyən yol, səbəbi nöqtələrdə qalacaq nəticə, nəticənin yaratdığı səbəblərdir.

Üç nöqtə susqunluq, sükutdur…

Üç nöqtə insanlara davam etmək üçün bir şansdır…

Üç nöqtə ataların üç dəfə deməsidir.

Üç nöqtə önə gedən yoldur. ..

Üç nöqtə təzad, ehtimal, təxminlərdir…

Özünə səhv etmək üçün 3 dəfə imkan yaratmaqdır.

İndiki sevgilər…

İndiki sevgilər qar kimidir, soyuq, ayazlı, üşüdən, narın, yağsa da, yerdə izi qalmayan…

İndiki sevgilər xarab olub, atılmaması üçün soyuducuya qoyulan yemək kimidir, yeməmişdən öncə hökmən qızdırılmalıdır. Soyuq halda, insana ziyan, səsi boğur, xəstəlik yaradır, dadsızdır…

İndiki sevgilər yeni alınmış avtomobil, mənzil, mebel, məişət texnikası kimidir. Maraqlı olur, əldə edirsən, mülkiyyətin olunca, zamanla bezdirir, maraqsız olur, yenisini axtarırsan, yenisi ilə əvəz etmək istəyirsən…

İndiki sevgilər yayda və qışda işləyən kondisioner kimidir, yayda çox isti olanda havanı tam sərinlətməyə, qışda çox soyuq olanda isə qızdırmağa gücü çatmır…

İndiki sevgilər ictimai yer kimidir, üzdən geniş, çoxsaylı insan, hadisələrlə dolu, içdən isə eynilik, sıravilik. ..




Bir insana ağır gəlir…

Bir insana ağır gəlir,
Cəmiyyətdə yaşamaq,
Seçildiyi bir zamanda,
İnsanlardan uzaqlaşmaq,
Özünü qorumaq insanlardan…

Bir insana ağır gəlir,
Uşaqları anlamaq,
Sevənləri bağışlamaq,
Sevərkən, susmamaq,
Cəsarətli olmaq, sevilmək…

Bir insana ağır gəlir,
Başqasının dərdini
Öz dərdi kimi yaşamaq,
Başqasının uğuruna sevinmək,
Təmənna güdməmək…

Bir insana ağır gəlir,
Gerçəkliklə barışmaq,
İtkiləri boş buraxmaq,
Unutmaq pisləri, pislikləri,
Yeni həyata başlamaq…

Ağır gələr

Bir divara ağır gəlir,
Divarda açılan deşiklər,
Divara vurulan mismarlar,
Asılan şəkillər…
Şəkillərə ağır gəlir asılmaq,
Öz yerini tapmaq,
Quru divarları bəzəmək…
Bir insana ağır gəldiyi kimi,
Onun qəlbini dəlib deşən,
Mismar kimi yaralayan,
İliyinə işləyən sözlər…
Sözlərdən asılmaq,
Sözlərə görə asılmaq,
Evləri bəzəmək,
İnsanlar üçün bəzək olmaq…
Bir sillə kimidir,
Vurulur insanın hafizəsinə,
Söyüşlər, təhqirlər…
Bir intihara səbəb olur,
Bəzən düşünülmədən,
Bəzən bilərəkdən,
Deyilən sözlər, ittihamlar…

Azadlıq haqqında…

Azadlıq yoxdur…

Tam azadlıq bir mifdir…

“Azadsınız” fikri də bir yalandır… İnsanların özlərini və başqalarını aldatmasıdır, insanların təhtəlşüuruna təsir edərək, onları idarə etməkdir azadlıq…

Nəzəriyyədə və fəlsəfədə, bəzi qanunlarda azadlıq vardır, təcrübədə isə yoxdur.

Bu dünyada azad insan yoxdur.

Bu dünyada hər kəs kiminsə əsiridir, kiminsə əsarətindədir.

Təbiətdəki bütün canlıların azadlıqlarını biz insanlar məhdudlaşdırırıq…

Kimsə tam azad deyil. Konstitusiya və digər ali qanunlar, beynəlxalq konvensiyalarda azadlıq verilsə də, azad deyil kimsə…

Çünki hər qanunda bir tərəfdən verilir, digər tərəfdən məhdudlaşdırılır. Qanun, qayda, tələblər olan halda, tam azad olmaq qeyri-mümkündür.

Azadlıq insana lazımdırmı?

Azad olmağa razı və hazırıqmı?

Hər kəs azad olmalıdırmı?

Cəmiyyət və cəmiyyəti təşkil edən fərdlər sağlam düşüncəli olsalar, əlbəttə ki, azad olmaq haqqları var. Elə insanlar azad olmağa razı və hazırdırlar və azadlıqlarından sui-istifadə etməzlər və pis niyyətlərini gerçəkləşdirmək üçün azadlığa üz tutmazlar…

Bəzi hərəkatlar var ki, azadlıq uğrunda mübarizə aparır. Halbuki azadlığın nə olduğunu dərk etmirlər. Nəyə və kimə, niyə lazımdır azadlıq?

Azadlıq o zaman verilə bilər ki, insan tam formalaşsın, azad yaşam tərzi zamanı digər insanların həyatına və yaşam tərzinə öz azadlığı ilə mane olmasın, məhdudiyyət qoymasın.

İnsanlar o qədər azad olmamağa, əsarətə, idarə edilməyə öyrəşib ki, azadlığın nə olduğunu anlamır. Azadlıq onun üçün göydəndüşmə bir möcüzə ola bilər.

İndiki səviyyədə olan cəmiyyətə və ya fərdlərə azadlıq verilərsə, digər insanları, canlıları, varlıqları məhv edərlər.

İnsanlar anlamır ki, azadlıq pozitiv anlayışdır və neqativlik, radikallıq, aqressiya ilə heç bir əlaqəsi yoxdur.

Kişiyə azadlıq versən, 100 nəfərlə evlənər, istədiyi şəxsi zorlayar, öldürər. Qadına azadlıq versən, lap betər hadisələr olar.

Bir insana azadlıq verilməyəndə və o birdən-birə azadlığa çıxanda üç cür münasibət bəsləyir. Ya geri əsarətə qayıdır. Ya bir müddət özünə gələ bilmir, baxır, müşahidə edir, sonra vəziyyətə uyğun hərəkət edir. Ya da azadlığından hər mənada istifadə edir.

Bir insan ki, ona veriləcək nədənsə düzgün istifadə edə bilməyəcək, ya da istifadə etməyəcək, ya da istifadə etdiyində başqalarına zərər vuracaq, o niyə verilməlidir?!

Həbsdən çıxan residivist cinayətkar üçün də həbsxana kənarındakı həyat azad həyatdır, azadlıqdır. Azadlıq bu və ya digər qaydada məhdudlaşdırılırsa, o necə tam ola bilər?

Azadlıq pozitiv enerji, qarşılıqlı sevgi, anlayış və sevgi, münasibətlər sayəsində mövcud ola bilər. Azadlıq üçün mübarizə aparmaq və ya kimisə məğlub etmək, öldürmək lazım deyil.

Azadlıq insanın fikirlərindən, dünya görüşündən, hisslərindən, mənəvi zənginliyindən, tamlığından başlayır. İnsan mənəvi dünyasında azaddırsa, ağıl və qəlb arasında qarşılıqlı əsarət və ya uçurum yoxdursa, zahrii və fiziki, ictimai azadlığa hazır ola biləcək fərdə çevrilə bilər.

Uşağa da azadlıq vermək lazım deyildir. Uşaq üçün imkanlar yaratmaq, fərd kimi inkişaf etdirmək lazımdır. Azad olmağa hazır olan və azadlığı dərk edən insan azad olmalıdır. Uşaq azad olarsa, bu azadlığa hazır olmazsa, pozitiv enerjidən çox neqativ enerji ötürəcəkdir. Çünki ailəsindən belə görəcəkdir. Ümumilikdə, nə ki, mübarizə və müharibə nəticəsində əldə edilir, o aqressiyanın və müəyyən neqativ alətlərin nəticəsidir, bu cür azadlıq insana sevinc bəxş edə bilməz. Çünki azadlığa itkilər verməklə, gəlmək olmaz. İtirilən hər bir şey və hər bir kəs azadlığın bir hissəsi ola bilər.

Azadlığa nəzarət edilməməlidir. Hər kəs özünə görə cavab verməli, məsul olmalıdır. İnkişaf olduqca, irəli addımladıqca, doğrunun nə olduğu anlaşıldıqca, azadlığın da qavranılması asanlaşacaq və insanlar azad olmağa hazır olacaqlar və azadlığın niyə verildiyini anlayacaqlar və bu azadlıqlarını sevərək qoruyacaqlar. Sevgi isə aqressiya məhsulu deyildir.

Azadlıq yolunda itirilən hər kəsin azad olmaq istəyi var idi, bunu digər insanlar məhv etmişdir. Belə olmamalıdır. Azadlıq sivil yolla olmalıdır. Hər kəsə birdən deyil, öncə seçilmişlərə və hazır olanlara verilməlidir.

Onlar…

Onlar hər kəsə bir ad verdilər.

Birinə canım, birinə fahişə dedilər…

Onlar hər kəsə bir yol çezdilər…

Birinə əyrini, birinə düzü verdilər…

Onlar hər kəsin ev, işinə girişdilər

Birinkini gizlətdilər, birinkini ellə bir etdilər…

Onlar hər kəsə həmrəy oldular. ..

Birinin dərdinə həmrəy sevinib güldülər, birinin uğur, sevincinə üzüldülər…

Onlar hər kəsə vəd, söz verdilər…

Birisinə əməl etdilər, birisinə yox…

Onlar hər kəsdən nəsə istədilər…

Kimisi hər şeyini verdi, kimisi heç nəyini. ..

Onlar hər kəsə öyrətdilər…

Kimisinə yalançı səmimiyyəti, süni təbiiliyi, kimisinə rola girməyi, hücum edərək müdafiə olunmağı.. .

Onlar mübarizə apardılar…

Onlarla olanlara yaxşı, dost kimi yanaşdılar, olmayanlara pis və düşmən kimi.. .

Onlar birgə gördülər işi.. .

Kimisi üçün yaratdılar, kimisi üçün dağıtdılar…

Onlar onlar kimi olmağımızı istədilər…

Olanları qul etdilər, əsir aldılar, olmayanları məhv etməyə çalışdılar. . .

Çoxdur onlar… Cəbhənin o tayında. . . Sevgidən xəbərsiz insanlar. . . 

Görəsən, sənsən?

Bir yuxu gördüm, oyandım… Davamını görmək istəmədim deyə…

Bir ismarıc gəldi telefonuma… Baxdım ki, səndən deyil… Oxudum, sildim…

Səhər oyananda, gördüm qar yağır, düşdün yadıma… Qarın yerində sən olmalıydın…

Yolda baxıram insanlara… Fərqlidirlər, nəsə oxşardır amma… Bəlkə şəhər, bəlkə pul, bəlkə həyatlar oxşardır… Oxşarlığı axtarıram, bəzən tapıram, çox axtardığımda.

Musiqi dinləyirəm… Ruhum dincəlir. Unuduram ki, ağrımağa səbəbim var, sən varsan…

Özümə sual verirəm: Sən varsan?Görəsən sənsən?! Hər həyatıma girənlər, çıxanlar olanda…

Yeri gəlməmişlər, yersizlər (milli təfəkkür, təhlil, ssenari-ən yaxşı və pis halda- satirik, tənqidi yazı)

Yersizlər kimdir, yersiz gəlib özünə yer tapan və yersiz olduğunu iddia edənlər, başqasının yerinə göz dikənlər və hər zəbt etdiyi yerdə özünü narahat hiss edənlər, yeni yerlər zəbt etməyə öyrəncəkli olanlardır. Yersizlərin tutduğu hər yerdə özlərini yersiz hiss edirlər, öz yerlərini axtarırlar.

Yeri gəlməmişlər isə yerlərin çoxunun zəbt etdiyini görüb öz vaxtını və yerini gözləyənlər, yer tapıb, daha yaxşı yerə layiq olduğunu gözləyib, o yerə gəlməyənlər, özlərinə yer tapa bilmədikləri üçün yerə gəlməyənlərdir. Növbələri çatsa, onlar da yersiz olacaqlar…

Sonrakı işləri də yeri gəlməmişlər yersiz olacaqlar, yersiz gəlib yerli qaçacaqlar ki, yeni istehsal olunan və dövriyyəyə buraxılan yersizlərin yeri olsun…

Yersizlərin də yeri gəlməyən yersiz sual və maraqları var. Lap bişmiş toyuğun gülməyi gələr.

Məsələn, yer üstündə dava edən yersizlərimiz üçün hər cür silah və vasitə məqbuldur. Əsas məqsəd yerdir. Yer onun olsun, sifətində bir razılıq işarəsi olacaq ki, sanki Böyük Səkkizliyi o idarə edir, qloballaşmadan xeyir götürən odur.

Edilməsi zəruri olan işləri görəndə elə minnət qoyacaqlar ki, adam özü özündən şübhələnəcək, elə biləcək ki, iradını yerində deməyib, lazım olan yerdə, kəsə bildirməyib. Yerli özünü yersiz bilib, qaçacaq… Bu da yersizlərin qələbəsi olacaq. Yenə onlar üzlərində bir razılıq ifadəsi ilə uşaq kimi sevinəcəklər. Çox sevinməyəcəklər. Çünki onları mənim kimi insanlar müşahidə edib, ifşa edirlər. Daş qayaya rast gəlir, zamanı və yeri vardır.

O qədər yeri gəldi, gəlmədi mövzuları müzakirə edənlər var ki, başı çıxdı, çıxmadı, amma özlərini elə aparırlar ki, sanki Sarbonna, Harvard, Oksford kimi universitetlərin fərqlənmə diplomu ilə məzunları olmuşlar. Halbuki, ya orta təhsillidir, ya təhsili yarımçıqdır, ya da heç ali təhsili özəl təhsil müəssisəsinin verdiyi səviyyədədir.  Bilikləri olsaydı, yuxarı bal yığıb, dövlətin pulsuz təhsilini alar və dövləti borclu çıxardardırlar.

Həmrəy və fərd olaraq bir cəmiyyət yaratmaq, təklənməmək üçün yerlipərəstlik edənlər də yersizlərin bir hoqqasıdır. Yerliçilik… “Salam” kəlamından sonra “necəsən?” demək əvəzinə, “haralısan” sualı verən yersizlərimiz var, sanki mən onun yerlisi olmasam, pis insanam. Sanki elə böyük yerimiz var, bölüşə bilmirik, bölüşəndə də, ağlımız artacaq…

Atalar sözlərini yersiz deyib, insanlara ağıl və məsləhət vermək istəyən və yuyulmamış qaşıq kimi özünü bişməmiş yeməyə, ya da çox isti yemək, şirin çaya atan yersizlərimiz var. Guya bizim şifahi xalq ədəbiyyatından xəbərimiz yoxdur. Tək odur, kitab üzü açan, mütaliə edən. Bir, iki atalar sözü əzbərləyib, dəxlisiz yerdə və məqamda sözünü soxanları kənardan müşahidə etmək daha maraqlıdır, çünki yeni lətifə üçün mövzu olurlar…

Görüşlərdə, tədbirlərdə özünü ünsiyyətdə olan bir neçə şəxsin içinə atan, mövzunu bilmədən öz sözünü deməyə çalışıb, özünü gülünc yerə qoyna yersizlərimiz var.

Yersiz qaçanlarımız da, yerli qaçanlarımız da elə sürətlə qaçır ki, heç pilotlar Formula 1 yarışmasında idman maşınını o sürətlə sürməz, heç snovbordunu ayağının altına qoysan, elə sürüşməzsən, üzü aşağıya doğru…

Zamanı gözləyib yersiz və səbəbsiz qiymət artıranları demirəm heç… Yersiz iqtisadi qanunları yazırlar, istədikləri qiymətə də sırıyırlar satışa çıxardıqları mal və xidmətləri… Yersiz ağlayır başqaları da… Ağlaya-ağlaya alırlar o mal və xidməti…

Yersiz qurumlar da var ki, bilmirsən nə işlə məşğuldur. İşləri sakitcə pul yumaq, yemək, ehtiyata yığmaqdır. Hansısa tədbir və ya verilişə təsadüfən gələndə, bilirsən ki, belə qurum var.

Yersiz ağlamaq, şüvən qopartmaq, şikayət etmək, özünə qarşı mərhəmət hissini oyadıb insanları aldatmaq da yersizlərə xas xüsusiyyətdir.

Yeri gəlməmişlər yersizlərə baxıb öyrənirlər ki, yerliləri qaçırtsınlar, özlərinə qalsın. Mübarizə həyat mübarizəsidir. Qalib gələn tərəf yerə sahib olur.

Yersiz yeri gəlmişkən deyilən sözləri demirəm hələ. Elə bilir ki, sözünün və özünün yeri gəlib. Hay-hay… O saydığını saysın… Biz də öz bildiyimizi sayaq…

Gözləyən vaxtını itirər, bir də əsəblərini… Gecikən də uduzar, tələsən də… Ya yerin gəlmir, ya yersiz gəlirsən… Nə edəsən o zaman? Nə gecikəsən, nə də tələsəsən… Bacarsan…

Nə yersiz olasan, nə yeri gəlməmişlərdən…

Fikirlərini sırımayasan yersiz…

Hər kəsin yerini öz yerin bilməyəsən…

Öz yerini tapasan və yerini biləsən… Şükür etməyi bacarasan…

Ən pis halda yerin görsənməyəcək, ən yaxşı halda, yerin görsənəcək…

Ən pis halda, yersiz olacaqsan, ən yaxşı halda, yerin gəlməyəcək… Növbəni gözləyəcəksən…

Bu qədər sadə…

Ərə niyə getmirəm?!

- Karyeram daha önəmlidir;
- Bir dəfə ərə getmişəm, bir övladım var, bəsimdir;
- Sakitçilikdir, dava edənim, qısqanan adamım yoxdur;
- İstədiyim yeməyi bişirirəm, istədiyim vaxt yeyirəm;
- Kommunal ödənişlərdə qənaət edə bilirəm;
- Dostlarımla, rəfiqələrimlə görüşə bilirəm;
- İşdən sonrakı vaxtı özümə həsr edirəm;
- Əlavə hobbilərim var;
- Yaradıcılığım daha önəmlidir, senzorum yoxdur;
- Kimsəyə hesabat vermirəm, kiminsə önündə öhdəliyim, borcum yoxdur;
- Kimsənin istəklərini yerinə yetirmirəm, özümdən savayı;
- Evimə istədiyim vaxt gəlirəm, istədiyim vaxt yatıram;
- Azadam;
- Kimdənsə heç bir asılılığım yoxdur;
- Pulumu əlimdən alan yoxdur, özüm qazanıb özümə sərf edirəm;
- Əlavə səs-küylü, davakar qohum-əqrəbam yoxdur;
- Tədbirlərə gedirəm, yeni və maraqlı tanışlıqlarım olur;
- Döyən, söyən kimsə yoxdur, əmr etmək, idarə etmək istəyənim yoxdur;
- Evimə ancaq mən istədiyim şəxslər gəlir;
- Özümə nə lazımdırsa, onu alıram və xərclərimə qənaət edirəm;
- Yuxuma haram qatan səbəb yoxdur;
- Özüm özümə ağayam;
- Əsəblərim yerimdədir, çünki əsəbləşdirən yoxdur;
- Mənə xəyanət edən, yalan danışanım yoxdur;

Hər gün…

Hər gün bir səbəbin nəticəsi var. Bəzən qane edir, bəzən isə yox…

Hər gün bir gülüşdə gizlənən sirr var… Kimsə xəbərdardır, kimsə xəbərsiz…

Hər gün bir xəstənin bir istəyi var… Bəzən yaşamaqdır, bəzənsə ölmək…

Hər gün bir insanın arzusu olur… Bəzən gerçək olur, bəzənsə xəyal…

Hər gün bir xatirə verər insana… Bəzən yaddaş silər köhnəsini yenisi üçün…

Hər gün bir başlanğıc var ayrılan kimi… Kimisi başlayır, kimisi yox, davam etməz…

Hər gün bir ümid verər insanlara, səhər günəş çıxdığında… Kimisi ümidi doğruldar, kimisini ümid doğruldar…

Hər gün bir insan doğular… Kimisi ölü, kimisi diri…

Hər günün öz hökmü var… Bu günün də, dünənin də, sabahın da… Hər gününüzü o gününüz üçün yaşayın…

Hər gün eyni deyil, bunu unutmayın…

Əgər bir gün…

Əgər bir gün…

Bir gün ağrısa ürəyin, bil ki, mənəm…

Qurtulmaq üçün ürəyindən deşib, yer edirəm çıxmaq üçün…

Bir gün başın ağrısa, bil ki, mənəm…

Yaddaşını təmizləyirəm, format edərək…

Bir gün vicdanın dillənsə, bil ki, mənəm…

Danışdıqca vicdanınla, haray qoparar…

Bir gün ağlasan, bil ki, mənəm səbəbkarı…

Qalmağım üçün səbəbləri aparmışam özümlə…

Bir gün həyəcanlansan uşaq kimi, bil ki, mənəm…

Vidalaşmadan ayrılıram səndən…

Bir gün bir yerdə yazıma rastlasan,

Bil ki, sənə həsr etdiyim son yazımdır…

Bəsdir daha…

Getməliyəm, unutmalıyam…

Sonra isə…

Bir gün qapın döyülsə, bil ki, mən deyiləm,

Telefonun zəng çalsa, gəlsə ismarıc…

Bil ki, mən deyiləm…

Mən gedəndə birdəfəlik gedirəm…

Mən siləndə həmişəlik silirəm…

Başlayanda həyata sıfırlayıram…

Mən unutduğum zaman,

Yazdığım bu son yazımı oxu…

Son dəfə xatırla məni, rəsmimə baxaraq…

Sonra da dərk et gerçəkliyi:

Səni daha sevmirəm…

Çox gecikmisən…

Peşman olma…

Bəsdir daha…

Gərək…

Fikirlərim dağınıqsa,

Yığmaqdansa bir yerə,

Külək ilə sovrulanı,

gərək yenə format edim,

yığım özümü hissə – hissə

hər parçamı bir tərəfdən…



Tərəzim də xarab olsa,

Çəkəcəyəm gözə yarı,

Əməlləri, insanları,

Bir gözüm yaxşıdırsa,

O birisi olsun qoy pis

Hansı dolsa, göz yaşıyla,

Demək, ağır gələn odur…



Başım əgər bərk ağrısa,

biləcəyəm səbəbini,

baş ağrımaz əbəs yerə,

Ağrıyırsa, çox yüklənib,

O çirklənib zibil ilə,

Dumanlanıb yalanlardan,

Yanıb yaddaş hissəsi də,

Yenisini alım gərək…



Ruhum qaçsa, bədənimdən,

Biləcəyəm, zəhərlənib,

Zəhərləyib onu yaman,

Seçimlərim, qərarlarım,

Müalicə edim gərək,

Zəhərlərdən azad olsun,

Qayıtsın tez bədənimə…

O gündən bəri…

O günə qədər

Dost idik…

Guya ki…

O günə qədər

Fəxr edirdik…

O günə qədər

Görüşürdük arada

Dost kimi

O da…

O gündən bəri-

Nə mən mənəm,

Nə sən sənsən…

O gündən bəri-

Nə sən dindin,

Nə mən sordum..

O gündən bəri-

Bilirsən, səni sevirdim,

Bildiyini mən bilirdim…

O gündən bəri-

Nə sən məni tanıyırsan,

Nə mən səni tanıyıram…

O gündən bəri-

Dəyişib çox şey,

Mən dəyişmişəm…

O gündən bəri-

Daha nə ağlamaq keçir ürəyimdən,

Nə də ki, sevinib gülmək…

O gündən bəri-

Olmuşam hisslərimin əsiri,

Sözlərim tükənib sanki…

O gündən bəri-

Bilmirəm daha,

Nə deyim,

Nə yazım,

Təsəlli kimi…

O gündən bəri-

Görsən hardasa,

Tanıma, dindirmə məni…

O gündən bəri-

Utanıram özümdən,

Səhvimi bağışlamıram özümə,

Bir kişiyə qadın necə yazar axı:

“Səni sevirdim, sənin həyatında

var bir başqası, mən artığam,

gedirəm, vidalaşmadan…”

Onsuz da dəli idim,

O günə qədər,

O gündən bəri-

İtirmişəm ağlımı,

Ürəyimi, vicdanımı,

itirmişəm özümü,

Tapa bilmirəm…

Axtarmıram ki?!

Cəsarətimi boğur

oyanmış qürurum…

Məhkəmə qurub mənəviyyatım

Sözlərimə, hisslərimə…

Susurlar onlar qorunmaq üçün…

O gündən bəri-

Bir yandan atmışam köhnə yükümü

Çiyinlərimdən…

Bir yandan yenisini yükləmişəm…

O yükün adı həsrət, susqunluq,

Sənsizlik, itirdiyim mən…

O gündən bəri-

Çətin gedirəm gecələri yuxuya…

Səhərləri çətin oyanıram…

O gündən bəri-

Girmirsən daha yuxularıma,

İncimisən yuxularımdan…

Bezmisən məndən…

O gündən bəri…

Məni sevindir…

Bilirsən, nə istəyirəm?!
Yüzlərlə şəkil qoysunlar önünə… Sənsə kiçik barmaqlarınla onları aralayasan, içindən birini seçəsən, götürəsən, göstərəsən hamıya. Deyəsən: – Bax, budur mənim Anam, anamın rəsmidir…
Atan bunu mənə deyəndə, sevinim ki, məni unutmamısan… Simamı, cizgilərimi…

Yüzlərlə zəng gəlsin, səslər eşidəsən, qadın səslərini… Sənsə, o səslərin içində səsimi tanıyasan… Sevincək deyəsən: – Bax, bu mənim anamın səsidir.
Atan bunu da mənə desin, mənsə sevinim, sevincimdən kövrəlim…
Yüzlərlə insan keçsin yanından parkda gəzişərkən. Bir də mən keçib. Kiçik əllərinlə tutasan əlimdən, saxlayasan məni… Deyəsən ki: – Bax, tapdım səni insanların arasından, Ana. Getmə, dayan…
Yüzlərlə qadınla atan görüşsün. Hamısını bəyənməyəsən. Deyəsən ki: – Anam onlardan daha üstündür. Mənim öz anam var…
Eşidəndə, biləndə ki, bilet alıb yanına uçuram, elə sevinəsən ki, aeroportda məni görən kimi üstümə yürüyəsən, bərk qucaqlayasan, öpəsən. Ağlayanda, siləsən göz yaşlarımı, deyəsən ki: – Ana, ağlama, mən səni sevirəm.

Tipikliyimiz…

Şərq və qərb cəmiyyətinin fərqi nədir? Şərq cəmiyyətində tipik və oxşar düşüncə fərqləri var, çoxluq eyni düşünür və fərqli düşünməyə qorxur, ehtiyat edir, düşünmək üçün əziyyət çəkmir. Belə insanlar üçün tipik düşüncə tərzi, əməl edilməli yazılmamış qanunlar vardır. Bu çoxluğun yerinə hər şey onların öz seçimlərindən öncə müəyyən edilmişdir. Onlar bununla razılaşıb yaşayırlar, yaşadıqca, şikayət edirlər. Şikayət etməmişdən öncə özünüzə sual verin: Mənə bu lazımdır? Mən şəxsən bu vəziyyətdən çıxmaq üçün nəsə etmişəm?

Çoxluq düşünür ki, tipik düşüncə tərzi, ictimai qınaq, yazılmamış qanun və men tal dəyərlər həyatda yaşamağa köməklik edir və həyatı asanlaşdırır. Bəlkə də onlar üçün belədir. Amma özünü dərk edən, həyatını dərk edən və öz həyatını sevən, özü üçün yaşamağı bacaran insanlar bunu qəbul edə bilmir və qəbul etmir də. Şikayət etmir, özü həll edir.

Bizdə tipik və çoxluğun düşüncə tərzi:

Qız oğlana salam verib, ünsiyyətdə olmağa başlayırsa, oğlan dərhal düşünür ki, civi tutmuşam, birini bişirmişəm. Nə vaxt yatağa salacağam, fırlada biləcəyəm onu!  Oğlan qıza salam verib, yazırsa, qız düşünür ki, bu oğlanın məndən xoşu gəlir, sevir           məni, buna ərə getməliyəm. Nə vaxt alacaq məni?
Ailə həyatında sevgini paylaşırıq, nifrəti paylaşırıq, qəzəbi paylaşırıq, mərhəməti paylaşırıq, sevinci paylaşırıq, kədəri paylaşırıq. Bunu nəzərə almırıq, ciddi qəbul etmirik. Düzələcəyinə əminik və gözləyirik. Sonda paylaşdıqlarımız paylaşdıqca, artır. Nə artırsa, səbəb o olur, o səbəb isə adekvat nəticələrə gətirir.
Yaşın keçib, ərə getməmisən, evlənməmisən, deməli, xəstəliyin, problemin var, ya da əxlaqsızsan. Kimsə düşünməz ki, bəlkə təhsil alırsa, bəlkə karyera edirsən.
İctimai qınağın və mental qanunların yaxşı bir şey olduğunu düşünürük, ta ki, bizim özümüzə toxunanadək. Toxundusa, başlayırıq mübarizə aparmağa.
Yaxşı yaşıyanadək həyatdan razıyıq, xoşbəxtik, bir az dara düşən, çətinlik görən kimi şikayət edirik, narazıyıq, bədbəxtik. Həyatın ağ və qara zolağı var, əbədi nəsə yoxdur, müvəqqəti və keçicidir.
Sevgi cavabsız qalan kimi, xəyanət və yalanı tutan kimi isterikaya qapılmaq və dərd etməyə meyllilik tipiklikdir. Mütləq dalaşmaq, səs tonunu qaldırmaq, həyasızlıq etmək lazımdır.
Ərə gedən kimi uşaq doğmaq və evdəkilər üçün qulluqçu olmaq lazımdır. Ya da ki, qaynana və qaynatanın gözünün odunu bəri başdan alamq lazımdır. İnsan insana insan kimi davranması və ünsiyyətlə məsələlərin həll edilməsi sanki qeyri-mümkündür.
Geyimə görə insanın kim olduğunu müəyyən etmək olar. Ələxsus da qadınları.
Yemək yedikcə, gözümüz doymur, marketə və ya bazara planlı şəkildə, konkret siyahı olmadan gedirik, sonra da deyirik ki, xərclərimiz çoxdur.
Qız oğlanla, oğlan qızla dostluq edirsə, deməli aralarında nəsə var, intim yaxınlıqları olub.
İctimai yerdə mədəniyyətdən bixəbərik. Özümüz bilmədiyimizi və etmədiyimizi, başqasına öyrədir, məsləhət bilirik
İnsanlardan istifadə etmək üçün ona bacardığımız qədər çox sual veririk, adı da olur, tanışlıq…

Şahin Sahibzadənin “İnsanlıq axtarışında” adlı sorğu lahiyəsində qonaq kimi…

Adınız, soyadınız, doğum tarixiniz, ixtisasınız, peşəniz və ya fəaliyyətiniz?

Ailəniz və ya valideynləriniz haqqında qısaca məlumat verərdiniz zəhmət olmasa.

AAS: Günel Fərhad qızı Eminova  (Hakimxocayeva)



Doğum tarixi və yeri: 28 iyul 1983-cü il, Bakı şəhəri



İxtisas, peşə, fəaliyyət:İqtisadçı, maliyyəçi, risk və sərmayə meneceri, təlimçi, maliyyə məsləhətçisi, bloqçu, yazıçı, tənqidçi, satirik.



Atam: Eminov Bayram Fərhad Bayram oğlu, ali təhsilli, iqtisadçı, coğrafiyaşünas, dosent, baş müəllim.

Anam: İbrahimova Müşkinaz Qəmbər qızı, ali təhsilli, iqtisadçı, coğrafiyaşünas, evdar qadın, təqaüdçü.

Qardaşım: Eminov Fuad Fərhad oğlu, ali təhsilli, hüquqşünas, mobil operator şirkətində baş hüquq məsləhətçisi, bloqçu, yazıçı, tənqidçi.

Həyat yoldaşım: Hakimxocayev Firdavs Nəcməddin oğlu, ali təhsilli, iqtisadçı, informasiya texnologiyaları üzrə mütəxəssis, proqramçı, şəbəkə inzibatçısı.

Qızım: Hakimxocayeva Safiyabanu Firdavs qızı, 6 yaşı var.



Həyatda hər kəsin bir missiyası vardır. Sizcə sizin missiyanız nədir?
Əsas missiyam insan olmaqdır və özüm üçün müəyyən etdiyim əsl insana xas olan prinsip və cəhətlərimlə yaşamaq, əsl insan olmaq və insanlara insan olduqlarını yada salmaq, nöqsanları görüb tənqid etmək, cəsarətli olub yazmaq və iqtisadiyyatımızın inkişafı üçün əldə etdiyim bilik və təcrübəmi tətbiq edərək işlər görmək və dövlətim, vətənim üçün layiqli vətəndaş olmaq, övlad kimi, ana kimi, bacı kimi insanlığımı qorumaqdır. Bunu səmimiyyətimlə etməkdir. İnsanlar baxıb, müsbət nəsə, uyğun nəyisə götürüb, tətbiq etsinlər.



Mentalitet qanunları ilə yaşamağı qəbul edirsinizmi və sizcə bu nə dərəcədə doğru və nə dərəcədə yanlışdır?
Mental qanunları qəbul etmirəm və bu qanunlarla yaşamıram. Mental qanun bir qəfəsdir və azadlığı, insanların fərdiçiliyini əlindən alır. Mentallığı insanların sanki bir zavodda eyni məhsul kimi istehsal edilərək satılmasına bənzədirəm. Mən özümü məhsul hesab etmirəm və bazarda satılmıram.



Bu günki dünya siyası qanunlarla idarə edilir və hər şey göz qabağındadır. Əgər dünya dini qaydalarla idarə edilsəydi, daha fərqli bir nəticə olardımı? Siyasi və dini idealogiyanızı bilmək istərdik. Hər iki idealogiya barədə təklifləriniz və iradlarınız varmı?
İdarəetmə qanunları dedikdə, idarəetmə silahını nəzərdə tuturam. Bu silah siyasət, dünyagörüşü, dinlə, sosial baxış və mental, yazılmamış qanunları özündə ehtiva edir. Din özü bir siyasətdir. İdarəetmə siyasəti. Dini baxışım deizmdir. Dinin hakimiyyətə gəldiyi ölkələri və cəmiyyətləri görürük. Mən istəyirəm bütün millətlər həmrəy olsun. Sərhədlər, ayrıseçkiliklər, hakimiyyət, siyasət, din, siyasətçilər olmasın. Hamı həmrəy və mehriban olsun. Hər kəs öz müqəddəratını öz vicdanı və insanlığına, mənəviyyatına əsasən həll etsin.



Daxilinizdə yaratdığınız ideal obraz kimdir və nələrə qadirdir?
İdeallarım yoxdur. İdeallar özünə təsəllidir. İdeal sadəcə bir məqsəd kimi ola bilər. O da ki, fərdi inkişaf prosesi üçün lazım ola və istifadə edilə bilər. Yoxsa ki, konkret ideallaşdırma, şəxsiyyətə pərəstişə yaxşı baxmıram. Nə mən ideallaşdırıram kimisə, şəxsiyyət kimi ilahiləşdirirəm kimisə, nə də ki, məni kiminsə ideal, şəxsiyyət, ilahi kimi varlıq qəbul etməsini istəyirəm.



Kitab oxumağı sevirsinizmi və hansı bədii əsərləri oxumusunuz?
Kitab oxumağı çox sevirəm. Kitab beyin və ağıl üçün bir qida vasitəsidir. Qidanın sağlam olmasının tərəfdarıyam və ona görə də hər bir qida növünü xüsusi parametrlərə əsasən seçirəm. Kitab mənə bilik, təcrübə verməli, nəsə öyrətməlidir. Kitabları sayı çox olsun deyə, evimə gələnlərin gözünə soxmaq üçün almıram. Netbukumun 200 GB yaddaşının 30 GB-nı elektron kitablar, evimdəki şkaflarımın rəflərinin 40%ni kitablar zəbt edib. Kitab məni cəlb etməlidir. Müəllif də mənə cəlbedici olmalıdır.



Sizcə kişinin (qadının) ən gözəl hissi hansıdır?
Əsl insan olması və sevib-sevilməsi. Ağlının, sağlamlığının, sağlam ruhunun, qəlbinin, cəsarətinin, vicdanının olması ilə ahəngdar yaşaya bilməsi. Özü üçün azad yaşaya bilməsi və buna görə xoşbəxt olmasıdır.



Etdiyinizə görə vicdan əzabı çəkib unuda bilmədiyiniz səhviniz və ya günahınız?
Vicdan olanda insan istənilən hərəkət və qərar, sözünə görə əzab çəkə bilər. Əsl insan olan hər kəs öz qərarlarını özü verəndə, tərəddüd keçirdə bilər. Qızımı anasız qoymağım, anamı isə qız övladından-övladından və nəvəsindən məhrum etməyimi bəlkə günah saya bilərəm.



İnsanlarımı unutmaq daha asandır, yoxsa hadisələri?
Unutqan deyiləm. Nə yaxşını, nə pisi, nə dünəni, nə bu günü unutmuram gələcəyim naminə. Çünki unutqanlıq bilik və təcrübəni unutmaqdır. İnsanları unutmuram, sadəcə müəyyən parametrlərə əsasən həyatımdan birdəfəlik silirəm.



Cəmiyyətmi insanı, yoxsa insanmı cəmiyyəti formalaşdırar və bu geniş mövzuda qısaca olaraq əsas hansı xüsusiyyətlərə toxunmaq istərdiniz?
İnsan cəmiyyəti formalaşdırar, sonra cəmiyyət müəyyən alət və silahlarla fərdi və ya insanı vurar, təsir edib şəxs kimi formalaşdırar. Güclülər bu təsir və təzyiqlərə məruz qalmır. Zəiflər isə deqradasiyaya uğrayır və qarışır axına və axında itib batır. Hər kəs özünü dərk edə bilsə, özünü öyrənməyə, tanımağa vaxt ayırsa, öz üzərində işləyib inkişaf etməyə can atsa, təsirə məruz qalmaz, əksinə təsir göstərər.



Çox varlı biri olsaydınız pulunuzu nələrə xərcləyərdiniz?
Təhsil almaq əvəzinə küçədə işləyən azyaşlı uşaqları təhsilə cəlb edərdim. Daha sonra gələcək təhsil və işə düzəlmələri üçün imkan yaradardım. Hazıra nazir olmasınlar. Əməyə öyrəşsinlər. Amma təhsil daha önəmlidir.



Yanlışlarınızı bilə-bilə etmisinizmi, yoxsa həyatmı məcbur edib sizi və ya tam əksinə, hər şey bilmədən, hiss etmədən yaşanıb sadəcə?
Mən planlaşdırılmış şəkildə hərəkətedirəm və qərarlarımı özüm verirəm. Bəzən bilərəkdən səhv etmişəm, bəzən həyat məcbur edib, bəzən həyatı məcbur etmək üçün etmişəm. Bəzən isə bu yanlışın olması zəruri olduğundan etmişəm. Çünki səhvlər özü bir bilik və təcrübə qazanmağa yardım edir.



Bu günə qədər yaşadığınız həyatı, yaşadığınız mühitə, yaşadığınızdan daha da yaxşı yaşamaq olardımı, bunun üçün nə kimi imkanlar və şanslar var idi?
İstədiyim və seçdiyim həyatı yaşayıram, ancaq ailəmə görə bəzi şanslarımı buraxmışam, məsələn, xaricdə təhsil və işləmə imkanını.



İnsanı ailə tərbiyə edər, lakin düşdüyü mühit formalaşmsına birbaşa təsir göstərər və zaman-zaman insan yaxşı və pis mühitlərdə olmaq məcburiyyətində qalar. Bilmək istərdik, hansı mühitlərin təsiri altında qalmısınız və bu məcburiyyətin sizə pis və ya yaxşı ölçüdə nə kimi təsiri olmuşdur, bu yolda kimlərlə və nələrlə mübarizə aparmısınız?
Tərbiyədən öncə insan üçün önəmli amil gendir. Genində nə varsa, gec-tez üzə çıxacaqdır. Sonra tərbiyə və düşdüyü mühitdir. Güclü və iradəli insan düşdüyü mühitin təsiri altında qalmır. Yaradıcılıq və yazıçılıq, bloqçuluq, eləcə də işimlə bağlı olaraq hər iki mühitdə olmalıyam, bu bir zəruriyyətdir. Hansısa mövzudan yazmaq, hansısa işi görmək üçün o mühitin içinə düşməlisən, özün şahidi olmalısan. Eyni zamanda, burada olma niyyət və məqsədini də unutmamalısan. Mübarizəm təkcə fərdlərlə deyil, ümumi mühitin özü və bu mühiti formalaşdıran amil və səbəblərlədir. Xəstəni müalicə etmək üçün diaqnoz qoyulur, ağrının mənbə və səbəbi tapılır. Daha sonra müalicə növü seçilir. Mühit də belədir. Yaxşı mühit sağlamdır, pis mühit isə xəstədir. Pis mühitin hər bir xəstə kimi müalicəyə ehtiyacı vardır.

Sizcə, insan öz taleyini özümü yazar, yoxsa hər şey öncədən yazılmış ssenaridir?
İnsan əgər həyatını dəyişə bilirsə, öz qərarları ilə nələrinsə baş verməsinə və ya baş verməməsinin qarşısını alınmasına səbəb olursa, deməli özü yazır. Hər kəs öz həyatının yaradıcısıdır. İstədiyi kimi də ssenari yaza və istədiyi zaman ssenarini dəyişə və yeniləyə bilər.

Bəs qismət varmı və bu anlayışı necə başa düşürsünüz?
Qismət özünə təsəllidir, özünü aldatmaqdır. İnsan nəyisə istəyirsə, boş oturub gözləməməlidir. Can atmalıdır. Nə üçün kiminsə hər şeyi var, kiminsə heç nəyi yoxdur. Vaxt hər kəs üçün eynidir, 24 saat. Çünki bəzi insanlar vaxtlarını düzgün idarə etmir və məqsədlərini düzgün müəyyən etmir, səhv yol seçir və ya hədəfə doğru özü getmir, kimisə və nəyisə gözləyir. Bəzi insanlar isə işləyir, yorulur, can atır, özü özü üçün nələrisə əldə edir. Uğursuz insanlar hər şeyi qismətin üzərinə atar. Uğurlu insanlar isə öz qismətlərini özləri qazanar.



Məsləhət almağamı üstünlük verərsiniz, yoxsa elə öz bildiyiniz sizin üçün ən doğrusudur?
Mənim həyatımı və istəklərimi, dünyamı məndən yaxşı kimsə bilə bilməz. Məsləhət almağı sevmirəm, sadəcə mənə dəyərli olan insanların fikirlərini bilmək maraqlı olar. Adətən atamın fikrini önəmli tuturam və müəyyən seçim və qərarlarımda nəzərə alıram. Öz bildiyim daha doğrusudur. Kimsə mənim yaxşılığımı məndən yaxşı bilə bilməz. Məsləhəti özgüvəni aşağı olan adamlar alır, həyatlarını məsləhət üzərində qurub, nəyəsə nail olmayanda, işləri düz gətirməyəndə, kimisə ittiham etmək və günahkar bilmək üçün məsləhətçi axtarırlar. Mən məsləhəti ancaq peşəkar sahə və ya ixtisasımla bağlı verirəm, o da o halda ki, həmin insan bu sahə üzrə maariflənməmiş olur. Kiməsə özəl məsləhət vermirəm ki, mənə də kimsə öz məsləhətlərini sırımasın.



Çətinliklər gəlib sizi tapar, yoxsa sizmi çətin olanı seçərsiniz?
Çətinlikləri mən seçirəm. Bu həyatda mən seçirəm, birinci seçim məndədir. Mən seçdiyim məni seçərsə, ahəngdarlıq olur, əməkdaşlıq olur, müsbət nəticə olur. Asana doğru getməmişəm, asan əldə edilən hər bir şeyin dəyəri bilinmir və tez itirilir. Çətinlik isə insanın xarakterini, iradəsini formalaşdırır, möhkəm, mübariz edir və nəticənin, əldə etdiyinin dəyərini bilməyə, qoruyub saxlamağa sövq edir.



Həyatda, qərar verməkdə çox çətinlik çəkdiyiniz, iki insan və ya iki seçim arasında qaldığınız anlar olubmu heç? Mümkünsə xatırldığınız anılar varsa paylaşardınız.
Həyatımda iki dəfə belə seçim qarşısında qalmışam. İlk olaraq, tərəzinin bir gözündə ailəm-valideynlərim, vətənim, karyeram olmuşdur, digər gözündə öz ailəmi qurmaq dayanmışdır, o zaman emosional olub, öz ailəmin qurulmasının xeyrinə seçim etmişdim. 3 ildən sonra eyni vəziyyət yarandı, tərəzidə vətən, valideynlər, karyeranın çəkisi daha ağır oldu, onu seçdim.



Sizə görə qarşı cinsin nümayəndəsi necə olmalıdır və hansı xüsusiyyətlərə sahib olsa diqqətinizi cəlb edib, sizin maraq dairənizə çevrilə bilər?
Ağıllı, savadlı, işgüzar, zarafatcıl, mehriban, öz işini sevən, tələbkar və məsuliyyətli olmalıdır. Sağlam həyat tərzini və sağlam qidanı seçməlidir.



Sevgi rəngarəng hissdir və siz onun ən çox hansı rəngini sevirsiniz?
Qırmızı və yaşıl. Qırmızı çılğınlıq, ehtiras, od ünsürü olduğundan, yaşıl isə təbiət ünsürü olduğundan.



Əslində kim olmaq və hansı həyatı yaşamaq istərdiniz?
İndiki kimliyim məni qane edir. Çünki bu kimliyimi və bu həyatımı mən özüm etmişəm. İnsan özü seçib, qərarlar verəndə, daha çon özünə əmin və xoşbəxt, azad olur.



Əlbətdə, həddi aşmaq və insanlıq çərçivəsindən qırağa çıxmaq halları istisna olmaqla, sizə qarşı səhv etmiş birinə rəhmlimisiniz və bağışlamağı bacarırsınızmı?
Səhv etmiş birisi dedikdə, təhlil edərəm, tərəzidə onun əməllərini çəkərəm, əgər mənə qarşı doğruları tərəzidə ağır gələcəksə, barışaram, amma xəbərdarlıq edərəm ki, bir daha təkrar etməsin. Əgər tərəzidə səhvləri daha ağır çəkiyə malik olarsa, bağışlasam da, silərəm onu həyatımdan.

Bağışlayıb bağışlamamaq insana xas cəhət deyildir. Yaradan bağışlayırsa, insan da bağışlamalıdır. Bir də bir insan özünə arzu etmədiyini başqasına arzu etməməlidir. Yəni sən əgər səhv etmisənsə, peşmansansa, üzr istəmisənsə, səhvini dərk edirsənsə, səni bağışlamır və şans vermirlərsə, o zaman pis vəziyyət alınar ki, bu cür vəziyyətdə olmaq istəmərəm. Ona görə insanı dinləməyə və anlamağa hazıram. O vaxtadək ki, bundan qarşı tərəf sui istifadə etməsin.



Vəziyyətdən asılı olaraq qərarları ani şəkildə verərsiniz, yoxsa düşünüb, araşdırıb daha ədalətlə nəticə çıxarmağa çalışarsınız?
Ani qərarları sevmirəm, ani qərarlar daha çox səhvlərin olmasına gətirib çıxardır. Düşünməyi, təhlil etməyi, araşdırmağı sevirəm. Mənfi və müsbət tərəflərini tərəzidə çəkirəm.



Hansı ölkədə yaşamaq istərdiniz və səbəbi?
Almaniya, İngiltərə və Yaponiyada. Çünki bu ölkələrin maliyyə məktəbləri güclüdür və xarakterimə uyğundur                                                 bu ölkələrin cəmiyyətinin üzvlərinin xarakteri.



Sizcə uğur qazanmağın yolu nədir və nə etsək gələcəyimiz daha gözəl və parlaq olar?
Hər kəsin ilk olaraq özündən başlaması və eqoya mənfi nəsə kimi yanaşmaması. Tənqid, tərif, sevgi, inam, hörmət, dərketmə, müşahidə, təhlil, özünüöyrənmə və s.- hamısı insanın özündən başlamalıdır. Hər kəs bir fərd olaraq, bunu etsə, cəmiyyətin bir neçə üzvü reallığı dəyişər, mühiti dəyişər, o 3 nəfər daha 3 nəfəri və müəyyən zamandan sonra tam dəyişmiş olar vəziyyət, mühit.



Hansı xarakterlərdə olan insanlardan çəkinər, məsafə saxlar və ya ümumiyyətlə ünsiyyətdən qaçarsınız?
Yalançı, xəyanətkar, gopçu, paxıl, qısqanc, mülkiyyətçi, riyakar, xəbərçi və hey özünü tərifləyən insanlardan. Çünki onlar çox təhlükəlidirlər, özlərinə qarşı belə…



Özünüzü kənardan izləsəniz necə qiymət verərsiz? Sizcə yaxşı insansınızı?
Mən özümü kənardan izləməyi sevirəm, son zamanlar daha çox aynaya baxıram. İnsanın özünü tanımasına çox yardım edir. Bir də şəkillərimə baxıram. Şəkillərdə insan öz nöqsanlarını tuta bilir. Bu özünü təhlil və qiymətləndirmə üçün və özündə gedən dəyişiklikləri hiss etmək üçün önəmli amillərdir. Kimin üçünsə pis ola bilərəm, sərt, tələbkar və məsuliyyətli, işgüzar, eqoist olmağıma görə. Kimin üçünsə yaxşı. İnsanlardan asılıdır. Mən özümü bəzən pis, bəzən yaxşı hesab edirəm. Baxır vəziyyət, məkan və zamana. Medalın iki tərəfi var, insanın da bir-birinə zidd cəhətləri ola bilər.



Həyat elə qəribədir ki, bəzən ən yaxın dostumuz düşmənə çevrilər, bəzən də düşmənimiz ən yaxın dostumuz olar. Bizmi yanlış qiymət verərik insanlara, səhv seçimlərmi edərik, yoxsa inandığımızdanmı aldanarıq və ya kimlərsə bizə pislik etmək üçün obraza girər və bəlkə də biz özümüzü yanlış tanıdarıq ətrafımıza? Belə hallar yaşamısınızmı və ya başqalarının həyatından təsirlənib düşünmüsünüzmü bu barədə?
Mən düz 30 yaşıma qədər bu halda olmuşam, çox həssas və kövrək, tez inciyən olmuşam. Anamla hətta bunun üstündə mübahisə edirdik. Anam deyirdi, qızım, sən çox saf və sadəlövhsən, səndən istifadə edirlər, hamını özün kimi bilmə.

Mənsə, razılaşmırdım. Həyatımda baş verənlərdən sonra anamın dediklərinə haqq qazandırmağa başladım. İndi bir şüarım var, ən yaxın dost sabah yad, düşmən ola bilər, özəlini və sirrini kiməsə vermə, verirsənsə, ictimailəşdir ki, sabah o adamın əlində sənə qarşı silah, şantaja əsas olmasın. Risk meneceri olandan həyata risk meneceri kimi baxmağa başlamışam, insanlara da risk subyektlərim kimi baxmışam. Ətrafımda əvvəllər ən azı yaxın 1000 nəfər adam var idisə, bir həftə bundan əvvəldən etibarən cəmi 30 nəfər qaldı. Onlar isə sınanılmış, mənə yaxın insanlardır. Yaxşı insanlar var, azdır, sadəcə axtarmaq lazımdır. Axtaran isə hökmən tapır.

İnsan kimisə deyil, yəni başqalarını deyil, özünü günahkar bilir. Onu kimsə incidirsə, sevirsə, nifrət edirsə kimsə, özü günahkardır, bu şəraiti, imkanı o özü vermişdir.



İçinizdəki ağrıları, acıları yaxınlarla paylaşaraq daha rahatlıq taparsınız, yoxsa tamam yad olan insanlarla?
Yazmaqla, dinləmək, rəqs etmək və idmanla məşğul olmaqla. Daha çox yazıram. Daha çox gündəlik kimi qeydlərimi aparıram. Bəlkə bir gün memuarlarım və ya kiçicik qeyd kitabçamı oxucularıma təqdim etdim. Amma indi tezdir. Həm ona görə ki, oxucular buna hazır deyillər, həm ona görə ki, mən oxucularımla bu qeydlərimi paylaşmağa hazır deyiləm. Neqativi paylaşmağı sevmirəm. Daha çox yazıram, insanlara pozitiv enerji ötürməyi sevirəm. Neqativ onsuz da hər yerdə var, artmağa davam edir. Saatlarla gəzib, musiqi dinləməyi sevirəm, dinlədikcə, gəzdikcə, yol üstündə qeydlərimi aparıram. İnsanlara o qədər güvənmirəm ki, tam açılım və paylaşım. Çünki insanın düşməni və rəqibi daha çoxdur. İctimai insan göz önündə olur və çox adama maraqlı olur, gözdən salmaq üçün də bəhanələr axtarılır. Buna əsas vermək lazım deyil.



Bu günki cəmiyyətin yaşayış tərzində, idelogiyasında sizi narahat edən xüsusiyyətlər hansılardır və nə kimi çıxış yolları irəli sürə bilərsiniz? Sonda əlavə etməyə ehtiyac duyduğunuz, təklif edəcəyiniz bir fikir və ya soruşmaq istədiyiniz bir şey varmı?
Narazılığım çoxdur, narahatçılığım da. Məhz buna görə bloq tutmağa, qeydlərimi etməyə, esse və oçerklərimi yazmağa başlamışam. Yazılarımı daimi izləyən oxuyan insanlar yazılarımda təklifləri də görəcəklər. Çünki hər tənqidimin özü bir təklifdir.

Sualları hazırladı: Şahin Sahibzadə

Təşəkkür edirəm.

Vur… (tənqidi, satirik, kinayəli yazı)

Vurmaq olar…

Olduqca isə vurmaq lazımdır…

Lazımdırsa, vur…

Söz vur, arada sözlə də vur kimdən xoşun gəlmirsə…

Üz vur, sal arsızlığına… Borclu çıxart hamını… Nisyə dəftəri tutulsun hər bir məkanda… Ad və siman tanış gəlsin bu ölkədə, məşhurlaş üz vurmağınla…

Damara vur zəhəri… Onsuz da qanın qaralıb, zəhərlənib həyatın… Biri az, biri çox… Fərq etməz… Vurdun, vurmadın, keyfin yüksək, beynin dumanlı…

Bıçaqla, baltayla vur… Sonra de, hirsli idim, əsəblərim pozulub, əxlaqsız, pis insan idi…

Vur, öldür… Ən pis halda, səni vuracaqlar…

Göz vur virtual və real həyatda… Tutarsa, tutar, tutmazsa, başqasına vur…

Badələri vur, iç sağlığa… Vur bədənə spirti… Halal içki olsun…

Haramı vur beyinlərə…

İnsanları vur, vuraraq yer et özünə, sal gözdən başqalarını… Bir gün səni də vurarlar, ehtiyatlı ol…

Sillə vur, vur ki, gəlsin özünə, ayılsın…

Cavabla vur verilən suala… Qoy şok olsun, soxsun içinə…

Əlinlə, ayağınla vur, zərbə və qolları, qalib gəl…

Vur topu, ötür pası başqasına… Səndən ötüb keçdi, keçdi başqasına…

Doğrunu, haqqı vur… Kiməsə lazım deyil onsuz da onlar…

Sevgini vur nifrətinlə… Sevgisiz qalmışdır bir çox insanlar. Bekar qalmışlar. Bir hiss ver onlara hiss etmək üçün…

Silahla vur məkanları, insanları, azalt saylarını, qorxut onları…

Sağa vur, sola vur, qorun başqalarından… Cəsarətli, mübariz ol.

Qiyməti vur, qaldırmaqla…

Qaz vur, bir az qızınsın, bir az qazlansın…

Su vur təzyiq ilə, yuyub aparsın…

Ürəyi vur, vicdanı vur, ağlı vur, bir işə yaramır onsuz da…

Yalan danışdıqca, sənə inansınlar deyə, addımbaşına “sən öl” vur, bir yanağına da əlini vur “bax, bu ölsün, mən ölüm” de…

Rəqəmləri vur, dağılsın, şişsin, kənara vur, qoy getsin şəxsi hesab, cibinə, terminləri vur cümlələrin arasına…

Vur, amma vurulma…

Kiməsə vurulma, nə badə…

Neyləmək olar?

Birisini sevəsən,

Yaxın dostun ola…

Dəyər verəsən,

Susasan, için qan ağlaya…

Deyə bilməyəsən sevdiyini,

Göz-gözə, üz-üzə dayananda…

Ölmək istəyəndə,

Ölə bilməyəsən,

Yaşamaq istəyəndə

Öləsən, gözləmədiyin anda…

Sevdiyin dayana önündə,

Gözlərinin içinə baxa,

Bərk qucaqlayıb alnında öpə,

Ürəyin həyəcandan tez-tez döyünə,

Titrəyəsən, qalxa qızdırman,

Sonra biləsən ki, dost kimidir…

Göz yaşlarını gizlədəsən,

Ağlamaq istəyəndə…

Yanında uzansın, baxasan,

Nə o yatsın, nə də ki, sən…

Yuxu getməsin gözlərinə,

Fikirlər dolaşsın ağlında,

Hisslər ürəyində burulğana düşsün…

Sevəsən birisini…

Günlərin bir günü sənə desin ki,

Var bir başqası, sevir başqasını…

Neyləmək olar?!

Susmaqdan başqa…

Uzaqlaşıb qaçmaqdan başqa…

Soyumaqdan başqa…

Onu unutmaq üçün

əbəs cəhdlər etməkdən başqa…

Sevəsən kimisə,

Deməyəsən…

Bilməsin o, onu sevdiyini…

Susaraq gedəsən həyatından…

Məni zorlamayın…(davamı)

Zorlamaq, fərq etməz hansı növüdür, zorakılıqdır.

Şərq cəmiyyətindən qurban günahkar, zorlayan qəhrəmandır. Qınayır hər kəs qurbanı, qınamır kimsə zorlayanı… Zorlayan çox zaman həbs edilmir.

Qərb cəmiyyətində qurbanı anlayır, psixoloji müalicə, dəstək olunur, cinayət işinə ciddi yanaşılır, zorlamaq maddəsilə ittiham olunaraq həbs edilən şəxs həbsxana həyatında gündə neçə dəfə hər mənada zorlanır.

Yaşından, cinsindən asılı deyildir zorakılıq… Zorlanır hər gün minlərlə insan, heyvan, təbiətin özü…

Beyinlər zorlanır təhqir, söyüş, acı kəlimələr, haqsız ittihamlarla, qəlbə dəyəcək gerçəkliklər ilə… Bir də yalan zorlayır insanın beynini həqiqəti bildiyin zaman…

Bədənlər zorlanır başqa bədənlər ilə, dayanmadan, ardıcıl olaraq…

Bir də var, sillə, təpik, yumruqlar, döy ki, döyəsən, ta ki, ölənədək, canı çıxa…

Zorlayırlar kimisə, olur günahkar, susur, kimsə onu anlamır. Ya ərə verilir, yaşı çatsa da, çatmasa da… Ərə verilir onu zorlayan şəxsə, o da ki, zorla, hər gün zorlanır ailəsində…

Mənən zorlayırlar onu hər gün hər dəfə susması üçün… Əzirlər onu hər mənada… Ta ki, o özünə qəsd edir, bezir bu cür həyatından…

Bəxti gətirmir qurbanın… Kimsə xilas etmir ona, uzatmır əlini, dəstək olmur. İtələyirlər əksinə uçuruma, atırlar üstünə palçığı, batırırlar bataqlıqda…Gəldikcə gələrlər üzərinə… Hamı məsumdur, bir ondan başqa… O, susar, deməyə sözü çox olsa da…

Kimsə nə onu dinləyər, nə də anlayar… Səsini, harayını salar içinə… Susmağa davam edər. İctimai qınaq var bir yandan… “Qorusaydı özünü, zorlanmazdı… Özü günahkardır. Öldürün onu. Baş tapdağı… Namusumuzu ləkələyən insan…”

İçinə salaq, ağlayar hər gün… Kimə nə var axı onun dərdindən… Hər kəs zorlanmanı danışar, ağıl verər, başına sanki gəlib hamısının…

Bəxti gətirsə, evdəkilər anlasa, yaşamağa davam edər… Gətirməzsə, öldürəcəklər. Namusu ləkədən təmizləmək üçün ölməlidir o… Çıxış yolu öldürmək, növbəti zorakılıqdır qurbana qarşı…

Ən yaxşı halda, sevəcək kimisə, unudacaq bir müddətə… İnanacaq, deyəcək sevdiyinə zorlandığını… Ya onu atacaq sevdiyi insan, ya da ki, hər gün o zorlayacaq davamlı olaraq bezənə qədər…

Ailə qursa, ər deyəcək ki: Sən fahişəsən, səni adam etdim, xilas etdim. Minnətdar olmalısan. Xoşuna gəlmirsə, sus, yaşa, ya da çıx get, rədd ol atanın evinə…Səni kimsə sevə bilməzdi. Səni kimsə sevməzdi, kiməsə lazım deyilsən, deyildin, məndən başqa…

Bu da bir zorakılıqdır. Psixoloji təzyiq, zorakılıq. Anlamırıq sadəcə, dözürük, susuruq hələ…

Məni zorlamayın! Yaşamaq istəyirəm!

Etirafım: Sənə qurban…

Giriş: Əsas sevgi

Bu yazımı, etirafımı Emma Ələkbərzadənin ifasında olan və çox sevdiyim “Sənə qurban” mahnısını dinləyərək, bu mahnıdan təsirlənərək yazıram.

Dostluqdan başlar əsl sevgilər, ağılda doğar, qəlbin sakini olar sonra…

Sevgi gələndə xəbərsiz gələr, əsl sevgi baxmaz hazırsan, ya yox, açıqdır qapın, yoxsa bağlı… Gələr, yaşayar, cavabsız olanda daha çox böyüyüb yer alar, əsarətinə çevirər insanı…

Əlçatmaz olduqca, sevgi subyektin, sevdiyin insan daha çox sevərsən… İstəməsən də…

Mübarizə apardıqca, unutmağa çalışdıqca, sevgi də mübarizə aparar, unutmağa qoymaz və insanı öz məğlubuna çevirər.

Sevginin əsas qidası insanın onun varlığını inkar etməsi, ona inanmaması, “sevmirəm” deməsidir.

İlk tanışlıq

Onunla uzun müddət virtual aləmdə tanış idik, sosial şəbəkədə dost siyahımda idi, yazışmırdıq, bayramdan bayrama yazışıb təbrikləşərdik. Bir neçə dəfə görüşmək qərarına gəlsək də, görüş alınmırdı. Hər dəfə sanki nəsə mane olurdu görüşməyimizə…

İlk görüş günümüzdə mən keçdiyim tam tibbi müayinənin nəticələri, etdiyim təhlillərin cavabını almışdım. Keyfsiz idim. İçimdə ağlayırdım. Qoyulan diaqnoz, ümidsizlik, gizlətməyə çalışdığım göz yaşlarım. Təsadüfən o yazdı. Sanki hiss edirdi. Təsadüflərə inanmıram. Salamlaşandan sonra hal-əhvalımı soruşdu, harada olduğumla maraqlandı, işdən sonra görüş təyin etdik. İndiyədək yadımdadır. İçərişəhər metrosunun çöl çıxışının önündə görüşməliydik. Hava soyuq olduğundan görüşü metronun çıxışının iç hissəsində təyin etmişdim. Içəridə onu görməsəm də, qapının önündə hündür boylu, gülərüzlü bir nəfərin dayanıb eskalator tərəfə baxdığını gördüm. Onu görən kimi tanıyıb gülümsündüm Məni tanıdı.

İkimizin də iri çantası vardı. Yüklənmiş iri çantalar. Sanki bütün yükümüzü, dərdimizi, həyatımızı o iri çantalara yükləyib özümüzlə götürürük haraya getməyimizdən asılı olmayaraq.

Çox gülərüz, mehriban, zarafatcıl idi. Səsi həlim, rahat, sakit, danışığı aram ilə, aydın idi. Baxışları da, səsi, təbəssümü ilə birlikdə adamı valeh edirdi. Unutmuşdum o gün nələr yaşadığımı. Göz yaşlarım da axmırdı. İlk görüşdən tam rahat, təbii və səmimi olduq. Hər mövzudan danışdıq. Piyada dağüstü parka qalxdıq, oradan qaranlıq gecədə yuxuya gedə bilməyən, üzdə gözəl, daxilən və mənəvi baxımdan yorğun, bezmiş, dolmuş, incimiş Bakımı gördüm. Düz 1 il bundan əvvəl idi. O qədər danışdıq ki, saatdan belə xəbərimiz olmadı. Metronun bağlanmasına az qalmışdı. Qaçaraq çatdıq metroya. O, metroyadək məni ötürdü, özü avtobusla getdi evinə. Hərə öz evinə. İlk görüşdə o qədər xoş və pozitiv təəssürat oyatdı, pozitiv enerji ötürdü ki, pis hər şey unuduldu, sanki intihar haqda düşünən və həyatdan bezən insan deyildim. Üzüm gülürdü, çox sevincli idim, metroda insanlar mənə baxırdı, düşünürdülər ki, dəli olub. Amma mən dəli olmamışdım, sevgi gəlmişdi. Öncə elə bildim dost sevgisi və bağlantısıdır.

Zamanla tez-tez görüşməyə başladıq. Novruz tətili günlərində 2 dəfə görüşdük. İçimdə həyəcan, sevinc var idi. Xoş nələrsə baş verirdi. Onun yanında o qədər sevincli, xoşbəxt, rahat olurdum ki, ayrılmaq, evimə getmək istəmirdim. Evə gəlib hər şeyi yadıma salmaq, ağlamaq. Boğulmaq, depressiya var idi.

Sənə qurban, qurban olduğum…

Bir cavabsız sevgi hekayəsi

O da deyəsən mənə bağlanırdı. Ona çox dəyər verirdim, ona çox bağlanırdım. “O” adlı asılılığım var idi. Dəfələrlə onu evimə dəvət edirdim. Gəlmirdi. Bəlkə istəmirdi, bəlkə cəsarət etmirdi. Onu çox yüksək, ali bir zirvəyə qaldırmışdım ağlım və qəlbimdə. Daha doğrusu onu tanıdıqca, onun haqqında qənaət, fikirlərim, hisslər onu ora pillə-pillə qaldırmışdım.

Çox istedadlı, yaradıcı, maraqlı, cəsarətli və fərqli düşünən bir insandır. Bir də bəzən yorğun, bəzən dərin, bəzən məsum gözəl gözlərindəki baxışları. Sanki ovsunlayırdı. Az danışırdı, baxışları hər şeyi deyərdi.

3 ay dost kimi dost kimi görüşəndən sonra ona olan sevgimin dost sevgisindən artıq olduğunu anladım. O isə məni sevmirdi. O, mənə hörmət edirdi, xətrimi istəyirdi, dost kimi dəyər verirdi. Bu qədər…

Cavabsız sevgi daha güclü, daha səmimi, daha təbii, daha məsum, daha ali və əsl sevgi olur. Sadəcə bircə yalan var, o da ki, sevdiyini deməmək, susmaq…

Sevdiyimi anladığım gündən ona daha yaxın olmaq istəyirdim. Amma qeyri-mümkün, olmaz olduğunu anlayırdım. Getdikcə uzaqlaşır, soyumağa çalışırdım, ondan qaçırdım.

Onun həyatında başqa birisi vardı. Ciddi idi onunla hər şey. Bunu dediyi andan bir çarəm var idi, onun həyatından çıxıb getmək, artıq olduğunu anlamaq xoşagəlməz hissdir. O gün gecəni yatmadım. 3 gün ağlamaq istəsəm də, ağlaya bilmədim, içimə saldım, ürək ağrılarım artmağa başladı. Daha çox havada olmaq, piyada gəzib fikirlərimi dağıtmaq, həyatıma başqa dostları, rəfiqələri salıb, onlarla görüşmək, əylənmək, yeni hobbilərlə məşğul olmaq, idman və rəqsə başlamaq, işdən evə gec gəlməyə başladım. Bütün bunlar onu unutmağım üçündür. Amma alınmırdı. Sevgim böyüyürdü, artırdı hər cəhdlərimdə. O, unutmurdu məni, axtarırdı, yazırdı. Son bir çıxış yolum vardı, o da onu özümdən küsdürmək, özümə qarşı nifrət və qəzəb hissini oyatmaq. Etdim bir neçə hərəkət. Buna belə aqressiv münasibət bəsləmədi. Səbr etdi, gözlədi. O qədərə saf, qəlbi təmiz, xoşniyyətli insan idi ki, hər hərəkət və sözümə dözürdü, göz yumur, hirslənmir, anlayışla qarşılayrı, gözləyir və bağışlayırdı. Sevmirdi, hər şey edirdi, məni sevməkdən başqa.

Onu unutmaq üçün içməyə başladım, başqa kişilərlə dost kimi görüşüb vaxtımı öldürməyə, başımı qatmağa çalışırdım.  İçməklə yanaşı, siqaret çəkir, evə gec gəlir, şəhərdə gecə saatlarınadək gəzirdim. İşdə işim, işdən sonra yaradıcılığımla məşğul olurdum ki, o ağlımda və qəlbimdən bezsin. Sevgi bezsin, tərk etsin.

Dünən ortaq dostumla görüşdüm. Ona danışdım. Mənə dedi ki, “vaz keçmə, mübarizə apar”. Amma mənim kimi səmimi, cəsarətli, saf insan bunu edə bilmir. Başqasından ayıra bilmir onu. Etiraf edə bilmir. Bu qədər eqoist ola bilmərəm. Kimisə bədbəxt edə bilmərəm.

Özümə söz vermişəm, ona deməyəcəyəm. Sadəcə vidalaşacağam və birdəfəlik gedəcəyəm, itəcəyəm onun həyatından. Qoy, xoşbəxt olsun, qoy həyatına mənim varlığım və dostluğum olmadan davam etsin. Ən yaxşı çıxış yolu susaraq getməkdir, ən doğru yol susaraq vidalaşmaq və onun varlığını iqnor etməkdir. Həyatına davam etməyə çalışmaqdır. Ortaq tanış və dostlar çoxdur. Onlardan da uzaqlaşmalıyam. Onun adını eşitdiyim, onun ola biləcəyim hər yer, hər kəsdən uzaq olmalıyam. Ortaq maraq, mövzulardan imtina etməliyəm, çünki yaşamlıyam, nə qədər ömrüm qalıbsa, onu yaşamalıyam.

Ondan mənə qalan yazışmalarımız, qonaqlıqda dostlarla birgə çəkilən şəklimizdir.

Bilsəydim

Səni sevəcəyimi bilsəydim əgər, görüşməzdim səninlə…

Bu qədər bağlanacağımı, dəyər verəcəyimi, mənə doğma olacağını bilsəydim əgər, uzaqlaşardım, soyuyardım səndən vaxtında…

Öncədən bilsəydim əgər, var bir başqası, dostluğumuzu bitirib sevməzdim səni…

Səni unuda bilməyəcəyimi bilsəydim əgər, yada salan xatirələri format edərdim bu günədək…

Nə yaxşı ki, blok etmisən məni səhifəndə, oxumuram fikirlərini, yazılarını, baxmıram şəkillərinə, şərhlərdəki cavablarını oxuduqca, təhlil etmərəm. Səndən asılılığım azalır. Ümid edirəm.

Qəmiş olmuram sənə, şüvən də qopartmıram. Sükunət xaricimdə, fırtına daxilimdə… Susuram, rola girirəm, heç nə olmamış kimi…

Ağlamayacağıma söz vermişəm, qəlb və vicdanımdan imtina etmişəm bu ildən. Bəlkə kömək etdi mənə sevgini incidib küsdürməyə, həyatımdan birdəfəlik qovmağa onu…

Hər şeydən çox istəyirdim yenidən sevmək… Amma sevdim, o da bəxtimdən cavabsız…

Son: Vida

Son cümləm: “Səni çox sevirəm, vidalaşmağı, ayrılmağı sevmirəm, amma yenə də əlvida, çox sevdiyim üçün səndən uzaqlaşıram.”

Bu sevgini Şövqət Ələkbərovanın ifasında “Qəmgin mahnı” mahnısı sədaları altında unutmağa və yola salmağa, onunla vidalaşmağa çalışıram. Hər şeyi gərək format edim. Sabah yeni həftə, yeni gündür.

Sevin, sevilin, “sevgi yoxdur, kimisə sevmirəm” deyənlərə inanmayın, yalan deyirlər, onlar əsl sevgiylə sevməyi bacarırlar, sevirlər, sadəcə cavabsız sevgidir.

Sevin, sevilin, amma məni yox. Mən başqasını sevirəm.

Cəsarətli olun, məni nümunə götürməyin, sevirsinizsə, deyin, susmayın. Ən azı cavabını biləcəksiniz.

Dilimdən düşməyir sevgi nəğməsi… Ağlaya-ağlaya…

Təhlükə var! SOS! (satirik, tənqidi, ironik yazı)

Təhlükə var. Həyəcan təbili çalınmalıdır.

Təhsilimiz pis gündədir, doğru təhsil verən müəllimlərimizin sayı azalmaqdadır. Təhsil pulladır, kimin pulu var təhsil alır pulu ilə… Pulu olmayan qalır kənarda…

Təhsilimizin işi təki silsin beyindəki olan-qalanı, doldursun oranı lazımsız olanı…

Kimisi heç təhsil almaq istəmir, nə də ki, təhsil verir övladına… Nadan və savadsız gələcək yetişir gözlərimizin önündə…

Kitab oxuyanlarımız yoxa çıxır. Maraqlı kitablar çap edilmir, tərcümələr pis gündədir. Fəlsəfə, məntiq sıfıra doğru gedir. Bir azdan yuvarlanıb düşəcəkdir uçuruma…

Hər kəs öz dilini öyrənməmiş, xarici dil öyrənir. Öz dilimiz çıxır yaddan…

Özümüzü bəyənmirik, ya xarici qızla evlənirik, ya xariciyə gedirik ərə… Normal insan və cəmiyyət olsaydı, kimsə axtarmazdı kənarda ərlə arvadı…

Yumor hissi, pozitivlik yoxdur, azalır, sanki, o da pulludur… İndi ancaq söyüş, təhqir, aqressiyadır. Hər sözümüz səhv anlaşılır cəmiyyətdə…

Səhiyyəmiz müzakirə edilməzdir. Həyatımız bizi öldürən şəxslərin əlindədir. Ölmək istəyirsən, get həkimə… Sağlamlığın qatillərin əlində. Öl evində… Xəstədir səhiyyəmizin halı… Diaqnozu qoyulmamış xəstəlikdir…

Sosial müdafiə müdafiə etmir bizi… İşsizlər qalıb həm işsiz, həm də ki, müavinətsiz… Yıxıl, öl, qurtarsın canın…

Mollaları bir cür dəli, edərlər bədbəxt cəmiyyəti… Din adında sırıylar özlərini…

Uşaqlarımız bir cür alayarımçıq, yamaq-yamaq… Bilmirsən, kimdir, uşaq, ya əjdaha…

Milli sərvətimiz, iqlimimizin var adı… Yararsızdır, xalq üçün nədir axı faydası?

Qanunlar var yazılmış, yazılmamış. İşləyəni yazılmamışıdır. Yazılanı yaramır heç bir işə…

İnsanları, cəmiyyəti açılası dərd deyildir. Deməsən, pisdir, desən, ondan daha betərdir vəziyyətin… Küt kütlə sürü psixologiyası ilə gedər guya irəli, inkişafa doğru… İçimiz özümüzü yandırır, çölümüz özgəni…

Pulumuz başımıza bəladır, iqtisadi göstəricilərimiz kimi… Adı var, özü yox onların…

Təbiət, ekologiya indiki günü insanı ağladır… Turizmi, kənd təsərrüfatı, torpağı, suyu təmizi var, üzünə qalmışıq həsrət…

Kommunal xidmət, tarif, qiymətlər günümüzü qaraldır… Su qiyməti də qalxıb indi, qaz kimi, işıq kimi… Zibil də qalxacaq, kanalizasiya da… Yemə, içmə, pəhriz saxla. Ancaq acından bütün günü yat…

Təhlükə var, hər yerdə, sos, hardadır, çalınmır axı həyəcan təbili?!

Ver… 18-

Nə verirsən, ver… Kimə istəyirsən… Nə istəyirsən… Öz işindir, verib-verməmək…

Birinə sual ver, cavabsız qalsın… Ya da düşsün təkərə verdiyin sualdan…

Birinə söz, vəd ver, ələ etmə, qalsın yana-yana, borclu deyilsən ona…

Birinə borca pul ver, qayıtmayacağını bilə-bilə, üzün gəlməsin istəməyə…

Birinə cavab ver, söz meydanında güləşsin sözləriniz… Kimin sözü güclüdürsə, qalib gəlsin…

Birinə su ver içməyə, incidiyi zaman, hirslənən kimi…

Birinə od ver, hər yeri yandırsın, özü də yansın odunda…

Birinə sevgi ver, sevməsin səni, səndə keç başqasına…

Birinə dəyər ver, dəyərsiz olsun, nə aşağı yeri var, nə də yuxarı…

Birinə yer ver, öz yerini, başqasının yerini, təki sussun, ağrımasın başın…

Birinə can, həyat ver, sonra minnət qoy boynuna onun.

Əz, keç sözünlə, zəncirlə, sındır, qoyma yaşasın, öldür sonunda…

Öldürməsən də, ya sən onu at, ya o səni atsın… Budur həyat…

Birinə ver ehtirası, odunu alsın, açarın olsun onun əlində…

Birinə fikirlərini ver, oğurlasın, çıxsın öz adına…

Birinə üzünü ver, ağ eləyib, astarını istəsin, otursun başında…

Birinə ağıl ver, özündə ağlın azalsın, sənə versələr ağıl, artacaq hökmən, özün kiməsə verməsən ağlı…

Birinə ver məsləhət, heç vecinə olmasın onun, duymasın məsləhətinə ehtiyac.

Sonra inci ondan, küs ki, niyə eşitmədi məsləhətini…

Birinə ümid ver, güman ver, aldat başını…

Əl çəksin səndən bir müddətə, sonra qaç gizlən düşəndə yada, ya da bəlkə unuduldu nə vaxtsa…

Birinə güc ver, sonra sənə qaldırsın əlini, göstərsin öz gücünü… Ol qurban…

Birinə qız ver, namusunu ver, sonra qayıtsın üstünə… Olsun artıq boğaz, yük…

Birinə dərd ver, əzab ver, qoy çabalasın, çezsin… Vecinə alma…

Birinə də yol ver, qoy keçib getsin, məftil kimi ilişmə ona, o ilişsə sənə, axırı pis olar…

Birinə ver yatağını, ismətini… Verdikcə ver, kim olar, alar…

Birinə ver özünü, həyatını, nə varsa, sonra özün qal özündən nigaran, həyatından xəbərsiz… Nə olar, olar?! Kərimdir Allah!

Nə dəyişəcək ki…

Nə dəyişəcək ki…

Etiraf etsəm…

Mən həmin deyiləm,

Çox dəyişmişəm…

Bir gün qarşılaşsaq,

Həyat yolumda,

Mən sənə yadamsa,

Məni tanıma…

Silirəm sevginin keçdiyi izi,

Sən mənim deyilsən,

Var bir özgəsi,

Mən səni o gündən

silmişəm artıq,

Geriyə dönməyi sevmirəm axı…

Həyat davam edir, bu həyat, bu mən…

Baxıram, aynada yad bir insana…

Gələndə dəyişdim,

getdiyin zaman,

Özümü dəyişdim, yaşamaq üçün…

Çıxıb gedəcəyəm bu ölkədən

Bilirəm…

Çıxıb getmək çarə deyil…

Özündən qaça bilməz kimsə…

Hara getsən də, özünü aparırsan özünlə axı…

Çıxıb gedəcəyəm bu ölkədən…

Zəncirləri qırmaq üçün… Bəlkə taparam özümə uyğun insanları…

Azadlığa qovuşmaq üçün… Azad fikirlərimi kimsə anlayar bəlkə, başqa yerdə…

Əsəblərim çəkilməz tarıma, dözəsi olmaram bildiklərimə…

Susduğuma görə qınayarlar məni, susma, danış, yaz deyərlər bəlkə mənə, buna ümid edirəm…

İnsanları rahat buraxsın məni, mən də onları rahat buraxım… Olmaz belə… Heç kəs və heç nə dəyişmir burada…

Çıxıb gedəcəyəm bu ölkədən…

Yeni həyata başlamaq üçün… Bu ölkədə hər dəfə başlayırsan sıfırdan, çox getmirsən uzağa… Qalırsan sıfırın yüz də birində… Nə qədər yuvarlaq etmək olar axı sıfırları…

Şansımı yoxlayım, gəzim, səyahət edim, bildiklərimi təcrübədə tətbiq edim… Bəlkə, kimsə dəyər verdi orada… Paxıllıq olmadı, getdim irəli, nail oldum uğurlara…

Qadınlara rəqib olmayım, kişilərə civi, qurbanlıq kimsə… Tutmağa çalışmasın kimsə…

Oranın aynası bəlkə fərqli oldu, özümü tanıdım bəlkə hər dəfə baxdığım zaman…

Dəyişdim bəlkə, içimdə rahatlıq tapdım, yazmağa pozitiv mövzular…

Şəkillərimdən sevgi, sevinc ötürülər insanlara…

Bəxtəvərlik verər başqaları, yerimdə olmaq istəyənlər çoxalar. Ola bilməyənlər, danışar dalımca, ola bilənlər isə anlayar necə xoşbəxt olduğumu…

Biliklərim artar, təcrübəm kimi… Peşəkar olaram, deməzlər mənə hrəşeyşünasdır…

Çıxıb gedəcəyəm bu ölkədən…

Dönməsəm də geri, gizlətməyəcəyəm kiməm mən, hansı ölkədən gəlmişəm… Qoy, bilsin başqaları var belə insanlar bu ölkədə…

Ağ günə çıxmaq üçün… Qara rəngi sevmirəm…

Əsl sevgi taparam bəlkə…

Gələcəyim naminə… Gələcəyim olsun deyə, keçmişimi unutmayıb bu günümdən düşünürəm gələcəyimi… Başqa cür alınmır gələcək məndə…

Çıxıb gedəcəyəm bu ölkədən… Mənsiz rahat yaşayasınız… Rahat yaşayım sizsiz mən də…

Çəkirsənmi?

Söylə, görüm, çəkirsənmi?

Nə çəkirsən, bilmək olar, çəkirsənsə?!

Öz yükünü çiyinlərində?! Ağır olmur ki, sənə? Ağrımır ki, çiyinlərin?!

Öz şəklini telefonla gün ərzində?! Hər anını, hər gününü salmaq üçün yaddaşına, tarixini yaratmaq üçün, ötürmək üçün, göstərmək üçün insanlara?

Dərd çəkirsənmi ürəyində?! Çəkərkən, nəfəs almaq çətinləşmir ki?

Bəs vicdanın? O nə çəkər? Keyf, ya əzab?

Çəkirsənmi rəsimlərində xəyalında olanları? Anlamazlar deyə, çəksən belə, çıxartmısan çəkdiyini… Qiymət verirsən, başqasının çəkdiyi rəsimlərə, sənə qiymət verən olmur, bilmir çəkdiyini, ona görə…

Üzünü bəs çəkirsən kənara, kimsə səni öpmək istəyəndə? Gözlərini çəkirsənmi başqasının gözlərindən danışarkən? Bəlkə nəsə gizlədirsən, çəkirsənsə?!

Nə çəkirsən?

Bəlkə çəkdiyin kimdir?

Ailən, doğmaların, dostların, insanlar çəkdirirlər sənə çəkdiyini?!

Bəlkə çəkirsən, başqalarının sirrlərini, gizlədərək öz qalanda… Divarlarını qalanın möhkəmlədirsən ki, almasınlar onu, alınmaz ola?

Özünü özün çəkə bilirsən? Yoxsa, bezmisən özündən, həyatından?!

Tərəzidə çəkirsənmi öz çəkini, bilmək üçün qiymətini? Yüngülsən, ya ağır? Bilmirsənmi?

Səbrini, əsəbini çəkirsən tarıma, geriyə, daraldırsan, genişləndirirsən fərqli anda, məkanda?!

Ümidini çəkirsən bəlkə geriyə, bir də doğrulmayan etimadını, məyus olmayasan deyə?!

İdeya və planlarının xəritəsini çəkirsənmi ağlında?

Yuxuların çin çıxanda, çəkirsənmi yuxunun ağırlığını? Yenidən yuxuya gedə bilirsənmi?

Etdiyin pisliklərə görə nə çəkirsən, görəsən? Anlayırsanmi ki, pislik edirsən?

Hansı tərəfə çəkirsən özünü, önə, geriyə, sağa, sola?

Həyat yolunu bəs özün çəkirsən? Yoxsa, kimsə çəkir sənin yerinə?

Kimə çəkdirirsən, zülmü? Kiməsə ancaq, yoxsa hamıya?

Çəkirsənmi ciyərinə zəhəri, yalanı içinə, fikirlərinə?! Qaralırmı qəlbin, dumanlanırmı beynin?

Kimə çəkirsən həyatının rəsmimi, iç dünyanın fotosunu?

Sözlərinlə çəkirsənmi peşmançılığı, faydası varmı iş işdən keçəndən sonra?

Yoxsa, məni çəkirsən bir tərəfə, çəkindirirsən tutduğun yoldan, yanılım deyə?

Qələbənin sevincini, məğlubiyyətin acısını çəkmək asandırmı başqaları ilə, yoxsa təklikdə?

Tənhalığını bəs necə? Çəkə bilirsən?

Bəlkə səni çəkir həyatın gizli kameraya, kamera arxasından necə görürsən, bilsən, çəkə bilərsən gerçəyi?

Əllərini çəkirsənmi başqasının mülkiyyətindən, başqasına xas olandan?

Bəs kreslondan necə? Könüllü əl çəkirsən?!

Çəkirsənmi film öz həyatından, ya başqalarının həyatı daha maraqlıdır çəkmək üçün?