4/14/2017

Nə badə…

Sevgisizlik, diqqətsizlik, uğursuzluqların sayəsində aqressivləşən bir cəmiyyətdə yaşayırıq.

Uşaqlarımızı sevgiylə deyil, aqressiya ilə böyüdüb, tərbiyə etdikcə, sevgi, diqqət və uğura qarşı aqressiv, nifrət dolu olacağıq.

O qədər xəbis, pis düşünən, neqativ enerji ilə yüklənən insanlar var ki, sevənləri, sevgi, diqqət və qayğı göstərəni dərhal qınayır, daşlayırlar.

Hamınızı yığıb kökünüzü kəsmək lazımdır. İnsan ali varlıq olsa da, heyvandır, onu da əhliləşdirmək lazımdır. Əhliləşdirdikcə, insan etmək olar adamdan…

Çoxluq ana-bacı, ata-qardaş səviyyəsindən çıxa bilmir, inkişaf etmir, mütaliəsiz nadan olursunuz.

Ünsiyyət problemi var, hər ünsiyyətin axırı hökmən dava, mübahisə, kimisə haqsız çıxartmaqla bitməlidir, bitməzsə, səni peysər çıxardırlar.

Medianın işi pozitivi təbliğ etməkdir, sağlam və doğru yolda olan gəncliyi formalaşdırmaqdır. Cəmiyyəti və zövqləri sağlamlaşdırmalıdır. Çünki media 4-cü hakimiyyətdir, çünki medianın ən güclü silahı var, o da ki, sözdür.

4-cü hakimiyyətin gücü ictimai yerdə 18 yaşı tamam olmuş adamlara təpik atıb, onları söyüb təhqir edib, qovmaq deyildir!

4-cü hakimiyyət aqressiyanı təbliğ etməməlidir. Onsuz da səhərdən axşamadək xəbərlərdə ancaq neqativ xəbərlərin əlindən profilin xəbər lentinə, saytların xəbər lentinə baxmaq istəmir.

Dəfələrlə olub ki, ictimai yerlərdə aqressiv davranış, davalar, mübahisələrə biganə qalmayıb, qarışmışam.

İnsan olun, sevgi, pozitiv enerji dolu insan olun. Sifətinizdən zəhrimar deyil, sevgi və sevinc yağsın!


Qaranlıq olmaq, qara rəngdə olmaq asandır, bütün rəngləri qaraltmaq olur, siz məsum, bəyaz olun, digər rəngləri ağardın, bu asan deyil, amma cəhd edin!

Bir də bir istehzalı atmaca atıram ünvanınıza. İtmiş eşşəklərdən biri olmayın. İki ayaq və iki9 əldən savayı başınız var boynunuzda, başınızda isə beyniniz var. Arada, bəzən isə tez-tez olsa da, istifadə edin, beyninizdən, ağlınızdan. İlkin mərhələdə çətin olacaq, passivləşmiş, ölmüş beyin hüceyrələrini diriltmək, onları fəaliyyətə gətirmək çətindir. Amma siz cəhd edin.

Bir daş kimi söz də atıram bostanınıza.

Metroda gedəndə tanımadığınız qadına özünüzü sürtün, qadını əlləşdirin, çıynədiyiniz saqqızı oturacağa, tutacağa yapışdırın, yerə tullayın, zibilləyin hər yeri, eşşək kimi anqırın, ucadan söyüş söyün, tanımadığınız adamlara təpik atın, uşaqları döyün, fiziki güc tətbiq edin, saçyoldusuna çıxın, şou düzəldin. Amma və lakin, nə badə öpüşməyin, sevgi əlamətlərini göstərməyin, gülməyin, sevinməyin. Pozitiv hər şey insanları, çoxluğu qıcıqlandırır
Отправить комментарий