4/14/2017

Görəsən, mən fahişəyəm?!

Mən fahişəyəm?!

Mənim adım nədir?

Nə önəmi var bunun?

Hər kəs bir ad seçib əlbir olaraq: Fahişə!

Onlar üçün mən fahişəyəm! Özüm üçün isə yox!

Qadınlar paxıllıqdan, özlərinə rəqib gördüyündən, yerimdə olmaq istəyib, ola bilmədiyindən, tək yaşaya bilmədiyindən, asılılıqlardan bezdiklərindən qısqanırlar. Qısqanclıq və paxıllıq isə mənə qarşı nifrət hissini oyadır. Çünki kişilər onlardan soyuyur, uzaqlaşır. Mən isə evliləri, subayları, dul qalmışları, boşananları, bütün kişiləri anlamağa çalışıram. Əksər kişilər məni istəyir, guya ki, arzularının qadınıyam. İnanıramsa, elə buradaca daşa dönüm.

Kişilər tək, sərbəst yaşadığımdan, azad və komplekssiz olduğumu görürlər, düşünürlər ki, potensial fahişəyəm, ancaq sevişmək və heyvan kimi məni zorlamaq, əldə etmək, yatağa salmaq olar!

Hər iki cins üçün fahişəyəm.

Uşaqlar üçün onların ailəsinə maneəyəm, probleməm, valideynlərinin dalaşmasının səbəbkarıyam. Məni tanımadıqları halda, uşaqlar belə mənə nifrət edirlər.

Valideynləri, qohum əqrəbaları o qədər məndən danışır ki, adımı çəkmədən, sadəcə söyüşlə, jarqon və kobud, acı sözlərlə, təhqirlərlə dolu sözlərlə, nifrət dolu baxışlarla “Fahişə” qoyublar adımı…

34 yaşım var. Həyatımdakı kişilərin sayını yazmayacağam, etik deyildir. Mənimlə sevişmiş və sevişmək istəyən kişilərdən danışacağam. Cəmiyyətin onlara münasibətindən, cəmiyyətdəki mövqelərindən, düşüncələrindən və mənimlə sevişmək üçün yazdıqları ssenarilərdən. Hər bir kişini psixoloji, ruhi, mənəvi təhlil edəcəyəm. Xarakterik obrazını görəcəksiniz.

Ən azı 50 nəfərlik kişi tipi, kişi obrazı haqqında, onların monoloq və onlarla dialoq, onların xarakteri haqqında, onların özü haqqında yazacağam.

Mənim üçün bir nəticə var. Fahişə mən deyiləm. Fahişə məni fahişə etməyə çalışan və bu adı mənə qoyanlardır. Fahişə o kişilərin məni seçməsinə şərait yaradan qadınlar, cəmiyyət, kişilərdir. Gəldiyim nəticə odur ki, kişilərin çoxusu öz kişiliyi və öz kişilik isbatını ancaq seks və yataqda görür və sevişdiyi qadınların sayı ilə özünü qəhrəman, kişi sayır. Qadınlar isə fahişə adlandırdığı qadını tanımadığı üçün, həyatından xəbərdar olmadığı üçün, onu qınadığı üçün, kişiləri onun üstünə saldğı üçün fahişədir. Qadın qadını anlamadığı, onu ittiham etmədiyi üçün fahişədir.



Hekayəm:

Mən 3 dəfə zorlanmağa cəhd qurbanı olmuşam, 4-cü dəfə zorlanmışam. Olanları unutmaq üçün ilk evlilik təklifini qəbul edib ərə getdim, ölkədən köçdüm, ailə həyatım uğursuz oldu, ayrıldım. Tək yaşamağa, işləməyə başladım.

Ərimin yanında olmadığını, tək yaşadığımı bir, iki nəfər bilirdi, amma necə oldusa, nə hikmətdirsə, qısa zamanda məni tanıyan və tanımayan hər kəs bildi. Təzyiqlər, şəxsi həyata müdaxilələr başlandı. Bir necə cəbhədə vuruşurdum.

İnsan da bu həyata girəndə iki yolu var, ya geri qayıtsın, ya önə gedib, istəsə də, istəməsə də, tək çıxışı olan ölümə doğru gedərək yaşasın, sonra ölsün. Seçim insanın özündədir. Öz həyatını yaşaya biləcək, ya başqasının yeritdiyi və başqalarının istədiyi həyatı yaşayacaq?Özü olacaq, ya başqalarının istədiyi, obrazlaşdırdığı birisi? Əslində, insan çıxılmaz vəziyyətdədir. Qərarlar, seçimlər olsa da, çıxılmazlığın nəticəsidir. Səbəb çıxılmazlıqdır.



Birinci cəbhə: Ümumi ictimai müzakirə və qınaqdır. “Niyə ayrıldın?!”, “Niyə tək yaşayırsan?!” “Ölsən, öldürülsən də, dözməliydin?!”, “Yəqin başqa məşuqu varmış”dan tutmuş, “Ata, anası, qardaşı hara baxır? Niyə icazə veriblər ayrılmağa, niyə yanlarına aparmırlar?!” ifadəsinədək. “Təkrar ərə get, niyə getmirsən, uşağına sahib çıx, uşaq doğ, necə anasan?!” ifadələri də bu qəbildəndir. Elə cəmiyyətdə yaşayırıq ki, ayrılmış qadın, hələ üstəlik işləyib, tək yaşayırsa, evə işdən çıxıb gəlmirsə, dost və rəfiqəsi varsa, dərd çəkmirsə, depressiyaya düşmürsə, həyatına davam edirsə, deməli fahişədir.

İkinci cəbhə: Qonşulardır. “Evə gec gəlir, hansı cəhənnəmdədir, ər, uşaq da yoxdur, avaralanır.”, “Gündə bir maşından düşür, gündə bir kişi ötürür. Fahişə… Qəsdən ayrılıb ki, belə həyat sürsün.” “Görəsən, bu gün iş günü deyil, gecdir, hara belə, səhər tezdən gəlir, haradan belə?!”.

Üçüncü cəbhə: Uzaq və yaxın qohumlardır

Dördüncü cəbhə: Valideyn və keçmiş həyat yoldaşı və onun qohumlarıdır.

Beşinci cəbhə: Kişilərdir.

Altıncı cəbhə: Özünə rəqib bilən qadınlardır.

Bir də ki, bütün cəbhələr insanın özü kimi olmasını deyil, öz istədiyi kimi yaşamasını deyil, onların istək və diktəsi ilə yaşamasını, olmasını tələb edirlər. Həyat yoldaşı, ana, bacı, övlad olursan. Unudursan ki, bir insan, qadınsan. Səndən hrə girdiyin obraz üçün bütöv olmağını və tam onlara aid olmağını istəyirlər. Beləcə, başqaları üçün bütöv olduqca, insan özü üçün bütöv olmur, ola bilmir, çünki başqalarına bütöv olmaq üçün parçalanır. Parçalanıb yox olunca, itincə, heç kim səni yığmır, qaytarmır, axtarmır. Yenə özün qarısan özünə…











Son: Onlar üçün fahişəyəm?!

Əttövbə… (M.Ə.Sabirin eyni adlı şeirinə cavab)

Məmur:

Ey xalq, bura ver, bankanda olan paranı

qazanıb yığdığını, halalını, haramını…



Camaat:

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə,

Yığdığım paramı niyə verim ki, sənə?!



Məmur:

Bura say, cibindəki son qəpiyi,

Büdcədə pul qurtarıb, ver qəpiyi…



Camaat:

Tövbə, əttövbə, xəta rahinə getdiklərinə,

Bilib verdiklərimə, bilməyib verdiklərimə…



Məmur:

Çox naz eyləmə, ey qara xalq, gələrsə, tək səbrim,

Bunun var düşər, düşməzi, işin gedəcəkdir əyri…



Camaat:

Tövbə, əttövbə, yazaram səndən şikayət şaha,

Tikərəm torbanı, qalarsan işsiz, ay paşa…



Məmur:

Mənə nə, bağlanıb böhranda sənin obyektin,

Satılmır malların, getmir marketdə alverin…



Camaat:

Çıxartmısan sən lap ağın boz çaların,

Minirsən, çapırsan, sən bu məzlum camaatı…



Məmur:

Kimə nə, yazdığın o şikayətdən, sözdən

Ağlama, qopartma önümdə şüvən…



Camaat:

Ağlar qoymusan, camaatın gül balasın,

Önündə nökər olub övladım övladının…
Gedim, üzü küləyə,

dağıtsın  saçımı yel,

Tanrım sığal çəksin, qoy,

dağılmış saçlarıma…

Küləyin vıyıltısı

olsun Tanrımın səsi,

desin, balam, üzülmə,

unutmuram mən səni…

Hava dəysin üzümə,

sillə vuraraq sanki,

oyatsın div yuxumdan…

Qollarımı açım mən,

sanki uçuram göydə,

ruhum çıxsın canımdan,

bir az dincəlsin o da…

Üşüsün qoy bədənim,

buz bağlasın ürəyim,

hər kəs əlini üzsün,

bağlamadan bir ümid…

Döyülmüşük, döyürük, söyülmüşük, söyürük… (Milli-mənəvi yanaşma, düşüncəsizlik, tərbiyə metodumuz)

Uşağımızı doğmadan, döyülürük, söyülürük, döyüldükcə, söyüldükcə, səbəbini, səbəbkarı, günahkarı axtarırıq. Bu isə bizim doğulmayan övladımız olur. Neqativlə yükləndikcə, özümüz neqativləşirik.

Döyülüb söyülməyə adətkar olmuşuq. Neqativ adiləşib…

Aqressiya olmadan həyatımızı təsəvvür edə bilmirik, darıxırıq.

Uşağa hamilə qaldığımız andan söyüş, neqativ enerji, stress, aqressiya mühitində yaşayanda uşağa da ötürürük bu informasiyanı… Uşaqda özünü göstərir doğulanda…

İlk söyüşümüz, aqressiyamız planlaşdırılmamış, gözlənilməyən hamiləlik zamanı olur, abort etmiriksə, ikinci dalğası gəlir. Uşağı doğuruqsa, üçüncü dalğası gəlir.  Qız uşağı olduğunu biləndə, daha çox söyülürük, çünki oğlan daha əzizdir. Daha demirlər ki, uşağın cinsi tək anadan asılı deyildir. Önəmli tərəf atadır.

Qız uşağımız doğulandan, ya da  heç cinsinə baxmadan uşağımız doğulandan yanında söyüş, təhqir, döyülmək, neqativlik, aqressiya görür, hürkür, ağlayır. Tökdüklərimizi yığır, öyrənir, müşahidə edir. Vay o gündən ilk dediyi söz də söyüş ola…

Yaxşı nümunəyik…

Ana olduğumuz gündən söyülürük, döyülürük ki, uşağa yaxşı baxmırıq, yaxşı ana və həyat yoldaşı deyilik. Hamiləlik dövründən gələn qapaz və təpikləri yeməyə, udmağa və hələ dözərək, sevdiyimiz üçün qəbul etməyə davam edirik. Ər döyər də, söyər də… Ata döyər də, söyər də… Qardaş döyər də, söyər də…

Sonra uşağımızın tərbiyə metodu kimi döymək və söyməyi seçirik. O isə bu tərbiyəni görüb, yaxşıdır kimi ötürür öz uşaqlarına. Sanki belə də olmalıdır.

Nəsə istəyir, söyürük, döyürük, istəmir, yenə döyürük, söyürük.

O, istədiyi oldu, olmadı, yenə aqressiya, o istədiyi alındı, alınmadı, eyni metod.

Uşaq susdu, danışdı, fərq etməz, yenə eyni metod.

Uşağımızı kimsə incidir, döymək və söyməyi öyrədirik. Uşaq danışmağa başlayan, səs çıxardan kimi kimisə söyməyi öyrədirik, bir az gəzməyi, sürünməyi, hərəkət etməyi bacaran kimi kimisə vurmağı, döyməyi öyrədirik.

Biz hələ o səviyyəyə çatmamışıq ki, uşağımıza bir insan kimi baxaq, yanaşaq, hörmət edək, onunla bir şəxs, fərd kimi davranaq, danışaq, sözlə başa salaq. Onda ağıl və məntiq inkişaf etdirmək yerinə, sevgi oyatmaq yerinə, ən asan metodu seçirik. Çünki biz özümüz bu metodun qurbanıyıq. Genimizə, yaddaşımıza hopub, işləyib.

Biz insan ola bilmədiyimiz üçün uşaqlarımızı da insan edə bilmirik. Sonra isə çıxıb ağız dolusu uşaq və gənclərimizi tənqid edir, qınayırıq. Nə tökərsən aşına, o çıxar qaşığına…

Bəlkə bir özümüzdəki səhvləri görək, bəlkə özümüzdən başlayaq, bəlkə özümüzü qınayaq, tənqid edək. O uşaqları axı biz belə tərbiyə edirik. Özümüz daha bir psixoloji sağlam olmayan, kompleksli, aqressiv uşaq böyüdür, özümüz bu təhlükənin özülünə aqressiyanı əlavə edirik.

Bəlkə söhbət edək, bəlkə insan kimi yanaşaq, bəlkə sevək və sevgini öyrədək?! Bəlkə o zaman müsbət nəticə əldə edə bildik, gələcəyimiz sağlam gənclərdən ibarət oldu, düşünməyə dəyməzmi?!

İşsiz idim, bu gün isə evsiz qaldım…

İşsiz qalmaq, bir riskdir. İşsiz qalmamaq üçün bir sahəni bilməlisən. Bilik və təcrübə yığmalısan. İşləməkdən, oxumaqdan, təhsil almaqdan, savadlı insanlarla ünsiyyətdə olub, məlumat yığmaqdan, bilmədiyini etiraf edib, öyrənməkdən ehtiyat etməməli, utanmamalısan.

Təshili olmayan, bilik və təcrübəsi olmayan insan hər zaman asılı vəziyyətdə olur, susmağa məhkumdur, dözməlidir.

İş olmazsa, borclar, ödənilməmiş kreditlər yığılar, insan ümidsizlikdən intihar etmək istəyər.

İş olmazsa, insanın yaşamaq üçün pulu olmaz. Kimsə niyə saxlasın ki, başqa bir insanı, borclu deyil axı?!

Kimisə sevmək olar, ailə qurmaq olar. Amma təhsilsiz, işsiz qalmaq olmaz.

Nədən sığortalanmışıq axı? Kim zəmanət verə bilər ki, ayrılmayacaqsan, həyat yoldaşın başqasını tapıb, səni tərk etməyəcək, ya da vaxtsız vəfat etməyəcək.

Kim zəmanət verir ki, səni evdən bir gün səbəbli və ya səbəbsiz qovmayacaqlar, küçədə qalmayacaqsan?

Kim zəmanət verir ki, atanla anan olmayanda, əmlak üstündə dava düşməyəcək, sənin hüquqların tapdalanmayacaq, doğma evindən atılmayacaqsan.

Kim zəmanət verə bilər ki, sənin iş yerin bağlanmayacaq, müflis olmayacaq, ya da iş yerində rəhbərlik dəyişməyəcək, ixtisara düşməyəcəksən, işdən qovulmayacaqsan?

Kim zəmanət verə bilər ki, kimsə sənə əl tutacaq, dar günündə, işsiz qalanda, evsiz qalmayacaqsan?!

İşsiz qalmaq, pulsuz qalmaqdır. Pulsuz qalmaq, ixtisar etmək, məhdudiyyətlər deməkdir. Xəstələnməkdir. Pulsuz qalmaq sənə lazım olanları əldə etməmək, ödənişlərini edə bilməməkdir.

Bu gün təhsilsiz qalan işsiz də qalar, evsiz də…

Təhsilim olduğu üçün, təcrübəm olduğu üçün işsiz, evsiz çox az müddətdə qalmışam.

Giricilər, girənlər…

Adamlar var, ziyanverici kimidirlər. İki ayaqları var… İnsan bilirik onları… İnsan bildikcə, girirlər sənin həyatına, şəxsi işlərinə girir burunları… Girəndən sonra işin ya çıxartmaq olur, ya çıxması üçün şərait yaratmaq…

Giricilərin üzü olmur, ya da o qədər çox olur ki, bilmirsən indi hansı üzündədir, bilsən də, tüpürə bilmirsən, istəsən də… Öz abrını qoruyursan, baş qoşmursan…

Giricilərin işi özlərini yaxşı göstərib, yaxından tanımaqdır qurban və ya hədəfini… Sonra isə zərər vurmaqdır, yaralamaqdır.

Giricilərin əsas işi qəmiş olmaqdır tanışlığın ilk mərhələsində… Yaltaqlanmaq, qarşısındakı insanı sevərək göstərmək, tərifləməkdir. Kiməsə keçir bu oyunu, kiməsə yox. Kimə gəlirlər axı?!

Bu giricilərə üz versən, hər yerə girərlər, deşik olan yerə də, olmayan yerə də… Olmayan yerdə isə deşik açarlar, ya da qaşıyaraq qan çıxardarlar… Sonra da adını da qoyarlar ki, yaralısan, qan axır, bədbəxtsən… Gülüncdürlər…

Giricilərin işi özlərində olmayana görə ytanıb tökülmək və bunu gizlətməkdir. Nifrət və qəzəbi, bədbəxtliyi, küskünlüyü, neqativi üzündə yansıyan, yazılan insanlardan uzaq olduqca, anlayırsan ki, düz edirsən… İnsanları tanımağı bacarmaq lazımdır. Üzünə baxanda, insanın kimliyi bəlli olur, əslində…

Giricilərin baxışları iti, gözləri qıyılmış, dodaqları nazik olur. Giricilər özlərini və üzlərini gizlətməyə çalışarlar… Amma baxır kimdən gizlənə bilirlər… Giricilərin rolu və xarakteri oxşar olduğundan bilirsən, harada ola biləcəklərini, haradan vura biləcəklərini… Bildikdən sonra oradan keçməzsən, oranı qoruyarsan. Vurmazsan onu… Sadəcə baş qoşmazsan, “hürən it dişləmir, qoy, hürsün, mənsə davam edirəm yoluma”

Girənlərin üzü birdən dəyişər, rolları kimi…

Girənlərin cibləri də çox olar, əldə etdiklərini gözdən iraq yerdə -ciblərində gizlətmək üçün…

Girənlərin, hədəfi onlar kimi olmayanlardır, olmaq istəməyənlərdir. Qəmiş insanlardır onlar. Yapışmağa qoymamaq lazımdır. Sevməmək lazımdır onları. Doğman olmasınlar. Qapamaq, yamamaq lazımdır deşik olan yerləri, əzəldən təmir etmək lazımdır. Ya da yenisini tikmək…

Girən cibə də girər, qəlbə də, həyata da, insanların şəxsi işinə də…

Girən işinə də girər, dostlarının sırasına da…

Girən ağlına da girər.

Girən üçün fərq etməz…

Bircə girməyə bir balaca deşik olsun…

Ona görə də uzaq olun belə insanlardan, nə girin, nə girməyə izn verin.

Qadına tövsiyəm…

Bəlkə ərə getməyə tələsməsin qızlarımız…

Bəlkə dinləməsin başqalarını…

Desin sözünü, təhsil almaq, işləmək üçün yaşasın…

Aldanmasın kimsəyə, kiminsə sevgisinə…

Əyməsin boyun kişilərin qadağalarına, üz verməsin onlara…

Əzdirməsin özünü kimsəyə…

Ərə gedən kimi doğmasın uşaq…

Tələsməsin, tanısın ərini, ailəsini…

Olmasın kimdənsə asılı…

Ərə gedəndən sonra tanıyanda ərini, boşanmaq istəyəndə, düşünməyəsən başqalarını…

Sözünü deyə biləsən, yaşaya biləsən, sevib sevilərkən, xoşbəxt ola biləsən, ola bilmədinsə, ölməyəsən, sınmayasan, yıxılmayasan, üzülməyəsən…

Davam edəsən həyatına…

Uşaq doğulduğunda cinsinə görə seçməyəsən, sevməyəsən onu…

Uşaq doğulanda ərdən ayrıldığına görə atasız qoymayasan övladını…

Ata da insandır, yaxşı, ya pis, haqqı vardır övladını görməyə…

Dədə-baba qaydası… (müəllif: Atilla Kəskinqılınc)

İllərdir ki, dədə-baba qaydaları adı verilən söyüşdən betər, təhqir, aşağılama dolu tərbiyə üsulu ilə yaşayıb, yaşadıb, təbliğ edirlər.

Daha bəsdi..! Daha dədə-baba qaydalarını, ana-bajı söhbətlərinizi yığışdırıb atın zibilliyə.
Siz elə zənn edirsiniz ki, dədə-baba qaydaları, ana-bajı söhbətləri olmasa ölkədə tərbiyəsizlik, əxlaqsızlıq yayılacaq..?
İllərdir dədə-baba qaydasını soxublar həyatımıza, bəs bu artıb, çoxalan tərbiyəsizliklər nədir? Həyatımızın çoxu dədə-baba qaydasıdır, hanı bəs bu qaydaların faydası?
Dədə-baba qaydası insana sırf cinsəllik üzərindən dəyər verməkdir?
Dədə-baba qaydası əxlaqı, tərbiyəni ancaq cinsəlliklə ölçməkdir?
Dədə-baba qaydası “el – oba nə deyər?” ilə ailə qurmaq, övlad dünyaya gətirmək, yaşamaqdır?
Dədə-baba qaydası bir insanın elmini, zəkasını, hisslərini yox onun paçasını önəmsəməkdir?
Bəs bunlar tərbiyəszilik, əxlaqsızlıq, söyüş təhqir deyilmi???

Kimdir bu qaydaları yaşayan? Biz deyilik mi?
Bu qaydalar Dədə-baba qaydası deyil, bəs nədir? Erməni Xaçaturyanın, rus İvanın qaydalarıdır?
Bu gün Dədə-baba qaydaları həyatımıza faydadan çox zərər verirsə, çıxartmalıyıq onu həyatımızdan. Çürümüş meyvələri niyə səbətimizdə saxlayırıq?

Tərbiyəszilik, əxlaqsızlıq nəyə deyirsiz..?
Tərbiyəni, əxlaqı ancaq cinsəlliklə ölçürsünüzsə, onda tərbiyəsizin, əxlaqsızın yekəsi sizsiniz.
Başa düşün, insan ancaq göbəkdən aşağı deyil. İnsanın başı, beyni, düşüncəsi də olur, bunu bilirsinizmi? Çoxları bunu bilmir.
İnsanı insan edən onun göbəkdən aşağı hissəsi deyil, o şeydən itdə də, pişikdə də var. İnsanı insan edən başı, beyni, düşüncəsidir. İnsan düşünüb, dərk edərək yaşamalıdır, “el – oba nə deyər?” ilə yox.

Ölkəmizdə boşanmaların sayı kəllə-çarxa çıxıb. Səbəb nədir?
Səbəbi bir başa telefondan, internetdən, sosial şəbəkədən istifadəyə bağlayanları düşüncəsiz hesab edirəm.
Səbəb dədə-baba qaydalarıdır. Səbəb “el – oba nə deyər?” ilə məcburi evlənməkdir.
Dədə-baba qaydaları insanlara öyrədib ki, əks cinsin nümayəndəsinə fərd kimi, şəxsiyyət kimi yox, cinsəl obyekt kimi bax.
Kişi bir xanıma “salam” yazır, xanım bunu cinsəl təklif kimi anlayır, beyin tez müdafiə, mühafizə rejiminə keçir. Çünki kişilər qadınlara cinəl obyekt kimi baxır, qadınlar da istər-istəməz bu qəlibə görə uyğunlaşırlar.
Çox insan telefondan, internetdən, sosial şəbəkədən istifadə etməkdə ancaq cinsəl, seksual məqsədlər güdür. Əgər çoxluq belə edirsə, deməli bu toplumsal yanaşmadır. Deməli toplumsal şüur telefondan, internetdən, sosial şəbəkədən istifadə etməyi seksə bağlayır.
Problem yaranırsa da, bu şüurdan dolayı yaranır. Sən əks cinsi görəndə ağlına ancaq seks gəlirsə, bunun günahkarı telefon, internet, sosial şəbəkə ola bilməz axı. Deməli sənin tərbiyəndə bir qadın haqqında onun ancaq seks üçün olduğunu düşünmək var.

Nə badə…

Sevgisizlik, diqqətsizlik, uğursuzluqların sayəsində aqressivləşən bir cəmiyyətdə yaşayırıq.

Uşaqlarımızı sevgiylə deyil, aqressiya ilə böyüdüb, tərbiyə etdikcə, sevgi, diqqət və uğura qarşı aqressiv, nifrət dolu olacağıq.

O qədər xəbis, pis düşünən, neqativ enerji ilə yüklənən insanlar var ki, sevənləri, sevgi, diqqət və qayğı göstərəni dərhal qınayır, daşlayırlar.

Hamınızı yığıb kökünüzü kəsmək lazımdır. İnsan ali varlıq olsa da, heyvandır, onu da əhliləşdirmək lazımdır. Əhliləşdirdikcə, insan etmək olar adamdan…

Çoxluq ana-bacı, ata-qardaş səviyyəsindən çıxa bilmir, inkişaf etmir, mütaliəsiz nadan olursunuz.

Ünsiyyət problemi var, hər ünsiyyətin axırı hökmən dava, mübahisə, kimisə haqsız çıxartmaqla bitməlidir, bitməzsə, səni peysər çıxardırlar.

Medianın işi pozitivi təbliğ etməkdir, sağlam və doğru yolda olan gəncliyi formalaşdırmaqdır. Cəmiyyəti və zövqləri sağlamlaşdırmalıdır. Çünki media 4-cü hakimiyyətdir, çünki medianın ən güclü silahı var, o da ki, sözdür.

4-cü hakimiyyətin gücü ictimai yerdə 18 yaşı tamam olmuş adamlara təpik atıb, onları söyüb təhqir edib, qovmaq deyildir!

4-cü hakimiyyət aqressiyanı təbliğ etməməlidir. Onsuz da səhərdən axşamadək xəbərlərdə ancaq neqativ xəbərlərin əlindən profilin xəbər lentinə, saytların xəbər lentinə baxmaq istəmir.

Dəfələrlə olub ki, ictimai yerlərdə aqressiv davranış, davalar, mübahisələrə biganə qalmayıb, qarışmışam.

İnsan olun, sevgi, pozitiv enerji dolu insan olun. Sifətinizdən zəhrimar deyil, sevgi və sevinc yağsın!


Qaranlıq olmaq, qara rəngdə olmaq asandır, bütün rəngləri qaraltmaq olur, siz məsum, bəyaz olun, digər rəngləri ağardın, bu asan deyil, amma cəhd edin!

Bir də bir istehzalı atmaca atıram ünvanınıza. İtmiş eşşəklərdən biri olmayın. İki ayaq və iki9 əldən savayı başınız var boynunuzda, başınızda isə beyniniz var. Arada, bəzən isə tez-tez olsa da, istifadə edin, beyninizdən, ağlınızdan. İlkin mərhələdə çətin olacaq, passivləşmiş, ölmüş beyin hüceyrələrini diriltmək, onları fəaliyyətə gətirmək çətindir. Amma siz cəhd edin.

Bir daş kimi söz də atıram bostanınıza.

Metroda gedəndə tanımadığınız qadına özünüzü sürtün, qadını əlləşdirin, çıynədiyiniz saqqızı oturacağa, tutacağa yapışdırın, yerə tullayın, zibilləyin hər yeri, eşşək kimi anqırın, ucadan söyüş söyün, tanımadığınız adamlara təpik atın, uşaqları döyün, fiziki güc tətbiq edin, saçyoldusuna çıxın, şou düzəldin. Amma və lakin, nə badə öpüşməyin, sevgi əlamətlərini göstərməyin, gülməyin, sevinməyin. Pozitiv hər şey insanları, çoxluğu qıcıqlandırır

Olmadın…

Bir tonqal da olmadın, üstündən hoppanıb ağırlığımı salım üstünə…

Bir su da olmadın, içim səndən inciyəndə.

Bir torpaq da olmadın, basdırım səndə sirrlərimi, özümü, cücərsin sirli xəyal və arzularım.

Bir hava da olmadın, çəkim səni ciyərlərimə, dağıdasan saçımı hər əsdiyində.

Bir qapı da olmadın, pusum səni, çıxım qulaq falına, səslər gəldikcə, yozum onları, açılsın üzümə ayaq səslərimdən gəldiyimi anladığında…

Bir torba da olmadın, səni hörüm, atım qapı önünə, doldursunlar səni, səndə olmayan şirin paylarla.

Bir bayram da olmadın, təqvimimdə qeyd edim, səni qeyd edim sevinmək üçün…

Nə sən oldun, nə mən oldum… Sənin üçün darıxıram, görəsən, bilirsən?!

Davam edir 37…

Xalqım getməz irəliyə,

Çəkirlər onu geriyə,

İp salıblar boğazına,

Döndərirlər sağa, sola…

İt yerinə qoyur xalqı,

Unutdurar bir xəbərlə,

İtirilmiş torpaqları…

Mütrüflərin bayramıdır,

Bayram günü çal-çağırdı…

Nə qədər ki, beyinləri yuyanlar var,

Hazırlara nazirlər var,

Tikiləni dağıdan var,

Gözü yaşlı anaları,

Qarabağda vuruşanı,

Saymayan var,

Davam edir soyqırımlar,

Davam edir susqun içdə etirazlar,

Davam edir, təkrarlanır tariximiz,

Düzəlmirik, nədənsə biz…

Davam edir 37,

sürgün, qaçqın, köçkün həyat,

Həyəcanlı qorxu, yaslar…

Davam edir 37…

Çıxıb gedir gənclərimiz,

İşsiz qalır işləyəni,

Borc içində batır xalqım,

Yoxdur bir kəs ağlayanı,

Acı deyib, saç yolanı…

Diri-diri basdırılan meyidləri,

Küt beyinli menecerlər, işverəni,

Dəyərini itirdikcə, itiririk,

İtirməyə bir şey qalmır…

Xalq şairi, yazıçısı,

Öndə gedən ziyalısı,

Xalqa bir gün ağlamaz ki,

Yapışaraq statusundan,

Danışarlar xalq adından…

İstedadsız istedada yol göstərər,

Ağılsızı ağıllıda nöqsan görər,

Savadsızı savadlını əzib keçər,

Davam edər 37…

Daha kəskin, daha ciddi…

Nə qədər ki, müəllimi,

Təhsil, bilik verməkdənsə,

Pul, cib dərdi güdəcəkdir…

Nə qədər ki, həkim həyat verməkdənsə,

Xəstəliyə çarə tapıb, sağaltmaqdansa vətəndaşı,

Qiymət deyib, öldürəcək pasienti,

Davam edər 37,

Daha kəskin, daha ciddi…

Məmurları bir bəladır,

Açılası dərd deyil heç,

Millətinə vəkil olan,

Millətindən xəbərsizdir.

Davam edər 37…

Susun, qorxun,

Ya da qaçın,

Çıxış yolu, çarə olsun,

Təsəlli ver, biz elədik, alınmadı…

Qaçın burdan uzaqlara,

xoşbəxt olun yad diyarda…

Nəsə lazımdır…

Həyatıma girib çıxan, həyatımda qalan hər kəsə məndən nəsə lazımdır. Allah kəssin, belə azadlığı, tək yaşamağı…

Valideynlərimə lazımdır ki, mən sözlərinə qulaq asım, sözlərindən çıxmayım, idarə edə bilsinlər.

Keçmiş həyat yoldaşıma lazımdır ki, mən onu bağışlayım, yenidən sevib, qayıdım, yenidən ailə olaq. İnsanlar isə dəyişmir.

Övladıma lazımdır ki, mən onun atasıyla barışım…

Dostlarıma kömək, məsləhət, borca pul lazımdır.

Kişilərə mənimlə sevişmək, məni lüt görmək, evimə gəlib, məni əlləşdirmək lazımdır.

İşdəkilərə isə olanlara, reallığa göz yumub, susmağım lazımdır.

İnsan iyrənir, tükənir, son qaynama həddinə çatıb daşır.

Qadınlar qısqanclıqdan məni döymək, çirkin etmək və gözdən salmaq lazımdır, şərləmək istəyirlər.

Qohumlarım tək yaşadığıma görə mən ərə vermək və ya valideynlərimlə yaşamağıma nail olmaq lazımdır.

Kimsə düşünmür ki, özünə nə lazımdır, həmin insanın özünə. O insan istəyirmi, ona lazımdırmı?

Bəlkə istəmək yerinə, icazə verək, insanlar yaşasın?!

Danışıqların gedişatına kim nəzarət edir?

“Danışıqlara kim nəzarət edirsə, onların nəticəsinə də, o nəzarət edir.” Donald Tramp

Sizin üçün ən doğru taktika: Danışıqlar zamanı sizə və sizin maraqlarınıza nə xeyir edirsə, xidmət göstərirsə, ona uyğun olaraq, danışıqlar prosesini sürətləndirmək, ya da sürətini aşağı salmaq olar. Lakin şübhəli məqamlarda, hallarda tələsmək olmaz. Donald Tramp öz kitabında aparılan danışılqarın sürətinə nəzarət etmək, onların nəticəsinə təsir etmək üzrə bir neçə əsas üsulları qeyd etmişdir.

Üsul 1. İstənilən təklifi dərhal qəbul etməyin. Hər iki tərəf razılıq hissini duymalıdır. Belə ki, əgər insan nəyəsə asan nail olursa, o razılıq hissini duymur. O düşünür ki, istəsəydi bundan daha çoxunu və yaxşısını əldə edə bilərdi, bununla da narahatlıq keçirtməyə başlayardı.

Üsul 2. Qərarsız olmaqdan çəkinməyin, qorxmayın. “Bilmirəm, mənə fikirləşmək üçün vaxt verin” ifadəsi sizə düşünmək üçün vaxt qazandıracaq və qərarın qəbul edilməsi vaxtını bir az uzadacaq. Danışıqlıqlar və əqd bağlanması zamanı bir tərəf nə qədər çox vaxt itirirsə, onun bu əqddən imtina etməsi ehtimalı azalır. Vaxt itkisiprosesin uğurla başa çatması ehtimalını, istəyini artırır.

Üsul 3. Tələsik, tez danışıqlar aparmayın. Tələsik aparılan danışıqlar tərəflərdən birini narazı sala bilər və inciməsinə səbəb ola bilər. Tərəflərdən biri önəmli bir detalı diqqət mərkəzindən qaçırda bilər. Qısa zamanda bağlanan əqd zamanı sizə optimal, uyğun olmayan şərtləri işləyib hazırlaya bilməyəcəksiniz. Qarşı tərəf haqqında tam məlumatlı olmaq lazımdır və görüşə ciddi hazırlaşmaq əsas tələblərdən biridir. Qarşı tərəfdən daha çox bilsəniz və daha yaxşı hazırlıqlı olsanız, üstünlük sizin tərəfinizdə olacaqdır. Bu zaman siz özünüzü tələsiklik zamanı yarana biləcək problemlərdən qismən sığortalamış olursunuz.

Danışıqların gedişatına nəzarət etməyin bir forması da son müddət, tarixdir. Məhz son müddətin yaxınlaşması qarşı tərəfi narahat edəcək və bəzi gözlənilməz və düşünülməmiş, planlaşdırılmamış güzəştlərə gedilməsinə səbəb olacaqdır. Son müddətlə bağlı Tramp 4 əsas prinsipi qeyd etmişdir.

Prinsip 1.İnsanlar danışıqların işlənib hazırlanmasını son icra müddətinədək icrasını saxlaya bilər, yəni axırıncı günə saxlaya bilərlər.

Prinsip 2. İstənilən danışıqlar və əqd onun bağlanması və ya ondan imtina edilməsi üçün səbəb olmayanadək uzun müddətə davam edə, uzana bilər.

Prinsip 3.Ən dəhşətli və təhlükəli vaxt məhdudiyyəti sizin qoyduğunuz vaxt məhdudiyyətidir.

Prinsip 4. Son icra müddətini yoxlayın, onlar reüaldırmı, ya təxəyyülünüzün məhsuludur, qeyri-realdır.

Sanki mən…

Siqaret kimiyəm, içinə çəkirsən məni, zəhərləyirsən ciyərlərini, amma çəkirsən, çəkdikcə, yanıram, közlənirəm, tüstüm çıxır yandıqca… Yandıqca, düşür parçalarım külqabına. Hər yandırdığın zaman sönənədək bir parçam yanıb külə dönür. Sona bir kötüyüm qalır külqabında, bir də ovulmuş külüm, onu da çox görürsən, atırsan zibilə…

Şərab kimiyəm, içmək istəyəndə içirsən məni, məst olursan, açırsan öncə tıxacı, süzürsən məni, badədə olduqda, qoxlayırsan, içirsən qurtum-qurtum… Beləcə içki alır səni səndən… Məst olursan, unudursan, başın ağrıyır, bəzən ürəyin bulanır, qan qusursan, səhər heç nə düşmür yadına, key kimisən. Məni də şərab kimi gərək çox içməyəsən. İçə bilən içə bilər məni…

Musiqi kimiyəm, hər notum cəlb edir. Gah ürəyə yol tapır, rahatlayır, gah da dəlilik etmək keçər könlündən. .. 

4/13/2017

Qısa hekayələrim…

1. Hərracdan sənin çəkdiyin son- avtoportret rəsmini aldı, səni öldürdükdən sonra…
2. Uşağım sənə oxşadı, ərimə deyil.
3. Paraşütüm açılmayanda, anladım ki, yaşamaq istəyirəm…
4. Qazdığı son məzar özünün idi…
5. Onu döymək istəyəndə, yadına saldı ki, nə əlləri var, nə də ayaqları…
6. Ayılanda özümü qəbirdə gördüm, ölməmişdim.
7. Pəncərədən baxıram. Bu gün də gəlmədilər. Hələ sabah var. Sabah hökmən gələcəklər dalımca…
 8. Binaların içində bir bina çox doğmadır. Bəlkə elə burada yaşayıram.
9. Cibimdə son pulum qalıb. Nəyə xərcləyim?Ölməyə. ya yaşamağa? Bəxtimi sınayacağam. Qartal çıxsa, uçacağam…
10. Onun son ümidi toruna idi… Toruna düşəcək qurbanı gözləyirdi…
11. İşsiz idim, bu gün isə evsiz qaldım…
12. Xoşagəlməz qonağın qaçırılma strategiyası: 1-ci gün WiFi şifrəni vermirsən, 2-ci gün yemək və çay vermirsən, 3-cü gün işıq, qaz, suyu başdan bağlayırsan, 4-cü gün zənginə cavab vermirsən, 5-ci gün qapını döyəndə, qapını açmırsan, 6-cı gün ölməyinlə bağlı xəbər şayiəni yayırsan, 7-ci gün intihar edirsən.
13.Qadın əlimə bir sənəd verdi. Onda anladım ki, onu itirmişəm. O sənəd ölüm şəhadətnaməsi idi…
Qadın məndən soruşanda ki, “Niyə ağlamırsan, axı o ölüb?!”, Cavab verdim: “Ağlasam, soruşacaqsan ki, niyə ağlayıram, axı haqq dünyasına qovuşub, cənnətə düşüb”
14.Bu onun son namazı idi. Sonra paltarını geyinib, bombasını paltarın üstündən taxıb, bir saatdan sonra çıxacaqdı şəhərə, “Kafirlər, Allah böyükdür” deyərək, partladacaqdı özünü. Axşam isə xəbərlərdə görəcəkdi onu qohumları, tanışları, dostları. Kimsə inanmayacaqdı. “O, elə insan deyil, terrorçu deyildi” deyəcəkdilər. Sağlığında kölgədə idi, heç kim onu tanımırdı. Öldükdən sonra, hamı ondan danışacaqdı…