2/22/2017

Vur… (tənqidi, satirik, kinayəli yazı)

Vurmaq olar…

Olduqca isə vurmaq lazımdır…

Lazımdırsa, vur…

Söz vur, arada sözlə də vur kimdən xoşun gəlmirsə…

Üz vur, sal arsızlığına… Borclu çıxart hamını… Nisyə dəftəri tutulsun hər bir məkanda… Ad və siman tanış gəlsin bu ölkədə, məşhurlaş üz vurmağınla…

Damara vur zəhəri… Onsuz da qanın qaralıb, zəhərlənib həyatın… Biri az, biri çox… Fərq etməz… Vurdun, vurmadın, keyfin yüksək, beynin dumanlı…

Bıçaqla, baltayla vur… Sonra de, hirsli idim, əsəblərim pozulub, əxlaqsız, pis insan idi…

Vur, öldür… Ən pis halda, səni vuracaqlar…

Göz vur virtual və real həyatda… Tutarsa, tutar, tutmazsa, başqasına vur…

Badələri vur, iç sağlığa… Vur bədənə spirti… Halal içki olsun…

Haramı vur beyinlərə…

İnsanları vur, vuraraq yer et özünə, sal gözdən başqalarını… Bir gün səni də vurarlar, ehtiyatlı ol…

Sillə vur, vur ki, gəlsin özünə, ayılsın…

Cavabla vur verilən suala… Qoy şok olsun, soxsun içinə…

Əlinlə, ayağınla vur, zərbə və qolları, qalib gəl…

Vur topu, ötür pası başqasına… Səndən ötüb keçdi, keçdi başqasına…

Doğrunu, haqqı vur… Kiməsə lazım deyil onsuz da onlar…

Sevgini vur nifrətinlə… Sevgisiz qalmışdır bir çox insanlar. Bekar qalmışlar. Bir hiss ver onlara hiss etmək üçün…

Silahla vur məkanları, insanları, azalt saylarını, qorxut onları…

Sağa vur, sola vur, qorun başqalarından… Cəsarətli, mübariz ol.

Qiyməti vur, qaldırmaqla…

Qaz vur, bir az qızınsın, bir az qazlansın…

Su vur təzyiq ilə, yuyub aparsın…

Ürəyi vur, vicdanı vur, ağlı vur, bir işə yaramır onsuz da…

Yalan danışdıqca, sənə inansınlar deyə, addımbaşına “sən öl” vur, bir yanağına da əlini vur “bax, bu ölsün, mən ölüm” de…

Rəqəmləri vur, dağılsın, şişsin, kənara vur, qoy getsin şəxsi hesab, cibinə, terminləri vur cümlələrin arasına…

Vur, amma vurulma…

Kiməsə vurulma, nə badə…
Отправить комментарий