2/21/2017

Uşaqlardan öyrənməliyik…

Bir çox şeyləri uşaqlara öyrətməyə bilərik, öyrətməsək də, uşaqlar görürlər, eşidirlər, müşahidə edib öyrənirlər. Uşaqdan uşağa və gendən genə də fərq vardır.

Qızımdan çox şeyi öyrənmişəm, öyrətmədiyim halda:
– Bir gün qızımla oturmuşdum evin yanındakı parkda skamyada. Qızımla danışırdım, rus dilində sual verirdim, azərbaycan dilində cavab verirdi, farsca deyirdim, rusca cavab verirdi, qızımın xarici dildəki düşüncə, təfəkkürünü yoxlayırdım, mexaniki, ya düşünərək danışdığını bilmək üçün. O zaman qızım uşaq bağçasına gedirdi, məndən də çox danışırdı… Yoxlamamın kuliminasiya nöqtəsində qızım mənə rus, fars və azərbaycanca eyni cümləni dedi: Mən səni sevirəm, ana.
Yanımızda əyləşmək üçün orta yaşlı kişi gəldi, əyləşdi, qızım ayağa qalxdı ki, əminin yeri dar olmasın, mənim qucağımda oturdu. Qucaqlayıb rusca dedi ki, “Ana, əmiyə yer verməkdə düz etmişəm?” Bu vaxt önümüzdən bir uşaq anasıyla gedirdi: Uşaq Azərbaycan himnini oxuyurdu.
Əmi, bizə tərs -tərs baxıb, o biri uşaq və anasına dedi ki, “Halal olsun, öz dilimizdə danışır, fəxr ediləsi övladdır, himni də bilir, bunlar isə çuşkalar öz dilini bəyənmir, rusca danışırlar”
Qızım da gözünə döndüyüm, qucağımdan düşüb əminin gözünün içinə baxıb dedi: Verdiyim yer haramın olsun, əmi…
Qızımın o vaxt 3.5 yaşı var idi.
Əmi, necə pərt oldusa, skamyadan durdu, bir daha o gündən sonra gözümüzə dəymədi.
– İşləyən qadın olduğumdan, qızımı uşaq bağçasına mən aparırdım. Səhər tezdən oyanıb onu yuxulu halda, yedirdib, geyindirirdim ki, evdən vaxtında çıxaq, gecikməsin.
Evdən düz bağçayadək qucağımda olurdu, yatırdı.
Avtobusda qucağımda uşaq olduğuna görə yer verirdilər. Oyaq olanda, həmin adamın qucağında otuzdururdum ki, bir də ayağa qalxmasın, çünki avtobus basabas olurdu, pik saatı olurdu. Qucağımda yatanda ehtiyatlı otururdum ki, oyanmasın, yuxusunu haram etməyim, yoxsa, küsəcək, şüvən qopardacaq.
Deməli, bir gün mənə yer verdilər, oturdum, uşaq da yatırdı qucağımda. Bizdən sonrakı dayanacaqda avtobusa bir orta yaşlı qadın mindi, kəsdirdi başımın üstünü, səsini qaldıraraq başladı ki: İndiki gənclər qudurub, böyük-kiçik qanmır, yer vermirlər, qanacaqsızdırlar.
Qızım səsə oyanıb, qəzəbli halda mənə, sonra nənəyə baxıb dedi ki, “Ana, dur, nənənin yerində oturmuşuq”
Qadının yanındakılar o qadını necə qınadılarsa, o biri dayanacaqda düşdü.
– İki gün bundan əvvəl, qızımın atası mənə ismarıc yazıb və şəkil göndərib ki, yeni ilə sənə nə hədiyyə edim, şoka düşdüm, 3 ildir ayrıldığın kişi bu 3 il ərzində il dəfədir ki, sənə yeni ildə hədiyyə almaq niyyətini deyir və seçim etməyini istəyir.
Axşam saat 22-00 keçmişdi, Tacikistanda 23-00dır.
Deyirəm ki, gecdir, yuxuluyam, yatmaq istəyirəm.
Deyir ki, evə indi gəlmişəm, qızımız deyir ki, anama da hədiyyə almalısan, özü seçməlidir hədiyyəsini.
Qızımın da 4 süd dişi düşüb, atası ona hədiyyə alıb ki, diş feyası hədiyyə edib)) Qızım saf deyil ha, inanmayıb, dirəşib ki, mənə hədiyyə almısan, anama da almalısan)))
Konkret olaraq qızım ya iqtisadçı olacaq, ya da diplomat-siyasətçi
Отправить комментарий