2/21/2017

Qeyd etmədiyim, qəbul etmədiklərim…

Qeyd etmirəm, ad günümü, bayram günlərini… Adi gün kimi keçib gedər ömrümdən… Fərqliliyi hiss etmək üçün fərqli qeyd etmək lazımdır. Etmirəm… Qeyd etməyə kimsəm yoxdur…

Qeyd etmirəm yas günlərini… Hər zaman içimdədir yasım, yasımı saxlayıram gizli olaraq, göstərmirəm, etmirəm reklam…

Qeyd etmirəm dövlətin bayramlarını… Hamısı sönük, sıxıcı, sıravi… Hamısı riyakar, yalan, hamısı göstərmə, yamaq… Olmayan nəyisə qeyd etmək absurddur mənim üçün…

Qeyd etmirəm ayrılıq günlərini, tanışlıq günlərini… Hər tanışlıq bir ayrılıqdır… Sıravidir deyə dəyməz onu qeyd etməyə…

Qələbə və uğurlarımı qeyd etmirəm, susuram… Sözdən, müzakirədən uzaq olmaq istəyirəm sadəcə olaraq mən… Bir də ki, göz və nəzər ola bilər… Hər ağın ardınca gəlir qara… Hər uğurun ardınca uğursuzluq, hər qələbədən sonra məğlubiyyət, hazır olmaq lazımdır…

Şəxsiyyətləri qəbul etmirəm, kimisə kumir etmirəm, ilahiləşdirmirəm… Hər kəs adi, sıravidir, kimisə seçmirəm sıravi insanların arasından…

Qəbul etmirəm toy və yas adətlərimizi… Yorur məni sıraviliyi, adiliyi, yenilikdən uzaq darıxdırıcılığı…

Sıraviliyi qəbul etmirəm…

Sevinc və kədəri qəbul etmirəm…

İnkar edirəm çox şeyi… Budur mənim seçimim…

Qəbul etmirəm indiki zamanı, yerləri, insanların çoxunu… Hadisələri…

Dəyməyin mənə, mən də dəyməyim sizə…

Bu qədər asan, bu qədər sadə…
Отправить комментарий