2/21/2017

Qara müraciət məktubum… (satirik, tənqidi yazı)

Qar…

Bağışla ki, sənə yazıram… Əlacım tək sənədir… Ümidvaram ki, məni anlayar və qınamazsan…

Nə olar… Xahiş edirəm səndən… Yağma…

Elə bil bu qış ayından çox yağdın… Yollarımız özünə yenicə gəlirdi… Buzlıar yenicə ərimişdi axı…

Bakıya yağma… Hara yağırsan yağ… Bakıya, iri şəhərlərimizə yağma…

Vallah yaraşmır…

Ağ və boz rəngin bizə yaraşmır…

Yağmağına sevinə bilmirik…

Bir dəfə də olsa, yerə enəndə göydən, özünə kənardan və bizim gözlərimizlə bax… O zaman anlayarsan bizi…

Niyə? Niyəsini yazım, bil, bəlkə vicdanın oyanar, rəhmin gələr, yağmazsan daha:

İlk yağanda, yerdə qalmayanda, sevinirik, sonrakı yerdə qalırsan, səni yığışdırmırlar, palçığa, suya, buza dönürsən, vay halımıza.
Piyada yolları, ev və market, ofislərin önündəki qarı yığıb yola atırlar, yoldan isə götürüb piyada yoluna. Bunu bir yerə yığıb əritmək mümkün deyil, hökmən mübahisə, bəhsəbəs, rəqabət olmalıdır.
İşıqlarımız zəifləyir, qaımız azalır, suyun təzyiqi düşür aşağı.
Evdən işə, işdən evə gedəndə, Yaradanın varlığına inanmağa başlayıb dua edirik ki, mərmərli, parketli piyada yolları, parklardan keçərkən, yıxılmayaq, travmatologiyaya düşməyək;
Avtobuslar qar yağmayan günlərdən fərqli olaraq, ya yox olur möcüzəvi şəkildə, ya gec gəlir, ya sayca çox az olur. Gec gələndə, soyuq dayanacaqda avtobus gözləməli olur, evə, işə gecikir, donur, xəstələnirsən. Gəlib çıxanda da, sürücülər addımbaşı adam görən kimi dayanır və adi günlərdə 10 dəqiqəyə gediləcək yolu ən yaxşı halda yarım saata gedir. Avtobus olmayanda avtobus dayanacağına taksi sürücüləri girişir və adi günlərdə 5 manata aparacaqları yolu 20 manata aparır. Avtobuslar yoldakı buz sayəsində sürüşüb aşmamaq üçün elə aşağı sürətlə gedir ki, sanki uşaq üçün yelləncəyə minib yellənirsən;
Hava soyuq, yollar buz bağladığından marketlər tez bağlanır. İstədiyin nəyisə ala bilmirsən.
Yeraltı keçidlərin eskalatorları işləmir, pilləkanları sürüşkən və buzlu olur. Bəzi pilləkan yerlərini qar elə örtür ki, orada pilləkanın olmasından əsər-əlamət olmur.
Pəncərə və qapılarımızın boş deşiklərindən soyuq hava girir, üşüdür.
Şəhər o qədər çırkin və çirkli olur ki, estetik və təbii gözəlliyinin vurğunu ola və şəhəri tərifləyə bilmirsən.
Metro ətrafındakı əksər yerlər çox sürüşkən və təhlükəli olur.
Hər dəfə sən yağandan sonra xəstələnənlərin sayı və xəstə-xəstə evə, işə, qonaq gedənlərin və başqalarını yoluxduranların sayı artır.
İşdən sonra gəzinti istəklərin və planların alt-üst olur.
İnsanlar vicdanını və insanlığını itirir.
Uşaq bağçası, orta və ali məktəblərdəki otaqlar soyuq olur.
Bic-bic baxan və ilişməyə səbəb axtaran uşaq və gənclər səni bizim üstümüzə atır, zorla qoruyub saxladığımız tarazılığımızı itirib yıxılırıq, onlar isə kömək etmək əvəzinə, baxıb gülürlər.
Yıxılmamaq, travma almamaq, sağ qalmaq üçün məcbur olacağıq ya sürünərək, ya da otura-otura hərəkət edək.
Yeməyimizi qazın olmaması sayəsində soyuq şəkildə yeyəcək, çayımızı soyuq şəkildə içəcəyik.
Yollar da bağlı olacaq, həftəsonu başımızı götürüb şəhərdən kənara çıxa bilməyəcəyik.
Ölümüz olsa, onun yasını yola vermək, basırmaq çətinləşəcək.
Bir saatlığa sevincimiz olursan. Sonra yenə şikayətlər başlayır. Nə şəhərimiz, nə insanlarımız sənin yağmağına hazırdır.
Отправить комментарий