2/21/2017

Qar yağanda…

Qar yağanda
Qar yağanda sevinmək istəyirəm…
Çünki sən doğulanda da qar yağırdı… Doğum evindən çıxanda da…
Qar yağanda, sevinmək istəyirəm… Çünki sənin doğulmağın ailə həyatımda olan ən sevincli an idi…
Qar yağanda sevinmək istəyirəm… Çünki sənin doğuluşun bizi az müddətə olsa da, birləşdirdi, bir neçə gün dava və mübahisəsiz yaşaya bildik deyə…
Qar yağanda sevinmək istəyirəm… Çünki sənin atan da qar yağan gün gəlmişdi Bakıya… Ananla qar yağan gün real olaraq tanış olmuşdur…
Qar yağanda sevinmək istəyirəm… Çünki atan da yanvar ayında doğulmuşdur, birlikdə qeyd etdiyimiz ilk bayram onun doğum günü idi…
Qar yağanda sevinmək istəyirəm… Amma yadıma əşyalarımı yığıb sənin 40 çıxmamış ölkədən getmək istəyim və səfirliyimizə ilk müraciət etməyim düşür… Atan bizi axtardı, tapdı, geri qaytardı… Üzr istədi, peşiman olduğunu söylədi… Heç nə dəyişmədi amma…
Qar yağanda sevinmək istəyirəm… Amma yadıma düşür ki, hər qar yağan andan işıqlarımız gün ərzində cəmi 4 saat verilirdi, ev soyuyurdu, sənlə pnevmoniyaya görə xəstəxanaya düşməyimiz düşür yadıma… Doğum gününü-1 yaşını məhz xəstəxanada qeyd etdik, ailədən uzaqda, sən və mən… Atan və Nənən gəldi, əmilərin gəldi, təbrik etdi…
Qar yağanda sevinmək istəyirəm… Amma yadıma düşür ki, baban məhz o gün rəhmətə getdi, görmədi çox sevdiyi və fəxr etdiyi nəvəsini…
Qar yağanda sevinmək istəyirəm… Amma yadıma düşür qışda soyuqda tək qalmağımı, səninlə tək qalmağım… Soyuqda, qarda sənə həm ana, həm ata olmağım… İşlədiyimə görə səni o havada uşaq bağçasına aparmağım, səni yuxulu və qalın geyim və ağır çəkili halda, qucağıma alıb buzda sürüşərək getməyim, bağçadakı tərbiyəçinə təhvil verməyim, Allaha yalvarmağım ki, sən qucağımda olanda, yıxılmayım, səni sağ-salamat evdən uşaq bağçasına, uşaq bağçasından evə gətirib çıxarda bilim, yıxılmadan, xəstələndirmədən…
Qar yağanda sevinmək istəyirəm… Amma yadıma düşür ki, iki dəfə sən qucağımda olarkən necə yıxıldım, sənə bir şey olmasa da, arxası üstə yıxılıb bərk zərbə alıb ağrısam da, sənin ikimizin yerinə qorxudan ağlamışdın…
Qar yağanda sevinmək istəyirəm… Amma işdə struktur dəyişiklikləri edildiyindən ixtisara düşməmiş yeni iş axtarmağım, sənin yanımda oturub, qucaqlamağın, niyə ağladığımı anlamamağın və sadəcə dəstək olmağın düşür yadıma…
Qar yağanda sevinmək istəyirəm… Həyətə düşəndə, ilk qarını qeyd edəndə, mənə atdığın ilk qar və uğurunun sevincini yadıma salıram… Xatirələr sevindirməz insanı…

 img_4020 20140719_153541
 20140718_201440
Qar yağanda sevinmək istəyirəm… Amma sonra anlayıram ki, sən yoxsan… Təkəm… Bayramları qeyd etməməyim, evdə otura bilməməyim məni ruhsuz etmişdir, ya da ruhumu daha möhkəm və müdrik etmişdir.
Qar yağanda sevinmək istəyirəm… Amma Bakıdakı reallığı nəzərə alanda, sevinə bilmirəm… Palçıq, buz, sürüşmələr, yıxılmaqlar, avtobusların qəhətə çıxması… Necə sevinim axı?!
Qar yağanda sevinmək istəyirəm… Amma yadıma düşür sənin doğum günün, məndən uzaq olmağın və artıq 3-cü doğum gününü mənsiz qeyd edəcəyini, ananın həsrətində olacağını dərk edəndə, sevinə bilmirəm…
Qar yağanda sevinmək istəyirəm… İndiyədək yadımdadır 2010-cu ildə mayın 1-də, 2014-cü ildə isə aprelin birində qar yağmışdı. Birincidə qızımın atası sevinmiş və təəccüb etmişdi, ikinci də qızım və mən…
Qar yağanda sevinmək istəyirəm… Hər qar yağanda, hər yeni il və doğum günündə internet üzərindən video etməyiniz düşür yadıma… Əlinlə məni göstərib, hamıya “Anamdır” deməyin, öncə sevinməyin, sonra kövrəlib ağlamağın məni sevindirə bilmir…
Qar yağanda sevinmək istəyirəm… Sevinə bilmirəm… Reallıq qoymur sevinməyə, övladım…
Qar yağanda sevinmək istəyirəm… Ağlayıram sevinmək yerinə…
Отправить комментарий