2/21/2017

Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif

Attila KəskinQılınc yazır:

İslamofobiya sözünün açıqlaması islam qorxusu, islamdan qorxmaqdır.

Bir sadə sualı düşünmək lazımdır. İnsanlar sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və sevgi dolu, barışcıl müsəlmanlardan niyə qorxurlar?

Niyə islamofob olublar? Gəlin xristianofobiyanı, yəni İslam qaydalarının icra olunduğu, islam adət ənənələrinin yaşanıldığı bir regionda xristianlıq yayıldığını təsəvvür edək…

Təsəvvür edək ki, xristianlar gəlib İslam adət ənənələrinin yaşanıldığı, hərkəsin azad, firavan yaşadığı bir regionda xristianlıq yaymaq istəyir. Məsələn, meydana böyük kilsə zəngi qoyur və zəngi yüksək səslə çalaraq insaları xristianlığa səsləyir, xristian dindarlar insalara pulsuz İncil paylayır.

Təsəvvür edin ki, xristianlar gəlib islam adət ənənələrinin yaşanıldığı, hərkəsin azad, firavan yaşadığı bir regionda əsrlər öncə çarmıxa çəkilmiş İsa və İsanın tərəfdaşları haqqında kütləvi halda ağılar, mərsiyələr deyib küçələrə toplaşır, sinə vurur, əzadarlıq edir… Üstəlik, bu yas tutan xristianlar müsəlmanların şadlıq, bayram etməsinə etiraz edir, hətta onların bu əzadarlığı icra etməməsinə də aqressiv yanaşırlar.

Təsəvvür edin, xristian bir dindar İslam adət-ənənələrinin yaşanıldığı, hərkəsin azad, firavan yaşadığı bir regionda yoldan keçənlərdən səhv tutur və xristian qaydaları öyrədir. – “Bacım belə geyinmə günahdır, Tanrıdan qorx. Sənin xaçın hanı, bacım?” “Xaç vurmuyan əxlaqsızdı, haqq dini xristianlıqdır, xristian olmayanlar səhv yoldadır” deyə qaydalar qoyurlar.

Sonra təsəvvür edin ki, xristian dindarlar tökülüb küçələrə əllərində plakatlar, yaşasın İsa, yaşasın xristianlıq deyərək bağırır, lənətlər oxuyur və rəhbərlikdən tələb edir ki, xristianlara xüsusi imtiyazlar verilsin.

Təsəvvür edin ki, xristian dindarlar xristianlıq yayılan regionda bir-birinə qarşı məzhəb düşmənlikləri edir. Xristian məzhəbləri arasındakı düşmənlik və savaşlar dayanmır. Bir məzhəb digər məzhəbin ibadətini, dini qaydaların, din alimlərinin dini izahlarını bəyənmir. Bir qığılcımla bir- birinin qanını içən eyni dinli məzhəbçilər regionu qan gölünə çevirib deyə xristian əhali Məkkəyə üz tutur və orda öz dinlərini yaymağa cəhd göstərir…

Anladın niyə islamofob olunur?

kdr_3854

Foto: Nurlan GM

Günel Fərhadqızı yazır:

Niyə məhz islamafobiya:

Təsəvvür edin ki, xristian dindarlar yolda onların fikir və baxışlarına, dini düşüncələrinə uyğun gəlməyəni, hətta həmin məsələdə günahsız olanı şərləyir, Şeytan adlandırıb, daşlayır, sanki Məkkədə Həcc ziyarətində şeytan daşlayır…

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı, hərkəsin azad, firavan yaşadığı bir regionda gözləri görən qadınları siğə etdirir, 4 arvad almaq hüququnu tələb edib, hamısını xristianlaşdırır, guya düz yola çəkir.

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə bütün digər din sahiblərini kafir adlıandırıb onları mənəvi təzyiqlərə məruz qoyur.

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə öz dinindən və digər dinlərdən xəbərsiz ola -ola bilmədiyini də digər insanlara yeritməyə çalışır, onlara öz dinini yeridir, digər dinləri tanımır.

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə donuz ətini, spirtli içkini və digər qadağaları qoyub, ancaq müqəddəs aylarda bu qadağaları pozmur, digər aylarda deyir ki, “xristianam, olar, özüm bilərəm”, “mənim kimi olma, əsl dindar ol”, “belə edən və yaşayanlar bizdən deyildir”.

Təsəvvür edin ki, xristian dindarlar gəlib, İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə rahib və rahibələr olan məkan yaradır, hər kəsi ucdantutma rahib və rahibə edirlər, qalanları Şeytana qəlbini satmış olur sanki…

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə xristian dini xadimi insanları düz yola çəkməkdənsə, onları cihada səsləyir, digər insanları sevmək əvəzinə, nifrəti yeridir, ailədə aqressiya və zorakılığın olmasını dəstəkləyir.

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə uşaqları doğulan kimi xaç suyuna çəkir, sünnət etmək əvəzinə, ya da başqa dinlərdə olduğu kimi qadınları da sünnət edir.

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə uşaqlara ilk dərslik, kitab kimi dini kitabı verir əlinə, “bunu oxusan bəsdir” deyir.

Təsəvvür edin ki, xristian dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə inkvizisiyanı bərpa edirlər, gözlərinə girən, seçilən və fəalları özlərinə düşmən bilib qilyatin altına qoyurlar onların başını, ya da asırlar, çarmıxa çəkirlər, ya da cadugər adı altında, şeytana xidmət edir bəhanəsiylə diri-diri yandırırlar…

Təsəvvür edin ki, iudaist dindarlar İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə gəlib öz qadağalarını da qoyur, deyir ki, “burda mənəm, Bağdadda kor xəlifə”, halbuki ölkə dini yox, dünyavi-demokratik bir yerdir, multimədəni və tolerant baxışlara malikdir.

Təsəvvür edin ki, iudaist dindarlar gəlib, İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə peyğəmbərlərinin hamısına sitayiş etməyi əmr edir, sitayiş etməyənləri sürgün edir, cəmiyyətdən ayırıb, gözdən salmağa çalışır.

Təsəvvür edin ki, buddist dindarlar gəlib, İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə öz bütlərini qoyur insanların önünə, deyir ki, sənin Allahın odur, digər din və Allahı olanları yandıracağıq.

Təsəvvür edin ki, buddist dindarlar gəlib, İslam adət-ənənələrinin yaşanıldığı bir ölkədə qadınlara deyir ki, niyə sənin sarin yoxdur, niyə hicabdasan, çıxart, sari geyin.

İslam belə deyil axı?

İndiki İslam dediyiniz İslam deyil axı?

İndiki müsəlmanlar əsl müsəlman deyil axı?

Dad yarımçıq əlindən!

Yarımçıq olandan, nadandan, savadsızdan, fobiyaları olanlardan niyə qorxmayaq axı?!
Отправить комментарий