2/22/2017

Nə dəyişəcək ki. ..

Nə dəyişəcək yeni ildə?

Heç nə. ..

İl növbəti ildir, illər kimi sıravi…

Ötən illərdə olduğu kimi olacaq həyatım…  Azacıq kənarlaşma ola bilər itki və qazanclarımın siyahısında…

Arzularım,  planlarım,  məqsədlərim eynidir ötən ildəki kimi…

Bu ildə də ixtisara salacağam həyatımdakı insanları.. .

​İnsanlara 50°-lik münasibət bəsləyəcəyəm, kiminsə önünə “-“, kimisinə “+” işarəsi qoymaqla…

Ötən ildəki kimi tənhalığımın həm şərəfinə,  həm acığına, içəcəyəm,  içib yatacağam fil qulağında, içib rəqs edəcəyəm dəlilər kimi, içib ağlayacağam ötən illərimi yada salarkən, içib sevinəcəyəm,  ötən illərdəki kədər və itkilərimin acığına. ..

Yola verəcəyəm insan və hadisələri həyat yolumda,  yola verəcəyəm zamanımı,  qoy hədər getsin ötən illərdə olduğu kimi… Qoy, zaman və məkan daxilində hadisələr yola versin məni…

İnsanlara inanmayıb sevməyəcəyəm… Neçə kişi salacaq tamahını mənə,  neçəsi yatağında arzulayacaq məni,  neçəsini iqnor edəcəyəm, neçəsini söyəcəyəm, neçəsini ictimai şəkildə biabır və ifşa edəcəyəm.

Tənha qadın kimi çox qadına təhlükə olacağam, nifrət edəcək çoxusu mənə, çoxusu da paxıllıq edəcək,  qeybətimi qıracaq növbə ilə… Qadınlar dost ola bilməyəcəklər, çünki rəqib və düşmənəm onlar üçün.

Çox adam gəlib keçəcək həyat yolumdan, kimisi bir az çox qalacaq,  kimisi bir gecəlik qonağa bənzəyəcək,  “salam-sağ ol”… Kimisini mən qovacağam,  kimisinin həyat yoluna çıxan kimi qaçacağam, tənhalığım qısqanacaq məni başqa insanlara, qoymayacaq kimsə olsun həyatımda. .. Azadlıq, azadlıq! Eqoistliyim və mən qalacaqdır yenə…

Yaddaşıma yeni anları yazmaq üçün siləcəyəm köhnələrin bir neçəsini. ..

Yeni tanışlarıma deyəcəyəm:”şadam tanış olmağıma,  keç sıraya,  tut növbəni… ”

Susacağam kiməsə aşiq,  vurğun olsam dostlarımın arasından…” Dostluğum alidir,  yüksəkdir, ali ol, yıxmayım səni uçuruma zərbə ilə” deyəcəyəm səbəb kimi.. . Yalan danışacağam ona,  növbə ilə düzəcəyəm yalanlarımı səmimilik adıyla. ..

Bu qədər sadə. ..

Ötən illərdə olduğu kimi yenə yazacağam, cəsarətlə,  inadla,  düşmən qazanaraq özümə. ..

Yazacağam həqiqətləri.. . Hər kəsin bilib susduqlarını mən gətirəcəyəm dilə, yenə məni daşlayacaqlar,  yenə söyüb təhqir edəcəklər…Yolda barmaqla göstərib pıçıldaşacaqlar,  almayacağam vecimə. ..
Dəyişməyəcək heç nə… Bir artığım olan kimi bir tərəfdən əskik çıxacaq, balansımı yenə bağlaya bilməyəcəyəm mənfəət ilə… Bu ili də zərərlə çıxacağam… 
Отправить комментарий