2/21/2017

Mənim həyatım…

Foto: Çinarə Ömray

Ön söz əvəzi:

Gözəl qadın bir də ağıllı, savadlı, azad, müasir, ambisiyalı, konkret və işgüzar oldusa, insanları müşahidə, təhlil edib, qənaətə gələr, qərar verər, ehmalca gülümsəyər, zarafat edər, susar, susqunluğunda gizlənər həqiqətlər… Dili və varlığı, baxışları, təbəssümü ölmüş dil kimi olar, hər kəs oxuya bilməz onu…

Həyatında birisi olsun, bağlanasan ona…
Onun isə işləri o qədər çox olsun ki,
Sən yadına düşməyəsən, unudulasan…
Nə danışa biləsən onunla, nə də dinləyəsən…
Soruşsun, danışsın səninlə başqa dostların…
O, olmalıykən ən yaxın dostun…

Həyatım çoxsaylı montajlara uğramış, kadrarxası görüntülərlə dolu film kimidir, mənim haqqımda film sənədli film olmalıdır, bədiiliyi sevmirəm. Səsim gəlsin kadr arxasından, ya da sadəcə nəfəsim…

Həyatım sistemi yenilənməli, bərpa edilməli, format edilməli,  format olan, yenilənən, bərpa edilən əməliyyat sistemi kimidir, nə qədər yeniləmək, bərpa etmək olar axı yaşamaq üçün hər dəfə zəruri proqramları yenidən yazmaqdan bəzən usanıram…

Həyatım təbiətin fəsilləri və havası kimidir, birdən birə dəyişər, hazır olmursan bu dəyişikliklərə… Ya soyuqluğu səni üşüdər, ya istisi yandırar, ya da yağıntıları problemlər yaradar…

Həyatımı fikirlərimlə o qədər dərinədək qazmışam ki, bəxtim də elə zaydır, xəyanətkardır ki, ehtiyat edirəm ki, birdən bəxtimə yerin nüvə qatı çıxar, təbii sərvət, ehtiyat yerinə…

Həyatım insanlarla dolu olsa da, tənhalığıma sarılıb mənim kimi… İnsanlar çox, amma özümü onlara yaxın bilmirəm, onları da özümə yaxın görmürəm…

Həyatımı uşaq kimi küsdürmüşəm özümdən… Sevgi adı altında gizlənən sevgisizlik, narahatçılıq və nigarançılıq siması altında gizlənən biganəlik və soyuqqanlılıq, həqiqət kimi təqdim edilən yalanlar, təbəssümün altında gözə dəyməyən göz yaşları, sevincin gizlətdiyi kədər var əslində…

Kənardakılar birini bilir, minini bilmir, qınayan qınayır, ittiham edən edir… Vecimə də deyil… Əvvəlki insan deyiləm artıq… Vecimə almıram… Özüm üçün özüm varam…

Həyatıma kimlər gəlir, kimlər gedir həyatımdan, hiss etmirəm, saymıram saylarını… Ciddiyə almıram qazanc və itkilərimi…

Həyatımı da ciddiyə almıram…

Xoşbəxt görsənirəm bəlkə də, içimdədir bədbəxtliyim… İnsanlar rol oynadığından və mənlə oynadığından, mən də rola girməliyəm, mən də oynamalıyam öz rolumu… Mən kiməm özüm bilirəm, mən özüm oluram təklikdə qalanda…

Həyatımı deyilən sözlər kimi qəbul edirəm, eşidirəm, boşluqdan keçir bir qulaqdan girib o birisindən çıxır… Həyatım da bax belə burdan gəlir, burdan gedir…

Peşimançılığı da hiss etmirəm… Yaşayıram sanki vaxtımı öldürmək üçün…

Bu qədər biganə və diri ölüyə nə vaxt çevrilmişəm bilmirəm…

Nə tənqid, nə tərif, nə sevgi, nə nifrət vecimədir mənim…

Yolda gedərkən belə özümü gözəgörünməz ruh kimi hiss edirəm, insanlar yanımdan ötür, dəyir, tələsir, itələyir, sıxır məni, mənsə susuram…

Son zamanlar çox susuram… Desəm, yazsam, nə və kimsə dəyişməyəcək onsuz da…

Həyatımdakı ən son və ən ağır itkim nə ola bilər, hələ də bilmirəm… Bir atam qalıb… Qalan hər kəs və hər şey ötəri, müvəqqətidir.

İnsanlar… Yaxınları da var, uzaqları da…

Bilirəm ki, insanlar kimi ola bilmirəm, qıymıram, qınamıram, rəva bilmirəm, uzaqlaşıram mənə yaxın olanlardan belə… Belə daha yaxşıdır…

Etiraflarım da var, susduqlarım, paylaşa bilmədiklərim yazılarımda, əlyazmalarımda, netbukumdakı vord formatındakı fayllarda gizlənmişdir…

Cəsarətliyəm çox insanlar üçün… Əslində isə qorxağam… Özümdən, həyatımdan yazmağa qorxuram, açılmağa, hamı üçün açıq olmağa qorxuram… QInamasın kimsə məni… İnsanlardan daha çox pislik görmüşəm, zərbə almışam… Etibar, inamım yoxdur çoxlarına…

Kişilərinin çoxusu eynidir, istəkləri kimi, məqsədləri kimi… Kimisi birbaşa deyir, cəsarətlidir, səmimidir, kimisi isə gizlədir, zamanla göstərir, açılır… Sənsə, kənardan baxırsan, bir az gülürsən içində, bir az ağlayırsan, gülürsən həm onun yerinə, həm öz yerinə, həm onun halına, həm öz halına…

Bəlkə də həyatımdan yazmayım, lazım deyil etiraf etmək, bir dostum varsa, min düşmənim var…

Çəkirəm həqiqətlə yalanı həyat çəkisində… Həqiqət ağır olur deyə batır, yalan yüngül olduğundan qalxır, çıxır üzə, zirvələrə…

Bədii filmlərdən çox sənədli filmləri sevirəm, rəngli şəkillərdən çox ağ-qara şəkilləri sevirəm. Çünki bədii filmlərdə bəzədilir, rollar oynanılır, dialoqlar olur, hadisələr, yaşantılar təhrif olunur, sənədli filmdə isə monoloqdur, faktlar əsasındadır. Rəngli şəkillər göz qamaşdırır, cəlb edir, sanki yalançı xoşbəxtliyi müxtəlif çalarların altında gizlədir, qara ağ isə təməl rənglərdir, retrodur, daha təbiidir, cəlb etmir, soyuqdur bir az…

Əvvəllər tədbir, tamaşa, sərgi və filmə gedəndə, öndə olardım, göz önündə… İndi orta sıralardayam, ortada itirəm göz önündən, nəzərlərdən gizlənirəm… Ortada olanda itib batıram, daha yaxşı müşahidə edirəm…

Kim bilir, bəlkə də…

Yenidən doğulsaydım əgər, indiki insan olmazdım, qadın olmazdım… Bəlkə də…
Отправить комментарий