2/21/2017

Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab)

Çox düşünməyə dəyməz. Hər kəsin içində var bu arzu- Məmur olmaq…
Səbəbləri çoxdur, hər kəs üçün fərqlidir… Hər məmura da aid deyildir, bu parametrlərə uyğöun gəlməyən məmurlarımız az da olsa, vardır.
– Dövlətin, vətəndaşın torpağını qanunsuz yolla əldə etmək, orada villa tikmək, 5 metrdən hündür hasar çəkmək, kameralar quraşdırmaq, villama, şəhərdə və rayonlarda yerləşən lüks evlərimə, mənzillərimə yaxtama, sayını itirdiyim və saymağa barmaqlarım yetməyəcək miqdarda olan biznes obyektlərimə, bağ evlərimə rayondan gətirdiyim tifil günündə qohum, qonşularımı, savadsız, nadan bildiklərimi işə götürüb, əmr etmək, alçaltmaq arzum var axı…
– Harasa gedəndə “qara zavodskoy plyonkalı” bahalı avtomobillərimdə sürətlə uçum, yol hərəkəti qaydalarını pozum, kimisə zebranın üstündə qırmızı işıqda vurum, məhkəmədən və məsuliyyətdən qaçmaq niyyətim də var. Yolları bağlayım gəlirəm deyə, məndən sonra yollar açılsa da, tıxac yaransın…
– Kiminsə biznesinə göz dikim, pul qazanmasına mane olum, boğazını qurudum, sıxışdırıb əlindən alım…
– Kiminsə halal ərinə, arvadına tamah salım, özümə n-ci sevgili edim…
– Ölkədaxili, azsaylı səfərlərimə çıxanda, birillik pulumu, payımı, hörmətimi yığım… Camaatı səfalət içinə salım…
– Xaricdə olum ayın 30 günündən 20 günündə… Bəhanəm də olsun ki, ölkə maraqlarını qoruyuram…
– Mənə işi düşənə “məni gör” deyim, işimə, hər evimə iri seyf alım…
– Daşınar və daşınmaz mülkiyyətim “bronirovannıy” olsun…
– Əlimdə sözü keçən ağsaqqal kişilər kimi təsbeh fırladım, “zakon tolkovat” edim biznes “razborkaların”da…
– İşimdə pul sayan aparatım olsun, pulumu yerimə saysın, saxta olub olmadığını anlayım…
– Çirkli pullarımı yuyum xaricdə, offşor zonalarda çıxardım pulumu, xarici banklarda saxlayım, bəhanəm də o olsun ki, xaricdə ölkəmizin inkişafı naminə biznes qururam…
– Mobil telefon kimi mütləq vertu və son model iphone alım, nömrələrimin sayını itirim, tez-tez dəyişim ki, məni axtaran tapa bilməsin…
– Hər gün qonaqlıq verəcəyəm, qonaqlıq tələb edəcəyəm, yeyib içəcəyəm, ovda olacağam, kabablayacağam ki, boynum və bədənim piy qatında itib batsın, yoğunlaşsın dərim…
– Bir neçə ölkənin, offşor sayılan zonalarında torpaq, ev almaq, bankda hesab açıb ölkələrinə sərmayə qoymaqla, oranın vətəndaşlığını almaq, susmaq niyyətim var… İkili vətəndaş olduğumu kimsə bilməsin deyə, bilənləri susduracağam…
-Oğlumu, qızımı xaricdə oxudacağam, xarici vətəndaşla ailə qurmasına sevinəcəyəm…
– Övladlarımın xaricdən dönməməkləri mənim dara düşəndə yanlarına yaşamağa köçməyim üçün zamin olacaqdır. “Xəstəlik” tapıb, “müalicə” adı altında xaricə qaçmaq var planımda…
– Odlu silah alacağam. Yolumu bağlayanları azdıracağam…
– Restorana, bara, kafeyə gedəndə dostlarımla, tək, oranı səhərdən axşamadək bağladacağam…
– İşdə qapını ikili seyf qapı edəcəyəm, içəridən bağlayacağam açarla, otağımda kreslomda oturub monitorda baxacağam, qəbuluma yazılıb gözləyənləri izləyəcəyəm, sayacağam saylarını…
– Günahlarımı yumaq üçün haram pulumla zəkat verəcəyəm, qurban alım kəsib paylayacağam, xeyriyyə işləri görüb, özümü sosial şəbəkə və mediada reklam edəcəyəm… Guya oruc tutacağam, namaz qılacağam, Həcc ziyarətinə gedib Hacı olacağam…
– Maaşımdan, maaş kartı və onun pin kodundan xəbərsiz olacağam…
– Çağrılan hər yerə, hər tədbirə getməyib dəyərimi qaldıracağam…
– İnsanlar üzümü ancaq mənə lazım olanda görə biləcəklər…
-Əxlaqsız ailə üzvlərimə, özümə müqəddəslik, ideal insan statusunu alacağam, 100 nəfərə pul verib “başıma and içmələrini”, mənə sitayiş etmələrini əmr edəcəyəm…
– Əlimin altında “İtlər” saxlayacağam, arada hürüb insanları qorxutsun, bəzən də dişləsin hürmədən…
– Bahalı olduğum üçün bahalı, brend geyim və aksessuarlarım olacaq, özümü VİP, qlamur sayacağam, başqalarını çuşka…
– Özümdən yuxarılara yaltaqlanacağam, özümdən aşağıları təhqir edib əzəcəyəm…
– Elmi iş yazıb, elmimizə “tövhə” verəcəyəm, dissertasiyamı savadlı, kasıb birisinə qəpik-quruşa yazdırıb, müdafiə edib, elmi ad, dərəcə alacağam…
– Cəmiyyəti saymayacağam, cəmiyyəti saymayanları, məni saymayanları da saymayacağam… Cəmiyyəti söyənləri, cəmiyyəti söyənləri söyən şəxsləri, məni söyənləri mən də söyəcəyəm…
– İstedad, biliyim olmasa da, bir yaradıcılıq növüylə məşğul olacağam…
– Dövlət qulluqçusu, məmur olsam da, hökmən öz adıma, ailə üzvlərimin adına açdığım biznes fəaliyyətim ilə məşğul olacağam…
– İnhisarçı biznesmen olacağam… Hər sahəyə burnumu soxacağam…
Отправить комментарий