2/21/2017

Kiçik möcüzə böyüyəndə…

“Böyüyəndə”…

Hər uşağın arzusudur böyümək, böyüklərin arzusudur, böyüyərkən uşaq olmaq…

Bu kiçik hekayəmi cinsindən, yaşından, milli mənsubiyyətindən, irqindən asılı olamayraq bütün uşaqlara həsr edirəm.

Həyat möcüzədir. Ələxsus da, yeni həyat. Kiçik və yeni həyat…

Anama məktub- I hissə:

“Ana, bilmirəm indi hardayam… Mələklər dedilər ki, qorxmayım… Onlar məni qoruyacaqlar. Onu da dedilər ki, sən göndərmisən onları mənim yanıma… Bilmirəm, hardayam… Soyuqdur bura, qaranlıqdır, sıxılıram. Bir də üfunət qoxular var… Acmışam həm də… Neyləyim?! Ağlayım ki, gələsən?! Yeni məkandır. Qorxuram. Üşüyürəm. Yemək istəyirəm. Altımı da batırmışam. Bir az da gözləyəcəyəm, gəlməsən, başlayacağam ağlamağa…

Ana, yadımdadır, əvvəl başqa məkanda idim, amma doğma idi o məkan mənə, arada ac qoyurdun məni, arada acı nəsə gəlirdi yeməyimə, arada kimsə vururdu məni, arada isə eşidirdim səsini, ağlamağını… Səndən öyrənmişəm ağlamağı…  Orada üşümürdüm, çox ac qalmırdım, batırmırdım altımı…

Sonra nəsə oldu, o dünydan məni ayırdılar, çox rahat idim, heç çıxmaq istəmirdim, ağlayırdım… Qan içindəydim, harasa apardı məni bir qadın. Yudu məni, geyindirdi. Sonra yuxuya getdim. Ayılanda gördüm ki, burdayam. Sənin üzünü görmədim, nəfəsini hiss etmədim, gəlmədim qucağına, əmmədim ana südümü…

Ana, əvvəlki məkanımda olanda, sənlə o qədər yaxın idim. Söhbət edirdin mənimlə. Hiss edirdim əhvalını. Ağlayanda susaraq dinləyirdim səni. Güləndə sevinərək tərpənirdim. Bilirsən, ana, bəzən elə gəlirdi ki, sən də istəmirsən bu dünyamdan çıxmağımı. Bilmirəm o acı dadlar haradan gəlirdi, nə yeyib-içirdin. Amma pis olurdum. Ana, bir daha eləmə… Təkcə, özünü düşünmə, Ana.

Bəzən çox yanıqlı, acı dad gəlirdi su ilə. İnsanlar ona spirt deyir, bəzən pis qoxu gəlirdi ciyərlərimə, bəlkə siqaret idi çəkdiyin. Hər şey edirdin ki, mən səni tərk edərək çıxmayım bu dünyadan… Gəlməyim dünyaya, ayrılmayım…

Ana, çox darıxıram sənin üçün, əvvəlki həyatım, dünyam üçün…

Qayıt gəl… Qaytar mənə özünü, qaytar mənə o dünyamı geriyə…

Gəlmirsən… Acmışam. Dözə bilmirəm… Ağlayacağam. Ağlamaq istəyirəm. Bacarmıram. Həm soyuqdan donuram, həm də aclıqdan halsızam. Gücüm çatmır ağlamağa.

Ana, üstümə hər dəfə nəsə tökürlər. Hamısı da çirkli, iyli, qorxuram əzərlər məni.

Toparlanım gərək. Ağlayıram. Dayanmadan. Xilas yolumdur ağlamaq.

Aha, kimsə səsimi eşitdi, aldı əlimə…

Bir məkandayam. Başqa məkanda. Yoxladılar məni, dəyişdilər paltarımı, altımı, yedirtdilər. Yuxum gəlir. Yatmaq istəyirəm. Amma inanıram ki, oyananda harada olsan da, məni gəlib tapacaqsan. Çünki sən mənim anamsan. Ana balasını hökmən axtarıb tapar minlərlə uşağın içindən. Ana, söz verirəm, sən gələnədək, sakit və sözabaxan olacağam, kimisə incitməyəcəyəm. Yuxumda da səni görəcəyəm, söz verirəm, Ana”

Həmin gün xəbərlərdə bir yazı getdi:

Zorlanaraq qızlığını itirən qadının bir övladı oldu. Bir qız övladı. Ana doğuş zamanı rəhmətə getdi. Ananın qohumları isə bic uşağa baxmamaq üçün onu zibilliyə atdı

Anama məktub – II  hissə:

“Ana, böyümüşəm, özüm yeriyə bilirəm. Başqa uşaqlar var burada. Dostluq etmək istəyirlər mənimlə. Amma mən yaxına buraxmıram. Çünki inanmıram kiməsə. Sən gəlmədin axı. Nə qədər yatıb, oyandımsa, gəlmədin, nə yuxuma, nə yanıma.

Ana, deyəndə ki, məni zibillikdən tapıblar, səsimə görə gəliblər, axtarıblar məni zibillikdə. Çox incidim. Səndən, mələklərimdən, insanlardan, həyatdan.

Səndən məni ora atdığına görə. Mələklərdən mənə yalan dediklərinə görə. İnsanlardan məni səndən ayırdıqlarına görə. Həyatdan isə doğulduğuma görə bərk incimişəm.

Bu gün əslində fərqli gündür, bütün uşaqlar üçün bir bayram günləri, bir doğum günləri, bir də ki, övladlığa götürüldüyü günlər.

Bayramlarda xeyriyyəçi insanların yadıma düşürük. Bayramdan bayrama nəsə alıb gətirirlər. Uşaqlar sevinirlər, mənsə bir insanlara baxıram, bir də sevinən uşaqlara. Sevinə bilmirəm.

Tərbiyəçimiz və müəllimlərimiz deyir ki, yaxşı insan olmalıyıq, uşaqları, qocaları, insanların hamısını, təbiəti, bitkiləri, heyvanları sevməliyik. Mənsə, insanlardan çox təbiəti, bitki və heyvanları sevirəm, onları özümə doğma bilirəm. İnsanlardan qorxuram. İnsanlardan ehtiyat edirəm.

Qapalıyam, ünsiyyəti sevmirəm. Müəllim və tərbiyəçilərimiz  mənə görə narahatdır. Bir xala gəlir, gündə bir dəfə mənimlə məşğul olmağa, psixoloqdur deyəsən, həkimdir. Bircə, onu yaxın bilirəm. Nəsə digər insanlardan fərqlidir. Təkcə onunla danışa bilirəm. O soruşur, mən cavab verirəm, dinləyir, danlamır, anlayır məni. Onda sevgi görürəm. Deyəsən, sevirəm onu. O sanki anamdır. İstəyirəm anam olsun o mənim.

Sonra öyrəndim ki, həkim xalamız evlidir, amma uzun illərdir ki, övladı olmur. Mənə isə çox bağlanıb. O həkim sosial müdafiədən gəldiyinə görə sənədləri hazırlamışdı, məni övladlığa götürmək istəyirdi.

Ana, bilirsən, doğulduğum andan necə ki, kövrək olmuşam, ağlamışam, elə də qalmışam, heç nə dəyişməyib. Uşaqlar gecələr yatır, mənsə səssizcə, ağlayıram. Nə biləsən axı?!

Ac olanda da ağladım, xəstələnəndə də, digər uşaqlar məni döyəndə də… Bilirsən, Ana, ən çox nəyə görə mübahisə edirdik o biri uşaqlarla? Nə biləsən axı?! Onlar cizgi filminə baxmaq istəyirdilər, mənsə maraqlı, məlumat verici maarifləndirici verilişlərə. Mən kitab oxuyardım, onlar isə oynayırdılar. Onlardan çox bilirdim, müəllim və tərbiyəçilərim məni çox zaman tərifləyirdilər deyə, onların məndən xoşu gəlmirdi.

Bilmirəm, bilirsən, ya yox. Adımı mələk qoydular. Amma heç sevmədim bu adımı. Dəyişəcəyəm hökmən.

Dediyim kimi, bu gün fərqli gündür, bu gün məni övladlığa götürürlər. Bu gün mən yeni anamla evə gedəcəyəm. Öz anam və öz evim olacaq. İlk dəfədir ki, həyatımda belə sevinirəm. İlk dəfədir ki, uşaqlığımı yaşayıram. İlk dəfədir anlayıram uşaq olmaq nə deməkdir. İlk dəfədir ki, üzümdə təbəssüm var. İçimdə isə həyəcan. Yenə məkanımı dəyişirəm axı. Öncə sənin bətnində idim, sonra zibillikdə, sonra xəstəxanada, sonra da uşaq evinə yolladılar. İndi də yeni ailə və evə gedirəm.

Ana, bilirsənmi ki, əslində hər bir uşaq bir ailədə yaşamalıdır. Onun anası və atası olmalıdır?! Bəlkə də bilirdin, amma məni bundan məhrum etdin.

Ana kimi nə mənim arzularımdan, nə mənim seçimlərimdən xəbərin oldu. Maraqlı olmasa da, yazacağam sənə. Arzum anam kimi psixoloq olmaqdır, mənim kimi uşaqlarla işləməkdir, bir də səyahət etməkdir. Seçimim sənədli filmlərə, verilişlərə baxmaqdır, kitab oxumaqdır.

Anama məktub – III  hissə:

Ana, nəhayət ki, evdəyəm, geniş evdir, atam evdə yoxdur, işiylə bağlı olaraq ezamiyyətdədir. Anam deyir ki, atam gələn kimi gəlişimi bayram kimi qeyd edəcəyik və həftəsonu mənim istədiyim yerə gəzməyə və istirahət etməyə gedəcəyik. Çox xoşbəxtəm. Hərdən fikirləşirəm ki, bu hiss xoşbəxtlik hissidirmi?

Atam qayıtdı, mənə çoxlu hədiyyə almışdı. Bilmirdi ki, mən oyuncaqları deyil, kitabları sevirəm. Atamı üzməmək üçün susdum. Sonra anam atama dedi ki, kitab mütaliə etməyi sevirəm.

O gündən atam otağımda mənə divardan şkaf yığdırdı. Bu şkafa nə yığılacağını bilməsəm də, sevinirdim.  Atam həftədə üç-dörd kitab alırdı, mənə alınan hər kitabı anam da, atam da, mən də oxuyurduq, oxuduqdan sonra isə müzakirə edirdik.

Zaman keçdikcə, məlum oldu ki, yaradıcılıq qabiliyyətim var, yaxşı rəsm çəkirəm və kiçik hekayələr yazıram. Mənə 100 vərəqli dəftər və qələm aldılar hekayələrimi yazmaq üçün. Amma söz verdilər ki, bir az da böyüyüm, mənə noutbuk alacaqlar, bütün əlyazmalarımı özüm yaza biləcəyəm noutbukda.

Anam adıma internetdə bloq açdı. Bloq ailəvi bloq idi, atam diplomatiyadan, anam psixologiyadan yazılar yazardı, mənsə öz hekayələrimi anamın köməkliyi ilə yerləşdirərdim bloqa.

Onlar mənimlə fəxr edərdilər. Onların yerində sən ola bilərdin. Amma deyilsən. Bəlkə də olmasan yaxşıdır. Bəlkə də, olsaydın, bu səadəti yaşamayacaqdım, həyatım tam başqa cür olacaqdır.

Beləcə divar şkafım mənim fərdi uşaq kitabxanama çevrildi,m sevdiyim kitablar oldu, onları dəfələrlə oxuyurdum. Hər dəfə oxuyanda yeni nəsə kəşf edirdim. Həm də özüm yazırdım deyə, mütaliə etmək söz ehtiyatımı zənginləşdirirdi.

Orta məktəbin 5-ci sinfində idim, ad günüm yaxınlaşırdı.  Həftəsonuna düşmüşdü ad günüm. Həmişəki kimi atamın aldığı yeni kitabları çantama qoyub, maşına əyləşdim. Arxada oturmuşdum. Anam təhlükəsizlik kəmərimi taxdı. Sonra özü öndə əyləşdi. Yola düşdük. Hava yaxşı olsa da, getdiyimiz yer uzaqda yerləşirdi.

Mənə dağı göstərmək istəyirdilər. Havamı dəyişməyim üçün. Həm də uzun müddət idi ki, ana və atamın işinə görə istirahət edə bilmirdik və həftəsonları harasa getmirdik.

Aşırımı keçirdik. Dağı görüb sevinirdim. Atam sevdiyim mahnını qoşdu. Birlikdə oxuyurduq. Maşınımız aşırımdan aşdı, çevrildi, maşın yanırdı. Yoldan keçən maşınlar saxlamırdı. Nəhayət, bir maşın saxladı, bir mən xilas olmuşdum və ağır halda xəstəxanaya çatdırılmışdım.

Xəstəxanadan çıxanda məni yenə uşaq evinə yolladılar. Anamla atam yerindəcə keçinmişdilər. Yaxın qohumları olmadı ki, məni övladlığa götürsünlər. Nəsildə yeganə imkanlı, varlı, yaxşı işi və pulu olan ailə bizim ailəmiz idi. Bizim ailəmiz bütün qohum-əqrəbaya əl tuturdu. Mənə mən ailəmsiz qalanda,  kimsə əl tutmadı.

Bu xoşbəxtliyim də uzun sürmədi. Çox xoşbəxt idim. Yeni ailəmə çox bağlanmışdım, anamı və atamı çox sevirdim. Onlar da məni çox sevirdi.

Ana, özümü bəxtsiz hesab edirdim. Elə bil zibillikdə məni götürəndə, bəxtimi götürməyi unudublar. Zibillikdə qalmış bəxtimi zibilliyə qayıdıb, yenidən axtarım?!

Bəlkə də bəxtimi elə sənin bətnindən çıxanda, bətnin içində qoyub getdim? O bətnə geri qayıda bilməyəcəyimi bilirəm, Ana!

Ana yenə də, uşaq evindəyəm, eyni məkana qayıtdım. Amma günahım nə idi, bilmirəm. Bir uşaq üçün çox şey yaşamışdım. Heç qayıtmaq istəmirdim uşaq evinə… Ailəsiz bir uşağın zamanla bir ailəsi olandan sonra uşağın yenidən ailəsi olmayanda, ailəsiz qalanda uşaq, necə halda olardısa, elə idim. Psixoloqumu da itirmişdim, dostumu da, anamı da.

Ana, qapanmışdım özümə. Çox qapanmışdım, danışmırdım. Ancaq dəftərimdə qeydlər edirdim. Digər uşaqlara nə yazdığımı maraqlı idi. Mənsə, istəmirdim hekayələrimi, sənə yazdığım özəl məktubları kimsə oxusun. Çalışırdım yazanda, kimsə olmasın yanımda. Çünki qıcıqlandırırdılar məni. Hərdən hamısını sadəcə döymək istəyirdim.

Bu gün uşaq evinə yenicə gəlmiş 3 saylı Möcüzəyə bir ailə sahib çıxmaq istədi. Ona yazığım gəlirdi. Bağlandığım və sevdiyim tək uşaq idi uşaq evində. O, mənimlə eyni həyatı yaşamışdı, bəlkə də həyatımı təkrarlamışdı. Onun getməyini istəmirdim.

Onun övladlığa götürənlər gələndə Möcüzəni bərk-bərk qucaqlamışdım. Vermək istəmirdim onlara. Möcüzə də məndən ayrılmaq istəmirdi. Axırda, onlar söz verdilər ki, tezliklə məni də övladlığa götürəcəklər.

Bir müddət keçəndən sonra onlar Möcüzəylə uşaq evinə gəldilər. Uşaq evinin direktoru dedi ki, Mələk sən daha Möcüzədən ayrılmayacaqsan.

Əvvəl elə bildim, onu uşaq evinə geri qaytarıblar. Sonra anladım ki, mənim dalımca gəliblər. Sözlərinin üstündə durub məni də övladlığa götürüblər. Çox xoşbəxt idim. Yenidəın bir ailəm olacaqdır.

Ana, bəlkə sənə maraqlı gələcək, niyə mənə Mələk, ona Möcuzə adını qoymuşdular. Sən məni zibilliyə atsan da, üstümdə zibillər tökülsə də, çox gözəl körpə imişəm, məni mələyə bənzədiblərmiş. Eləcə də, adımı Mələk qoydular. Möcüzə isə xəstə uşaq idi, qış fəslində atıldığından, uzun müddət soyuq qış havasında sağ qaldığından Möcüzə adını qoymuşdular. Bu uzun gecə ona ağciyər pnevmoniyası xəstəliyini hədiyyə etmişdi.

Adətən, valideynlər xəstə və ya fiziki məhdudiyyəti olan uşağı sevməz, ondan imtina edər. Əvvəllər elə bilirdim, bəlkə məni də hansısa xəstəlik və ya qüsura görə atmısan, müalicə etməyə pulun olmayıb deyə. Sonra isə sağlam olduğumu və özümə yalanlarımla və təxəyyülümlə təsəlli verdiyimi anladım.

Anama məktub – IV  hissə:

İkinci ailədəyəm, yeni evdəyəm. Əvvəlki kimi geniş olmasa da ev, bir ailənin və evin olması yaxşıdır. Ən əsası isə Möcüzəylə birlikdəyəm. Şükürlü olmağı həyatdan öyrənmişdim.

Bildiklərimi ona öyrədirdim. Oxuduqlarımı ona danışırdım. Dərsdən sonra evdə olanda qardaşıma ayırırdım vaxtımı, dərsimi oxuyurdum və bitirən kimi qardaşımla məşğul olurdum. Çox xoşbəxt idik.

Öncə hər şey əla idi, sonra iqtisadi böhran başladı. Öncə anam işsiz qaldı, sonra atam. Dolanışığımıza çətinləşirdi. Sosial müdafiənin işçiləri ardıcıl olaraq vəziyyətimizlə maraqlanırdılar.

Anamın və atamın işsiz qalması amili mənfi imiş. Uşaqların övladlıqda olması şərtlərinə uyğun deyilmiş. Onlara şəraitin yaxşılaşdırılması və tezliklə iş tapılması üçün bir neçə aylıq vaxt verilmişdi.

Atam içməyə başladı. Bizə ana nənəm baxırdı. Anam iş tapsa da, maaşı az idi, evə işdən yorğun gəlirdi.

Atam isə içməyə, anamı və bizi döyməyə davam edirdi. Yoxlamaların birində bədənimizdəki göyərtilər, evdəki spirtli içki butulkaları və boşaldılmış araq butulkalarını gördülər. Anam atamdan boşanmaq üçün ərizə yazdı. Boşandılar. Biz anamla nənəmgildə yaşayırdıq. Nənəm ahıl qadın idi. Həm də xəstə idi. Xəstəlikdən rəhmətə getdi. Anam işləyirdi. Bizə baxacaq adam qalmamışdı. Həm də anam atamdan ayrılmışdı. Atam isə həbs edilmişdi.

Biz başsız qalmışdıq. Bizi yenə də uşaq evinə qaytardılar.

Bəxtimiz heç yox idi.

Bumeranq-Son:

Ana, Möcüzəylə məni daha kimsə övladlığa götürmədi. Mənim uşaq evindən ayrılmaq yaşım çatmışdı. Möcuzəyə söz vermişdim ki, hökmən onu tapacağam, işə düzəlib ailə quracağam və onu öz yanıma gətirəcəyəm. Möcüzə də mənim kimi idi, qapalı, susqun, sınmış, kövrək, tezinciyən. Onun tək ümid yeri idim. Onu məyus edə bilməzdim.

Uşaq evindən çıxarkən şəxsi işimi istədim. Çünki anamı və ailəsini tapmaq istəyirdim. Sadəcə gözlərinin içinə baxıb, onlardan bəxtimi geri istəyəcəkdim.

Nəhayət ki, əlimdədir. Anamın ünvanı, adı və soyadı. Həm sevinirdim, həm də qəzəblənirdim. Neçə il idi ki, bu günü gözləyirdim. İndi isə həyəcanlıyam.

Həmin qapının önündəyəm. Atıldığım zibillik də bu evə yaxın imiş. Qapını döydüm. Bir yaşlı qadın açdı. Sonra bildim ki, ana, qapını açan sənin anan imiş. O nənə ki, bəxtimi oğurlamışdı məndən. O nənə ki, səndən məni ayırmışdı.

Özümü təqdim etdikdən sonra içəri girdim. Qadının baxışlarında biganəlik görürdüm. Gerçəyi söylədi, erkən yaşda sənin əmin tərəfindən zorlandığını, mənə hamilə qaldığını, doğuş zamanı çox qan itirdiyindən vaxtsız vəfat etdiyini.

Ana, indi anlayıram səni. Niyə neçə il məni axtarmadığını. Sağ olsaydın, hökmən gəlib tapardın məni.

Qadın məhlədəki söz söhbət və qohum əqrəbanın müzakirəsindən uzaq olmaq və məni saxlamamaq üçün, yoxsul olduqları üçün zibilliyə atdığını söylədi. İnanırdı ki, kimsə məni tapacaq və mənə sahib çıxacaqdır.

O qadını, doğma nənəmi bağışlayıb bağışlamayacağımı bilmirəm. Bircə söz dedim evdən çıxanda: Mənə anamdan yadigar qalmış, anamla birlikdə itirdiyim bəxtimi və həyatımı qaytar, qaytara bilsən.

Budur. Ana, ailə qurmuşam, söz verdiyim kimi təhsil alıb psixoloq oldum, qardaşım Möcüzəni də ailəmizə üzv etdik.

İndi isə ailəmlə birlikdə sənin qəbrinin üstündəyik. Səni tapdığım kimi Möcüzənin də anasını tapacağam. Söz vermişəm.”
Отправить комментарий