2/21/2017

İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum)

Desəm ki, təsadüflərə inanıram, əsla! Təsadüflər zəruriyyətdən doğur.

Desəm ki, hər yeni insanla tanışlığım təsadüfi olub, yenə yalan demiş olaram.

Desəm ki, hər tanışlığı adi qarşılamışam, sevincək olmuşam, yenə goplamış olaram.

Mənim üçün hər tanışlığın bir səbəbi, zəruriyyəti, nəticəsi olur, hər tanışlıqdan bir itkim də ola bilər, bir qazancım da… İtkim vaxt itkisi ola bilər. Qazancım isə dəyərli insanları tanımaq və dost əldə etməkdir. Bəlkə də o dostluq sonra böyüyüb başqa bir münasibətə çevrilə bilər. Bəlkə də, tələsmirəm, hadisələri tələsdirmirəm.

Mən gözübağlı, savadsız, nadan biri deyiləm, sadəlövh də deyiləm. Ona görə ilk görüş və tanışlıq mərhələsindən başlayaraq tanış olduğum insanı müşahidə etməyi, sınamağı, öyrənməyi, təhlil etməyi, qiymətləndirməyi sevirəm…

Əslində, heç nəyi çətinləşdirmirəm, problem də yaratmıram. Problem gözübağlı, sadəlövhcəsinə, ağılsızcasına başlanan tanışlıqdan yarana bilər.

Indi isә tam sәmimi olacağam. Kimәsә dәyәr verirsinizsә, kimisә sevirsinizsә, vaxtında deyin. Qürur, utancaqlıq, ehtiyat, qorxu olmamalıdır. Әsas özünә güvәnin vә cәsarәtli olun!

Sualım var Sizә:

Bilirsiniz, sevgi nәdir?!

Bilmirsiniz! Әsl sevgini yaşayan, yaşadan, sevib sevdirәn insan bilir, sevgi nәdir?

Tәnhalığı uzun müddәt yaşayan insan desә ki, sevmir, sevmәk istәmir, xoşbәxtdir, inanmayın. Hәr kәs sevmәk, sevilmәk istәyir, istisnasız, qeyd – şәrtsiz.

Sevgini alilәşdirәndә, sevdiyimiz insanı ideal, mükәmmәl, qüsursuz görәndә, ilahilәşdirәndә, aldatmış, aldadılmış oluruq. Sevgi qurban olduğum deyil, qurban olmursan, qurbanı olursan sevginin bәzәn…

Hәr kәs istәyir, kimsә çıxsın hәyatına, sevsin, xoşbәxt olsun, qәrarlarını tәlәsik verir, yanılır son nәticәdә. Sevgi tәlәskәnliyi sevmәz! Әsla! Nә tez gәlәr, nә tez gedәr, nә tez başlayar, nә tez bitәr, zaman alar hәr bir sevgi…

Yazım, bilin, sevgi nәdir?!

Sevgi peşәkar risk meneceri olub, risklәrini görüb, o risklәri azaltmamaqdır. Risklәrlә yaşayıb bilik vә tәcrübә yığmaq, öyrәnmәk, öyrәtmәkdir.

Sevgi peşәkar sәrmayә meneceri olub, qısa deyil, uzun müddәtә sәrmayә qoymaqdır, sәrmayәni insana, hisslәrә qoymaqdır, nәticәni gözlәmәyi bacarmaqdır, qazanca hazır olduğun kimi itkiyә dә hazır olmaqdır.

Sevgi peşәkar oyunçu, siyasәtçi, diplomat olsan da, qәlәbәlәrinә önəm vermәmәkdir, bәzәn bilәrәkdәn uduzmaqdır, onun qәlәbәsinә sevinmәkdir.

Sevgi peşәkar sığortaçı kimi özünü yox, başqasını-sevdiyin insanı sığortalamağı bacarmaqdır.

Sevgi qatı dindarın namazın vaxtını qәzaya salması kimidir, sevmәlisәn, sevirsәn, qәzaya salsan da, vaxtında dua, ibadәt etsәn dә sevginә. Çalışırsan ki, qәzaya salmayasan ki, xoş getsin, belә mәqbuldur. Sevginin qanunudur, tәlәbidir.

Sevgi yoxsul ailәnin son çörәyi 4 yerә bölüb, iki hissәni onunla paylaşıb indi, ikisini sonra paylaşaraq yemәkdir.

Sevgi evdә işıq, qaz, suya borcun olduğundan qazsız, susuz, işıqsız qalmaq kimidir. Ödәnişi vaxtında etmәlisәn ki, borc yığılmasın.

Sevgi üzmәyi bacarmadığın halda, onunla axına zidd üzmәyә çalışmaq, dalğaların önünә atılmaq, onu zәrbәlәrdәn qorumaqdır.

Sevgi, uçmağı bacarmadığını halda, özünü hündür yerdәn atmaqdır, qorxularını dәf etmәkdir, әlil qalsan belә, onunla atılmaqdır zirvәdәn uçuruma…

Sevgi nәyisә ilk dәfә başlamaqdır. Hәr yeni başlanğıcda yeni nәsә cәlb edir.

Sevgi uşaq kimidir, özünü sevdirir, arzuladır,darıxdırır insanlara, әziz olur.

Sevgi ağac kimidir. Bәzәn meyvәsi olar, bәzәn kal, az olar meyvәsi, bәzәnsә olmaz. Sadәcә görkәminә aşiq olarsan, varlığına bağlanarsan. Bəzən meyvəsi çox və dadlı olar, yedikcə yeyərsən, doymazsan dadından…

Sevgi kimisә günahkar bilmәmәkdir, sәhvlәrini etiraf etmәkdir.

Sevgi onu duymaqdır, sәmimi olmaqdır, bәzәn danışmaq, dinlәmәk, susmaqdır, sükutu, sözlәri paylaşmaqdır, paylaşmağı bacarmaqdır.

Sevgi sevdiyinә verdiyin sözlәri tutmaqdır, әmәldә göstәrmәkdir, sübut etmәkdir.

Sevgi vaxtı itirmәyinә görә heyfislәnmәmәk, peşiman olmamaqdır.

Sevgi insanı dәyişmәmәk, olduğu kimi qәbul etmәkdir, barışmağı, bağışlamağı bacarmaq, kin saxlamamaqdır.

Sevgi fürsәtlәri dәyәrlәndirmәkdur, tәlәsmәdәn, gecikmәdәn.

Sevgi gerçәkliyi dәrk etmәk, gәrәkdiyindә onun kimi kor, kar, lal olmaqdır.

Sevgi peşәkar tәlimçi olub, tәlimә gәlәn yeni dinlәyicilәrә uyğunlaşmaq, bilmәdiklәrini öyrәtmәk, bilmәdiklәrini öyrәnmәkdir.

Sevgi hәkim olub, xәstәlәndiyini, zәhәrlәndiyini bilib, müalicә olunmamaqdır. Sevgidә bәzәn zәhәr dә ola bilәr. Hazır olmalısan. Zәhәr sevgiylә verilirsә, sevgi dә çıxaracaq o zәhәri bәdәnindәn, ruhunu zәhәrlәmәdәn…

Sevgi bilet alıb çatmadığını, çata bilmәdiyin nәqliyyat vasitәsidir. Ya çox gecikirsәn, ya reys dәyişir, tәxirә salınır, sonra bilirsәn ki, qәza olub, sәninsә bәxtin gәtirib, şükür edirsәn ki, sağsan hәlә…

Sevgi şәrab kimidir, içirsәn, içdikcә, dәyişir әhvalın, tәsiri fәrqli olur hәr bir insana. Kimisi itirir ağlını, kimisi şәn olur, kimisinә tәsir etmәz, qalar ayıq.

Sevgi kitab kimidir, oxumalısan sonadәk, bitdiyindә davamını onunla birlikdə yazmalısan üzülmәdәn.

Sevgi tәbiәtin havasını olduğu kimi qәbul etmәkdir, anlamaqdır, soyuğu soyuq, istini isti, keçidi keçid kimi qәbul edәrәk, dözmәkdir, ona uyğun geyinmәkdir, paltar seçmәkdir ruhuna.

Sevgi ağılda başlayar, bunu anlamaqdır, sonra qәlbә ötürmәkdir.

Sevgi rәqәmlәr kimidir, ya azalar mәnfi sonsuzluğa doğru, ya da artar müsbәt sonsuzluğa doğru…

Sevgi borclu çıxartmamaqdır, öhdәlik yüklәmәmәkdir, aldıqca vermәkdir, qarşılıqlı olduğunu anlamaqdır. Sevgini qarşılıqlı hәr şey ya bitirәr, ya da böyüdәr.

Mәndәn sәndәn, bizdәn yazmağı istәdin. Yazdım, gec olsa da, sәndәn yazdım, yәni sevgimdәn…

Gecikdim…

Çünki sәni sevsәm dә, gecikmişәm. Ayrılmışıq…

Mәn sevirdim, hazır idim… Bәs sәn necә?!
Отправить комментарий