2/22/2017

Çıxıb gedəcəyəm bu ölkədən

Bilirəm…

Çıxıb getmək çarə deyil…

Özündən qaça bilməz kimsə…

Hara getsən də, özünü aparırsan özünlə axı…

Çıxıb gedəcəyəm bu ölkədən…

Zəncirləri qırmaq üçün… Bəlkə taparam özümə uyğun insanları…

Azadlığa qovuşmaq üçün… Azad fikirlərimi kimsə anlayar bəlkə, başqa yerdə…

Əsəblərim çəkilməz tarıma, dözəsi olmaram bildiklərimə…

Susduğuma görə qınayarlar məni, susma, danış, yaz deyərlər bəlkə mənə, buna ümid edirəm…

İnsanları rahat buraxsın məni, mən də onları rahat buraxım… Olmaz belə… Heç kəs və heç nə dəyişmir burada…

Çıxıb gedəcəyəm bu ölkədən…

Yeni həyata başlamaq üçün… Bu ölkədə hər dəfə başlayırsan sıfırdan, çox getmirsən uzağa… Qalırsan sıfırın yüz də birində… Nə qədər yuvarlaq etmək olar axı sıfırları…

Şansımı yoxlayım, gəzim, səyahət edim, bildiklərimi təcrübədə tətbiq edim… Bəlkə, kimsə dəyər verdi orada… Paxıllıq olmadı, getdim irəli, nail oldum uğurlara…

Qadınlara rəqib olmayım, kişilərə civi, qurbanlıq kimsə… Tutmağa çalışmasın kimsə…

Oranın aynası bəlkə fərqli oldu, özümü tanıdım bəlkə hər dəfə baxdığım zaman…

Dəyişdim bəlkə, içimdə rahatlıq tapdım, yazmağa pozitiv mövzular…

Şəkillərimdən sevgi, sevinc ötürülər insanlara…

Bəxtəvərlik verər başqaları, yerimdə olmaq istəyənlər çoxalar. Ola bilməyənlər, danışar dalımca, ola bilənlər isə anlayar necə xoşbəxt olduğumu…

Biliklərim artar, təcrübəm kimi… Peşəkar olaram, deməzlər mənə hrəşeyşünasdır…

Çıxıb gedəcəyəm bu ölkədən…

Dönməsəm də geri, gizlətməyəcəyəm kiməm mən, hansı ölkədən gəlmişəm… Qoy, bilsin başqaları var belə insanlar bu ölkədə…

Ağ günə çıxmaq üçün… Qara rəngi sevmirəm…

Əsl sevgi taparam bəlkə…

Gələcəyim naminə… Gələcəyim olsun deyə, keçmişimi unutmayıb bu günümdən düşünürəm gələcəyimi… Başqa cür alınmır gələcək məndə…

Çıxıb gedəcəyəm bu ölkədən… Mənsiz rahat yaşayasınız… Rahat yaşayım sizsiz mən də…
Отправить комментарий