2/21/2017

Allahım, məni daha sınama…

Deyəsən, poçtun, qutun dolubdur sənin… Ya da ünvanını dəyişdirmisən insanların əlindən…

Vaxtın azdır… Yazanlarsa çoxdur…

Mənim məktubların ya ünvanına çatmır… Ya da çatır, vaxt tapmırsan oxumağa…

Nə deyirsən?!Yazmayım daha? Əvvəlki tək danışım səninlə?! Vaxtın olacaq mənə yarım saat?! Nə vaxt düşüm qəbuluna?!

İçimdəki səs də qeyb olmuşdur… Beynimə gəlir fikirlər, ideyalar… Ya tam bir cümlə, ya tam bir söz, söz birləşməsi, ya bir mövzu, məqalə… Yazıram dərhal… Yaddaşım pisdir, bilirəm ki, tez unudacağam…

Sınama məni… Bezmişəm… Qurban olaram… Olmayım sevimli bəndən… Sadəcə şeytanı uzaq tut məndən… Günahların çoxdur, yüküm ağırdır, onsuz da çəkə bilmirəm artıq… Bir də yük olmasın, bəla olmasın başıma Şeytan…

Kənardan baxırsan, eşidirsən, bilirsən, müdaxilə etmirsən son zamanlar… İncimisən məndən?! Bəlkə də, buna haqqın var…

Bəs mənim yerimə özünü qoymusanmı?! Bəlkə də hə, bəlkə də yox!

Simam da birdir, şəxsiyyətim də… Yoxdur ikincisi ki, darıxmağa qoymasın məni… İnsanlara deyə, yaza bilmədiklərimi sənə yazıram…

Səni görə bilməsəm də, eşitməsəm də, inanıram sənə, varlığına… Nə qədər küskün, hirsli olsam da…

Adını daha yazmıram, xitab etmirəm sənə… Artıq bilirsən ki, sənsən…

Sınama məni… Şeytandan da bezmişəm… İnsanlardan da…

Özün həyatımdan xəbərdarsan… Ya yaşat məni insan kimi, ya da öldür, səndən xahiş edirəm…

Səbrim çatmır daha… Gözləyə bilmirəm…

Qulağıma səslər gəlir, yoldan çıxartmaq istəyirlər məni, qovuram…

Səhhətimi korlayırlar… Həyatımı zəhərləyirlər…

Girirlər tez-tez it, ilan, başqa heyvanların cildində yuxularıma, gah sancmaq istəyirlər, gah da vurmaq, dişləmək, boğmaq, öldürmək…

Şeytan dəfələrcə gəlib dalımca, qəlbimi almağa…

Dəfələrlə ölmək şansım olub, ölməmişəm… Xilas olmuşam… Niyə?!

Bir işinə yaramıram axı…

İnsan kimi yaşamıram, barı icazə ver, insan kimi ölməyə…
Отправить комментарий