2/21/2017

Allah bilsəydi ki…

Allah bilsəydi ki, onun böyüklüyündən müsəlmanlar necə istifadə edir, edəcək, “Allah böyükdür” deməzdi…
Allah bilsəydi ki, müsəlmanlar İslam dinini bu günə qoyacaq, bu dini gətirməzdi yer üzünə.
Allah bilsəydi ki, müsəlmanlar “Qurani Kərimi” oxumadığı halda, oxumuş kimi göstərib, dini kitabın buyurduqlarına zidd yaşayaraq, özünü müsəlman sayacaq, bu kitabı müsəlmanlara nazil etməzdi.
Allah bilsəydi ki, İslam adı altında müsəlmanlar məzhəb, cərəyan və təriqətlərə parçalanaraq, bir-birinə düşmən olacaq, bir-birini qıracaq, öz müsəlmanlarına qarşı cihad elan edəcək, dini gətirməzdən öncə, min dəfə düşünərdi.
Allah bilsəydi ki, namaz qılan zaman, ehsan verən zaman bunun şəkli çəkilərək, paylaşılacaq, müsəlmana bu şərtlərin vacib olmasının yanında şəkil çəkilməsini və yayılmasını da mütləq şərt kimi qeyd edərdi.
Allah bilsəydi ki, insanlar özünə xətər yetirir, yas saxlamağa qadağa qoyardı və yassaxlayanları, özünə xətər yetirənləri elə bu dünyada cəzalandırardı.
Allah bilsəydi ki, onun cənnət dünyasına kimlər iddialıdır, o cənnəti özü dağıdardı.
Allah bilsəydi ki, özünü cənnətlik hesab edənlər digər insanları cəhənnəmdə görmək istəyir, cəhənnəmə ilk bu iddianı edən, bədniyyətli insanları göndərərdi.
Allah bilsəydi ki, insanlar haram pullarını zəkata xərcləyir, pulların mövcudluğunu aradan qaldırardı.
Allah bilsəydi ki, insanlar uşaqlarına qarşı necə münasibət bəsləyirlər, onlara uşaq verməz və insanların hamısını sonsuz qoyardı.
Отправить комментарий