2/21/2017

Ağlaram yerinә millәtim…

Sәn ağlama, sil göz yaşını, ya da ki, boğ, ağla içindә…

Qoy yerinә mәn ağlayım, hönkürtüylә, hayqırtıyla, için-için, boğulum göz yaşlarımda…

Ağlayım, hündürmәrtәbәli binaların boş qalmış, işıqları sönmüş mәnzillәrә baxaraq… Bir zaman onun yerindә vardı insanlarla dolu mәnzillәr, 4-5 mәrtәbәli binalar…

Ağlayım, manatın ölmüş, üzәn cәsәdinә…

Ağlayım, gündәn günә, göz önündә qalxan qiymәtlәrә…

Ağlayım, sayı artan işsizlәrimә, hәmyerlilәrimin götürüb qaytarmadığı kredit vә borclara…

Ağlayım, yeri boş olub dolmuş kimi tәqdim edәn dövlәt himayәsindә olan uşaq bağçalarına, orta mәktәblәrinә, aybaay valideynlәrdәn min bir bәhanәylә yığılan pullara…

Ağlayım, alıb verdiyi, çıxarda bilmәdiyi korrupsiya xәrclәrinә…

Ağlayım, evindәn didәrgin düşmüşlәrinә, qaçqınlarına, mәcburi köçkünlәrinә…

Ağlayım, borc vә xәrc әsasında qurulan, sonra dağılan ailәlәrә, maddi çәtinliklәrә, boşanmış valideynlәrin ortaq övladlarına, ödәnәn qәpik quruş olan alimentә, ödәmәyib qaçan, hәbsdә yatan atalara, tәk işlәyib övlad saxlayan analara…

Ağlayım, zibilliyә son ümid yeri kimi baxan valideynlәrә, orada axtardığını tapanda sevinәn soydaşlarıma…

Ağlayım, milli mәnәvi dәyәr, mentalitet deyib acından bütün günü yatanlara, iş axtarıb tapmayanlara, evdәn küçәyә atılanlara, kommunal xәrclәri ödәyә bilmәdiyi üçün qazsız, susuz, işıqsız qalanlara…

Ağlayım, qalxmayan әmәk haqqına, sosial güzәşt vә ödәnişlәrә…

Ağlayım, tәhsil, sәhiyyәmizin indiki geriyә gedәn “inkişafına”…

Ağlayım, xaricilәr üçün yaradılan analoqsuz inkişaf, çölü bәzәk vәtәnimin gözәlliyinә…

Ağlayım, insanların tәbәqәlәrә bölünmәsinә, tәbәqәlәrarası dәrin uçuruma…

Ağlayım, tolerantlığımıza, liberallığımıza, demokratiya, dünyәviliyimizә, özümüzә, vәtәn, bayraq, himn, torpaq, xalq sevgimizә…

Ağlayım, gәnclәrini didәrgin salanlara, geridә qalanlara, beyinsizlәrә, savadsız, nadan qalanlara, marionet kimi oyuna gedib idarә edilәnlәrә, qorxaqlara, yaltaqlara…

Ağlayım, müflis olan yerli şirkәtlәrә, bağlanan, ixtisara düşәn iş yerlәrinә…

Ağlayım, enib qalxan qiymәtindәn asılı olan neftimizә, büdcәmizә, alternativ gәlirlәrimizә…

Sәn ağlama, yetәr ki… Mәnsә, ağlamağa taparam milyon sәbәb…
Отправить комментарий