2/21/2017

40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse)

40-cı qapı…

Nağıllarda, həyatda da hər evin, ailənin 40 qapısı olur, 39 hamı üçün açıq, biri isə qapalı… Açıq olanları biləndən sonra qapalıya doğru can atar

40-cı qapı kimidir pul, hamıya maraqlıdır, hamıya lazımdır, hamının üzünə bağlı olduğundan hamı ona doğru can atır, açarını axtarır, əldə edir, sonra isə peşiman olur, özünü söyür…

“Pul əl çirkidir” deyənlərin əllərinə pul dəyməyib, dəysəydi, çirkli əllərini elə pulla yuyardılar… Əslində, kim qazana bilmir, özünə təsəlli verir bu cümləylə…

40-cı qapı arxasında gizli və qadağa olunan hər şey vardır. İnsan psixologiyasıdır, nəyi ki bilmir, görmür, əldə etmir, qadağan edilir, onu istəyir, onunla maraqlanır.

Azadlıq da 40-cı qapı arxasında gizlədilmişdir. Çünki onu orada gizlədənlər, bilir ki, insanlar onu səhv anlayıb, ondan səhv istifadə edəcəklər.

Sevgi 40-cı qapı arxasında gizli qalmışdır. Çünki sevən insan, əsl sevən insan çox şeyə qadirdir. Ölümə, müharibəyə, yaratmağa və dağıtmağa. Bu isə onu qadağan edən tərəfə maraqlı deyil, təhlükəlidir onlar üçün. Çünki sevgi böyük qüvvədir.

Qadın 40-cı qapının bağlandığı 40-cı otaqdadır. Çünki o qədər qadağalar, məhdudiyyətlər var, hamısı da məhz qadına və uşağa münasibətdə tətbiq edilir.

Həqiqət də 40-cı qapının o biri tayındadır. Çünki kiməsə xeyir etmir nə həqiqəti demək, nə eşitmək, nə qəbul etmək, anlamaq, yazmaq, nə onunla barışmaq, onu yaymaq niyyətindədir. Həqiqət ağırdır, həqiqət acıdır, həqiqət yaralayan, incidəndir.

40-cı qapının arxasında hələ çox şeylər gizlənmişdir. Açdıqca, bəlkə xilas olunarıq, ya da ki məhv olarıq. Kim bilir.

Отправить комментарий