9/08/2016

Elə bir gün gələr ki… (O, oxusun, ona xitabən)


kdr_3923
Foto: Nurlan GM
Elə bir gün gələr ki, gecə yuxu getməz gözlərinə… Tez-tez baxarsan saata, vaxtın tez gəlib keçməsini istəyərsən… Sabahın açılmasını, uzaq bir yerə piyada gəzərək getmək istəyərsən… Düşünməmək istəyərsən, səbəbini bilmək önəmli olmaz…
Elə bir gün gələr ki, boşluq içində, dərin quyuda olduğunu anlayarsan… Çıxış yolunu yaddaşını, həyatını, olanları və olmayanları format etməkdə, unutmaqda, sıfırlamaqda görərsən… Format edərək, silərək, unudaraq, sıfırlayaraq yaşayarsan ta ölənədək…
Elə bir gün gələr ki, ağlamaq istəsən də, ağlaya bilməzsən… Zamanla yığılan, ötürülən siqnalları səhv anladığına, yanıldığına görə özünü qınayar, günahkar bilərsən…
Elə bir gün gələr ki, istəməzsən kiminsə səni axtarmasını, unudulmaq istəyərsən, hayqırmalı olduğun zaman susarsan, qəlbindən üzr istəyərsən, əfv olunacağını gözləyərsən bir müddətədək…
Elə bir gün gələr ki, sevilmək, sevmək istədiyin halda, istəmədiyin kimi davranarsan, tənhalığına şükür edərsən… Tək olmağın səni üzməz… Sevinərsən…
Elə bir gün gələr ki, baxarsan hər kəsin düz gözlərinin içinə, susaraq gedərsən, üzündə bir ironik gülüş olar, gözlərində boşluq, biganəlik, birdəfəlik gedərsən həyat yolundan… Peşiman olmazsan son nidanı, nöqtəni qoyduğuna görə…
Elə bir gün gələr ki, anlayarsan səhvlərini, doğrularını, yaşamaqdan bezdiyin halda, həyata, insanlara, ölümə inad olaraq yaşayarsan…
Elə bir gün gələr ki, sevdiyin yeganə insan özün olarsan… Anlayarsan ki, insanlar yalanı daha çox sevər, daha çox danışar səmimilik maskası altında… Vaxt itirirsən onları dinlədikcə…
Elə bir gün gələr ki, insanlara baxışın boş, mənasız, münasibətin biganə, toxunuşun soyuq, ehtirassız, emosiyasız, yanaşman isə uzaqdan, bəsit olar…
Bir zaman salam verdiyin, doğma olmuş, zirvələrə qaldırdığın insanları salam belə vermək istəməzsən, yadlaşar, zirvədən salarsan uçuruma… Tanımazsan həm onu, həm özünü onun aynasında…
Bu qədər asan, bu qədər gerçək…
Elə bir gün gəldi bu gecə… Pəncərəndən həyata, insanlara, binalara baxdıqca, gəldi bu fikirlər ağlıma… Səni görməmək üçün baxaram hər kəsə, hər yerə… Sən mənə baxsan da, baxmasan da… Susmağı seçmişəm sənin yanında… Son oldu… Yoxsan artıq həyatımda…

9/06/2016

Kişilər haqqında mühazirəm (Aqşin Yeniseyin “Qadınlar haqqında mühazirə” yazısına cavab)

Öncə kişilər yarandı, sonra yazdı qanunları… Qanunları qadınlar üçün yazdılar… Sonra qadın yarandı, feministləri yaratdı kişilər qadınları susdurmağa… Hərəkata rəhbəri də başqa qadını qoydular… Qadınlar parçalandı cəbhələrə…
Qadınlar tabe olmaq istəmədikcə kişilərin yazdıqları qanunlara, kişilərin özünə, kişilər arasında da narazılıqlar yarandı… Qanunlara yenidən baxıldı bəzi yerlərdə, qadınlara verildi azadlıq, hüquqlar…
Kişiləri qocaldan səbəb oldu bəzən qadınlar… Kişilər poliqam olub, aşiq oldular gözəlliyə, dəyişildi zövqləri, dəyişdilər qadınlarını növbə ilə, bəzən ikisi, üçü azlıq etdi, 4 qadın istədilər… Kişinin ürəyi genişdir, hər kəsə yer çatar… Qadınlar rəqabətə dözmədilər… Dalaşdılar… Kişi verdikcə, verdi, qadın aldıqca, aldı, yenə narazı qaldı… Kişilər qadınları anlamağa çətinlik çəkdilər… Bəla bildilər başlarına… 4 bəla birdən… Qocaldılar qadınların əlindən erkən yaşlarında… Saçları ağardı, əsəbləri pozuldu, xəstəlik tapdılar ən sonda…
Öyrəndikcə qadınları düşündülər ki, suallarına cavab tapılıb: Qadınlar nə istəyir?
Fərqli qadınlardan fərqli cavablar aldıqca, dolaşdılar, azdılar… Tupikə düşdülər… Daha dərin fikrə getməli oldular qadınları anlamaq üçün…
Kişilərə azlıq etdikcə qadınları axtarmağa başladılar, dayanacaqda, yolda, küçədə, işdə… Hara getdisə, orada bir qadın vardı… Naməhrəm olsa da, kişini cəlb edirdi o qadın… Siyahıda neçənciydi bilinmirdi…
Qadınla gedəndə harasa, peşiman oldu, saatlarla gözlədi ki, qadın hazır olsun… Getməyəndə də, oldu peşiman, qadın şikayət etdi ki, onu sevmir kişisi, evdən bayıra çıxartmır onu, utanır bəlkə…
Doğdu qadınları uşaq ardınca  uşağı… Sayları çoxaldı… Gah qızı doğuldu, gah da ki, oğlu… Xərcləri artdı… Yeni iş, gəlir yeri axtarmağa başladı… Gəlirləri artmalıydı, çoxalmışdı sayları…
Qadınlarla alış-verişə çıxdı, yanında da törədiyi uşaqları… Gah onu istəyirdilər, gah bunu… Çatdırmaq olmurdu heç birini, razı qalmırdı birisi… Susmurdular… Bezdi, gəldi zinhara…
Kənarda eşq yaşamaq istədi… Kənarda axtardı səadəti, sakitliyi, rahatlığı… Kimsə bilməsin amma…
Başqa qoxu gəldi onun üstündən, geyimindən… Siqaret çox çəkməyə başladı, içdi, evə gəlmək istəmirdi, gələndə də gec gəlirdi…
Yalanlar, xəyanətlər, qısqanclıq, ittihamlar, gündəlik davalar… Dağılır ard-arda ailələri… Boşanmalar… Uşaqlara düşəcək aliment haqqı… Ev davası, maşın davası…
Nə idi yazığın başına gələnlər… Düşdü birdən birə… Yuxarıdan aşağıya, göydən yerə, sındı qüruru, beli, qocaldı yenə… Pulu da özünə az qalırdı… Tərk etmişdir hər kəs onu… Ondan istəyirdilər ancaq pul, hər kəsə sanki borclu idi…
Fahişə belə yaxın buraxmazdı onu… Kişi idi ancaq… Sınsa da… Yıxılsa da…
Həyat davam edir…
Heyvanları sevməyə başladı… Küçədən sahibsiz it və pişikləri yığdı başına… Qonşular iydən, səs-küydən şikayət etməyə başladı… Kirayə ev tutdu, yeni işə düzəldi… Yeni həyata başlamışdı guya…
Qocaldıqca, öyrənirdi qadınları, insanları… Bilirdi artıq suala cavabı… Qadınlar nə istəyir?! Bilirdi artıq… Yığdıqca bilik, təcrübəni, öyrənmişdi nə istədiklərini… Gec idi artıq… Bir ayağı xəstəliyə təpik atırdı, o biri ayağı həyat yolunda addımlayırdı… Ürəyində ağrılar… İnfarktlar… Stress… Yuxusuzluq, aclıq… Böhran şəraitinə düşmüşdü sanki… Qadınsız yaşamaq olmurdu axı…
Kişi sevdikcə, susmağa başlayar, addım atar, hərəkətiylə göstərər sevgisini… Qadınlar sözləri də tələb edər… Kişi demədikcə, qadın inciyər… Kişi susar, qadın küsər…
Kişi sevdikcə, qoruyar ailəsini… Sevgisində yanar… Bəzən inanar, bəzən qısqanar… Qadın ağladıqca, yumşalar ürəyi, istədiyini edər o qadın üçün… Qadın isə yenə deyər ki, “azdır, sən məni sevmirsən…”
Kişilər istəyər qadını istənilən zamanda… Qadın bəhanə gətirər, gah incidiyindən, gah yorğunluqdan, gah soyuqqanlılıqdan, gah xəstəlikdən, gah ağrılardan, hamiləlikdən verməz kişisinə istədiyini… Kişiyə yox dedikcə, qadını, kişi kənarda axtarmağa başlayar, tapar da… Susar, yaşayar… Uzaqlaşar qadınından, sevgisini məhv edər… Uşaqları naminə qoruyar ailəsini… Uşaqlarımın anasıdır O!
Kişilər bezdikdə qadınlardan, dəyişər orientasiyasını, sevər başqa kişini… Dəyişər cinsini qadın olar… Bu qədər sadədir kişilər… Sevilməyə haqqı olan insanlar…
Bu qədər sadədirlər onlar… Bəsitdir istəkləri, həyatları… Onları anlamağa nə var ki…
Mən qadınam, bilirəm bunu…

Yazıçı… (Aqşin Yeniseyin eyni adlı şeirinə cavab)

Ağrılarım kirimir,
Göz yaşlarım,
Yaralarım, yanğım,
Damarımda axan qanım,
Yazdıqca yazıram,
Kirimirəm, yazıçıyam,
Yazmalıyam…
Əlimdə qələm,
Bloknot, dəftərlər,
Yazıram, xətt çəkirəm üstündən
Qaralayıram, silirəm yazdığımı…
Yazıb peşiman oluram,
Həyatımı paylaşıram başqalarıyla…
İçmək düzəltmir işimi,
İntihar da həll etmir…
Bir tək yolum vardır,
Yazmalıyam həyatdan…
Ağlamaqdan keçibdir,
Ürəyim buz bağlayıb,
Yazıram mən hisslərdən…

9/05/2016

Demirəm ki…


2016-06-20-21-36-09-932
Demirəm ki:
– Getmə, dayan… Dön geriyə, bax gözümün sən içinə…
Demirəm ki:
– Darıxıram, gözləyirəm, kövrəlirəm… Sənsiz həyat bitəcəkdir…
Demirəm ki:
– Həyat sənsiz maraqsızdır… Həsrətin var, kədərliyəm…
Demirəm ki:
– Yaralarım sızıldayır, qanım axır su yerinə… Vurdun mənə böyük zərbə…
Demirəm ki:
– Şans ver mənə… Bağışla, sev… Gəl, barışaq… Qucaqla, öp…
Dediyim bir cümlə vardır:
– Qapını getdiyin zaman asta bağla, səs gəlməsin, açarı da saxla mənə, sənə lazım olmayacaq… Dalaşmağa yoxdur halım, deməyə də söz gərəkmir… Gedirsənsə, Xudahafiz, ya da ki, Əlvida!

Fikirlərim…

  1. Günahkar uman, küsəndədir, niyə özündən savayı kiməsə bu qədər güvənib, yaxın buraxır, kimdənsə nəsə istəyirsən ki, sonra da umasan, küsəsən… Umma ki, sonra da küsməyəsən… Hər şeyin təməlində bir təmənna, bir qərəz, bir ummaq var…
  2. Qara bazar, qara insanlar, qara niyyətlər, qara satış, qara qızıl, qara bəxt, Qara bağ, qara zolaq, qara dünya, qara dəri, qara geyim, qara təfəkkür və arzular, qara qüvvələr… Hər rəngdə bir qara vardır, bir də ki, ağ…
  3. Ağlamaq istəyərkən, ağlamıramsa, biganə qala bilirəmsə, içimdə qışdırsa, qəlbim donmuşdursa vaxtından öncə, deməli həyat məni daha güclü, dözümlü, biganə, səbrli, iradəli, mübariz etmişdir, robota çevirmişdir. Dəlilik mərhələsini keçmişəm təkamül yolumda… Ağıllı qadın bilir ki, ən böyük düşməni onun qəlbi, hansısa kişini sevməsidir.
  4. Çıxıb gedəsən bu ölkədən, bir də qayıtmayasan… Nə dincəlməyə, nə dostlarını görməyə, nə qohumlarını yad etməyə… Gedərkən də, getməyinə peşiman olmayasan… Qədirbilməzdir insanları…
  5. Böyük, soyuq, məskunlaşmamış, hündür, yeni binalar kiçik, isti, məskunlaşmış binaları udan kimi böyük insanlar kiçik insanları udar… Dünən səhər pəncərədən baxarkən beynimə gələn və çıxmayan fikirdir.
  6. Anlatma mənə… Vermə məsləhət, ağıl… Yazılanlar Silinərsə, bir daha Yazılmaz…
  7. Məndən sənə nə qaldısa, sil getsin, səndən mənə qalanları çoxdan silmişəm… Qəbrin də yoxdur qəlbimdəki məzarlıqda…

Adsız – 1 bəndlik şeirlər…


13781698_10207538483400551_1732163998008776528_n
Dar ağacı, Dar ağacım,
Büdrəyirəm yeriyəndə,
Sabun, kəndir bir əlimdə,
Asılım hansı yerindən?
Xəyallarım köpükdəndir,
Dəymə, özü yox olacaq…
Xatirəmsə şar kimidir…
Partlayanda səs salacaq…
Son zamanlar şam kimiyəm,
Yana-yana əriyirəm…
Çatanda mən lap dibinə,
Özüm sönüb bitəcəyəm…
Son zamanlar yol kimiyəm…
Gözüm çəkər öz yolumu…
Öndə vardır xəbərdarlıq…
Yararsızdır, bütün yollar…
Dəniz kimi dalğam vardır,
Qalxar mavi səmalara…
Külək əssə şiddət ilə,
Ölüm-itim olacaqdır…

Tərbiyəsizlik məcəlləsi (Atilla Kəskin Qılıncla həmmüəllif) 18+


Gunel
Günel Fərhadqızı:
Elə bilirsiniz ki, ancaq etika məcəlləsi var?! Yox, yanılırsınız… Belə ki, biz elə cəmiyyətdə yaşayırıq ki, hər mövzuda məcəllə yaza bilərik, yazırıq da… Başı çıxan da yazır, başı çıxmayan da … Ona görə hamısı da bir-birinə ya yamaqdır, ya ziddir, ya da plagiatdır.
Bəzi məcəllələr yazılmış qanun kimidir, yazılmış, təsdiq edilmişdir, bəziləri isə yazılmamış qanunlar kimidir.
Əslində, Toplumun  Mental Dəyərlər adı altında yazdığı yazılmamış qanunları Tərbiyəsizlik Məcəlləsinin əsasını və əsas maddələrini əhatə edir. Çünki kimə nə xeyir edir onu yazır, təlqin edir, ictimailəşdirib ictimaiyyətə yeritməyə çalışır.
Mənim şəxsi fikir və müşahidələrimə əsasən Tərbiyəsizlik Məcəlləsinə aşağıdakı maddələr daxil edilməlidir:
Maddə 1. Uşaqlarını döyərək, söyərək tərbiyə edib, sonra onlardan aqressiv olmamaqlarını, söyüş söyməməklərini tələb etməkdir. Uşaqlar böyüklərdən öyrənər, böyüklərin tökdüklərini yığarlar.
Maddə 2. “Uşaqlara uşaq geyimi var” deməklə, pedofilayaya dəstək olmaq, pedofil olmayanlara yol göstərməkdir.
Maddə 3. Qadına “Qadın ol, qadın kimi geyin” deməkdir. “Qadın” geyimi, “kişi” geyimi anlayışlarını yaratmaqdır.
Maddə 4. Sevdiyin insanı, dostlarını heyvana bənzətmək, heyvan adlarıyla əzizləmək, sanki zoofiliyanı sevib dəstəkləməkdir.
Maddə 5. İnsanları iş yeri, vəzifəsi, maaşına görə kateqoriyaya bölmək, önə “işim düşəcəklər” kateqoriyasını çəkməkdir.
Maddə 6. Qadının, uşağın döyülməsi, söyülməsi, öldürülməsinə dəstək olmaqdır.
Maddə 7.  Virtual və real həyatda şəxsən tanımadığın və tanıdığın insanları bezdirmək, əxlaqsız təkliflər edib, rədd cavabı alanda, həmin insan haqqında həqiqətə uyğun olmayan şaiyələr yaymaqdır.
Maddə 8. İnsana özəl həyatı ilə bağlı suallar verməkdir, cavab vermədiyi halda, inciməkdir. Kimsə özəl həyatı ilə bağlı hesabat verməklə bağlı öhdəlik götürməmişdir üzərinə…
Maddə 9. Özünə rəva bilmədiyini başqalarına rəva bilməkdir.
Maddə 10. Dəb xətrinə, bəhsə girmək üçün nələrisə etmək, harasa getmək, demək, dost yığmaqdır.
Maddə 11. Bir nəfəri sevdiyin halda, kənarda fərqli məqsədlər üçün ehtiyat variantları, kimlərisə saxlamaq, yalan danışmaqdır.
Maddə 12. Başqalarını özünə münasibətdə borclu çıxartmaq, qərəzli olmaq, təmənna güdməkdir.
Maddə 13. Haqqlarını bilib mübarizə aparanı məhv etməyə, paxıllıqdan şərləməyə çalışmaqdır.
Maddə 14. Bilərəkdən qəmiş olmaq, şüvən qopartmaq, mübahisə yaratmaqla, diqqəti cəlb etməkdir.
Maddə 15. İnsanların halal zəhmətini, bilik və təcrübəsini qiymətləndirməmək, pis niyyətli olmaq, hər şeydə bir pis nəsə görməkdir.
Maddə 16. Pul qazanmaq naminə insanları aldatmaq, kişi kimi söz verib üstündə durmamaq, “sən öl” vurmaqdır.
Maddə 17. Öz səhvlərinə, günahlarına görə özündən savayı hər kəsi günahkar bilməkdir.
Maddə 18. Ailəli olduğun halda, evdəki halalını qoyub, kənarda kimisə axtarmaqdır.
Maddə 19. Öz ailənin qadınlarından savayı, bütün qadın və qızlara əxlaqsız birisi kimi yanaşmaqdır. Bəlkə də, öz ailəsinin qadınları ən öndə gedən, məşhur əxlaqsızlardandır.
Maddə 20. Gələn-gedəni tində, məhlədə oturub, durub müzakirə etmək, qeybət obyektinə çevirməkdir, sizi saymayan şəxslərə isə nifrət etməkdir.
Atilla Kəskin Qılınc:
Bizim toplum çox tərbiyəsiz toplumdur.
İndi beli, kərəntini, yabanı əlinə alıb üstümə hucum çəkməyə hazır olanlara izah verim, niyə tərbiyəsiz toplum deyirəm.
Maddə 1. Tərbiyə anlayışımız yanlışdır. Tərbiyə anlayışını dar mənada qəbul etməyimizdir. Bizim tərbiyə norması kimi qəbul etdiyimiz şeylər nələrdir, bir baxaq:
1.1. İlk növbədə, tərbiyə öhdəliyi bölgüsündə qadına daha çox yük bölünüb.
Maddə 2. Toplumumuzda tərbiyə deyiləndə, daha çox cinsəl, seksual məfhumlar, beldən aşağı əlamətlər nəzərdə tutulur. Buraya geyim, paltar da aiddir.
Maddə 3. Toplumuzda tərbiyəsizlik sayılan anlayışlara baxın:
İnsan azadlığı, insan xoşbəxtliyi və insanı xoşbəxt edən hərəkətlər.
Maddə 4. Ümumxalq olaraq, təqlidlə yaşamağımızdır. Böyük bəladır. Her şeyi yamsılayırıq. Sevgini də, xoşbəxtliyi də, nifrəti də, hətta yaşamağı da yamsılayırıq. Özümüz kimi deyilik.
Maddə 5. KÜTlə təfəkkürü hökm sürür KÜT KÜTləmizdə. Fərdin öz fikri, fərdin öz maraqları, fərdin ehtiyacları, tələbləri istəyini ümumxalq olaraq, rədd edirlər. Sürü psixologiyasında KÜTlə düşüncəsidir.
Maddə 6.Əgər qadınsansa, sənin ehtiyacların çox məhdud olmalıdır. Ehtiyacın çox olsa tərbiyəsizsən.
Maddə 7. Əgər boşanmış, əri ölmüş ərsiz qadınsansa, sən əzabkeş olmalısan, ancaq övlad böyütməlisən. Sənin əks cinsə (seksə) ehtiyacın olmamalıdır kimi düşünməkdir.
Maddə 8. Bir kişi lazımdırsa sənə, uzaqbaşı ərə verilə bilərsən. Özün seçməzsən ha… Nəslin ağsaq-Qalanları səninçün ər seçir, bu seçilən ər də həmişə yaşlı, arvadı ölmüş, həm də övladı olan bir kişi olur. Sənsə, kirimişcə ərə getməlisən. Etirazın qəbul edilməməsi, etiraz etdiyində susdurulmağındır.
Maddə 9. Ər seçmək?! Nə istəyirsən, cavan oğlanla evlənmək istəyirsən? Ölübsən səni, camaat cavan oğluna bakirə, gənc qız alar da… Səni neyləyir? Ayrıseçkilik etmək, şəxsiyyətə toxunmaqdır.
Maddə 10. Eyni vəziyyət kişiyə aid deyildir. Kişinin ehtiyacları daha çox imiş, kişi tək yaşaya bilməzmiş, ancaq kişinin seks ehtiyacı varmış- kimi düşünməkdır
Maddə 11. Kişi 5 dəfə də, evlənsə də, aldığı qızın gənc və ən əsası bakirə olması vacib şərtdir.
İkinci dəfə evlənən qadına toy çalınmağın eyib, amma 3 dəfə evlənən kişiyə 3 dəfə toy çalınmasının normal sayılmasıdır.
Maddə 12. Şəxsi həyata asanlıqla müdaxilə edib hökm çıxarmaq, şəxsi həyatı qrup halında müzakirəyə qoymaqdır.
Maddə 13. Böyüklərin böyük cəhdlə gənc nəsli geri çəkməsi, onların fərd kimi böyüməsinə maneçilik törətməsi. Süd haqqı, zəhmət haqqı deyib müdaxilələr, öhdəliklər, borc tələbi etməkdir (Sənə süd verib böyütmüşəm, mən deyəni etməlisən və s.).
Maddə 14. Tərbiyəsizlik gərəksiz həddə “müqəddəsləşdirmə”, “həddən çox hörmət etmə” şousu yaratmaq. Məsələn, Ordan bir “ana seygahı” “zakaz” edib, bütün anaların sağlığına içmək, sonda isə dava salıb,  masa yoldaşının anasına söyməkdir.
Maddə 15. Camaatın “anası, bacısı”söhbətidir.

9/01/2016

Kiçik dialoqlar… (satirik, yumoristik, tənqidi yazı)


12654442_188648911495811_7152626655224108476_n
Gəl gedək…
  • Gəl, gedək…
  • Haraya?
  • Hara istəsən.
  • Bir az fikirləşim… Vaxt ver mənə…
  • Yerinə fikirləşmişəm… Gedək zooparka…
  • Oraya niyə?
  • Gör ki, biz insanlardan betər yaşayanlar var… Şükür edək, halımıza…
  • Gəl, gedək…
  • Bu gün haraya?
  • Neft daşları, Günəşli, Çırağa, SOCARA…
  • Niyə?
  • Gedək, baş sağlığı verək, bir molla da götürək, neftimizin, manatımızın birtəhər yasını versin yola…
  • Gəl, gedək bu həftəsonu…
  • Haraya?
  • Öncə bazara, sonra supermarketlərə, qiymətlərə baxmağa…
  • Bəs sonra?
  • Sonra isə qəbristanlığa, özümüzə qəbir qazaq, diri gəzən ölülərdənik…
  • Gəl, gedək nahar vaxtı, ya da sabah…
  • Vergilər Nazirliyinə, Maliyyə Nazirliyinə…
  • Orada nə işimiz var?
  • Büdcəmizə baxaq, nə haldadır? Gəlir gəlirmi, gəlirsə, gedir haraya…
  • Bəs sonra?
  • Sonra gedərik, sərhəddə, ya da səfirliklərə, bu ölkədən uzaqlara…