8/31/2016

Şikayətim var...


Salam versən, almasam, düşünmə ki, qudurmuşam...
Yaddaşımdan var bir şikayətim, görüb tanımamışam...
Zəng eləsən nömrəmə, verməsəm cavab, incimə məndən...
Nömrəni yazmağı unutmuşam, nömrən yoxsa kitabçamda, cavab vermirəm belə zənglərə...
Göndərsən dostluq təklifini, qəbul etməsəm, incimə yenə...
Üzün, adın tanış gələr, bilmərəm amma kimsən sən...
Yazdığın ismarıca cavab verməzsəm, bağışla məni,
Oxumaq, cavab yazmaq çıxmışdır yadımdan...
Görüş təyin etsən, gəlməsəm, yada geciksəm, bil ki, tapa bilməmişəm həmin məkanı, azmışam demək...
Bir sözü min dəfə soruşsam səndən, hirslənmə, unutmuşam deməkdir... Ələ salmıram...
Qalarsa sözüm yarımçıq, davamı gəlməzsə, davamını yerimə sən düşün... Davamını yada sala bilmirəm artıq...
İşimi qoysam yarımçıq, danlama məni, yadımdan çıxmışdır etmək istədiyim...
Şikayətim var, yaşımdan, yaddaşımdan, sağlamlığımdan...
Şikayətim var özümdən, həyatımdan, əsəblərimdən...
Şikayətim var insanlardan, qınama məni...

8/30/2016

Şərəfinə...

cropped-10384680_10202706119234467_3816496827563660800_n.jpg
Qaldıraq badələri,
İçək şərəfə,
İç ki, içəsən,
Səbəbdən çox səbəb...
İçək ilk salamın,
tanışlığın şərəfinə,
Həyatıma girənlərin şərəfinə...
İçək vidaların şərəfinə,
Bitmiş sonluqların şərəfinə,
Gedənlərin şərəfinə...
İçək sağlımığızın şərəfinə,
Alıb, verdiklərimizin,
Qazanıb itirdiklərimizin şərəfinə...
İçək, insanların şərəfinə,
Sözdə olan dostluğun,
Sevginin, təbiətin sağlığına...
İçək gözəlliklərin şərəfinə,
Gözəl insanların, qəlbin adına...
Qaldıraq badələri, süz ki, süzəsən,
Sonra itirməyəsən özünü...
Rəqs istəyəsən, dinləyəsən musiqini...
Ayrılasan bu dünyadan,
Səs küy olsa da, eşitməyəsən kimisə,
tərki-dünyasan, öz dünyandasan...
Düşüncələrin var, bir də sən varsan...
Dayanmadan iç, kövrəl, ağla...
Etmə etirafları başqalarının yanında,
İçdiyində sussan yaxşıdır, 
İçərkən insan səmimi olar, təbii olar,
Saf olar, soruşsalar nəyisə,
Açıb deyər hər kəsə,
Sonra isə çox peşiman olar,
Faydası olmaz sonrakı peşimançılığın...
İçək şərəfə, səbəbsiz yerə...
Süzün badələrə,
İçki içəsən...
Özünü unudanadək...
Gedənlərə görə ağlamaq yerinə,
İçək yeni başlanğıca,
İçək yeni həyat naminə...
İçək boş yerə...

8/27/2016

“Ziyalı” qonşularımız, böyük “poxsan” və “qancıq” məsələsi… 21+

Hörmətli oxucularım, bir zaman yazıçı Anarı qınayırdım ki, ziyalılarımızı pis görkəmdə təqdim edir. “5 mərtəbəli binanın 6-cı mərtəbəsi”ndəki Zaurun və Spartakın anası kimi  ziyalı analar hələ də var, çoxalmışlar. Sanki mən Təhminəyəm, Zaur və Spartaklarını alıram əllərindən…
Hörmət hörmətə bağlıdır. Kiməsə yaşına və ya atamın xətrinə dillənmədiyimə və hörmət edib susduğuma görə çox peşiman olmuşam.
Şəhərin elə bir yerində yaşayıram ki, anam həmişə istəyib ki, belə yerdə evi olsun, yaşasın. Deyirdi ki, buranın havası yaxşıdır, insanları ziyalıdır, metroya, avtobus dayanacağına yaxındır, infrastruktur var. İnsanlarından savayı hamısıyla tam razıyam…
Bizim binada üçüncü mərtəbədə bir qonşu var, Yunus kişi, keçmiş dövlət qulluqçusudur, atamla yaxşı münasibəti var, zarafatcıl, yaxşı kişidir. Di gəl, onun həyat yoldaşı, adını belə bilmirəm, ərindən tam  fərqli adamdır. Nə vaxt görürəm parkda oturub camaatı müzakirə edir, qeybət qırır.
Mən heç yaşıd qonşularımla qeybət etmirəm, sorğu-sual etmirəm, qalsın ki, yaşlı nəsillə…. Cavan qonşularım uşaqlarından, bağçalarından, yeməkdən, pəhrizdəən, məktəbdən, dərslərdən, dərsliklərdən danışırlar. Mənsə susub, sakit oturub dinləyirəm. Çünki yeni yazım üçün yeni mövzu ola bilər.
Deməli Yunus əmi hər dəfə ə atamı görəndə sorğu sual edərdi, bir dəfə şəxsi həyatım, ər və övladımla bağlı sual verəndə, dedim yaralı yerimdir, danışmaq istəmirəm, birdəfəlik ayrıldığımızı, onları unuda bilmədiyimi, hələ sevdiyimi, əzab çəkdiyimi, yeni həyata başlaya bilmədiyimi, evə gec gəlmə səbəblərimi,  tənhalığımı, bərk darıxdığımı, övlad həsrətimi, qanundakı tələbləri, bədbəxtliyimi, işə başımı qatmağa çalışdığımı, ürəyimin xəstə olduğunu dedim, kövrəldim, anladı. Dedi ki: “Qızım, üzülmə, darıxma, hər şey düzələcək, səbr et. Allah bir qapını bağlayıb, o birisini açır, hələ cavansan.” O gündən sadəcə salam, necəsən, işlərin necədir? sualını verir və bayramlarda bayramlaşır. Qanacaqlı, mədəni kişidir.
Di gəl, onun xanımı hər dəfə məni görəndə, sorğu suala tutmaq istəyəndə konkret cavab verirəm, keçirəm, ona qalan arxamca məni qonşularla müzakirə etmək qalır. Bir neçə dəfə ironik atmacalar atıb, cavabını alıb, amma rahatlıq tapmayıb, həyat yoldaşımdan ayrıldığımı bildiyi halda, hər dəfə eyni sualları (Qızın necədir? Ərin necədir?Darıxırsanmı? Nə vaxt gəlirlər? Nə vaxt gedirsən? Danışırsanmı? Niyə birini tapıb ərə getmirsən? Niyə barışmırsan?) verir, hər dəfə də eyni cavabı alır: “Bu haqda danışmaq istəmirəm.” Bu cavabı verib evimə gedirəm. Məncə, kobud hərəkət etmirəm. Demirəm ki: “Sənə nə var? Sənə nə? Get, öz işinlə məşğul ol”.
İnsanın yaralı yerini bilib, oradan vurmaq insanlıqdan deyil. Hər dəfə yaranı yeniləmək, ironik baxmaq, tənha qadınsan deyə, rəqib və ya fahişə kimi yanaşmaq digər qadına heç yaraşmaz.
Mən hesabat verməyi və şəxsi həyatımla bağlı suallara cavab verməyi, şəxsi həyatıma kənar müdaxilələri qəti qəbul etmir və sevmirəm, özüm də eyniylə nə hesabat tələb edir, nə suallar verir, nə də müdaxilələr edirəm.
Səbəbləri var:
  1. Keçmiş həyat yoldaşımla birlikdə yaşadığım vaxtlarda onlar yoldaşımla dostluq edirdilər, qızım Yunus əmini çox sevirdi, hər dəfə əmisi ona konfet, oyuncaq, bayram payı verirdi. Çox sağ olsun.
  2. Keçmiş ərim çox fağır, saf, sadəlövh biridir, kompüter və ya internetdə problem olanda, saatlarla qonşularda qalırdı, onlar da onu sorğu-suala çəkib, ailəmiz haqqında hər şeyi öyrənirdilər.  Hər kəs hər şeyi bilirdi…
  3. Tək yaşamağım, azad olmağım, hesabat verməməyim, baş qoşmamağımdır.
Bu gün də işdən evə gəlirdim, üçüncü mərtəbədə bunları gördüm, salamlaşdım gülərüzlə, keçib getmək istəyirdim ki, arvadı yenə sancdı: “Qızın necədir?” Ardıcıl sual hücumuna məruz qalacağımı bilib, mədəni şəkildə eyni cavabı verdim: “Bu haqda danışmaq istəmirəm”. Arvadı necə hirsləndirdisə, mədəni cavabım, əri də mənimüdafiə edib, onu danladığına görə: “Hər dəfə soruşursan, hər dəfə eyni cavabı verir, niyə soruşursan axı?!” deməyi ilə arvadın hirslənib od püskürməyi bir oldu:”Bilmirdim, daha soruşmaram, böyük pox sayır özünü, nədir ki o, kimdir ki, o, qancıq, evə gec gəlir, qızını verib atasına ki, keyf eləsin, qəhbə, o, nə anadır? Ona uşaq lazım deyil, yazıq uşaq. Onunku avaralanmaqdır. Nə gündədir?”. Ər onu sakitləşdirməyə çalışır, o qızışır. Düz üçüncü mərtəbədən düşə-düşə küçəyə çıxanadək məni söydü, müzakirə etdi, qınadı. Mənəvi məhkəmədə günahkar çıxartdı. Sanki qonşuluqdakı, küçədəki bütün kişilərlə yatıb durmuşam, bu da şam tutub yengəlik edib, şahid olub seks zamanı, sevişərkən.
İndi qonşuma cavabımı buradan verirəm, digər onun kimilərə birbaşa cavabım olsun:
  • Qancıqlıq odur və poxu o adamlar yeməlidir ki, o ayrılmış dul, tənha və ayrı yaşayan, özü işləyib, öz zəhmətilə halal pulunu qazanan qadına qəhbə, qancıq deyir;
  • Qancıqlıq odur və poxu o adamlar yeməlidir ki, insanları tanımadan onlar haqqında fikir yürüdür, başqaları ilə qeybət edir, şərləyir;
  • Qancıqlıq odur və poxu o adamlar yeməlidir ki, insanların yaralı yerinə toxunur, şəxsi həyatına müdaxilə edir, sorğu-sual edir və şəxsi həyatına burnu girmədiyi halda, başını soxur;
  • Qancıqlıq odur və poxu o adamlar yeməlidir ki, insanın yaralı yerini bilib, ona təsəlli verməkdənsə, yarasını yeniləyir.
İndi bildin necə bir qancığam, qancıq kimi nələr edə bilərəm və nə boyda poxam? İndi bildin bu vaxtadək necə sakit və mədəni cavablar verir, susurdum, atamın xətrinə dillənmirdim? İndi bildin ki, sözün sənin necə dostun və düşmənin ola bilər?
Bildinsə,  lap yaxşı. Di, indi get, qəmişini çək məndən… Yunus əmi, Sizə yazığım gəlir, siz neçə ili belə qadınla necə yaşayıbsınız və yaşayırsınız? Siz hara, o hara?
İndi anlayıram ki, anamın haqlı olmayan tərəfləri vardır: Ziyalı insanlar hər zaman yaxşı insanlar olmur, yaxşı qonşular hər zaman ziyalı olmur. Ziyalı qonşuların bir çoxu bir pox olmurlar, bəzisi hətta qancıq olurlar… Özü də əsl küçə tulası, qancıqlardan…

8/25/2016

Bir xahişim var səndən…

IMG-20160324-WA0026
Bir xahişim var səndən…
Qazandınsa sən məni, itirmə barı…
Bir xahişim var səndən…
Sevdinsə, sus, demə, bitəcək axı…
Bir xahişim var səndən…
Gülümsə üzümə, kədərlənsən də…
Bir xahişim var səndən…
Sevdirmə özünü mənə…
Bir xahişim var səndən…
Toxunma mənə, toxundunsa, qucaqla…
Bir xahişim var səndən…
Uzatma əlini mənə, tuta bilmərəm…
Bir xahişim var səndən…
Sevmə məni, sevilməyə layiq deyiləm…
Bir xahişim var səndən…
Özümə məxsusam, azadlığımı alma əlimdən…
Bir xahişim var səndən…
Sus, yanımda olmağın yetər…
Səni sevirəm… Tut qulaqlarını əllərinlə,
Sus, vermə mənə cavab…

Qınama…


13876698_1625253241118264_3224772234038323943_n (1)
Gedəcəyəm bir gün…
Qınama məni…
Öləcəyəm bir gün…
Məni qınama…
Ağlasam yanında,
Məni qınama…
Soyuğam, bilirəm
Məni qınama…
Ehtiras oyanmır,
Məni qınama…
Yoxdur arzularım,
Məni qınama…
Yoxdur fikirlərim
Məni qınama…
Sən yoxsan, ya varsan?!
Məni qınama,
Yaddaşım pozulub,
Məni qınama…
Zidiyyət, dilemma içindəyəm,
Məni qınama…
Seçimimi, qərarımı həbs etmişəm,
Məni qınama…
Qınama, qınamadan sus…
Özüm bilirəm, niyə beləyəm?!

8/22/2016

Bir qızım olsun (Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə)


IMG-20160103-WA0011

Bir qızım olsun, atasının qızı olsun,
Atası xəbərsiz olsun onun varlığından,
Almasın məndən qızımızı…
Bir qızım olsun, bənzəsin atasına,
Atasının gözlərinin rəngi, saçları olsun…
Atasını sevdiyim kimi onu da sevim…
Atası kimi savadlı, ağıllı olsun…
Atası bilməsin bir qızı var,
Dəyişməsin həyatı, bağlanmasın bizə,
Borclu bilməsin özünü bizə…
Bir qızım olsun, adını Banu qoyum, ya da ki, Xatun,
Qoymasınlar ona ad, “bic, nigahdankənar”
Özüm üçün, tənhalıqdan qurtulmaq üçün,
Sevməyə bir kəs olsun deyə, istəyirəm
Bir qızım olsun…
Hər qucağıma alanda qoxusunu çəkim içimə,
Üzümə baxıb gülümsəsin, saçlarımı dartsın,
Balaca barmaqları ilə…
Evdə doğulsun…
Kiməsə verməyim hesabat,
Kimsə soruşmasın: “Kimdir atası?!”
Tək mənim olsun, başqalarının deyil…
Ağladıqca, qaçım yanına, öpüb qucaqlayım…
Gözəl gözləri, baxışlarının içində itim…
Yaşamağıma bir səbəb olsun,
Yorsun məni, unutdursun pislikləri,
Silsin keçmişimi…
Yeni həyatım olsun mənim üçün…
Bir qızım olsun, ancaq mənim olsun…
Kimsə bilməsin, kimdəndir!
Bir qızım olsun,
Sevinci və təbəssümü,
Oynadığı oyunlar xoşbəxt etsin məni…
Uzatsın əlini mənə, buraxmasın…
Yuxuya gedək birlikdə…
Sağlam olsun, atasına oxşadığından,
Bəxti olsun gözəl,
Xətrinə dəyməsin oğlanlar…
Dişləri çıxanda dişləsin məni…
Bir qızım olsun,
Ailə qurmadan, ərə getmədən…
Qız qıza yaşayaq birlikdə…
Bir qızım olsun,
Sadəcə bir qızım,
Ana-bala yaşayaq bir -birimiz üçün…
Bir qızım olsun,
Soruşmasın məndən bir az böyüyəndə:
“Kimdir atam?!”
Bilməsin, bir gecəlik yaxınlıqdan doğulmuşdur,
Atasını axtarmasın, atası da axtarmasın ikimizi…
Bir qızım olsun,
Sevdiyim kişidən, Əsl kişidən…
Sevgi olsun təməli…
Bir qızım olsun,
Nə qədər ki, sağam…
Bir qızım olsun,
Qınamasın kimsə məni…
Dalımca söz atmasınlar:
“tənha qadındır, kimdən qazanıb görəsən?!”
Ya da deməsinlər mənə: “Fahişə”
Ana olmaq haqqımdır…
Doğulmasın bu ölkədə…
Tanımasın bizi kimsə…

8/19/2016

Deyildir axı…


13716109_10207538482560530_8295088607677141205_n
Deyildir Mələk insan,
İnsana ad qoysan da…
Deyildir insan Mələk,
Mələk adlı insanlar…
Küsməyin mələklərdən,
Yaxşısı var, pisi var…
İnciməyin insandan,
Yaxşı da var, pis də var,
Günahsızdır mələklər,
İnsanlardır günahkar…
Deyildir insan ali,
Deyildir insan adi,
Mələk ruhlu insanlar,
Mövcud deyildir, bilin
Mələklər ruhsuz olar…
Mükəmməl olmur insan,
Doğrusu var, səhvi var,
Qınamayın onları,
Səhvlər ona yol cızar…
İnsanların səhvində
Mələklər aciz olar,
Mələklərin tək işi,
İnsan əməli yazmaq…
Oturarlar çiynində,
Baxarlar hər işinə,
Biri yoldan çıxartsa,
Digəri tənqid edər…
Mələkləri qatmayın,
Qoy qalsınlar saf, təmiz…

Gopa bas... (tənqidi, yumoristik yazı)

IMG-20160703-WA0092
Sən bir az gopla,
Təriflə ancaq özünü...
Bir az sonra bas gopa,
Civi sərgüzəştini...
Tərifləsin dostların,
Kişi bilsinlər səni,
Sənin civi bildiyin,
Barmağında fırlatsın...
Cibin boş, ağzın dolu,
Müftəxorsan, ay kişi,
Qızlar fırlamır səni,
Sənin yoxdur dəyərin...
Əlacın qalıb ancaq,
İnternetdə yazmağa,
Ümidsiz bir insansan,
Yuxunda görürsən sən,
Gözəl qızlar tutmağı...
Nə biliyin var sənin,
Nə də həyat təcrübən,
Dişləriylə sındırır,
Qozu indiki qızlar...
Səni aparar suya,
Susuz qoyar orada...
Bir də gopla bir az da,
Guya vardır hər şeyin,
Pulun, evin, maşının
Səndən qorxar insanlar,
Görkəmindən cin hürkər...
Mənə düşüb iştahan,
Vallah gülməlisən sən...
Nəyinə "hə" deyim mən,
Məni cəlb etmir gopun...
Yalan yalan dalınca,
Gop gopa qarışmışdır,
Dediyin yalan, goplar,
Yadından da çıxmışdır...
Goplamağa davam et,
Nağıl danışma mənə,
Sənin kimisini mən,
Tapdalayıb keçirəm...
Goplamağa davam et,
Sükanı basma ancaq...

Axşamçağı... (Aqşin Yeniseyə cavab)

13716109_10207538482560530_8295088607677141205_n
Sənə məktub yazıram,
Yazıb, sonra cırıram,
Qoymur qürurum mənim,
Sənə onu göndərim...
Yazıram məktubumda:
"İçimdə qış fəslidir,
Buz bağlayıb ürəyim,
Ərimək bilmir qarı..."
Məktubumda edirəm,
Səmimi bir etiraf:
"Dərdin məni məhv edir,
İçirəm səhər, axşam..."
Boğuluram qəhərdən,
Ağlayıram, yanıram,
İçimdəki boşluğu,
Siqaret tüstüsüylə,
Bəlkə bir az dolduram?!
Beynimdəki fikirlər,
Qoymur rahat yatmağa,
Bəlkə qəlyan çəkim mən?!
Beynim sönsün bu axşam...
Yazıram məktubumda:
"Necə peşimanam mən",
Yazıram hər sətirdə:
"Səni çox sevirəm mən"
Yazmağa var cəsarət
"məni bağışla" yazdım...
Nə olsun ki, yazıram,
Yollamıram mən axı,
Oxumayasan deyə...
Tək yatıb tək durmaqdan,
Bezdirmişəm özümü,
Yataq da bezib məndən,
Saçlarım da tökülüb...
Tənha həyat yaramır,
Yemək bişirmirəm mən,
Yavan çörəkdən başqa,
Canım istəmir nəsə...
Arada çay dəmləyib,
İçirəm soyuq halda,
Yeməyi də qızdırmaq
Düşmür mənim yadıma...
Hər şey soyuyub məndə,
Arzularsız qalmışam...
Sən idin arzularım,
Aparmısan özünlə...
Girəndə tək hamama,
Qoyuram musiqini,
Su axdıqca vannaya,
Yuyur göz yaşlarımı...
Paltarım əzik-üzük,
Ləkələr var üstündə,
Arada bir yuyuram,
Qalmayanda təmizi...
Necə silim keçmişi,
Keçmişimdə sən varsan,
Bu günümsə sənsizdir,
Sabahımda ümid var,
Bəlkə geri qayıtdın...
Gecələri daha çox,
Tənhalığı duyuram,
Ağlamaqla özümü,
Bəlkə də, çox yoruram,
Evi yığışdırmağa,
Gəlmir əlim çoxdandır,
Atam danlayır məni...
Edirəm mən bazarlıq,
Bişirməsəm də yemək,
Sonra onlar köhnəlir,
Atam hirslənib atır...
Saçımı daramıram,
Makiyaj da etmirəm,
Hər səhər baxıram mən,
Güzgüdə öz günümə!
Cəza kəsmişəm axı,
Günahlarıma görə,
Xoşbəxt olmayım deyə,
Yaddaşımı silmirəm...
İçimdə var ifritə,
Bir də tələbkar insan,
Dır-dır etməsə belə,
Susub, dəli olacaq...
Son zamanlar istəyim,
Ölmək olubdur ancaq,
İntihar üçün yenə,
Yazıram yüz variant...
Dərmanlar da, atmışam,
Suda da boğulmuşam,
Damarımı kəsməyə,
Əlim gəlmir nədənsə...
Balış əlimdə indi,
Başıma qoyuram mən,
Biri olsaydı burda,
Boğardı o balışla...
Ölümdən heç qorxmuram,
Ölümdür tək istəyim,
Sənsizlik çox betərdir,
Sevgisizlik ağrıdır...
Çıxdıqca aynabəndə,
Gözüm baxar yollara,
Qapı tərəfə hərdən,
Qaçıram son zamanlar,
Bəlkə gəldin evimə,
Döydün dəmir qapımı...
Əlimdə telefonum,
Gözləyirəm zəngini,
Bəlkə səhvən də olsa,
Gəldi səndən ismarıc...
Həsrətini çəkməyim,
Yollara göz dikməyim,
Gecələri içməyim,
Mənə təsəlli verməz...
Elə haldayam indi,
Sözlə təsvir edilməz...
Bəxtəvər deyiləm mən,
Neyləyim azadlığı,
Yoxsa sevdiyim insan,
Evimdə səhər, axşam...
Dərd ağır, hava çox pis,
İçimdə qopar tufan,
Qəlbimdə yağar yağış,
Vardır çiskin, dumanlar...
Sənə məktub yazıram,
Yazıram ki, "oxuma"...
Yazdıqca mən məktubu,
Oxuyuram, cırıram...

Qadın etiraf edərsə…

Mən sıravi, adi, başqaları kimi bir qadınam…
Tənha qadınam… Zamanı qaytarıb nəyisə dəyişmək istəmirəm… Əsla, yaşadığım yaşanıldı, bitdi…
Son zamanlar reallıqlarla xəyallarımın arasındakı uçurumdayam, içimdə elə böyük bir deşik, boşluq var ki…
Aynabəndə çıxıram, sərin külək toxunur mənə, bir az üşüyürəm, qollarımla qucaqlayıram özümü sanki… Gözlərimi yumuram, sanki o, var həyatımda, arxadan sakit, asta addımlarla yaxınlaşıb, qucaqlayır məni, öpür boynumdan, saçlarımdan… Toxunuşu hiss edirəm sanki… Külək dağıdır sağlarımı… Açıram gözlərimi, dönürəm arxaya doğru, yoxdur kimsə… Təxəyyülüm mənimlə oynamışdır sadəcə olaraq… Məyus oluram…Anlayıram ki, tənhayam…
Reallıqları bilərək gözlərimi yumuram, yuxuya gedirəm… Yuxumda o, var yanımda…. Uzanmış yanımda, qolunu uzatmış mənə doğru, baxışlarımız toqquşur tez-tez… Başım sinəsinin üstündədir, dinləyirəm ürək döyüntülərini… Oyanmaq istəmirəm… Saatın zəngi çalır… Oyanmaq istəmirəm, yuxum mənə şirin gəlir… Reallıqda oyanıram, təkəm yatağımda, yoxdur həyatımda kimsə… Tək yatmağa və oyanmağa məhkumam…
Evdən çıxıb işə gedəndə, özümü aldadıram ki, işdən evə qayıdanda, evimdə tək olmayacağam, evdə məni gözləyən birisi var… Açıram qapını, çıxıram evdən… Dönürəm evə, yenə açıram qapını, eyni şeydir, təkrarlanır, dəyişmir heç nə… Boşluq, sükunət, qaranlıq…
Başımı qatıram sosial şəbəkələrdə, tədbir, seminar, təlimlərdə, görüşlərdə, unutmaq üçün unuda bilmədiklərimi… Vaxtımı öldürmək üçün yazıram, mütaliə edirəm, piyada gəzirəm…
Evdə olarkən tək özün üçün yaşamaq, nəsə etmək, sükunət adamı elə bezdirir ki, dəli olur insan…
Hansısa dost, rəfiqəm məni qucaqlayıb öpəndə, sevincdən gülsəm də, içimdə ağlayıram, bəzən göz yaşlarım satır məni, istəyirəm ki, birisi olsun, hər gün 10 kərə məni qucaqlasın bərk-bərk, öpsün alnımdan, yanağımdan…
Elə istəyirəm ki, etibarlı və səbrli birisi olsun ki, mən danışım həyat hekayəmi, o susaraq dinləsin məni…
Aktivliyimi paylaşa biləcəyim, enerjimi sərf edə biləcəyim, mənə xoş yorğunluq gətirəcək bir nəfər olsun…
Musiqi sədaları altındas baxışaq, rəqs edək, sevişək…
Mən verdikcə özümü ona, qəbul etsin, ancaq almasın, o da versin özünü mənə…
İşə başım elə qatıram ki, işgüzar, sərt,, soyuqqanlı birisi kimi qəbul edilirəm…
Bəzən istəyirəm ki, ağladığım zaman məni bağrıma basıb, göz yaşlarımı silib özümü güldürəcək birisi olsun… Sevinc bəxş etsin bir baxışı, sözü, toxunuşu, təbəssümü ilə…
Birisi olsun, uzatsın əlini, tutum əlindən, buraxmasın bir daha…
Amma gerçəklik danılmazdır, kimsə yox, olmayacaq, Bəlkə çox tələbkaram, eqoistəm, yaxşı biri deyiləm, tənhayam… Tənhalıq qismətimdədir…

Qadınlarla bağlı fikirlərim…

  1. Ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən kişilər ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən qadınlardan qorxmaz. Əksinə, birlikdə əlbir olub, iş görər və irəli gedər, uğur əldə edərlər… Bu cür qadınlardan qorxan kişilərin ciddi problemlərinin olması danılmaz faktdır.
  2. Qadın 20 yaşında: Bircə ərə gedim, hər kişiyə potensial ərim kimi baxmalıyam.
    Qadın 25 yaşında: Yaşım keçir, ərə getməliyəm…
    Qadın 30 yaşında: Ərə getməyə niyə tələsdim axı?! Gərək tələsməyəydim…
    Qadın 35 yaşında: Həyatımı məhv etdin, sənə rast gəldiyim gün ölsəydim kaş…
    Qadın 40 yaşında: Özüm üçün yaşamadım…
    Qadın 45 yaşında: O yaşım yoxdur artıq…
    Qadın 50 yaşında: Bircə uşaqlarımı yerbəyer edim, gəbərim sonra…
  3. Qadağalar:
    Qadın 20 yaşında: Olmaz. Ərə gedərsən, ərin bilər, özün bilərsən.
    Qadın 25 yaşında: Olmaz. Qızışma… Birini taparsan, ərə gedərsən…
    Qadın 30 yaşında: Olmaz. Çünki mən sənin ərinəm, belə istəyirəm.
    Qadın 35 yaşında: Olmaz. Çünki mən varam. Sözüm qanundur.
    Qadın 40 yaşında: Olmaz. Onsuz da o yaşın yoxdur. Kimdir sənə baxan… Məndən savayı kimə lazımsan axı?!
    Qadın 45 yaşında: Olmaz. Sənin taylarının nəvələri var. Bambılı olma… Yaşından utan…
    Qadın 50 yaşında: Olmaz. Öl öldüyün yerdə… Bir ayağın qəbirə gedir, 20 yaşın yoxdur.
  4. Qadın keyfindən boşanmır, tərk etmir, spirtli içki içmir, siqaret çəkmir, özünü xoşbəxt göstərmir…
    Kənardan qınanılacağını bilə-bilə edərsə bunu, deməli cəsarətlidir, güclüdür, yaralıdır, bədbəxtdir, qəlbində boşluq var, ağlayır, əslində o qadın…

Bir gün mən də gedəcəyəm… (İlqar Qulusoyun əziz xatirəsinə)

Bir gün mən də gedəcəyəm…
Hər kəsi tərk edəcəyəm…
Bir gün mən də öləcəyəm…
Səssiz, xəbərsiz, bilməsin kimsə…
Bir gün mən də gedəcəyəm…
Ürəyim bərk ağrıyır…
Bir gün mən də biləcəyəm,
Bədənimdə yoxdur ruhum…
Bir gün mən də gedəcəyəm…
Alacağam son nəfəsi…
Yazacağam vəsiyyəti…
Bir gün… Az qalıbdır…
Azacıq səbr etsin hamı…
Bir gün mən də gedəcəyəm,
Qalmağa yox səbəbim…
Mən gedəndə sevinəcək…
Bir çox insanlar…

1, 2, 3… (fəlsəfi, həyati esse)

1, 2, 3… Çox önəmlidir insanlar üçün onların həyatında…
Hər bir insan bu üç yerdən birində olmaq istəyər… Hər kəsin arzusunda isə dayanır 1…
1, 2, 3… Nəhayət ki, “Xoş gəlmisən, bala, dünyamıza” “Qədəmlərin mübarək”
1, 2, 3… İlk addımlarındır, ilk cəhdlərin, yıxılmağın, büdrəməyin, qaçmağındır… İlk addımı atmamışdan öncə öyrənirsən ətrafındakıları, maraqlı gəlir sənə, yoxlayırsan əlinlə, ayağınla, alırsan ağzına, dadını bilmək üçün… Oturursan sonra… Yırğalanaraq o tərəfə, bu tərəfə… Başqaları alır qucağına, gah ağlayırsan, gah da gülürsən, dil çıxardırsan… Əlinə veriləni tutmağa çalışırsan, özün yemək, özün içmək istəyirsən… İstəyirsən, cəhd edirsən…
1, 2, 3… Öyrənməyə, müşahidə etməyə, anlamağa çalışırsan ta doğulduğun andan, ölənədək… Ölənə yaxın isəbacardıqlarının, biliklərinin bir hissəsini unutmağa başlayırsan, yadına salmağa cəhd edirsən… Məcbur olursan, yenidən başlayasan öyrənməyə, ya da cəhd etməyə… Ya xəstəlik mane olur, unutdurur, ya da ki, yaş…
1, 2, 3… İlk geyimin, sərbəst geyinirsən… Öncə düz geyinmirsən, səhv salırsan… Sonra səhvlərin üzərində öyrənirsən… Gəzməyi, digər biliklərini əldə etdiyin kimi öyrənirsən…
1, 2, 3… Artıq uşaq bağçasındasan… İlk uşaq dostların olur, rəqabət, paxıllıq, mülkiyyətçillik, davalar, ağlamaqlar, inciməklər… Dostların çevrilir düşməninə, rəqibinə… Bəxtin gətirsə, uzun çəkir uşaqlıq dostlarınla dostluğun…
1, 2, 3… Səndən sonra daha bir bacı, qardaşlar gəlir, sən qalırsan kölgədə, ya da kömək edirsən onların böyüməsinə… Öyrədirsən onlara öyrəndiklərini… Bəzən qısqanırsan onlara valideynlərini, bəzən paxıllıq edirsən, bəzən sevirsən onları… Dalaşırsan, bölüşməyi sevmirsən deyə…
1, 2, 3… İlk qadağalar bağlayır, ilk dəfə gedirsən orta məktəbə, ibtidai sinif, ilk dərslərin orta məktəbdə… Öyərnirsən elmi, rəqəm, hərifləri… Gələcəkdə lazım olsa da, olmasa da…
1, 2, 3… Davamlı qadağalar. davalar, umu-küsülü qalmalar, sən başlayırsan anlamağa, ağlamağa…
1, 2, 3… İlk sevgin, ilk səadətin, ilk ayrılığın, kədərin, göz yaşın… Həyat davam edir… Ardınca gəlir yeni sevgilər…
1, 2, 3… İlk xəstəliyin, müqavimətin, mübarizən, sağalmağın…
1, 2, 3… Məqsədlərin, arzuların olur, bəzən sənə məxsus olar onlar, bəzən başqalarına, sənə yeridilmiş olur sadəcə olaraq…
1, 2, 3… Gerçəkləşdikcə arzuların, nail olduqca məqsədlərinə sevinirsən, qalibsən, uğurlu insansan… Tərifləyirlər səni, tənqid edirlər… Sözünü kimsə ciddiyə alır… Az da olsa, azad olduğunu düşünürsən…
1, 2, 3… Yaşının keçid dövründəsən… Ardıcıl davalar, şüvənlər, isterikalar, göz yaşları, mübahisələr, etirazlar, tabe olmamaq istəyi, üsyanlar… Küsürsən, barışırsan ailə üzvlərinlə, getməyə yerin yox, tabesən.
1, 2, 3… Sevirsən, düşünürsən ki, o sənin arzularındakıdır… Ailə qurursan, özün olursan valideyn, anlayırsan valideynlərini, onlara nələr çəkdirdiyini…
1, 2, 3… Etmə,olmaz… Sənin deyil… Ayıbdır… Kim nə deyər? Başımızı soxma yerə…
1, 2, 3… Yumursan gözlərini, qapanır göz qapaqların, son nəfəsin, sondan başlayırsan saymağa 3, 2, 1… Nəhayət ki… Sən yoxsan, ölmüsən…
Nə isə…