7/29/2016

Cəmi bir dəfə…


IMG_6503
Görsəydin məni bir dəfə… Cəmi bir dəfə…
Gəlsəydin görüşə…
Baxsaydın gözlərimin içinə…
Bağlayardın bəlkə məni özünə…
Qıymazdın mənə…
Toxunmazdın… Bilirəm…
Səninki deyil şəhvət…
Səninki alidən də ali…
Cəmi bir dəfə öp alnımdan…
Bircə dəfə qoyum başımı çiyinlərinə…
Cəmi bir dəfə tut bir əlimdən, al ovcuna əlimi…
Təsəlli ver mənə…
Cəmi bir dəfə danışanda,
gözün baxsın gözlərimin içinə…
Dağınıq saçlarıma bircə dəfə çəkəsən sığal…
Bir də ki, dinləyim ürəyinin döyüntülərini…
Susmaq…
Sükunəti dinləmək…
Havanı çəkmək ciyərlərimə…
Dərin ah çəkmək…
Bir-iki göz yaşı damcısını axan kimi siləsən…
Və sonda bircə dəfə qucaqlayasan…
Cəmi bir dəfə…
Sonra get istəyirsənsə…
Ya da qal…
Bircə dəfə sadəcə yaşat məni öz dünyanda,
yaşa mənim dünyamda…

7/28/2016

Məni kimsə soruşsa...

13876698_1625253241118264_3224772234038323943_n (1)
Mәni kimsә soruşsa, de ki, yoxam, getmişәm...
Ölüm gәlsә, de ki, bir az möhlәt istәyirәm, yaşamağa tәlәsirәm... Yarımçıq qalıb, arzularım, planlarım, işlәrim...
Xәstәlik gәlsә, de ki, istәmirәm gәlsin qapıma, qov onu, gәlmәsin daha...
Sevgi gәlsә, buraxma, de ki, dәniz kәnarındadır, ruhuyla tәklikdә monoloqdadı...
Ümid gəlsə, buraxma, de ki, yoxam, yalanlara, nağıllara inanmıram, ondan bezmişəm...
Vicdan gəlsə, buraxma, de ki, yoxam, itirmişəm özümü həyat yolumda, çıxmışam özümü axtarmağa...
Ürək gəlsə, de ki, yoxam... Yorulmuşam... Dincəlməyə var ehtiyacım... Qoy o da dincəlsin bir az, son zamanlar yaman narahatdır, yaman ağrıyır...
Səbr gəlsə, de ki, yoxam... Getsin, bir də gəlməsin... Tükənmişəm, yoxam artıq...
Uşaqlar gəlsə, açma, de ki, yoxam, yoxdur burada uşaqlar, yaşamaz kimsə...
Etibar gəlsə, buraxma evimə, de ki, yoxam, çoxdan ona yoxdur ehtiyacım, etibar etdiklərim tərk etmişdir məni, o da tərk etsin...
İnsanlar gəlsə, de ki, yoxam... Qaçıram onlardan... Tənha qalmaq istəyirəm... Bəzən utanıram insan olmağıma görə...
Xatirələr gəlsə, buraxma, yoxam... Onsuz da üzübdür məni nə vaxtdır...
Xəyallar gəlsə, buraxma, yoxam... Xəyallar yalana aparır məni, yoldan çıxardır... Özümü aldatmağa başlayıram...
Hədiyyələr gəlsə, buraxma, de ki, bilmirəm, nə var içində... Sürprizlərdən ehtiyat edərəm bu aralar, son zamanlar...
Burax, gəlsə azadlığı, unutqanlığı...
Bildiyim, anladığım tək bir həqiqət var, içimdəki və çölümdəki Günel ahəngdar olduqları qədər də ziddiyyətlidir, oxşar olduqları qədər də fərqlidirlər... 
Bir də bir həqiqət var...
Ölümә gedәn yolda 33-cü addımımı atmışam...
Hәr kәs özündәn sonra qoyar ad, iz...
Birinin adı, izi qәlblәrdә, yaddaşlarda, beyinlәrdә, şәkillәrdә qalar, silinməz, birinin izi, adına söyәrlәr, qarğış edәrlәr pis olduğundan...
Mәn hansı biriyәm, hәlә bilmirәm...

7/27/2016

Sabah…

13244793_10207073190568521_5455695611889068465_n
Sabah…
Sabah yeni bir gündür sıravi bir gün…
Adım qoyulsa da, doğulsam da, fərqlənməz heç nəyi ilə mənim üçün iki ildir…
Sabah taxmalıyam yeni maskamı, ən mahir aktrisa kimi ən peşəkar rolumu oynamalıyam… Guya deyiləm tənha, guya xoşbəxtəm, sağlamam… Guya vardır sadiq dostlarım, sevirlər məni… Guya düşəcəyəm yada… Guya…
Arzularım gerçəkləşəcək guya… Üzüm güləcək guya…
Hamısı guya olacaq bir məndən savayı… Mənsə sıxılacağam… Qapanacağam diqqətin çox olmasından, diqqətsizlikdən, içimdəki real boşluqdan, hisslərimin məhv olmasından, göz yaşlarımın qurumasından, biganəliyimdən…
Sabah qaçacağam özümdən, yeyəcəyəm anamın bişirdiyi dadlı yeməklərdən… Bəlkə şərab aldım, içdim ki, unudulub, unudum özümü… Bir az da ayıq olub anlayım gerçəkliyi… Atamdan savayı kimsəm yoxdur… Atamın da doğum günüdür… Atamın doğum günündə – 30 yaşında olmuşam atama hədiyyə… Atama görə yaşamalıyam… Qızım da, həyat yoldaşım da, qardaşım da boşluqdadır, yanımda olmadıqları gündən etibarən…
Qaçmaq istəyirəm uzaqlara… Dincəlmək istəyirəm… Ruhum çox yorulub… Mənəviyyatım yorulub… Dünyam da artıq maraqlı deyil… Yoxdur nəyəsə və kiməsə maraq…
Sabah növbəti iş günüdür, işimi görəcəyəm hər gün gördüyüm…
Sabah bəlkə bir az bəzəndim… Bir az gözəl olmaq istədim… Amma onu da istəmirəm… Gözəllik xilas etmir dünyanı… Gözəllik başa bəladır…
Sabah işdəkilər təbrik edəcəklər… Qeyd etməyəcəyəm… Təşəkkür edəcəyəm diqqətə, təbrikə görə…
Sabah bəlkə o, yazdı… Bəlkə zəng etdi… Bəlkə də eşitdim qızımın səsini, həsrətində olduğum… Nə dəyişəcək ki, bəlkə bir az kövrəldim… O da ötüb keçəcək… Həyat davam edəcək, adi olacaq günlərim… Fərqlənməyəcək… İş, ev, yemək, yatmaq… Bir az gəzinti, evə gec gəlmək… Uzaqlaşmaq özümdən…
Sabah üzümdən əskik olmamalıdır təbəssüm, gözümdə həsrət, kədər olsa da, olar…
Sabah nə günüdür ki?! Boş bir gün… Sıradan bir gün… Çox sadə…
Sabah sabah olacaq bu gün, bir gün sonra isə dünən… Mən də günlər kimi ötüb keçəcəyəm…

Biz elə cəmiyyətdə yaşayırıq ki (IV hissə) (satirik, tənqidi, yumoristik yazı)

13716109_10207538482560530_8295088607677141205_n
  1. Biz elə cəmiyyətdə yaşayırıq ki... Dəniz kənarında geyçimlə görsənən və yanında oğlanı olan və olmayan xanımlara pis baxırlar, müazkirəyə, məzxərəyə qoyurlar... Yanında oğlanı varsa, məşuqudur, əxlaqsızdır, yoxdursa, pisdir ki, tənhadır, yoxdur... Ya da ki, oğlan tutmağa gəlib, özünü, bədənini göstərib, toruna kimisə salmaq niyyətindədir... Sanki çimərliyə kostyumda, klassik və ya işgüzar geyimdə gəlmək lazımdır...
  2. Kitab təqdimatı və digər ciddi, ictimai tədbirlərə maraqlı və önəmli olduğu üçün deyil, kimisə "tutmaq", beynini yumaq üçün gedir bir çox insanlar...
  3. Bir xoş olmayan xəbərin çıxmasını gözləyirlər ki, onu müzakirəyə qoyub, qulpundan yapışsınlar, qazandırsa, dibi yanana və yanıq iyi çıxanadək bişirsinlər...
  4. Metroda eskalatorda sol tərəfi boş buraxmırlar ki, ötüb keçənlər sol tərəfdən keçsin... Hamısı solçu olub bizdə...
  5. Tənqidçiləri tənqid etdikləri, müşahidə, təhlil etdikləri, araşdıqları üçün tənqid edirlər... Guya hər şey yaxşıdır bu cəmiyyətdə...
  6. Rəhmətə gedənin dalınca nəyi var danışırlar... Guya dirilib səhvlərini düzəldəcək və ya ölənin yerinə səhvlərini bunlar düzəldəcək, özləri sanki günahsız, səhvsizdirlər...
  7. Kluba, diskotekaya gedənləri, ictimai şəkildə dostları ilə rəqs edənləri əxlaqsız bilirlər... Guya özləri evdən bayıra heç çıxmırlar...
  8. Harasa və ya kiminləsə, tək gedəndə hökmən orada bir şəkil çəkdirmək, məkanı tağ etmək, lazımdır...
  9. Virtual aləmdə olanlara "ovçunun ov axtarışı" prinsipi ilə yanaşanlar var... Bəlkə bir az mırt tutar, məzələnər, cool görsənərlər... Kimsə bəyənər... Deyər, "nə bomba şeydi"...
  10. Futbola canlı olaraq stadionda izləyən, futbol komandasına azarkeşlik edən aktiv qızlarımıza "babat şeydi, nə yanında olaydım", "təkcə sən səslə məni", "otur, sakit bax" deyənlər var... Sanki qadın cinsindən olanlar futbol azarkeşi ola bilməz... Baxanda da, sakit baxmalıdır, emosiyasız... Ətrafdakılar da futbola yox, qızlar olan yerə baxırlar...
  11. Ancaq bizdə qızlardan ibarət fan kluba oğlanlar da üzv olmaq istəyir... Görür ki, fan klubda qəşəng qızlar var...
  12. Yas zamanı molla Qurandan savayı hər şeydən danışır, hər sözü deyir, əsas surələr, Quran qalır kənarda və yas yerindəkilər mollaya deyir, nə deyilməlidir, nə edilməlidir... Kül olsun belə mollaların təpəsinə... "Əl-Fatihə" və digər qısa surələri belə doğru deyə bilmirlər... Beləcə yası yaxşıca yola verirlər... Mollanın da mobil telefonu susmaq bilmir, zəng zəng dalınca... Birisi onlara gərək başa salsın ki, belə yerlərdə telefonu ya səssizə qoymaq lazımdır, ya da söndürmək...
  13. Qəlyan, siqaret çəkən, şərab, çaxır içən qızlara əxlaqsız kimi yanaşırlar... Guya bunların nənələri tənbəki çəkməyib, tütün olmayıb evlərində... Guya evlərində nənə, babaları qəlyan nədir bilməyiblər, üzümdən ev çaxırı edib, içməyiblər... Hamısı mələkdir, hamısı pakdır...
  14. Dövlət və milli qürur mənbəyimiz olan dilimizə digər dillərdən sözləri qatıb o günə qoyuruq ki, rəhmətliklər rəhmətə getmələrinə sevinirlər ki, bu günləri görməyiblər...
  15. Hələ də ictimai nəqliyyat vasitələrində yer davası döyüb tərbiyə, mədəniyyətimizi göstəririk... Guya yer tapıb oturmasa, təcili yardım maşını ilə onu xəstəxanaya çatdırası olacaqlar, ya da elə yerindəcə bağrı partlayıb öləcək...

7/21/2016

Məktub ünvana çatmaz... (Əziz dostum İlqar Qulusoya əziz xatirəsinə həsr edirəm)

13716109_10207538482560530_8295088607677141205_n
Məktublar var ünvansız...
Məktublar var ünvanı var, amma çatmaz ünvanına... Orada işləməz rabitə, poçt, elektron poçt, telefon...
Sözlərimizi də bəlkə eşitmir, yazdıqlarımızı da oxumaz ünvan sahibi, çünki yoxdur o ünvanda həmin insan...
Bir məktub yazıram sənə, o dünyaya, kim və necə çatdıracaq məktubumu, bilmirəm hələ:
Burda havalar çox istidir, yerlə göy əlbir olub, göydən yerə od ələnir, bəs orada necədir hava? Cənnət deyilən, təsvir olunan kimi gözəldirmi? Kimlər var indi yanında?
Tapmısanmı orada dostlar, söz verilən hurilər qulluq edirmi sənə?
Bəs darıxmırsan bizim üçün? Yoxsa, düşmürük yadına?
Gecə və gündüz varmı?Yağırmı yağış, əsirmi külək, meyvələr də orada daha dadlı olar?
Yata bilirsənmi rahat, gözlərinə gedirmi yuxu?
Bilmirəm, bu gün gördüm, səni nə qədər insan sevirmiş, İlqar!
Gözəl insanların yanında özü kimi insanlar olar!
Bizi birləşdirən dəyər oldun, sən bir dəyər idin, dəyər olaraq da qalacaqsan!
Sən əvəzedilməz dostsan, yerin görsənir, yada saldıqca xatirələri, kədər içində sevinclə, göz yaşları axa -axa gülmək varmış qismətimizdə...
Övladların hər gün axşam yolunu gözləyirlər ki, qucaqlasınlar səni, yorğun işdən gəlmisən, sənə çox bağlı idilər...
Necə qıydın bizə, niyə susdun, xəstəliyindən, ağrılarından danışmadın, şikayət etmədin bizə?!
Susduqca, saldın ürəyinə, dözmədi yazıq ürək!
Dilim də gəlmir deməyə: Allah rəhmət eləsin! Barışa bilmirik yoxluğuna...

7/18/2016

“Yox, olmaz!”

IMG-20160703-WA0092
Səbəbsiz olmur bəzən inkarlar, rəddlər, qadağalar… Əsası, səbəbi var hər birinin təməlində, mənalı, mənasız, məntiqli, məntiqsiz… Fərq etməz… Bəzən bizdən asılıdır… Bəzən isə bizdən asılı olmaz…
Hər “niyə”nin cavabı “ona görə”, “çünki” ilə başlar…
-“Mən səni sevirəm. Mənim olmalısan…”
  • “Yox, olmaz!”, “Çünki evlisən… Evdə səni gözləyir xanımın, uşaqların…”
  • “Mən səni sevirəm. Səni istəyirəm…”
  • “Yox, olmaz!”, “Çünki yaşca məndən balacasan. Get yaşıdlarından birini seç… Mən sənin üçün artıq qocayam…”
  • “Mən səni sevirəm. Mənə ərə get…”
  • “Yox, olmaz!”, “Çünki ya boşanmışam, ya da ki, dulam… Ailən razı olmaz… Adımı qoyublar artıq… Barışmalısan…”
  • “Mən səni sevirəm. Sən arzularımın qadınısan…”
  • “Yox, olmaz!” “Ona görə ki, sənin üçün başqa namizəd tapıblar, tezliklə evlənəcəksən onunla…”
  • “Mən səni sevirəm. Mənimlə yaşamalısan…”
  • “Yox, olmaz!”, “Yoxdur öz evin… Kirayələrdə yaşamaq istəmirəm ölənədək…”
  • “Mən səni sevirəm. Səni çox sevirəm…”
  • “Yox, olmaz!”, “Sən mənim dostum, qardaşımsan…”
  • “Mən səni sevirəm. Səni çox sevirəm…”
  • “Yox, olmaz!”, “Anla artıq, hər sevginə, təklifinə, bir səbəbim, “Yox” cavabım mütləq vardır…”

7/14/2016

Peşimansanmı?!

13590464_10207439215038904_3006704765241339337_n

Məni məndən aldın dünya,
Məndən nəyi almadın ki?
Məndə kimi saxladın ki?
Bu məqamda susum gərək...

Yol göstərdin, əmr elədin:
"Get, bu yolu", mən də getdim.
Nə düz, nə əyri, daş kəsəkli o yolları
Yıxılmadan, yorulmadan getməliydim...

İtkiləri, zərbələri, demirəm heç,
Təbiidir mənə görə...
İnsan varkən itkilərsiz, zərbələrsiz
Yaşamağın anlamı nə?

Yalanları, xəyanəti,
Riyakarlıq, min sifəti,
Paxıllığı, pis xisləti,
Gizlətmək də bacarıqdı insanlarda...

Nə deyim mən?
Nə yazım mən?
Susmalıyam burda artıq,
Bilən bilir, Günel kimdir?!
Bilməyənlər heç bilməsin...

Soruşuram özümdən:
Peşimansanmı?
Cavab verir içdəki səs:
Yanlışın da, doğrun kimi
Sənə məxsus, olma məyus...

7/13/2016

Səni...

Səni…

 
 
 
 
 
 
Rate This

Bilirsən, nədir dərdim,
Çətin biləsən axı…
Bilsən belə bu andan,
Dəyişən bir şey olmaz…
Şeyx olmaq istəyirdin,
Şairlərin şeyxiydin,
Futbolu çox sevirdin,
Bir də balıq tutmağı,
Maniyalar var idi,
Bir gün xəngəl,
bir gün sazan,
Şəkillərə baxdıqca,
İndi qəlbim sızıldar…
İnanmaq olmur axı,
Sənin bu yoxluğuna,
Barışmaq olmur axı,
Sənsizlik boşluğuna…
Saçlarını yolduqca,
Əsəb, dərdlər, əziz dost,
Zahirən dəyişsən də,
Daxilin zəngin idi…
Nə yazım indi sənə,
Nə mənası var axı…
Toydan sonra nağara,
Effektsiz olur axı…
Sən yanımda olanda,
susurdum niyə axı…
Bəlkə bilirdim dəqiq,
Xəbərdarsan hər şeydən…

Bir şəkil çəkdim (İlqar Qulusoyun “Bir şəkil göndər” şeirinə cavab olaraq)


1437006325653
Bir şəkil istəmişdin,
Dostlarından şeirində…
Altında da yazaq biz:
“Bizdən sənə hədiyyə”…

Bir şəkil çəkdirmişdim,
Orada tək idim mən,
Saçlarım da dağınıq,
Daranmamış bir halda…

Bir şəkil çəkdirmişdim,
Söykənərək ağaca,
Yeni şəkil idi o,
Gəlib çatmadı sənə…

Bir şəkil çəkdirmişdim,
Yorğun, fikirli idim,
Nə idi məni üzən,
Özüm də heç bilmirdim…

Bəlkə fikirlərimdə,
Səni düşünürdüm mən,
Görüş yeri, vaxtını,
Xəyalən fərz edirdim…

Tələsən də sən oldun,
Gecikənsə, biz dostlar,
Qəlbimizə od qoydun,
Üzür ağrı, yaralar…

Bir şəkil çəkdirmişdim,
Gülərüzlü baxışla,
Bir əlim uzanmışdı,
Sənsə onu tutmadın…

Bir şəkil çəkdirmişdim,
Baxışlarım deyirdi,
Dodağım, dilim susur,
Qəlbim ah-vay edirdi…

İncik idim bir az mən,
Qaçırdım hər görüşdən,
Yazmırdım yazmasaydın,
Bilirsən?!Çox peşimanam…

Göz yaşım axar indi,
Ağrılar var hər yerdə,
Quruyan göz yaşlarım,
İndi qurumaq bilmir…

Kirli deyildi ruhun,
İnsanlığın, baxışın,
Təmiz idi qəlbin də…
Nəyi yuyum mən səndə?!

Səndən bizə nə qaldı?!
Şəkillər, xatirələr,
Qəlbimizdə qoyduğun,
Silinməyən çox izlər…

Səndən bizə nə qaldı?!
Zarafatın, satiran,
Şeirlərin, sözlərin,
Bir də dərin baxışın
O gülən gözlərində…

Deyirdin, dostum


1437006325653
Fərqliydin, deyildin sən hamı kimi,
İlk gündən bağlandım sənə dost kimi,
O qədər doğmaydın, əzizdin mənə,
Getdin sən zarafat, bir yuxu kimi…

Deyirdin, gülümsə, ağlama, Günel,
Deyirdin, təbəssüm yaraşır sənə…
Xətrimi hər kəsdən çox istəyirdin,
Dağladın, ağlatdın, gedişin ilə…

Dostlar arasında olar davalar,
Küsülü qalmaq da vardı dostluqda,
Vidanı qıymadın, tərk etdin məni,
Sənə mən möhtac olduğum anda…

Yerinə kimi mən qoyum, de indi,
Yerini başqası çətin doldurar,
Getdiyin zamandan boşluğundayam,
İndi də, gəl məni apar özünlə…

Gir hər gecə yuxularıma,
Susma sən, danış mənimlə,
De ki, inciklik yoxdur arada,
İndi mən çəkirəm vicdan əzabı,
Olmadım yanında gözlədiyində…

Deyirdin, bu həyat qısadır, Günel,
İncimə kimdənsə, bağışla, barış,
Deyirdin, tənhalıq yaraşmır sənə,
Həyatda qadını sevən olmalı…

7/12/2016

Əgər mən ölsəm… (davamı)

13177378_10207073427974456_4922330585419952569_n
Əgər mən ölsəm,
Şərti yoxdur,
Güzəşt etməz ölüm kiməsə,
Baxmaz yaşına, kimliyinə,
Gəldisə, verməz möhlət, aparar özüylə…
Əgər mən ölsəm,
Kimsə deyəcəkmi “yaxşı insanıydı”,
“rəhmətlik”, “yeri cənnət olsun”?!
Əgər mən ölsəm,
Ağlayan kimsəm olacaqmı görəsən?
Lənətləyəcəkmi həyat və ölümü, mənə görə?
Kimsə fəxr edəcəkmi,
salacaqmı yadına məni,
ölümümdən bir il, beş il, on il sonra?!
Əgər mən ölsəm,
Hökmən öləcəyəm, ölməz deyiləm,
Girəcəyəmmi kiminsə qəlbinə,
Sevəcəklərmi məni öləndən sonra?!
Əgər mən ölsəm,
yuxusunda kim görəcək məni,
kim hiss edəcək öldüyümü,
kim anlayacaq yoxam artıq?!
Əgər mən ölsəm,
Olacaqmı kimsə məni yolda, küçədə axtaran,
xatirələrimlə yaşayan,
“heyif, ölməli insan deyildi” düşünən?!
Yoxsa, deyəcəklər “kafir idi,
çox günahlar etmişdi, əcəb oldu ona”?!
Əgər mən ölsəm, qınayacaqlarmı ölümümü?
Barışacaqmı, bağışlayacaqmı məni
məndən incik qalanlar?!
Edəcəklərmi haqqlarını mənə halal?!
Əgər mən ölsəm, saçlarını yolan,
gözlərində ruhum görsənən, hiss edən məni…
Necə yad edəcəklər məni, qəbrim yox ikən,
Qalacaqmı yazılarım tarixdə,
İmzam, adım, əməllərim, insanlığım
İnsanların yaddaşında?!
Yaxşıları, yaxşılıqları tez unudar bəşər övladı…
Əgər mən ölsəm,
Düşmənlərim sevinəcək dostlarımın məni unutmasına,
Bayram edəcəklər ölməyimə,
Rəqiblərinin olmamasına…
Gözlərinə girirdi insanlığım,
yaradıcılığım, cəsarətim, həqiqəti söyləməyim…
Əgər mən ölsəm, kim nələr deyəcək dalımca,
Hər kəs olacaq öz hayında,
Birlikdə getdiyimiz yerdə, söhbətlərimiz,
Şah ifadələrim, zarafatlarım qalacaqmı tarixdə?
Aforizmlərim, sitatlarım yazılacaqmı, deyiləcəkmi?
Çətin ki, qala, adım, izim,
xatirələrim yaddaşlarda…
Siləcəklər məni də lazımsız məlumat kimi
atacaqlar məni, hər şeyimi
məndən sonra zibil qutusuna…
Əgər mən ölsəm,
Ağlayacaqmı göylər, çaxacaqmı şimşək,
yağacaqmı qar, yağış, dolu,
Əsəcəkmi güclü külək, tufacaqmı qasırğa, fırtına?!
Əgər mən ölsəm, sakit ölmək istəyirəm,
əzab çəkmədən, ya suda boğulum, y
a yuxuda ölüm, yatım,
oyanmayım bir daha…
Əgər mən ölsəm,
Hansı yazım yaddaşlardan silinməyəcək,
Ölməmişdən öncə yazacağım son məktubum, vəsiyyətim,
Son yazım ölümümə həsr edəcəyim…

7/11/2016

Bu da bir zarafatındır, İlqar?! (yaxın dostum İlqar Qulusoyun əziz xatirəsinə)

1437006327251
Cabir Novruz - Sağlığında qiymət verin insanlara
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...

Giriş:
İlqar, sənə bunu sağ ikən yazacaqdım, söz vermişdim sənə... Qismət olmadı... Nə biləydim, səni daha görməyəcəyəm, nə biləydim axı, ortaq dostlarımız vasitəsilə sənə salam göndərə bilməyəcəyəm, əksər yazılarımı oxuduğun kimi bu yazımı oxumaq sənə qismət olmayacaq, səninlə azarkeşi olduğumuz və oyunlarında canımızı, səsimizi qoyduğumuz, həyəcanla izlədiyimiz Qarabağ FK-nın oyunlarının həsrətində olacaqsan... Söz vermişdim ayda bir dəfə sənə vaxt ayırım, görüşək, danışaq, ən yaxın dostum idin axı, sən mənim xətrimi çox istəyirdin, mən də sənin xətrini çox istəyirdim...
Dalaşmağımız, mübahisəmiz də az olmamışdır, çəkişmədən bərkiyə bilməzdi dostluğumuz...
Sənə söz vermişdim, Nəqşicahanın oyunlarına gəlib azarkeşlik etməyə, sənə və komandamıza dəstək olmağa, bu günü sabah edib, gələ bilmirdim, məni bağışla, sən isə gözləyirdin məni... Söz vermişdim qalib gəldiyinizdə bir şərab alacağam, dostlar hamımız qeyd edəcəyik bu qələbəni... Söz vermişdik xingal qonaqlığında yığışacağıq... Söz vermişdik ad günümdə dəniz kənarında piknikə gələcəksən, ötən il gəlmək qismət olmadı, xaricdə idin, bu il isə sənsiz necə qeyd edim axı...
Sən mənim dostum idin, oxucum idin həm də... Fəxr edirdim səninlə... Müzakirə edirdik sağlam düşüncə ilə hər mövzunu, yaradıcılığımı, tənqid edirdin, yol göstərirdin məsləhətlərinlə... Jurnalistikanı sevdirmişdin mənə... Səndən öyrənirdim jurnalist olmağı...
Sən mənə dənizi sevdirdin həm də...Sudan qorxurdum, üzә bilmirdim deyә, sәn sevdirdin dәnizi mәnә, sәn tәrgitdin qorxumu, sәn öyrәtdin hәyat adlı dәnizdә boğulmamağı, üzmәyi... Dəfələrlə üzməyə cəhd etsəm də, dənizin dalğaları batırırdı məni, boğulurdum dənizin suyunun altında, bunu sənə deyəndə, zarafat edirdin: "Çox yüngülsən, bir az kökəl, ay Günel, dənizin suyu səni yıxa bilməsin"
Ərk edib dost kimi çox danlayırdın məni, pis insanları tanıdırdın mәnә, qoruyurdun mәni onlardan, mәnim üçün dost cildindә mәlәk idin...
Elə bir dost idin ki, sənlə vaxtın necə gəlib keçdiyini hiss etmirdim, o qədər şən, zarafatcıl, maraqlı, həyatsevər, pozitiv insan idin ki, gözlərin belə gülürdü...
Mənim haqqımda bilirdin çox şeyi... Ailəmlə barışmağımı istəyirdin: "Ömür qısadır, nə qədər ki, sağsan, nə qədər ki, sağdırlar, dəyər ver onlara, küsülü qaldığın insanlarla barış, bağışla, üzr istə... Sonra gec olacaq..."
Yumor hissin, satiran, fəlsəfi, məntiqi düşüncən, fərqli yaradıcılığın o qədər güclü idi ki, istedadın sərhədlərə sığmırdı... Naz - Lifanın şərəfinə şeir, bayatı yazdın, mən də ona nəzirə yazdım, sən də bəyəndin...
İki ilin dostu idik... İlk görüşümüz İçərişəhərdəki Güllüoğlu kafesində olmuşdu... Yaxşı yadımdadır, bir dondurma sifariş etdik, sonra çay... Zarafata saldın ki: "Dondurmanın dalınca, çay içərlər?! Xəstələnərsən!"
Dəfələrlə görüşdük ya Madoda, ya təsadüfən Qarabağ FK-nın oyunlarında...
Kimdən səni soruşurdum, hər kəs səni tərifləyirdi... Səni sevən çox idi, layiq idin deyə, qazanmışdın bu sevgini... Hamı sağlığında sənə yaxşı dedi, niyə uzanmadı bəs ömrün?!
Bilet tapa bilməyəndə oyunlara, gec xəbər tutanda, təşkil edirdin bir bileti mənə, çox sağ ol dostum...
Səndən bizə qaldı yadigar bir şəkillər, bir xatirələr, bir də zarafatlar... Sən qəlbimizdəsən, yaşayırsan! Qarabağın oyununda gördün məni, yaxınlaşdın fasilədə... Çay içərkən, söhbət etdik, məni fan kluba salacağına söz verdin, saldın da...
Sən: - Qarabağı bu qədər çox sevirsən?
Mən: - Hə...
Sən: - Görürsən, bax, orada qırmızı rəngdə geyinən qızları?
Mən: - Hə...
Sən: - Bax, onlar Qarabağın qızlardan ibarət fan klubudur, rəhbərlərindən biri Vasif Acalov mənim dostum, iş yoldaşımdır, sabah deyərəm ona, üzv edər səni fan kluba, hər oyununa gedərsən, nə qədər istəsən qışqırarsan, səsin batana qədər...

O gün bilirsən, necə xoşbəxt idim?! İçimdən səni bərk qucaqlamaq keçirdi, sevincimdən kövrəldim, ağladım... Sözünün üstündə dayandın, səhərisi gün artıq fan klubun üzvü kimi Vasif məni qəbul etdi... Fan klubun üzvü olaraq, gözəl insanlarla tanış olub, sevimli komandamın futbol oyununu izləyirdim... Çox sağ ol dostum...
Son görüşümüz səninlə Azinforum saytının rəhbəri və ortaq dostumuz, gözəl insan və jurnalist Məhəmmədəli Qəriblinin təşkilatçılığı ilə İsrail-Azərbaycan Tibb Mərkəzində baş tutdu... Səni görüb elə sevinmişdim ki, elə sən də sevinmişdin, zarafatından da geri qalmırdın:
- Salam, bıy, Günel, burda neyləyirsən?
- Məhəmmədəli, məni də aksiyaya qoşub, dəvət edib, gəlmişəm...
- Nə yaxşı...
- Gözləyəcəyəm, görüm sənin səhhətin nə yerdədir, tez getsəm, sonra yazıb xəbər edərsən, diaqnozunu, ölürsən, ya qalırsan...
  • Salam, Günel, necəsən? Məhəmmədəlini də tanıyırsan?
  • Mənim tanımadığım adam qalıb ki?
  • Vallah, belə getsə, məni kölgədə qoyacaqsan...
Hiss edirdin dostlarını... Yaxşı və pis olduğu anları, dəstək olurdun hər zaman...
Özümü pis hiss edəndə, ya yazardın, ya zəng edərdin mənə...
  • Günel, salam, necəsən?
  • Yaxşı...
  • Yaxşı deyilsən axı... Yenə başlamısan neqativ status və yazılara... Nə olub yenə?
Bilirdin ki, yalan deyirəm sənə, səni yükləmək istəmirəm, gizlətməyə çalışıram dərdimi... Olmurdu amma, bilirdin, hiss edirdin, tanıyırdın məni... Bilirdin ki, pis olanda dondurma yeməyi sevirəm... Deyərdin zarafatla: "Get, dondurma al, düzələcək hər şey".
Xəstə olduğumu bilirdin... Təsəlli və dəstək olurdun mənə...Ağrıyanda ürəyim, deyərdin:
  • Günel, yenə ürəyin ağrıyır?
  • Olmayan nəsə necə ağrısın, İlqar?
  • Elə demə... Sənin geniş və təmiz ürəyin var... Saf və səmimisən... Geniş və təmiz ürəyin güclü və hiss edilən ağrıları olar...
Özündən bilərdin bunu... İnsanlardan, yaxınlarından, dostlarından çox zərbələr almışdın mənim kimi... Ona görə çalışırdın ki, eyni səhvlər, zərbələr məndə olmasın...
Keyfim olmayanda, görüşərdik səninlə... Beş dəqiqəyə zarafatın, pozitiv enerjin ilə terapiya kursunu keçirdin sanki mənə, sənin yanında gülməmək, sevinməmək olmurdu...
Danlayırdın ki, yeni həyata başlamıram, hər şeyi qəlbimə yaxın buraxıram, hər kəsi özüm kimi bilirəm... Gözlərimi açmaq istəyirdin mənim...
Kiminləsə şəkil paylaşan kimi zarafatla deyirdin ki: "Günel, sənin tanımadığın, səni tanımayan adam qalmadı, vallah"
Vətənini, təbiəti sevərdin... Təbiiliyi sevərdin, çox səmimi idin, niyyətlərin saf idi sənin...
Ötən il ad günümdə səhər tezdən sən zəng edib oyatdın məni, təbrik etdin, hədiyyə də almışdın, dönəndə Bakıya hədiyyə edəcəkdin mənə... O gün, bu gün hədiyyəmi vermək qismət olmadı... Bu il verəcəkdin hədiyyəmi... Yenə qismət olmayacaq... Daha qismət olmayacaq...
Naxçıvana gedəndə, balıq tutmağını görəndə, xingəl qonaqlıqlarını görəndə zarafatla deyirdim sənə: "Mənsiz boğazından necə keçir, İlqar, payımı saxla..."
Dostlarını, ailəni çox sevirdin. Övladlarınla fəxr edirdin... Məktəb həyəcanını, ata məsuliyyətini gizlədə bilmirdin... Sən sevindikcə, uğur qazandıqca, biz də sevinirdik...
Yazışmalarımıza baxırdım. Son ismarıcında yazmışdın: "Oynumuza gəl, dəstək ol, Emin səni qarşılayacaq, birlikdə gələrsiniz. Gecikmə, gözləyəcəyəm, ortaq dostlarımızı da gətir...". 3 oyununa dəvət etdin, gələ bilmədim, söz verirdim, gəlmirdim amma... İncimirdin məndən... Mənsə özümdən incimişəm... Bu dəfə gəlsəydim, o oyunda olsaydım, dostlarımızı yığsaydım, bəlkə necəsə kömək edə bilərdik sənə... Bəlkə bizi tərk etməzdin...
Şəkillərə baxıram, yadımda düşür o anlar, dialoqlar, zarafatların, atmacaların... Uşaq kimi küsməyim, ağlamağım, sevinməyim...
4-5 ay idi sanki soyumuşdu ünsiyyətimiz, uzaqlaşmışdıq... Ailəndə söz-söhbət, problem olmasın deyə, qıymırdım sənə zəng etməyə, yazmağa...  Birdən düz anlaşılmaz, qısqanclıq olar, mübahisə edərsiniz deyə... Özümü onsuz da bağışlaya bilmirəm... Söz verdiklərimin sayı söz verdiklərindən çox idi, tuta bilmədim, məni bağışla, əgər bacarsan... Bilirəm, gecdir, çox gecdir!
Səndən öyrəniləcək çox şey var idi... Əsl dostluğu, insanlığı öyrənməliydim, peşəkar jurnalist, yazıçı, şair, tənqidçi olmağı, yaradıcılığı sevməyi, dənizdə üzməyi, insanlardan özümü qorumağı öyrənəcəkdim mənə... Yarımçıq qaldı mənə keçəcəyin həyat dərsləri...
Son:
Sabah mәn dә ölәcәyәm,
Öncә tutacaq, sonra vurmayacaq, dayanacaq ürәyim...
Bir gün mәn dә ölәcәyәm,
bәlkә bu gün gәldi ölüm aparmağa o dünyaya, kim bilir...
Baxacağam keçmişimә, tövbә edәcәyәm,
mәlәklәr sayacaq günahlarımı, savablarımı, verәcәk hesabat Allaha...
Allah mәndәn soruşduqca, istәdikcә hesabatı,
susacağam, gözlәrimdәn oxuyacaq, O hәr şeyi görür, eşidir, bilir mәndәn dә yaxşı...
Qorxmuram ölmәkdәn, hazıram,
hәr günümü yaşayıram son günüm kimi, çalışıram qalmasın yarımçıq nәsә sabaha...
Sən bizim üçün ölməmisən, sən qəlbimizdəsən, deməli sən yaşayırsan, İlqar!
Bəlkə, yenə zarafat edirsən bizimlə?! Yoxlayırsan, kim nə deyəcək öldüyünü bildiyi zaman...