6/30/2016

Virtual dərəbəylik-real insanların virtual səfehliyi…(Sevincli Dünyaya nəzirə)


Sevincli Dünyanın eyni adlı yazısına davam, əlavə olaraq yazıram.
İnternet
İnternet – mənim üçün məlumat əldə etmək, zəruri insanlarla ünsiyyətdə olmaq, onları axtarıb tapmaq, material, kitab yükləmək, məqalə və ya xəbər oxumaq, xəbərləri çatdırmaq üçündür. Kimisə narahat etmədən…
Bizdə ən ciddi saytların belə səviyyəsi sıfıra enmişdir, buna görə səviyyəsizlərimizə minnətdar olmalıyıq. Məhz şərq dünyasından olan yaşından asılı olmayaraq, Ərəb, Fars, Pakistan, Əfqanıstan, Türk, Azərbaycan mənşəli vətəndaşların sayəsində bir çox ciddi, işgüzar saytlarda qeydiyyatdan keçməyimə peşiman olmuşam. Aylardır, oradakı səhifələrimə girmirəm və inboksuma yazılanları oxumuram. O qədər bekar, avara, yanıq, psixi, əsəbi xəstə olan, qeyri-etik insanlar var ki, bezdirirlər insanı. Onlara söz təsir etmir. Əksər saytlarda sırf kitab, məqalə yükləmək və ya yerləşdirmək üçün qeydiyyatdan keçmişəm. Forumlardan o qədər uzaqlaşmışam ki, 8 ildir forum üzünə özümü həsrət qoymuşam. Sosial şəbəkədəki səhifələrimi isə uzun müddətə deaktiv edir, səhifələrimə girmirəm. Çünki həm çox vaxt, həm çox əsəb aparır. Mən daha çox real həyat və təbiət tərəfdarıyam. Gəzmək, pik-nik etmək, idman etmək, musiqi dinləmək, rəqs etmək, yazı yazmaq, kitab oxumaq tərəfdarıyam, istirahət və səhhətimə ciddi fikir verirəm.
Virtual Adlar, damğalar
“Sosial şəbəkəyə girən qız əxlaqsızdır”, “Ev qızı internetə girməz” kimi inanclar var dar dünyagörüşü olanlarda. Özləri pis məqsədlə girdikləri üçün hər kəsi özləri kimi bilərlər… Qız və ya oğlan tutmaq üçün, fahişəlik və ya oğraşlıq etmək üçün geniş imkanlar yaradılır sosial şəbəkələrdə. Tuta bilmədiyinə də, tuta bildiyinə də eyni yanaşmaq, adlar, damğalar vurmaq, elə profil adı olaraq özünə müştəri toplamaq iyrənc hal almışdır. İyrənc adlarda olan profil, səhifə, qrupların səviyyəsiz üzvlərini, müzakirələrini demirəm.
Ona görə də saxta profil və qrup, səhifələri tanımağı öyrənmişəm və dərhal blok edirəm. Qorxaq, cəsarətsiz insanlar saxta olarlar.
Virtual dərəbəylik və ya çıxış yolum “qara siyahı”dır.
O qədər səviyyəsiz, bezdirici insanlar var ki, heç vaxt və əsəb sərf etmədən blok edirəm. Qara siyahımda o qədər profil var ki, kimisə blokdan çıxartmaq üçün 5 dəqiqə siyahıda axtarıram. Çalışıram bloka saldığım elə blokda qalsın.
Virtual testlər və ya virtual inanclar
Virtual testlərə, sorğulara inanıb, onların nəticələri ilə yaşayan adamlar da az deyildir.
Bu qədər sadəlövh və safıq məgər? Ya ümid edirik ki, nəsə bir dəyişiklik olacaq bu test və sorğudan sonra… Elə profil sahibləri var ki, xəbər lentlərində ancaq bu cür sorğu və testlərdir.
Virtual həyatda yaşayanlar və ya real həyatı unudanlar
Sosial şəbəkə də bir növ pis vərdiş, asılılıqdır, bekarçılıq əlamətidir mənim üçün. Bu cür vərdiş və asılılığı olan şəxsləri də anlamır, zəif iradəli sayıram.
Seriala baxan insanları da bu qrup insanlara aid edirəm.
Qadın və ya kişi tək yaşayarsa, dərd yarı… Başını qata, ünsiyyətdə olub kimisə axtarıb tapmağa ümid edə bilər. Serial və ya idman kanallarına baxıb, evdə tək olan kişiləri qınamıram, işdən sonra olar, işsiz, avara, bekar adam deyilsə və bütün günü sosial şəbəkədə və ya televizor önündə oturmursa…
Hər şeyini virtual dünyada paylaşanlar və şəxsi həyatını ictimailəşdirənlər çoxdur. Onları tam anlaya bilmirəm. Yeməklərinə qədər, ağlamaqlarına qədər, getdikləri yerə qədər hər yer və hər şey haqqında məlumat verirlər. Məncə, bu cür insanların iradəli zəif və diqqət çatızmalığı kimi problemləri var.
Səhərin gözünü internet və sosial şəbəkə ilə açanlar, bir əlində telefon və planşet vasitəsilə sosial şəbəkəyə girib, hiperaktivlər, gecəni gec yatanlara sadəcə yazığım gəlir. Çünki artıq problemləri var.
  1. Saat: Şəxsən mən sosial şəbəkədə olan səhifələrimi birdəfəlik sildim, tvitter, facebuk və google-da varam, o da bloq yazılarıma və gündə görmədiyim dostlarla ünsiyyət üçün. Onu da tənzimləyirəm, mənə uyğun saatda daxil oluram. Səhər tezdən və axşam 22-00-dən sonra yazanlara ya cavab vermirəm, ya da kobud cavab verirəm. Özləri bayquşdular, yatmırlar, başqalarını da qoymurlar. Belələrinə bir məsləhətim var: Yata bilmirsənsə, rejimə sal özünü. Camaatı da narahat etmə. Hərdən çatımı da bağlayıram, telefondan sosial şəbəkələrin proqram təminatlarını silmişəm ki, bezdirməsinlər. Konkret vaxt və saatlarda girib yoxlayır, cavab yazıram və uzun-uzadı ünsiyyətdə olmağa, söhbət çürütməyə, qeybət etməyə nə həvəsim, nə istəyim, nə vaxtım, nə əsəbim, nə də səbrim var. Mən bunu artıq vaxt itkisi hesab edirəm. Yaxın adamlarla ünsiyyəti real edirəm. Mənim üçün virtual ünsiyyət sadəcə ünsiyyəti saxlamaq üçündür, arada bir tədbir yaradılanda, sosial şəbəkə tədbirlər haqqında məlumat əldə etməkdir, önəmli adamların email və mobil nömrələrini əldə edib, real görüş üçün razılığa gəlmək, yaradıcılığımı paylaşmaqdır, daha səhifələri bəyənmək, səviyyəsiz qruplara üzv olmaq, səviyyəsiz tədbirlərə getmək və kimlərisə cəlb etmək deyildir.
  2. Davranış: Salam verəndə, salamı götürən kimi adamı peşiman edən nə qədər adam var, sorğu-sual, şəxsi həyata müdaxilə, istəmədiyin və sənə gərəkli olmayan müzakirə və məsləhətlər adamı zinhara gətirir. Özünə rəva bilmədiklərini başqasına rəva bilirlər. Dərhla görüş təyin etməyə çalışır, bir görüşdən sonra isə başqa nələrinsə olacağına sadəlövhcəsinə inanırlar.
  3. İş: İş vaxtı iş görərlər. İşin internetlə əlaqəli deyilsə, işini görmək lazımdır, sənə internet və sosial şəbəkələr pul gətirmirsə, əlavə vaxt və səhhət itkisinə səbəb olursa, niyə də aludə olasan ki?! İşdən sonra isə istirahət etmək lazımdır. Asudə vaxtı daha səmərəli keçirilməlidir.
  4. Viruslar: Sadəlövhcəsinə, guya virus olduğunu bilmədiyimiz fayl, keçidləri açmaqla, səhifəmizi də, noutbukumuzu da, yaddaş kartımızı da virusla yoluxdururuq. Bir də ki, yəni bu qədər maraqlıdır 18+ video və yazılar ki, keçidə keçir, faylı açırsınız? İlk baxışdan virus olduğunu anlamaq bu qədər çətindir?! Yox!
  5. Tağlar: Sənə dəxli olmayan status və ya rəy, şərhlərdə adının tağ edilməsi lap bezdiricidir. Xəbərdarlıqlar çox etməyimə baxmayaraq, sözümü ciddi almayanları bloka atıram. Tağdan da çıxardanda, inciyirlər. İnciyirsiniz?! Gedin, su için!
  6. Xəstələr: bəyənmə, şərhlərin sayını önəmli bilən, dostluğunda olanların onun səhifəsindəki paylaşımlarına aktivliyini nəzarət altına alanlar da az deyil. Sanki borcdur, “sən bəyən ki, mən də bəyənim, sən şərh yaz ki, mən də yazım!”. Bu da qərəzlilik prinsipinə əsaslanır.
  7. “Elmi əsər yazanlar”: Bəzi və ya bir çox istifadəçilər tanıdıqları və tanımadıqları adama dissertasiya ölçüsündə inboksa ismarıc yollayır ki, bunu da anlaya bilmirəm. Dəxlisiz mətn, şəkillər göndərənləri isə blok etməkdən başqa çarəsi yoxdur.
  8. Selfişünaslar: Selfi və şəkil xəstələri harada gəldi və nə gəldi, istənilən pozada şəkil çəkdirən adamlardır. Mənim üçün yorucu insanlardır.
  9. “El bizim, sirr bizim” deyənlər: Bu tip insanlar qrup və səhifələrdə hər mövzusunu, sirrini paylaşır, “ağıllı”lar, özlərinə çarə qılanlar özlərinə məxsus məsləhətlər verir, fikirlər yazır, münasibətlər bildirirlər. Ailə münasibətlərindən tutmuş, özəl, intim həyatlarını belə ictimaiyyətə açıqlayırlar. Bəzi rəy və şərh yazanlar isə həmin “ictimaiyyətə açıq və saf” istifadəçini ələ salır, həmin istifadəçi isə gerçək sayır…
  10. “Rəyşünas”, “qınaqşünas”: “Peşəkar”, dəxli oldu, olmadı, bildi, bilmədi hər səhifə, paylaşım, xəbər, qrupda şərh paylaşan, rəy yazan, söz atan “iti ağıllı” istifadəçilər də var… Yazını, paylaşımı, xəbəri tam oxumadan qənaətə gəlmək, tələsik, dəxlisiz, səviyyəsiz münasibət bildirənlərdir bu kateqoriya istifadəçilər. Bəziləri həddlərini aşır, hətta inboksa da, dissertasiya ölçüsündə irad və ismarıc yazır, onu yazanadək, yazını tam oxusaydı, daha yaxşı olardı, eyni vaxt, eyni səbr, eyni əsəb sərf edir axı…
  11. “Smile peşəkarları”: Emoisiya və jest, mimika, səs tonunu, real həyatdakı həyəcanı virtual həyat və onun smile, animeləri vermir, əsla! Hər cümlə və ya söz, söz birləşmələrindən sonra bir durğu işarəsi, bir smile, təsir və effekti o qədər də olmur. Nə qədər peşəkar olsan da, ötürə bilmirsən, hiss və emosiyalarını smile və animelərlə… Çünki onlar içdən gəlmir, qəlbdən gözlərə gəlmir, gözlərdən oxuna bilmir…
  12. Müasirlik: Bir zamanlar telefon, məktub vasitəsilə qeybət, müzakirələr olurdu, saatlarla vaxt sərf edilirdi… İndi bunun öhdəsindən internet gəlir. Qeybət həmin, müzakirə həmin, mövzu həmin, sadəcə müasirləşiblər onlar…
  13. Yaxınları: Bu cür istifadəçinin yan yörəsində olan dost, əzizləri, ailə üzvlərinə baş sağlığı vermək istəyirəm, başınız sağ olsun, canlı insan oldu virtual, cansız… Qidaları nə kitabdır mənəvi qida kimi, nə su və yemək, nə də intim həyat… Seksi də virtual edirlər, yeməyi də, suyu da virtual yeyib-içirlər, işi də virtual bizneslə edirlər…
Virtual dünyanın real səfehləri və avaraları
Bir çox qız və oğlanlar sosial şəbəkədə və tanışlıq saytlarında adam tutmağa çalışır, peşiman edirlər kiminsə paylaşımını bəyənməyə, paylaşmağa, şərh yazmağa, qrupda nəsə paylaşmağa. Hava dəyməyə qoymurlar, dərhal ya inboksa yazmalıdırlar, ya da dostluq yollamalıdırlar.
Problem: Ünsiyyət riski və insanların real həyatda olduqları kimi virtual həyatda olmamasıdır. Ən əsası öz həyat, təbiət, sağlamlığına, vaxtına dəyər verməməsidir. Bu isə bu cür problemləri olan insanların digər normal insanları narahat etməsi ilə nəticələnir.
Bütün istifadəçilər real insanlardır… Real həyatda yaşayan real mövcud olan insanlar… Həyatda zəif və öz yerini tapa bilməyən, özünü doğrultmayan insanlar var onların arasında… Özlərini güclü və ağıllı ancaq virtual aləmdə göstərə bilirlər, çünki düşünürlər ki, əsl kimliklərini gizlədə bilirlər.
Allah bizə ağıl və səbr versin!

6/24/2016

Tənha qalmaq hüququ-Mixail Baxarev

Rus dilindən tərcümə edən mən
20160620_202530
Bir gün bir insan dəniz sahilinə gəlir və üfüqə doğru, uzaqlara baxmağa başlayır. Ona ikinci adam yaxınlaşır və ondan bir şey soruşmayıb onun kimi edir. Onları və bu mənzərəni görən və kənardan ötüb keçən üçüncü şəxs onlara qoşulmağı qərara alır. Bir müddət keçdikdən sonra dəniz sahilində onlarla insan dayanıb üfüqü seyr edirdi.  Hər kəs öz tərəfinə baxır və özünə məxsus olacaq nəyisə gözləyirdi. Kimsə uzaqlarda gəmini görəcəyinə, ümid edirdi, kimsə sadəcə olaraq üfüqə baxırdı, kimsə nəyinsə baş verəcəyini gözləyirdi. Onlar səssiz çox dayandılar və demək olar ki, cınqırlarını belə çıxartmır, tərpənmirdilər.
Amma birdən birinci dəniz sahilinə gələn adam diz üstünə çöküb ağladı. Ona heç kim fikir vermədi. Kimsə düşündü ki,o, yorulub, kimsə qərara gəldi ki, o, görmək istədiyini görmədi, kimsə buna heç fikir vermədi. Heç kim belə düşünmədi ki, o, nə üçün buraya gəlib uzaqlara baxırdı, onlar onun yanında idilər, lakin ona diqqət göstərmirdilər. Onların hər biri nəyisə gözləməyə aludə olmuşdular. Bəs nəyə görə o, dəniz sahilinə gəlmişdi? Nə üçün səssizcə uzaqlara, üfüqə baxırdı? Nə üçün diz çöküb ağlamışdı? Sadəcə, o gün o, hər şeyini itirmişdi, hətta tənha olmaq hüququnu belə…

Gəl, razılığa gələk-Mixail Baxarev

Rus dilindən tərcümə
Bu yaxınlarda oturub insanın daxili insanı haqqında düşüncəyə dalmışdım. Fikirləşirdim, bu insan necə bizi hərdən idarə edə, hərdən isə bizə lazım olmayan, ya da bizim üçün təhlükəli olan işləri görə bilər! Hərdən  bizim zahirən göstərmək istədiyimizdən kəskin fərqlənə bilər, məsələn: biz zahirən sakit və səssiz görsənə bilərik, halbuki o, mülayim deyil, dəlisov ola bilər, biz çox gözəl və hətta çox cəlbedici ola bilərik, amma o, qorxunc və iyrənc ola bilər. Bəzən isə, əksinə ola bilər, insan özünü güclü və lazımlı göstərə bilər, halbuki daxilən zəif və inanılmaz komplekslərlə dolu olmasıyla yanaşı, çox gözəl,çox zərif ola  bilər, zahirən bunu görməmək də mümkündür! Budur, nə şeydir, fikirləşdim mən, bəs bu insanla daxili kompramissə-razılığa gəlmək ola bilərmi? Ona uyğunlaşmaq, ya da onu özünə uyğunlaşdırmaq olmazmı? Axı, biz hərdən tam başqa cürə hərəkət edirik! Biz onu gizlətməyə, bəzəməyə, bəzən isə ona “Sus, tss, özünü araya soxma, sənə görə utanacağam” deməyə çalışırıq!  Düşündüm, düşündüm, bir anlıq bir fikirlə qarşılaşdım, axı bəzən belə edirəm. Bəzən onun bəzi cəhətlərini, vərdişlərini, adətlərini gizlətməyə çalışıram, sanki onlar heç yoxdurlar, amma nə qədər cəhd etsəm də, o boşluqlar tapır və özü bildiyi kimi etməyə qərar verir! Mən çaşmağa başladım, onu azaltmaq üçün nə etməliyəm, variantları seçməyə başladım.  Onunla razılığa gəlməyə başladım (yox, düşünməyin, mən dəli deyiləm, şəxsiyyətin ikiləşməsi məndə yoxdur), onun könlünü almağa başladım, hətta onu ələ almağa çalışdım, lakin o, yenə də, inadkarcasına öz bildiyini etməyə davam  edirdi!  Mənim üçün artıq adət halını almış, yaradılmış obrazdan çıxmağa başlayır.  Bu  anda ağlıma fikir gəldi ki, onunla razılığa gəlmək lazımdır, amma əvvəllər razılığa gəlmək cəhdləri ilə deyil, bilikli, savadlı insanlar etdiyi kimi razılığa gəlmək lazımdır! Deməli, onunla razılığa gəlməyə kömək edən  təsir dərəcəsi vardır! Bu mənə nə üçün indi olduğum kimi olmaq istəyimdə cəhdlərimi anlamağa kömək etdi, bu ona görədir ki, mən onu gizlətməməliyəm, yuxarıda yazdığım kimi, onu dəyişməli, yəni yeniləməliyəm! Bu isə, öz növbəsində, çoxlu güc tələb edir. Mən bunu əvvəl də çox gözəl anlayırdım, amma indi bunu daha yaxşı dərk edirəm. Bu işdə mənə onu itirməyim kömək etdi.  Bu anda onu idarə etməməyə, ona tabe olmağa, ya da onun nə etmək istədiyinə qərar verməsinə icazə verməyə başladım! Etiraf edim ki, bu məni sevindirmirdi! Doğurdan da, mən bunu niyə yazdım! Bəlkə, ilk növbədə, özümə görə, necə deyərlər, özümü bunu qəbul etməyə məcbur etməklə, onun doğru  olana qarşı çıxmaması üçün  onu sındırrmağa məni sövq edəcək qənaətlərə gəlmək və bunu etiraf etmək üçün etdim! Buna görə də doğru olmayana doğru yönəlməyə belə fəal can atmırdım!  Demək olar ki, gündəlik həyatımda məni idarə edən nəyisə dəyişməyə özümü məcbur etməkdir!

6/23/2016

Sadәcә bir dosta var ehtiyacım

Foto: Valeh Arifoğlu

Darıxıram, ehtiyacım var bir dosta, әsl dosta, sükunәti mәnlә dinlәyә bilәcәk, mәnim kimi tәnha birisi, tәnhalığın nә olduğunu bilәn, anlayan dost... 
Susduğumda dindirmәsin, baxışlarımdan oxusun susqunluğumda gizlәtdiyimi... 
İntim, seks istәmәsin, dost seksi tәklif etmәsin, paylaşdığım sirrlәrimi qorusun, ötürmәsin başqa birinә... 
Mәni sevsin dost olaraq, dәyәr versin dostluğuma, mәnә, güdmәsin nәsә... 
Dost kimi sәmimi olsun, pәrdә olmasın aramızda, qucaqlaya bilim onu dost olaraq, gülüm, ağlayım yanında içdәn, qınamasın mәni çox tәbii olmağıma görә... 
Toxunduqca әllәrinә, saçlarına әllәrim sakitlәşim, valeryanım olsun, bir dә ki muzam, ona baxıb yazım.
Zәngin olsun mәnәvi dünyası, әxlaqı, baxışları, sәsi yuxuya aparsın mәni yuxusuz gecәlәrimdә. Darıxanda, olsun yanımda, hәr mövzuda danışa bilim onunla, ehtiyat etmәyim ki, itirә bilәrәm onu bir dost olaraq...
Qorxmayım ondan, gizlәtmәyim dostluğumuzu.
Yozmasın hәrәkәt, sözlәrimi.
Pis olduğumu anlasın, dar günümdә tәk qoymasın, susaraq otursun yanımda.
Dosta ehtiyacım var, bәdәnimә baxmayan, sinәmdә axtarmayan qәlbimi, dodağımda axtarmayan gerçәkliyi, әllәri vә baxışlarıyla mәni soyundurmayan, yatağa salmayan. 
Mәni üzmәyәn, xәtrimә dәymәyәn bir dosta var ehtiyacım...

6/22/2016

Azad deyil…

20160620_202530
Eh…
İnsan övladının tək arzusu azadlıqdır əslində…
O da gerçəkləşməyən ortaq arzudur insanlar arasında…
Azad olmur heç kəs… Tam olaraq azad ola bilmir…
İNSAN NƏ DOĞULANDA, NƏ YAŞAYANDA, NƏ DƏ ÖLƏNDƏ AZAD OLUR. ÇÜNKİ RUH KÖLƏ OLUR İNSANA DOĞULDUĞU ANDAN ÖLƏNƏ QƏDƏR.
İnsan doğulmamış asılılıq, köləlikdə olur, anasından, ana atasından, özündən…
Doğulanda asılı olur valideyn, həkimlərdən…
Bir az böyüyəndə, yaşayanda asılı olur ailədən, digər insanlardan, fərdlərin yaratdığı cəmiyyətdən, qanunlardan, dindən…
Azad olsaydı insan, o zaman nə mübarizə aparardı, nə müqavimət göstərərdi, nə də kimsə idarə etməzdi onu…
Qadağalar çoxdur, qəfəslər çoxdur…
Yalanlarla bir qəfəsdən daha geniş görsənən digər qəfəsə, bir qadağadan daha yumşaq görsənən növbəti qadağaya, bir məhdudiyyət, tabudan, kompleksdən başqa forma almış digər məhdudiyyət, tabu, komplekslərə düşür…
İnsan öləndə də asılı olur digər insanlardan… Kimisi qoymur, buraxmır onu ölməyə… Kimisi yaşamağa qoymur…
Kimisi isə qoymur öləndən sonra ruhu olsun azad… Basırır, salır qəbrə, qəbr isə daha bir qəfəs…
Ruh belə qəfəsdədir, bədəni tərk edəndə, ziddiyyət və narahatlıq içində olar… Ruh belə bilməz, öləndə düşəcək hara…
Başqa dünyalar da bizi azadlıqdan məhrum edir…
Qılman və hurilər olan cənnət nağılı, od və işgəncə olan cəhənnəm nağılı…
Gözümüzü qorxudur digərləri…
Alır əlimizdən həyatımızı, doğulmağımızı, ölməyimizi…
Kişiləri bəzi dinlər sünnət edər, bəziləri qadınlara da qıyar…
Oruc tutaraq sıxarıq özümüzü… Başqalarını anlamaq üçün…
Bəs başqaları anlayırmı məni? Çətin ki!
Hakimiyyət, şahlıq, idarəedici, inzibatçılar da idarə edər bizi, yazar qanunlar bizim inkişafımız, xoşbəxtliyimiz naminə… Əslində, bu da bir qəfəsdir…
İnsan azad deyil, olmayıb, olmayacaq da… Nə qədər cəhd etsə də… Doğulanda da mübarizə aparır, cəhd edir, müqavimət göstərir, yaşayanda da, öləndə də…
Hər kəs kölədir, sağlamlığının, digər insanların, pulun…
Azadlıq həyat özü olmalıdır.
Həyatda isə vardır halal, haramlar… Fərqli düşünən, fərqli hisslər yaşayan insanlar…
Təbiət belə deyildir azad… İnsanlardan, canlılardan asılıdır…
Azad olmağa çalışsaq da, kimdir bizi azad olmağa icazə verən?!

Demərəm… (satirik, yumoristik yazı)


IMG-20160324-WA0044
Xarici parklara, istirahət obyektlərinə baxıram…
Heç bəyənmirəm… Zövqümcə deyil… Əminəm ki, bir çox həmyerlilərim həmfikir olar mənimlə…
Xaricdə hər bir universitetin, tələbə şəhərciyində yaşıllıq var, ot, gül-çiçək var, piknik edir, dincəlir, qazonun üstündə otururlar… Görməmişdilər vallah… Yazıqlar bura gəlsələr, dəli olarlar…
Bizi müharibə, vətəndaş toqquşması, cahan müharibəsi, axirət qorxutmaz… Biz hər şeyin ən pis halına hazırıq…
Mən demərəm:
  • Qıza gözəl demərəm, əgər onda təbii bir cizgi, bədən üzvü qalıbsa… Qızın gözəllik meyarları-tatuaj qaş, şişirtmə dodaq, yumşaq yer, sinə, yanaq, dartılmış üz, dəri, gözlər, kəsilmiş burun, çənədir, bir də ki, qaynaq edilmiş süni saçlar, taxma kirpiklərdir, makiyaj isə o qədər olmalıdır sifətdə ki, qaşısan da, kisələsən də, kerosinlə yusan da, getməsin sifətdən…
  • Park demərəm, əgər orada çayxana, ağac, ağacın budaqlarında setka, ağacın dibində nəcis, sidik qoxuları yoxdursa, polis gizlənmirsə, küncdə-bucaqda, yerə zibil atılmırsa, qazon süni deyilsə, yer mərmərdən döşənməyibsə, kölgəlik varsa, gün vurma, süni və düzgün olmayan suvarma zamanı yıxılanların kəllə-beyin travması diaqnozları, kabab qoxusu və kababa çəkilən köhnə ətdən zəhərlənmə halları olmazsa, xəstəxanaya düşməzsə dincələn adam… Park demərəm, əgər orada yayın istisində qızan, qışın soyuğunda buza dönən, yazın və payızın yağışında su olan dəmir skamyalar qoyulmazsa…
  • Gəlin demərəm, gəlin qaynana və baldızla həftədə bir dəfə dalaşmazsa, bir ildən sonra boşanmazsa, ayda bir dəfə şələ-şüləsini yığıb ata evinə getməzsə, uşağını nənəsi, babası, atası üzünə həsrət qoymazsa, ərini ata evinədək didərgin qoymazsa…
  • Ana demərəm, ictimai yerdə uşağının meyidini sərib döyməzsə, söyüş söyməzsə, qızına varlı adaxlı axtarmazsa, öz qızına” əxlaqlıdır, ev qızı”, başqasına “fahişədir, küçə qızıdır” deməzsə…
  • Qadın demərəm, hər gün gün ərzində bütün telekanallarda göstərilən seriallara baxmazsa, ərinin beynini dır-dırları ilə yeməzsə, ərini xərcə salmazsa…
  • Kişi demərəm, evində xanımı olduğu halda, kənarda ən azı 3 nəfər qadınla intim münasibətdə olmazsa, yeni tanışlıqlar, sərgüzəştlər yaşamazsa…
  • Uşaq demərəm, uşaq vaxtından kimdən pul, hədiyyə gəlmirsə, onu çox istəyərsə…
  • İşi olduğu halda, həyatından, gəlirindən narazı deyilsə kimsə, işsiz olanda, borc altında qalmırsa, insan demərəm ona…

6/21/2016

Dur yanımda…


IMG-20160324-WA0026
Foto: Mülkədar Rüstəmov
Ayaq saxla, dur yanımda, demə ki, varsan, varlığından xəbərdaram, demə ki, mənimləsən çıxdığımız bu yolda, inanmıram, sən çıxıb gedirdin, mən saxlatdım səni, öndəydin, baxmırdın ki, axsayıram, qalmışam arxada…
Dur yanımda, getmə önə, tut əlimdən, tələsmə… Tam olaraq tənha qalmaq yaraşmaz mənə, kölgəmsənsə, ötmə məni, qalma arxamda, dur yanımda, düz yanımda…
Sən özümsən, bir parçamsan, izimsən məndən qalan, kölgəmsən, tək sirdaşım indi sənsən… Təkrarımsan, bir yarımsan… Sənlə daha güclüyəm sanki… Sanki tənha deyiləm… Vardır məni tərk etməyən birisi…
Uzadıram əlimi sənə tərəf, sən də uzat… Əl-ələ tutaraq addımlayaq biz bu yolda…
Mən yıxıldım, mən əyildim, sən də yıxıl, sən də əyil… Mən büdrədim, sən də büdrə… Mən qalxanda ayağa, sən də qalx… Ol mənim… Ol mən…
Dur yanımda… Baxaraq səni özümü görüm… Arıqladığımı, sənə baxdıqca, sanki özümə baxıram kənardan…
Kölgəm, getmə, sən mənim aynadakı simamdan da sədaqətlisən…
Yorulmuşam, gəl uzanaq elə burda, yataq…
Getmə bircə… Ol yanımda… Tənha qoyma məni dərdlərimlə…

Bir az...

2016-06-20-21-36-09-932
Yığ ovcuna bir az suyu, susuzlayan zaman içim ovcundan...
Ovcuna yığ bir daha suyu, yuyum əl-üzümü, günahlarımı...
Yığ ovcuna bir az torpaq, olsun əsası başlanğıcın, davamın...
Yığ ovcuna bir az torpaq,tök yerə, bellə, ağac ək, versin bar...
Yığ ovcuna meyvələri, birdən ürəyim yolda istəyər, nəfsim çəkər...
Yığ ovcuna meyvələri, xəstəyəm axı, təbii dərmanım olar...
Yığ ovcuna pullarını, bax yaxşı, mənə onlar lazım deyil...
Yığ ovcuna pullarını, al  hər şeyi, hər kəsi, məndən başqa...
Ovcun boşaldısa, yum gözlərini, bağla əlinlə onları...
Qaranlıq, zülmət, əsarət, bir azdan gələcək kadr, xəyallar...
Tıx qulağının dəliyini, eşitmə, kənar səsləri, dinlə ürəyinin səsini...
Qoy əlini ürəyinə, vurur nəbzin, say birdən yüzədək...
Bir dəqiqədə neçə dəfə vurdu qəlbin, yaşayırsan hələ də...
Nəfəs al dərindən, ver, aç gözlərini, qulaqlarını, bax, dinlə, həyat var!

Sanki, kaş, bəlkə də...

Hər sözümün ağasıyam, deyənədək mənimdir, susaydım kaş...
Yazmazdım, deməzdim, olmazdım peşiman bəlkə də...
Bilirdim hər sözüm, cümləm belə tez ünvanına çatacaq...
Nəticəsinə, cavabına qatlana bilsəydik, hazır olsaydıq kaş ki... 
Sən eşitmədin, oxumadın, mən isə susdum, yoxdur söz, cümlələr sanki...
Bir peşimançılıq, məyusluq, təsəlli gizlənir "sanki"də, "kaş ki"də, "bəlkə də"də...
"Sanki" bənzətmədir təsəlli üçün, bir də ki, xəyal, arzular, sonsuz bədii təsvirlər...
"Kaş ki" puç olmuş ümid, bitmiş inam, səbr, peşiman olmaq, darıxmaq...
"Bəlkə də" "kaş ki"yə olubdur dərd ortağı, qardaş, sirdaş, yol yoldaşı, yaşanılmalıydı, yaşanılmadı, yaşanmamalıydı, yaşanıldı... Yarımçıqdırlar "bəlkə"lər də, "kaş ki"lər də...
"Sanki" bir istəkdir, yoxluğu ilə cəlb edir bizi... Özümüzü aldadırıq sanki...
"Kaş ki" deyə-deyə "əfsus"larımız, "heyif"lərimiz, gizlənir "kaş ki"də çox gizli məqamlar, sözlər, arzu və fikirlər...
"Bəlkə də" seçimdir, səhv, ya da ki, doğru, etmişik, etməmişik... "Bəlkə də" yaradır "Kaş ki"ləri "Sanki"...
Bu qədər mürəkkəb, bu qədər dərin, bu qədər mənalı, fəlsəfi, azır insanlar...
Özünü keçmişlə məhv etməkdənsə, indini, gələcəyi düşünməlidir "Əslində"...
Eh, daha nələr, nələr, kimlər, kimlər... 
Burada sussam, üç nöqtəmi qoysam, bəlkə də yaxşı olardı...

6/20/2016

Tənha insanlar...

12654442_188648911495811_7152626655224108476_n


Bir zaman sevən, tənha olmayan insanlardır tənha insanlar...
Dostları, rəfiqələri, qohumları, bir zaman ailəsi olan insanlardır tənha insanlar...
Hər bir insan tənhadır, tənhalığa məhkum olur doğulduğu andan ölənədək...
Geci-tezi var...
Qəlb və vicdan var onlarda... Çox istiqanlı, mehribandırlar əslində...
Əsl insandırlar tənha insanlar...
Səmimi və cəsarətli, azad və doğru, haqqın tərəfdarı olduğundan tənha qalarlar...
Hər kəsi anlayar, qınamaz kimisə, qoyar özünü başqalarının yerinə tənha qalanlar...
Tənha insanlar mübariz, güclü olarlar, həm də ki, həssas, kövrək...
Ziddiyyətli olarlar, hər kəsə fərdi yanaşarlar... Hər kəsə inanmazlar...
Bağışlasalar da, barışsalar da, nəticə çıxardarlar...
Silərlərsə kimisə, birdəfəlik silərlər, yazmazlar bir daha o insanı həyatlarına...
Yaşamazlar keçmiş ilə, keçmiş bir mayak olar indiyə və gələcəyə...
Hər kəsi sevərlər, özlərindən sonra hər kəsi sevməyi bacararlar...
Özlərini sevməyi, özü üçün yaşamağı, tənqid etməyi, düşünməyi, səhv və doğrularını anlamağı, özünə hörmət etməyi, özünü kənardan görməyi bacararlar onlar...
Güvəndikləri insan tək özləridir, öz işlərini özləri görər, əməksevər olarlar... Kimisə borclu çıxartmazlar, kimisə günahkar bilməzlər onlar...
Özlərini anlamağa, yaşamağa, sevməyə, həyatı dərk etməyə vaxtları çox olduğundan həyatı yaşamaqdan qorxmazlar...
İtirdikləri, qazandıqları özünün olar, qədrini bilər, qorumağa çalışar. 
Kiminsə fikri ilə hesablaşmaz, kiminsə həyatına qarışmaz və öz həyatını qapalı bilər başqaları üçün...
Susar lazım gələrsə, amma həddini aşanlara göstərər lər yerini...
Kimdənsə asılı olmazlar deyə, cəsarəti hədd tanımaz...
Kimsə gəldiyində, getdiyində önəmli saymazlar, çünki tənhadırlar, özləri var özləri üçün...
Baqalarına çox bağlanmazlar, həqiqəti bildikləri üçün...
Yalanı, xəyanəti sevməzlər...
Rola girməzlər, maska taxmazlar...
Hisslərini yaşadıqlarını kimi də göstərərlər...
Düşündüklərini də deyərlər, yazarlar...
Tənha olmaqdan qorxmazlar...
Özləri bişirib yeyər yeməyini, istədikləri vaxt yatarlar...
Azad olarlar seçimlərində...
Tənha insanlar xəstələndiyi zaman da özləri müalicə edər özləri olar...
Çox mütaliə etmiş olarlar. Hər sahəni bilərlər ki, kiməsə möhtac olmasınlar...
Paxıl olmazlar, bəhsəbəs etməzlər...
Bir çatışmazlıq var tənhalıqda...
Öləndə kimsə xəbər tutmaz, kimsə ağlamaz... Kimsə deməz, onlar haqqında "Allah rəhmət etsin, yaxşı insan idi, bu tənha insan!"
Cəmiyyət onları anlamaz, qınayar, şərləyər, paxıllayar! 
Əslində çox çətindir tənha olmaq!

Çək!


IMG_0013

Ey, İnsan!
Çək, çək əlini həyatımdan… Yaşamaq istəyirəm, qoymursan!
Çək, çək gözlərini məndən… Baxışların “pis”dir, pisliyə yozurlar!
Çək, çək şəklimi xəyalında… Alma əlinə vərəq, rəngli qələmlər!
Çək, çək mənim yerimə yükümü… Çox ağır olsa da, bax, gör, dözürsən?!
Çək, vicdan əzabı, qınadın deyə… Qınamaq asandır kənardan baxsan!
Çək, çək mənim yerimdən öz nəfsini… Nəfsin ağırdır, işlərim düz gətirməz…
Çək, çək barmaqlarını ciblərimdən… Boş cibdən boşluqdan başqa nə çıxar?!
Çək, çək siqaretini içinə… Tüstünü vermə mən tərəfə, həyatım zəhər içindədir…
Çək, çək içkini başına, ötür mədənə, yandır özünü… Mənə demə ki, mənəm günahkar!
Çək, çək bir film, al əlinə kamera… Həyatımdan bir serial çıxar bitməz süjetin, obrazların…
Çək, qəlbini özünə tərəf… Mənim qəlbimin qəlbinə yoxdur ehtiyacı…
Çək, sığal çək öz başına… Mənim başımla işin olmasın…
Çək, bacardıqca, al, çək, vermə ancaq… Budur sənin niyyətin,”saflığın”, aldatmaq!
Aldatmaq, öncə özünü, sonra başqalarını…
Bax, indi çək, dediyim sözlərin ağırlığını, söymədim səni, təhqir etmədim…
Sözüm kəsərlidir, qəlbini yaraladı, axır içində qan…
Bax, rahatlıq tapmaq istəyirsənsə, məndən birdəfəlik qəmişini çək!

Bax!

13244793_10207073190568521_5455695611889068465_n
Bax, falıma, ancaq sus,
demə mənə, nə olacaq...
Gələcəyi bilməsəm mən,
rahat olar yaşamağım.
Bax, üzümə,
gözlərimin düz içinə, danışarkən...
Gözlərin düşməsin dodağıma,
sinəmə, ayaqlarıma.
Bax, ağlıma, düşüncəmə,
bədənimi süzmə barı...
Nə təsəvvür edirsən sən,
təxmin edə bilirəm mən...
Bax, yoxdur bir sünilik məndə,
inan artıq!
Baxışların soyundurmasın məni,
salmasın yatağa,
Bir az fərqlən,
olma başqaları kimi...
Təxəyyülün çox zəngindir,
Sənə elə gəlir, məncə...
Bəlkə artıq baxmayasan?!
Bax əlimə, toxunmadan əllərinlə,
Bax dağınıq saçlarıma...
Yoxdur daramağa həvəs,
Əllərin istəyir olmaq darağın yerinə
Alnımın qırışlarına bax,
Öp alnımdan, bas bağrına,
Gör, necə qocalıram anbaan...
Sən, təsəvvür edirsən,
Sən təxmin edirsən,
Mənsə, hələ yaşayıram...
Mənsə, sənsizəm, tənhayam...
Bax, toxun ürəyimə,
ağrılarım dilə gəlir,
Eşidirsən fəryadını ürəyimin?!
Bax, ağlımdan keçir min cür fikirlər,
Sən yoxsan onların sıralarında...

Məni bağışla, ürək…

Məni bağışla, ürək…
Səni özümkü edə bilmədim…
Səsini dinləmədim, çırpıntılarını, döyüntülərini ciddi qəbul etmədim…
Yaraladıqca səni başqaları, dəydikcə sənə, qorumadım səni, bağışladım…
Məni bağışla, ürək…
Özümü sənə sevdirə bilmədim, səni isə özümə…
Ağlım önəmlidir deyib, səni susdurdum, ağladın için-için, boğdum…
Səni ciddi almırdım axı, sən varsan, ya yoxsan, fərq etməzdi mənə…
Məni bağışla, ürək…
Sən məndən daha çox canlısan, vicdanlısan…
Sən məndən daha çox şanslısan, etibarlısan…
Məni bağışla, ürək…
Dözmədin haqsızlığa, ağrıdın, ağrıtdın məni, sonra da sancılar verdin…
“Bax, indi sən daşı ağrılarımı, bəlkə anlayarsan, nə çəkdiyimi”,
“Mən varam” demək istədin mənə, ürəksiz olmaq istəyirdim axı…
“Bu da keçər”, “Müvəqqətidir”, “Eybi yox” deməklə, sənə verirdim əzab
Özümü aldadırdım təsəllilərlə, hər kəsi bağışlamaqla, barışmaqla…
Hər ümidimi, inamımı, zərbələri, ağrılarımı, darıxmağımı atırdım sənin öhdənə,
Daşıya bilmədiklərimi, daşımaq istəmədiklərimi, “sən daşı” istədim,
Haqsız oldum sənə qarşı, sevmədim səni, ağlım qədər…
Düşündüm ki, sən hər zaman yanılırsan,
səhv yola çəkirsən, üzürsən məni…
Halbuki, mən yanıldım, mən səhv yola çəkdim səni, üzdüm…
Dözmədin mənə, dözmək istəmədin, xəstəsən artıq…
Ağrıların dayanmır, göz yaşların axır, erkən yatıram sənə görə…
Çox şeyi yollamıram sənin üzərinə…
Bivec olmuşam artıq…
Məni bağışla, ürək…
Gec bildim varlığını,
gec anladım ki, sən varsan,
sol kürəyimdə, sol tərərfim hərəkətsiz dayanmışdır ağrılardan…
Gec anladım ki, vurursan,
bir gün dayanacaqsan, səndən asılıyam,
səni dinləməyə borcluyam axı…

Bilirsən, nə istəyirəm? (davamı)

12516589_1540907359552853_403231977_n
Bilirsən nə istəyirəm?!
Nə biləsən!
Sənin fikirlərin, istəklərin məndən uzaqdır...
Sən məndən daha da uzaqsan!
Susmaq istəyirəm özüm üçün...
Gülmək istəyirəm fikirlərimə, istəklərimə...
Ağlamaq istəyirəm ölmüş dünyama...
Yas tutmaq istəyirəm itirdiyim insanlara,
bir zaman doğma sandıqlarıma...
Səni istəyirəm, qürurum olmasa da,
Cəsarətim çatmır, sənə deməyə:
"Səni sevirəm... Səni sevirəm!"
Hüzur var, sükunət, ətalət...
Qeybə çıxıb narahatlıq, fırtına,
Xeyirdimi görəsən, onların yoxluğu?!
Bəlkə ağ zolaqdır həyatımda,
Öndədir qara zolaqlar...
Bəlkə səni görmək istəmirəm,
Pozacaqsan sükunətimi, rahatlığımı,
Qala bilməyəcəyəm biganə sənə?!
Bəlkə də, bilmirəm hələ, əmin deyiləm...
Kimsən indi mənə, doğma, yoxsa yad?!
Anlaya bilmirəm, sevinirəm yoxluğuna uşaq kimi,
Həyəcan, iztirab, kədər, darıxmaq da yoxdur artıq...
Bəlkə səni silmişəm hər yerdən?!
Bəlkə daha yoxsan nə hisslərimdə, nə də ki, fikirlərimdə,
Səni yaşayıb bitirdim, səni məhv etdim özümə görə...
Özümü səndən daha çox sevirəm, bəlkə də...

6/17/2016

Sətiraltı

Alma qadamı... 
Salma şirin dilini işə, 
Qadamı alma...
Niyyətin əlbir olub,
Nəfsin, hissin ilə...
Yığ ağlını başına,
Uşaq olma,
Böyü bir az...
Ağrımı alma üstünə,
Altında qalarsan...
Səbr elə, şair,
Vəsf edər səni Afət,
Şoka düşərsən...

6/10/2016

C hərfi – mənim üçün

13244793_10207073190568521_5455695611889068465_n
C hərfi – mənim üçün
Ciddiyyətə varmaq, sonra çıxmaqdır,
Can atmaqdır azadlığa,
Cavabıdır mənə verdiyiniz sualların…
C hərfi – mənim üçün
Cənnət, cəhənnəmdir bu dünyada,
Cəmiyyətdi qəbul etmədiyim,
Cəsarətdir yazdığım hər bir yazımda…
C hərfi – mənim üçün
Cəhalətdir insanların arasında,
Canıma çevrilən doğmalarımdır,
Haqqımda danışdığınız cəfəngiyyatdır…

“Q” hərfi


12654442_188648911495811_7152626655224108476_n
Ramil Mərzilinin eyni adlı şeirinə nəzirə
Q hərfi – mənim üçün
Qarabağdır, Qara bağdır,
Qardaş, qara daşdır,
Qandır, qisasdır…
Q hərfi – mənim üçün
Qadın, qeyrətdi,
Qızım, qazancımdır,
Qəbirdir, qazamatdır…
 Q hərfi – mənim üçün
Qəfəsdir, qəlbimdir…
Qənaət etməkdir hisslərimə,
Qürurdur həm də…
 Q hərfi – mənim üçün
Qocalmağa gedən yoldur,
Qələbəmdir, quş tək uçmaqdır,
Qaçmaqdır hər kəsdən ölümə doğru…
 Q hərfi – mənim üçün
Qorxmamaqdır ayrılıqdan,
Qızınmaqdır soyuqda tək-tənha,
Qızımdan uzaqda qəhərdən boğulmaqdır…

6/08/2016

Sənə…

13244793_10207073190568521_5455695611889068465_nAysel Abdullazadənin eyni adlı şeirinə nəzirə
Sənə inandımsa,
Bağışla, əgər bacarsan,
Təqsir məndədir ancaq,
Çox sadə və sadəlövhəm…

Səni sevdimsə,
Bağışla yenə, neyləyim axı?!
Səni sevməmək günahdır!
Günaha bata bilməzdim…

Səni seçdimsə,
Bağışla, bu dəfəlik,
Seçimlərimdə var doğru, yanlışlar,
Sən hansındasan, hələ bilmirəm…

Sənə yazdımsa,
Dedimsə sözlərimi,
Sus, cavabsız qalsın,
Cavabını yaxşı bilirəm…