3/31/2016

Niyə müsəlman deyiləm?

12299655_10153709481127618_926153180_o
1.Siğəni və erkən nigahı dəstəkləmirəm. Elm tərəfdarıyam.
2.Görmədiyi şeytana daş ataraq, insanların ağıllanacağına və haqq yoluna qayıdacağına, şeytana bir müsbət təsiri olacağına və insanlardan əl çəkəcəyinə inanmıram.
3.Məkkədəki daş ətrafında ziyarəti absurd və gülünc, büdbərəstliyin əlaməti hesab edirəm.Ərəblərə halal olsun, bu qədər insanı barmağında fırladıb, biznes qurub.
4.Oruc tutmaq da, gülüncdür, bütün günü yemə, içmə, sonra evdə nə var ye, iç,  bir səhər ye, bir də axşam, bütün günü arvadına əlini vurma, diqqətsiz qoy, sonra əvəzini qarnın tox, partlamada olanda, çıx, yaxınlıq edərək, arıqlamağa, yediklərinin kalorisini əritməyə çalış, ürək kimi digər daxili orqanlar buna necə dözə bilər?
5.Namaza gəlincə, duamı namazsız edirəm, Allahıma sözümü çatdıra bilirəm, şükürlər olsun!
6.Qurban kəsməyə gələndə, qoyunu da Allah yaradıb, Allah da vaxtı gələndə öldürməlidir, niyə biz onun həyatına müdaxilə edib, öldürürük, bizə öldürmək haqqını kim verib axı?İstər insan olsun, istərsə də heyvan.
7. Cümə günlərini niyə xüsusi hesab edək ki, bütün günləri Allah yaradıb!
8.Sədəqəyə gələndə, yoxsullara kömək, məcburi olmamalıdır, kimin imkanı var, xeyriyyəçiliklə məşğul olmaq olar, o da ki, aləmə car çəkmək, özünü reklam etməməklə.
9.Molla və din xadimlərinə gəlincə, hələ gedin Qurani Kərimi tam və düzgün tərcümə edin, mənasını anlayın, öz istədiyiniz kimi deyil, Allah buyurduğu kimi, təhrifsiz şərh edin, sonra insanlara din dərsi keçin!
10. Məhərrəmlik ayını gülünc hesab edirəm, belə dinə inanansınız, yası 3 gündən artıq tutmazlar, üstəlik bədənə zərər vermək, qan tökmək olmaz! Yas da saxlayırsınız, şüvən də qoparsınız, baş da yarırsınız, zəncirlə döyürsünüz özünüzü, üzünüzü cırırsınız. Bu haqqı cahil insanlara Allah verməyib!
11. Dini geyimlərə gələndə, niyə kişilər ağ geyinib ağ qüvvə olurlar, qadınlar qara geyinib qara qüvvəyə çevrilməlidir?!
12. Kül qoyum o insanın başına ki, onun insan olması üçün hökmən cənnət və cəhənnəmə, cənnətdə hurilərə və qılmanlara ehtiyac vardır və bununla stimul edirik dindarları...
Şərq dünyası hər sahədə yarımçıqdır, dindən də, dildən də, əxlaqdan da, mənəviyyatdan da, insanlıqdan da...

3/30/2016

Mənə aşiqsən?! 18+ (Satirik-yumoristik yazı)


Mənə aşiqsən?!
Hə, ya yox?!
Çox nahaq yerə!
Nə aşiq ol, nə də ki, olma...
Mənə baş qoşma...
Məni istəyirsən?!
Buna əminsən?
Hə, ya yox?!
Lap belə, gözüm aydın olsun! Verdin şad xəbər!
Ol biganə, toxunma mənə...
Durmur əllərin, bir yerin dinc! Qalxıb, enib, hərəkətdədir?!
Hə, ya yox?!
Vecimə deyil! Əcəb edirsən! Davam elə, məndən uzaqda, 5 km uzaqlaş sonra...
Rədd ol, gözüm səni görməsin...
Gözələm, cəlb edirəm səni?!
Hə, ya yox?!
Bax, sənə nə?!
Sənin ki, deyiləm, özümə aidəm...
Sən keyfində ol, mən öz keyfimdəyəm, tənhayam, azadam, yalnızam, sağam, ölüyəm, heç sənlik deyil! Sənsiz də xoşbəxtəm, sənsiz də sağlamam!
Başa bəlayam?!
Hə, ya yox!
Deyiləmsə, ola bilərəm, başın mənə sataşmaqla çox bərk ağrıyar...
Mələyəm?
Hə, ya yox?!
Yanılırsan, məndən uzaq dur, həyatın zəhər olmamış, mən səni cəhənnəmə yola salmamış...
İstəyirsən, olum fahişən?!
Hə, ya yox?!
İştahan pis deyil, güldürmə məni, sən kimsən axı?!
Ehtiraslıyam, od parçasıyam, yandırıb-yaxanam?
Hə, ya yox?!
De, sən öl! Nə yaxşı dedin! Sualım var: Hardan bilirsən?!Yoxlamısan?!
Hər şey bu qədər asan, aydın, dəqiq, anlaşılan, indi isə dur ayağa, sürüş burdan!

Atam…


cropped-12049133_10207819599755794_5841062913024938894_n.jpg
O, mənim qürur mənbəyimdir, ona həm zahirən, həm xaraktercə oxşamağımla da fəxr edirəm…
O, mənim atamdır, ailədə ən çox sevdiyim insan… Danlasa da, tənqid etsə də, dalaşıb, küsüb, barışsa da, atamdır mənim… O, azsaylı insandır ki, ona “qızıl adamdır” deyir onu tanıyan hər kəs…
Onunla bir gündə doğulmuşam mən, 30 yaşı olanda, hədiyyə olmuşam ona…
Övladlar hər zaman nümunə olaraq valideynlərini götürərlər özlərinə, ya anaya oxşamaq istəyərlər, ya da ataya… Nədənsə, mən atamı seçdim, atamın qızıyam…
Ondan çox şeyi öyrəndim, elmə maraq, kitablara maraq, özünə güvənmək, mübariz olmaq, mədəniyyət, səbr…
Ondan öz gücünə, tapşırıqsız, pulun olmadan savad və biliyinlə irəli getməyi öyrəndim, təhsil aldım… O, karyerasını öz bilik, savadı, xarakteri, insanlığı sayəsində etmişdir. Hər yerdə hörməti vardır…
O, mənə düşünməyi, düşündükcə yazmağı, xarici dillərə marağı və tərcümələr etməyi öyrətdi… Birlikdə kitabxanaya gedib, elmi məqalələrim üçün dərslik, kitabları oxumaq, qeydlər aparmağı, nəyisə düzgün yerdə axtararaq, axtardığını tapmağı, tərcümə etməyi, elmi məqalələr yazmağı və elmi düşüncələri anlamağı öyrətdi mənə…
Ondan mən vətəndaş olmağı öyrəndim, layiqli vətəndaş… Vicdanı təmiz, adı ləkəsiz, başıuca və xeyirxah vətəndaş olmağı öyrəndim… Dövlət işinə marağımı formalaşdırdı, dövlətimi sevməyi və dövlətimə bağlı olub, ona xidmət etməyi öyrətdi mənə… Uşaq vaxtı dövlətimdən inciyərdim, atam vəzifədə işləyirdi o zamanlar, onu evdə az görərdik, işdən evə gələndə, biz artıq şirin yuxuda olardıq… Onun işi çox olduğundan atamızın üzünə həsrət qaldığımız günlər də az olmayıb, amma sonra anladım ki, bu yanlış deyilmiş, ondan inciməyə dəyməz… O, bizim və dövləti üçün çalışırmış… Boş vaxtı və işdən tez çıxdığı gün bizim üçün bayram olardı… Gəzməyə gedərdik, maaşını alan gün olanda isə bayramımız olurdu, gəzmək, alış-veriş, karusellər, əyləncə, hədiyyələr… Balaca uşağa başqa nə lazımdır axı… Nə qədər vəzifədə işlədi, dövlət məmuru oldu, təmiz işlədi, rüşvət almadı, rüşvət vermədi… Bu qədər təmiz, bu qədər halal. Qohum-qonşular bəxtəvərlik verərdi bizə, “yığıb pulunu, indi qaz vurub qazan doldurur deyə, bala-bala yeyir, gözə gəlməsin deyə”… İçimiz özümüzü yandırırdı, çölümüz özgəni… Yalan niyə deyim axı, biz  varlı olmamışıq, qazandığımız da halal maaşımız olub, qəpik-qəpik yığıb nəsə etmişik, bizə gün ağlayıb atamla anam, boğazlarından kəsib, bizə xərcləyib pulları onlar… Bizi biz ediblər, onlar…  Atam həmişə deyərdi, “pul önəmli deyil, əsas adın təmiz olsun, öləndə ağlayanın olsun, gorumuza aparmayacağıq ki, yığacaqlarımızı”. Hansı evdə doğulmuşdumsa, Keşlə qəsəbəsindəki gecəqonduda, eləcə də orada yaşayırdılar… Nə ev aldılar, nə də köçdülər… Dövlətin verdiyi halal ev növbəsini də, atam güzəştə getdi qaçqınlara… “Onların evi yoxdu, mənim olacaq?!”-demişdi atam o zaman… Uşaq idim, atamı bağışlamırdım ki, halal evimizi verdi qaçqınlara, indi qaçqınların çoxusu necə yaşayır, biz isə necə?! Çox sağ ol belə demədilər… Lazım da deyil… İndi Nərimanov Metrosunun üstündə evimiz olardı…
Onun simasında dostluq etməyi öyrəndim… O, mənim ən yaxın dostumdur…
Sənə yazıram bu yazını…
Kövrəlmə ancaq…
Ata, niyə saçların tez ağardı, tökülməyə başlayıb, hündür boylu idin sərv ağacı kimi, niyə qamətin əyilib, belin bükülüb?!
Niyə hər zaman təbəssüm olan üzündə indi kədər var? Niyə gözlərin dolur, kövrəlirsən?!
Niyə daha üzüm gəlmir, sənin qoluna girməyə, niyə başımı oturarkən boynuna daha qoya bilmirəm axı?
Niyə hələ də nigaransan məndən?! Böyümüşəm axı?! Yoxsa, hələ gözlərində uşağam?!
Niyə tənqid etmirsən məni əvvəlkitək? Niyə daha qürur duymursan mənimlə? İndi əvvəlkitək demirsən mənə “pul önəmli deyil, əsas təmiz addır”, sanki xeyirxah olan, hər kəsə əl tutan, kömək edən, pula önəm verməyən, halal insan deyilsən?! İndi deyirsən, “vaxtını boş yerə sərf etmə, nə xeyri var o işin sənə?Pul gəlir oradan sənə?” Yoxsa, cavanlıq səhvlərindən nəticə çıxartmısan, istəmirsən o səhvləri mən də edim?!
Yazılarımı oxu, tənqid et məni… Niyə hər tənqidi yazımda, cəmiyyətlə mübarizə apardığıma görə qorxursan mənə görə?!Niyə, ehtiyat edirsən, nigaransan məndən? Qorxma, nigaran qalma… Risk meneceriyəm, risklərimi bilirəm, gözə alıram…
Niyə daha əvvəlkitək saatlarla çıxmırıq gəzməyə, danışmırıq, niyə dəlilik edə bilmirəm səninlə, əvvəlkitək zarafatlaşmırıq?
Niyə böyüdükcə, səni anlamaqdansa, sənin haqlı olduğunu qəbul etməkdənsə, inad edirəm, yanılsam belə, öz bildiyimi vermirəm başqasına?!
Niyə əvvəlkitək mehriban deyilik, sanki külək əsir aramızdan, çay axmağa başlayıb, keçib selə?
Deyiləsi çox sözüm var sənə, deyə bilmirəm… Bəlkə günahkaram önündə, üzüm gəlmir deyə?!
Məni bağışla, ata, amma səni sevirəm… Allah canına dəyməsin…

Yemin ettim bir kendime, bir de sana…


10418209_1628523464057060_8826002093223724425_nYemin ettim bir kendime, bir de sana… Yemin ettim, farklı yeminlerdir amma…Yeminlerimde vardır yalan… Yeminlerimle kendimi de, aldattım, seni de…
Sana yemin ettim ki, mutlu olacağım, yalan, kendime ettiyim yeminde vardır mutsuzluk…
Sana yemin ettim ki, seni unutacağım, yalan, kendime ettiyim yeminde sensizlik olsa da, seni unutmayacağım…
Sana yemin ettim, yeni hayata başlayacağım, bitireceyim seni içimde, yalan, kendime etdiyim yeminimde bitirmedim seni, yeni hayatıma başlamadım henüz…
Sana yemin ettim, yeniden aşik olacağım, yalan, kendime yemin ettim ki, sevmeyeceyim bir daha, sen son sevgimsen, davamı olmaz…
Sana yemin ettim, gülecek yüzüm, kalbim sevinecek, yalan, kendime yemin ettim ki, yüzüm yalandan gülse de, sevinmeyecek kalbim, çünki yaralıyam, çünki yarımam…
Sana yemin ettim, kutlayacağım bayramları sensiz, yalan, kendime yemin ettim, bayramlar yoktur bana, bayramlar yasak bana…
Sana yemin ettim, bir yuvam olacak, yalan, kendime ettiyim yeminde yeniden yuva kurmam yoktur, anlasana…
Sana yemin ettim, verdiyim yeminleri tutacağım, yalan, kendime ettiyim yeminde tutmadım sen gidince sana verdiyim yeminleri…

Tənha qalmaq istəyirsən?


Çox adam tənha olmaq istəyir, müəyyən bir vaxt ərzində tənha qalmaq istəyir, bezir insanlardan, hər kəsdən, bəzən elə sakitlik istəyirsən ki, başını götürüb harasa qaçmağı arzulayırsan, tənha, adamlar olmayan yerə… Fikirlərini, hisslərini yerbəyer etmək, həyatını, gələcəyini planlaşdırmaq üçün tənha qalmaq istəyirsən… Tənha qalmaq bəzən yaxşıdır, uzun müddətə deyil, qısa müddətə…
Tənha qalmaq nə deməkdir?Tənhalıq!
  1. Tənhalıq tək ağlamaqdır, başını boynuna qoyacaq, sarılacaq və birgə ağlayacağın bir kimsənin olmamasıdır;
  2. Tənhalıq etibar edib, paylaşacağın. məsləhətləşəcəyim kiməsə ehtiyac duymaqdır;
  3. Özündən asılı olmaqdır;
  4. Xəstələnəndə xəstə hal, qızdırmayla yemək bişirmək, çay dəmləmək, aptekə gedib dərman almaqdır;
  5. Tənhalıq marketə, bazara tək gedib, tək özün üçün bazarlıq etmək, yükünü ağırlığından asılı olmayaraq özünün daşımasıdır;
  6. Öz-özünə yazmaqdır, sanki gündəliyin olmaqdır özünə;
  7. Tənhalıq tənha olduğun və evdə səni kimsə gözləmədiyi üçün evə ancaq yatmağa gəlməkdir;
  8. Tənhalıq evdən uzaqlaşmaq, qaçmaqdır;
  9. Tənhalıq iştahsızlıq, yemədən yatmaq, təklikdə gəzməkdir;
  10. Tənhalıq göz yaşları və düşüncələrlə, ağrılarla baş-başa qalıb yuxuya getməkdir;
  11. Tənhalıq evindəki və ya iç dünyandakı sükunəti özünün pozmağındır;
  12. Tənhalıq vaxtın tez keməsini və günün tez keçməsini arzulmaqdır;
  13. Tənhalıq bayramlardan imtina etməkdir, onları qeyd etməməkdir, çünki qeyd etməyə kimsən qalmayıb artıq;
  14. Həyatındakı yaxşılıqları və yaxşıları, pislikləri və pisləri unutmamaqdır;
  15. Darıxmaq, həsrət çəkmək, ümid etmək, inanmaq və bunlarla özünü təsəlli edib, aldatmaqdır;
  16. Bir qadın üçün qadınların da, kişilərin də sənə olan pis niyyəti, paxıllığı, söz-söhbəti, ittihamı, söyüşləri, təhqirləridir, kişilər tərəfindən edilən əxlaqsız təkliflərdir;
  17. Tənhalıq hər an öləcəyini anlamaq və öləcəyin zaman kimsənin vecinə olmamasını qəbul etməkdir;
  18. İntim həyata vida deməkdir;
  19. Hər işi özünün görməsidir;
  20. Başını işlə qatmaqdır və tənha olduğunu unutmağa çalışmaqdır…

3/23/2016

Bir zaman onlara “Fahişə” dedik…

20151223_164631
Bir zaman qadın, qızlarımız şalvar geyindi, onlara “fahişə” dedik, indi gözümüzə az dəyir don, ətək geyinən qadınlar, kişilər geyinər onları…
Bir zaman yazıçı, şairə qadınlara dedik “fahişə”, “həyatında yaşayıb, yazıbdır” dedik, indi nə qədər qadın şairə, yazıçı qadın var…
Bir zaman restorana, kafeyə gedən xanımlara “fahişə” dedik, indi restoran, kafedən çıxmaz xanımlar…
Bir zaman 18-20 yaşında sevən qızlarımıza dedik “fahişə”, rayonda 13-14 yaşında qızları ərə verən biz deyilik, qızışanlar namusludur, təhsil almaq əvəzinə, kişi axtarır gözləri…
Bir zaman avtomobil alıb, sürən qadınlara “fahişə” dedik, indi öz bacımız, anamız sükan arxasındadır… At çapan qadınlar bizdən deyilmiş…
Bir zaman musiqiyə, rəqsə gedənlərə dedik “fahişə”, indi kimə baxırsan, verib qızını önə valideynlər, get, oxu, oyna…
Bir zaman evdən çölə çıxan, işləyən qadına “fahişə” dedik, indi nə qədər qadın işləyir, evdə tapılan çox azdır…
Bir zaman saçını kəsən, rəngləyən qadına “fahişə” dedik, indi uzun saçlar az gözə dəyər, təbii saç rəngi çətin tapırsan, hamısı rəngləyib…
Bir zaman məktəbə gedən qızlarımıza dedik “fahişə”, indi qızlarımız müəllimədir məktəblərdə…
Bir zaman xaricə oxumağa, işləməyə gedən qızlarımıza dedik “fahişə”, onlar indi zirvədədirlər, kimdənsə deyillər asılı… İndi vətənində qadınlar çox rahat edər fahişəlik…
Bir zaman oğlan, kişiylə dostluq edənə dedik “fahişə”, indi qadın kişi dostluğu vardır…
Bir zaman boşanan, dul qalan qadınlarımıza dedik “fahişə”, indi də deyirik, fahişədirlər… Hələ ki, düzəlməmişik…

3/17/2016

Yeni günün (Novruzun) 30 çaları (satirik, yumoristik yazı)


Novruz yeganə bayramdır ki, qeyd edirəm, çünki mənim üçün təbii, səmimi və təbiətlə birbaşa bağlı olan, soykökümüzə bağlı olan, dindən uzaq bir bayramdır.
Novruz insanları birləşdirən bayramdır. Hamımız təbiətin övladlarıyıq, od da, su da, hava da, su da biz canlılar üçün mövcuddur, yaşamağımıza yardımçıdır.
Zaman keçdikcə, od, su, torpaq və havadan özümüz üçün istifadə etməyi, onların xeyrini və dəyərini anlamağa başladıq, odda ət qızartdıq, yemək bişirdik, torpağı əkib becərdik, bizə məhsul verdi, havanı təmiz saxladıq ki, ciyərlərimizə oksigen getsin, zəhər yox, sunu içdik ki, susuz qalmayaq, su ilə torpağımızı suladıq, su ilə aydınlığa çıxdıq, su ilə yanan odu söndürdük, su ilə torpağa məhsul verdik, sudan buxarlanan və havaya qovuşan maddələrlə yenidən yağış, qarı, sulu qarı gördük, quraqlıqdan qorxduq… Hər dörd ünsür birbaşa təbiətlə bağlıdır, bizim təbiətimizlə, daxili təbiətimizlə bağlıdır.
Novruz milli mənəvi dəyərlərimizi, psixologiyamızı tərənnüm edir. Novruz adət-ənənələri insanları birləşdirir, bəzən isə bizə tanıtdırır…
Adət-ənənələr necə bizi xarakterizə edir, şərq xalqlarını, hətta milli mənəvi dəyərlərimizə çevrilmişdir. Kimsə inciməsin təhlillərimdən.
  1. Qulaq Falı – xoş xəbər eşitmək bəhanəsilə ilin bir günü haqqımız olur ki, qonşu və ya digər insanların ev qapısının arxasında dayanmaqla, evdə baş verənləri, söhbətləri eşidək…
  2. Papaq atma- əliaçıqlıq adəti adı ilə “kimin evində nə var” prinsipi ilə papaq atırıq, papağa qoyulanlardan ev yiyəsi və ailənin statusunu müəyyən edirik…
  3. Bəxt açma, üzük fırlatma, falçıya getmə – o qədər ərə getmək eşqi var qızlarımızda, ildə bir dəfə rəsmi şəkildə fala baxdırırlar ki, bu il bəxtləri açılacaq ya yox…
  4. Yuxuda adaxlını görmə – bəzi qızlar o qədər kişi və ər eşqindədirlər ki, hətta yuxularında belə onu görürlər və görmək istəyirlər…
  5. Tonqaldan tullanmaq – insanların ağrılığını nəyəsə tökmək. yeni ümidlə yeni ilə qədəm qoymaq istəyidir. Ağrı-acını insanlara tökməkdənsə, oda töksək daha yaxşıdır…
  6. Ağacqorxutma – ağac bar verməyəndə, ağacın sahibi onu qorxudur, hədələyir ki, bax bu il bar verməsən, işimə yaramasan, səni kəsəcəyəm ha… Ağac da qorxur, 10 il bar verir ki, 10 il ona dəyən olmasın…
  7. Açar falı – öncədən tutulmuş niyyətin xəbər verməsi ayinidir, götürürsən açarı gedirsən evin yaxınında yol ayrıcına, niyyətini tutursan, yolayırıcı olan yerdə açarı qoyursan sağ ayağının altında, yanından, önündən kim keçsə, nə haqda danışsa, yadında saxlayırsan, evə gəlib niyyətini həmin sözlərlə tutuşdurursan, tutdusa, niyyətin yerinə yetəcək, tutmadısa, başın sağ olsun… Gələn il bu vaxt bir də sınayarsan…
  8. Alma falı – öncədən tutulmuş niyyətin hər hansı bir əlamətə görə xəbər verilməsi ayinidir, iki almadan birinə nişan qoyulur,  niyyət tutulur, evdəki başqa bir nəfərdən almalardan birini götürmək xahiş edilir,  nişanlanmış alma seçilərsə, niyyətin hasil olur, nişanlı alma seçilməzsə, yenə də başın bir illik sağ olsun…
  9. Səməni yetişdirmək – məncə məhsuldarlıq, səbr rəmzi sayıla bilər, səməniyə doğru qulluq etsən, bitəcək, etməsən quruyacaq…
  10. Yumurta döyüşdürmək – yumurta döyüşdürən tərəflərdən kim udarsa, onun istəyi gerçəkləşdirilməlidir, müasir zamanda insanların kreativ düşüncəsini nəzərə alsaq, uduzmaq istəməz kimsə…
  11. Qonaq getmək – bir çox insanlar qonaq getmək, evləri, qohum-əqrəbanı, dost-tanışı gəzmək üçün bəhanə axtarır, bu bəhanəni bayram verir bizə…
  12. Şam yandırmaq – ailə üzvlərinin sayı qədər şam yandırarlar… Vay o adama ki, evdə təkdir…
  13. Yallı getmək – ən çox sevdiyim rəqsimizdir, birlik, həmrəylik, pozitivlik rəmzidir deyə…
  14. Novruz oyunlarını oynamaq – çox sevirəm, əyləncəlidir, çünki müəyyən qədər də olsa, unudursan, pis anları, neqativi…
  15. Belə atalar sözü də var hələ: Yaz gününün yağışı, ər-arvadın savaşı, yaz yağışı qısa olar axı… Tez kəsər, sonra aydınlıq olar, gün çıxar…
  16. Ayna falı – fala baxmağı çox sevirik axı… Bir qurğu qoyulub, şam yandırılır, evdəki digər işıqlar söndürülür, güzgüyə ancaq şamın işığı düşür, niyyət tutan qız güzgünün önündə oturur, qız güzgüyə çox baxdıqda, orada oğlan əksini görməlidir, gördüsə oğlanı, onu qapazlayıb, ərə gedəcək ona…
  17. Baca-Baca – bunu rayonda və ya həyət evində etmək olar, bina evində bunu balkon-balkon etmək olar, balkondan bir torba salırsan, kimin balkonunu xoşbəxt etsən, o, bəxtəvər onu doldurmalıdır…
  18. Küsülüləri barışdırmaq- yaxşı adətdir, bayramda barışıb, bayramdan sonra yenidən dalaşanlara da xeyir edir, ən azı bayramdan barışmaq üçün bayram payı aparır, bayram payı alır, barışır, bir müddət sonra yenə dalaşır ki, yenə barışıq olsun…
  19. Bulaqbaşı – qızlar əli dolu bulaq başına gedər, orada bəzi işlər görərlər, pis yox ha, yaxşı işlər, qız məclisi olar, kənardan istəsə, oğlanlar baxar, çünki qızlar bəzənib gəlmiş olurlar, evdarlıq məharətlərini göstərirlər, kimi bəyənsələr elə onu bulaqbaşından qaçırdıb bəxtəvər edərlər…
  20. Evatdı-evi bayramadək təmizləmək, səliqə-səhmana salmaqdır, evin əsaslı şəkildə təmizlənməsidir, tənbəllər üçün yaxşıdır, heç olmazsa, ildə bir dəfə evin aynı və bəxti açılar…
  21. Evgörmə- təzə ev alanların evinə gedib, pay aparmaq, evini mübarək etməkdir… Əslində, insanlara maraqlıdır axı, alınan yeni ev necədir, evdə nə var, nə yox…
  22. Əvrəz-el – obayla birlikdə əsaslı iməcilik işləri görməkdir… tez-tez olsa, yaxşıdır, abadlıq işləri gedər…
  23. Fatma nənənin hanası- əslində göy qurşağıdır, yağış ayağanda, bu hana, tez itsə, deməli hava aydın olacaq…
  24. Günəşiçağırma – günəşi hədələyib, qorxudub, el-obaya çağırmaq adətidir…
  25. Xoruşdöyüşdürmə – burada heyvanların hüquqlarının qorunması beynəlxalq təşkilatının yeri məlum, 100 səhifəlik bir hesabat yazarlar…
  26. Bayram tonqalı- bayram günü bayram tonqalı közərənə yaxın üzərlik atırlar içinə ki, gözdən qorunsunlar, od aparmadığını bəlkə üzərlik aparar…
  27. Axır çərşənbə günü səfərə yollanmaq olmaz, yoxsa 7 il evində tapılmayacaqsan…
  28. İtboğuşdurma, qoç döyüşü də xoruzdöyüşdürmənin tayıdır…
  29. Qarabayram- şərh vermirəm…
  30. Məzar üstə getmə- ölənlərin ruhunu şad etmək üçün bayram payı aparılır və məzarın üstünə qoyulur, bu payı ölülər yeyəcək, ya dirilər, bilmirəm, bəlkə ruhlar yeyəcək, bəlkə zombilər…

Qızıma yazdığım məktub


Salam, qızım,
İlk sözüm sənə, “Bağışla, məni”dir. Niyəsini zamanla anlayacaqsan… Küsgünsən, məndən ayrılıqda, uzaqda çəkdirdiyin şəkillərə baxıram, göndərilən audiosəslərə qulaq asıram, videogörüntülərdə görürəm səni… Mənim kimi üzün gülmür, qapanmısan, kədərlisən… Mənim kimi insanlardan uzaqlaşırsan, kövrəksən, küsgünsən, fikir içindəsən, kədərli düşüncələr dünyasındasan, xəyallardasan, yoxsa mənli xatirələrində, bilə bilmirəm…
İtirmişəm səni, inamımı, sevincimi, xoşbəxtliyimi, ümidimi, səninlə qovuşacağım günə ümidimi itirmişəm artıq, gücümü itirmişəm, mübarizəm dayanmışdır…
Bağışla ki, məndən öyrənəcəyin, nümunə götürəcəyin az şeylər olacaq, ana kimi nümunə olmadım, ideal, mükəmməl olmadım…
Məndən ana olmağı, övlad sevgisini və ailənin dəyərini bilməyi öyrənə bilmədin… Qadın olmağı, sevməyi, sevilməyi, kişilərlə anlaşmağı, insanlarla dil tapmağı öyrənmədin… İnsanlardan, səni sevməyənlərdən qorunmağı, dostu, düşmənini tanımağı öyrənə bilmədin məndən…
Çox şey öyrədəcəkdim, çox şeyi öyrənməli idin, yarımçıq qaldı…
Nə uşaqlığın oldu, nə gələcəkdə gəncliyin olacaq xoşbəxt insan kimi… Yarım qalacaqsan hər zaman, atılmış hiss edəcəksən özünü… Nifrət edəcəksən mənə… Unudacaqsan məni… Sevməyəcəksən…
Yazdıqlarım qalacaq səhifəmdə, yazılarımda, kitabımda, sənsə istəsən, tapsan, dilimizi unutmasan, oxuyarsan…
Anlayarsan, ana içində necə əzab çəkir, ağlayır… Niyə yeni həyat qura bilmir… Anan da sənin kimi yarım qalıb, yarımçıqdır…
Bilirəm, hər bir qız anasına oxşamaq istəyər, sənsə uşaq vaxtından məni itirmisən, nə simam qalıb yaddaşında, nə səsim… Görsən, bəlkə heç tanımazsan…
Bilirəm, ana daha önəmlidir qız övladı üçün, bilirəm, amma neyləyim belə alındı…
Bəlkə də tələsdim, səni doğmağa, səni arzulamağa, bəlkə də doğulmalı deyildin belə tez… Şans verməliydik ailəmizə, bir-birimizi tanımağa atanla özümə…
Amma peşiman deyiləm, səni mən sevdim, səni mən istədim, sən özün doğuldun, doğulduğun andan sərbəst idin… Sevgidən doğuldun, sevilərək doğuldun, sonra isə dağıldı hər şey, məhv oldu… Mən də günahkaram…
İstəyirdim, oğlum deyil, qızım olsun…
Uzun saçlarımla oynayacaq, barmaqları ilə qarışdıracaq, üzümü çevirib yanağımdan öpəcək, oynayacaq mənlə bir qızım olsun…
Bir qızım olsun, özüm böyüdüm sevərək onu, ana südü verim, sağlam olsun deyə…
Qızım olsun, öyrədim ona həyatı…
Bir qızım olsun, çantamı dağıtsın, kosmetikamı yaxsın üz-başına, əllərinə, sonra keçsin ayna önünə, desin “Ana, bax, necəyəm? Böyümüşəm?!”
Bir qızım olsun, geyinsin balaca ayaqlarına böyük olan ayyaqqabılarımı, işdən evə gələndə baxsın əlimə ki, anam mənə bu gün nə alıb, qucaqlayıb, öpsün, buraxmasın məni…
Bir qızım olsun, paylaşım onunla yaşadığımı, ən yaxın rəfiqəm olsun, ağladığım zaman təsəllim, sevincim, fərəhim olsun…
Bir qızım olsun, biliyimi, yaradıcılığımı, istedadımı ötürüm ona, baxım, uğurlarına, sevinim, fəxr edim onunla…
Bir qızım olsun, pis anımda ağladığımda, qalmasın kənarda, qucaqlasın məni, silsin göz yaşlarımı, “Ana, ağlama, səni sevirəm” desin mənə…
Bir qızım olsun, nazlı, ağıllı, sevimli, gözəl, lap sənin kimi…
Bir qızım olsun, saçları uzun olsun, zahirən mənə oxşasın, atan da desin ki, “Anana oxşamısan qızım, anan kimi çox gözəlsən!”
Bir qızım olsun, yatanda qucaqlayıb yatsın, yuxuya getsin, buraxmasın məni daha…
Bir qızım olsun, səhər işə gedəndə, gəzməyə çıxanda, aynaya baxıb, makiyaj edəndə, nəm salfetkaya silsin makiyajımı, gülərək desin “Çəkmə onu, sən hamıdan onsuz da gözəlsən, ana!”
Bir qızım olsun, qadınlıq məktəbini keçsin, qadın olmağı öyrənsin, qız olmağı öyrənsin, insan olmağı öyrənsin…
Bir qızım olsun, gəzməyə sevinərək çıxsın mənimlə, tutsun əlimi, buraxmasın, yorulanda gəlsin qucağıma, bir də düşməsin qucağımdan…
Bir qızım olsun, kitabları görsün mağazada, aldırtsın, sonra desin, “Bu kitabı oxu mənə”…
Bir qızım olsun, sirdaşım olsun, paylaşsın sevincini də, kədərini də… Ağlayanda ağlasın, güləndə mənlə gülsün…
Bir qızım olsun, ağlatsın məni uğurlarıyla, qələbələriylə, sevinciylə…
Bir qızım olsun, sevməyi öyrənsin, sevilsin, ailə qursun, ərə verim onu sevdiyi kəsə… Bir nəvə versin mənə, bir qız nəvəsi…
Bir qızım olsun, başqa qadına deyil, mənə “Ana, səni sevirəm” desin…
Arzularım gerçək oldu, istədiyimi verdi Allahım, səni verdi mənə… Qədrini bilmədim nə sənin, nə də ki, arzularımın…
Mənə qalan səndən qalan xoş xatirələrdir. Qızım, sənin üçün çox darıxıram…

Sevməyi kimdən öyrəndim?!


Ailə kiçik bir dövlətdir, öz qanunları olan. Bəzi qanunları yazılmış olur, bəziləri yazılmamış.
Ailə ilk keçdiyin məktəbdir, uşaq bağçası, orta və ali məktəbdən öncə. Ailə uşağın həyat məktəbinin başlanğıc sinifləridir.
Ailən sağlam olarsa, valideynlərin tərəfindən sevgi, tərbiyə görərsənsə, ailədə öyrədilən hər şeyi unutmazsan, başqa təsirlərə məruz qalmazsan. Çünki əsl ailə alınmaz qaladı. Çünki əsl ailə elə möhkəm olur ki, kənar təsirlərə məruz qalmır, qoruna bilir.
Mən ailəmlə, valideynlərimlə fəxr edirəm, anam da, atam da  ali təhsillidir, indi Bakı Dövlət Universitetinin məzunlarıdır. Atam ixtisasca iqtisadçıdır, anamsa indi evdar qadın, öncə olub, coğrafiyaşünas.
Ana nənəm də, ana babam da təhsilin tərəfdarı olub, ana nənəm mühasibatlığı, rəqəmləri sevərdi, bu sahədə işləyərdi. Ata babamın indiki dillə desək, öz biznesi olub, anamın ata nənəsi də, savadlı, dünyagörüşü olan, zəhmli qadın olub, ana tərəfdən tam bir ziyalı nəslindənəm, həm ziyalı, həm mədəni, həm yaradıcı, sevməyi bacaran, savadlı olublar hamısı.
Mən çox şeyi ailəmdən öyrəndim, anamdan, atamdan, qardaşımdan, sonra ərimdən, qaynanamdan, qaynatamdan.
Anamdan ana olmağı, fədakarlığı, sevməyi, bir az mühafizəkar, bir az demokrat olmağı öyrəndim, anam mənə azad olmağı öyrətdi, təhsil almağımı, işləməyimi önəmli bildi, kimdənsə və ya nədənsə asılı olmayıb, hər vəziyyətdən çıxmağı və yıxılmamağı, yıxıldığın zaman təkbaşına qalxmağı öyrətdi mənə… Evdar deyildim, nə qədər anam evdar olsa da, indi öz evim var, təkəm, evdarlığımı da özüm etməliyəm…
Kitabı sevməyi, sözü sevməyi, yaradıcılığı sevməyi, təbiəti sevməyi, özünü və özüm kimi digər insanları sevməyi, Allahı sevməyi onlardan öyrəndim…
Sevməyi öyrəndim, ailəmi sevməyi, övladımı sevməyi, dostlarımı sevməyi, ərimi sevməyi…
Sevdikcə, üstdən deyil, dərindən sevməyi, ağılla sevməyi öyrəndim…
İnsan olmağı öyrəndim… İnsanlara dəyər verməyi, düşünməyi öyrəndim…
İrəli getməyi öyrəndim… Güclü və ağıllı olmağı öyrəndim… Seçilməyi öyrəndim…
Atamın anamı necə sevdiyini gördüm, atam mənə ideal ər və kişi obrazındadır, qızıl insan…
Bağışlamağı, barışmağı, doğmalarını darda qoymamağı öyrəndim onlardan…
Tolerant və multimədəni olmağı, səmimi və təbii olmağı, təbiətə hörmət edib, sevməyi, qorumağı öyrəndim…
Yazdıqca, yaradıcılığı anlamağı, qiymətləndirməyi öyrəndim…
Şans verməyi, qurban verməyi, güzəştə getməyi öyrəndim…
Nail olmağı, əldə etməyi, itirməməyi öyrəndim…
Yalan danışmamağı, doğrunu, haqqı seçməyi öyrəndim…
Səbrli olmağı, gözləməyi öyrəndim…
Öz üzərimdə işləməyi, mübariz olmağı öyrəndim…
Öyrəndim, bildim, yetər-deməməyi, davam etməyi, öyrənməyi öyrəndim…
Öz bilik və bacarıqlarım, təhsil və təcrübəmlə irəli getməyi öyrəndim…
Başladığım hər işi məsuliyyətlə və sevərək görməklə, uğur qazanmağı öyrəndim…
Sevərkən gizlətməməyi, paylaşmağı, paxıl olmamağı, pozitivi bölüşməyi, gülməyi, sevinməyi, sevindirməyi, sevdirməyi, güldürməyi öyrəndim…
Mən öyrəndikcə onlardan, məndən də kimsə nəyisə öyrəndi… Çox uzağa getməyin, özünüzdən başlayın, ailənizdən başlayın, mütləq öyrəniləsi nəsə var, dayanmayın, öyrənin…