9/06/2016

Kişilər haqqında mühazirəm (Aqşin Yeniseyin “Qadınlar haqqında mühazirə” yazısına cavab)

Öncə kişilər yarandı, sonra yazdı qanunları… Qanunları qadınlar üçün yazdılar… Sonra qadın yarandı, feministləri yaratdı kişilər qadınları susdurmağa… Hərəkata rəhbəri də başqa qadını qoydular… Qadınlar parçalandı cəbhələrə…
Qadınlar tabe olmaq istəmədikcə kişilərin yazdıqları qanunlara, kişilərin özünə, kişilər arasında da narazılıqlar yarandı… Qanunlara yenidən baxıldı bəzi yerlərdə, qadınlara verildi azadlıq, hüquqlar…
Kişiləri qocaldan səbəb oldu bəzən qadınlar… Kişilər poliqam olub, aşiq oldular gözəlliyə, dəyişildi zövqləri, dəyişdilər qadınlarını növbə ilə, bəzən ikisi, üçü azlıq etdi, 4 qadın istədilər… Kişinin ürəyi genişdir, hər kəsə yer çatar… Qadınlar rəqabətə dözmədilər… Dalaşdılar… Kişi verdikcə, verdi, qadın aldıqca, aldı, yenə narazı qaldı… Kişilər qadınları anlamağa çətinlik çəkdilər… Bəla bildilər başlarına… 4 bəla birdən… Qocaldılar qadınların əlindən erkən yaşlarında… Saçları ağardı, əsəbləri pozuldu, xəstəlik tapdılar ən sonda…
Öyrəndikcə qadınları düşündülər ki, suallarına cavab tapılıb: Qadınlar nə istəyir?
Fərqli qadınlardan fərqli cavablar aldıqca, dolaşdılar, azdılar… Tupikə düşdülər… Daha dərin fikrə getməli oldular qadınları anlamaq üçün…
Kişilərə azlıq etdikcə qadınları axtarmağa başladılar, dayanacaqda, yolda, küçədə, işdə… Hara getdisə, orada bir qadın vardı… Naməhrəm olsa da, kişini cəlb edirdi o qadın… Siyahıda neçənciydi bilinmirdi…
Qadınla gedəndə harasa, peşiman oldu, saatlarla gözlədi ki, qadın hazır olsun… Getməyəndə də, oldu peşiman, qadın şikayət etdi ki, onu sevmir kişisi, evdən bayıra çıxartmır onu, utanır bəlkə…
Doğdu qadınları uşaq ardınca  uşağı… Sayları çoxaldı… Gah qızı doğuldu, gah da ki, oğlu… Xərcləri artdı… Yeni iş, gəlir yeri axtarmağa başladı… Gəlirləri artmalıydı, çoxalmışdı sayları…
Qadınlarla alış-verişə çıxdı, yanında da törədiyi uşaqları… Gah onu istəyirdilər, gah bunu… Çatdırmaq olmurdu heç birini, razı qalmırdı birisi… Susmurdular… Bezdi, gəldi zinhara…
Kənarda eşq yaşamaq istədi… Kənarda axtardı səadəti, sakitliyi, rahatlığı… Kimsə bilməsin amma…
Başqa qoxu gəldi onun üstündən, geyimindən… Siqaret çox çəkməyə başladı, içdi, evə gəlmək istəmirdi, gələndə də gec gəlirdi…
Yalanlar, xəyanətlər, qısqanclıq, ittihamlar, gündəlik davalar… Dağılır ard-arda ailələri… Boşanmalar… Uşaqlara düşəcək aliment haqqı… Ev davası, maşın davası…
Nə idi yazığın başına gələnlər… Düşdü birdən birə… Yuxarıdan aşağıya, göydən yerə, sındı qüruru, beli, qocaldı yenə… Pulu da özünə az qalırdı… Tərk etmişdir hər kəs onu… Ondan istəyirdilər ancaq pul, hər kəsə sanki borclu idi…
Fahişə belə yaxın buraxmazdı onu… Kişi idi ancaq… Sınsa da… Yıxılsa da…
Həyat davam edir…
Heyvanları sevməyə başladı… Küçədən sahibsiz it və pişikləri yığdı başına… Qonşular iydən, səs-küydən şikayət etməyə başladı… Kirayə ev tutdu, yeni işə düzəldi… Yeni həyata başlamışdı guya…
Qocaldıqca, öyrənirdi qadınları, insanları… Bilirdi artıq suala cavabı… Qadınlar nə istəyir?! Bilirdi artıq… Yığdıqca bilik, təcrübəni, öyrənmişdi nə istədiklərini… Gec idi artıq… Bir ayağı xəstəliyə təpik atırdı, o biri ayağı həyat yolunda addımlayırdı… Ürəyində ağrılar… İnfarktlar… Stress… Yuxusuzluq, aclıq… Böhran şəraitinə düşmüşdü sanki… Qadınsız yaşamaq olmurdu axı…
Kişi sevdikcə, susmağa başlayar, addım atar, hərəkətiylə göstərər sevgisini… Qadınlar sözləri də tələb edər… Kişi demədikcə, qadın inciyər… Kişi susar, qadın küsər…
Kişi sevdikcə, qoruyar ailəsini… Sevgisində yanar… Bəzən inanar, bəzən qısqanar… Qadın ağladıqca, yumşalar ürəyi, istədiyini edər o qadın üçün… Qadın isə yenə deyər ki, “azdır, sən məni sevmirsən…”
Kişilər istəyər qadını istənilən zamanda… Qadın bəhanə gətirər, gah incidiyindən, gah yorğunluqdan, gah soyuqqanlılıqdan, gah xəstəlikdən, gah ağrılardan, hamiləlikdən verməz kişisinə istədiyini… Kişiyə yox dedikcə, qadını, kişi kənarda axtarmağa başlayar, tapar da… Susar, yaşayar… Uzaqlaşar qadınından, sevgisini məhv edər… Uşaqları naminə qoruyar ailəsini… Uşaqlarımın anasıdır O!
Kişilər bezdikdə qadınlardan, dəyişər orientasiyasını, sevər başqa kişini… Dəyişər cinsini qadın olar… Bu qədər sadədir kişilər… Sevilməyə haqqı olan insanlar…
Bu qədər sadədirlər onlar… Bəsitdir istəkləri, həyatları… Onları anlamağa nə var ki…
Mən qadınam, bilirəm bunu…
Отправить комментарий