9/08/2016

Elə bir gün gələr ki… (O, oxusun, ona xitabən)


kdr_3923
Foto: Nurlan GM
Elə bir gün gələr ki, gecə yuxu getməz gözlərinə… Tez-tez baxarsan saata, vaxtın tez gəlib keçməsini istəyərsən… Sabahın açılmasını, uzaq bir yerə piyada gəzərək getmək istəyərsən… Düşünməmək istəyərsən, səbəbini bilmək önəmli olmaz…
Elə bir gün gələr ki, boşluq içində, dərin quyuda olduğunu anlayarsan… Çıxış yolunu yaddaşını, həyatını, olanları və olmayanları format etməkdə, unutmaqda, sıfırlamaqda görərsən… Format edərək, silərək, unudaraq, sıfırlayaraq yaşayarsan ta ölənədək…
Elə bir gün gələr ki, ağlamaq istəsən də, ağlaya bilməzsən… Zamanla yığılan, ötürülən siqnalları səhv anladığına, yanıldığına görə özünü qınayar, günahkar bilərsən…
Elə bir gün gələr ki, istəməzsən kiminsə səni axtarmasını, unudulmaq istəyərsən, hayqırmalı olduğun zaman susarsan, qəlbindən üzr istəyərsən, əfv olunacağını gözləyərsən bir müddətədək…
Elə bir gün gələr ki, sevilmək, sevmək istədiyin halda, istəmədiyin kimi davranarsan, tənhalığına şükür edərsən… Tək olmağın səni üzməz… Sevinərsən…
Elə bir gün gələr ki, baxarsan hər kəsin düz gözlərinin içinə, susaraq gedərsən, üzündə bir ironik gülüş olar, gözlərində boşluq, biganəlik, birdəfəlik gedərsən həyat yolundan… Peşiman olmazsan son nidanı, nöqtəni qoyduğuna görə…
Elə bir gün gələr ki, anlayarsan səhvlərini, doğrularını, yaşamaqdan bezdiyin halda, həyata, insanlara, ölümə inad olaraq yaşayarsan…
Elə bir gün gələr ki, sevdiyin yeganə insan özün olarsan… Anlayarsan ki, insanlar yalanı daha çox sevər, daha çox danışar səmimilik maskası altında… Vaxt itirirsən onları dinlədikcə…
Elə bir gün gələr ki, insanlara baxışın boş, mənasız, münasibətin biganə, toxunuşun soyuq, ehtirassız, emosiyasız, yanaşman isə uzaqdan, bəsit olar…
Bir zaman salam verdiyin, doğma olmuş, zirvələrə qaldırdığın insanları salam belə vermək istəməzsən, yadlaşar, zirvədən salarsan uçuruma… Tanımazsan həm onu, həm özünü onun aynasında…
Bu qədər asan, bu qədər gerçək…
Elə bir gün gəldi bu gecə… Pəncərəndən həyata, insanlara, binalara baxdıqca, gəldi bu fikirlər ağlıma… Səni görməmək üçün baxaram hər kəsə, hər yerə… Sən mənə baxsan da, baxmasan da… Susmağı seçmişəm sənin yanında… Son oldu… Yoxsan artıq həyatımda…
Отправить комментарий