8/13/2016

Safiyam…


20140718_211029
Qızım, yazıram sənə növbəti məktubumu…
İki ildir həsrətindəyəm… Evə gec gəlirəm… Sənlə bağlı hər şeyi – oyuncaqlarını, sənə kiçik olan paltarlarını, şəkillərini gizlətmişəm gözdən iraq yerə… Gördükcə, havalanmayım deyə…
Onsuz da, səhhətimdə ciddi problemlər var…
Onsuz da dəli oluram… Qulağımdan səsin, gözlərimin önündən gülüşün, qaçmağın, oynamağın, nazın, burnumdan ətrin getmir ax… Bir də xatirələr… Ən çox üzən odur məni…
Bir də ki, birlikdə yaşamaq istədiklərimiz, yaşamadıqlarımız… Dəniz kənarında qumla oynamağın, sudan qorxmağın… Evdə məni gözləyib, qapının önündə dayanıb, babana “aç qapını, anam gəlir” deməyin, əllərini açıb, dodağını büzüb, məni qucaqlayıb öpməyin, hər yerdə dalımca gəlməyin – necə unudum bunları…
Bir də sənə toxuduqlarımı geyinməyə tələsməyin, şeir deməyin, mahnı oxumağın, yatarkən mənsiz yuxuya getməməyin, başını dizlərimin üstünə qoyub, “saçlarımla oyna” deməyin, altdan yuxarı baxışın, qalxıb qucaqlamağın, alnından öpməyin- bunları necə silim yaddaşımdan…
Parkda, ya qonaq gedəndə, mənə “ana, olar oynayım” deməyin, icazə verdiyimdə, sevincindən uçmağın, məni bərk qucaqlayıb öpməyin, bir yelləncəkdən o birisinə atılmağın, avtobusda qucağımda oturaraq yuxuya getməyin, bazarlığa gedərkən mənimlə birlikdə seçim etməyini bəs necə unudum…
İstirahət günlərində gəzməyə getməyə tələsməyin, paltarını seçməyin, hamama qaçıb əl-üzünü yumağa tələsməyin, yeməyini yeyib, əlinlə küçəni göstərməyin, “indi gəl, gedək gəzməyə, ana” deməyin, uşaqlar səni vurduqda, incitdikdə, mənə onlardan şikayət etməyin, mənə sığınmağın, onları və onların valideynlərini danladığımda, “afərin, ana” deməyini də unuda bilmirəm axı…
Nə qədər təmizləsəm də evi, nə qədər yusam da, hər yerdə xatirən, qoxun var… Gözlərimi yumuram, açıram, yenə sən varsan…
Atanla yeni ana axtarırsınız, mən var olsam da… Nə deyim daha…
İki ildir ki, yoxsan, yaşayırsan mənsiz, soruşmursan məni, darıxmırsan… Mənsə, yanıram… Üzülürəm… Yeni həyata necə başlayım axı… İstəmirəm həyatı nə köhnəsini, nə yenisini… İstəmirəm sənsiz…
İki il bundan əvvəl vidalaşdın mənimlə… İki ilini qeyd edirəm yoxluğunun… Nə dəyişib həyatımda… Çox şey, bircə dəyişməyən var, o da sənin yoxluğun…
İki il bundan əvvəldə qaldı son birgə şəkillərimiz, canlı səsin, canlı baxışın, təbəssümün, əl yelləyib sağollaşmağın, atana sarılmağın… Sonra atanın əlindən tutub gözdən itməyin…
Evə getməyim atamla… Evdə tək qalmağım, şərab almağım marketdən, içməyim… İçərək məst olub o gün olanları unutmaq istəyim… Sonra işdən çıxmağım… Üç ay işsiz qalmağım, atamın xaricdə əməliyyat olmağı, içkiylə özümü unutmağa cəhdlərim, göz yaşlarım, dərdlərim, havalanmağım, siqaret çəkməyə başlamağın, işsizliyim, pulsuzluq, itki itki dalınca… Özümü itirdim… Hər gecə dərman içib ölmək istəyim, bütün günü içki və dərmanlarla yuxuya getmək istəyim… Unudulmaq istəyim… Borclar, ev kirayəsi, xərclər… Hamısı üzərimdə, sıxırdı məni… Dostlar isə… Dostlar öz keyfində… Xəbərsizdirlər məndən… Guya bilsəydilər, nəsə dəyişəcəkdir…
Göz yaşlarımdan nə qədər yaş gəldi, bilmirəm… Çətinliklə düzəldim yeni iş yerimə… Dirçəlməliydim, işimin xətrinə, güclü olmalıydım… Xəstəliklər, qızımın həsrəti, borclar, keçmişimdəki acılar, unutmağa çalışdıqlarım məni güclü etməlidir… Toparlamalıyam özümü… Həyat davam edir…
Bəli, qızım, sən orada keyfdəsən… Mən isə burada “keyf” edirəm ki, unudum, unutmağa çalışım, yaşamağa çalışım, sənsizliyinlə barışım…
Bunu belə, ağlayaraq yazıram… Bəlkə, zamanla anlayarsan, niyə atana vermişəm səni… Qınamazsan məni… Sən məni sevmirdin, sevmədin, sevməyəcəksən… Sən atanın qızısan… Yaşa atanla… Mənsə, eybi yox, qoy burada əzab çəkim, ağlayım yoxluğundan…
Ən sonda soruşuram səndən: “Sənə nə zaman yox dedim axı, yoxluğunla, sevgisizliyinlə cəzalandırdın məni?!” Hələ də anlaya bilmirəm…
Отправить комментарий