8/19/2016

Qadın etiraf edərsə…

Mən sıravi, adi, başqaları kimi bir qadınam…
Tənha qadınam… Zamanı qaytarıb nəyisə dəyişmək istəmirəm… Əsla, yaşadığım yaşanıldı, bitdi…
Son zamanlar reallıqlarla xəyallarımın arasındakı uçurumdayam, içimdə elə böyük bir deşik, boşluq var ki…
Aynabəndə çıxıram, sərin külək toxunur mənə, bir az üşüyürəm, qollarımla qucaqlayıram özümü sanki… Gözlərimi yumuram, sanki o, var həyatımda, arxadan sakit, asta addımlarla yaxınlaşıb, qucaqlayır məni, öpür boynumdan, saçlarımdan… Toxunuşu hiss edirəm sanki… Külək dağıdır sağlarımı… Açıram gözlərimi, dönürəm arxaya doğru, yoxdur kimsə… Təxəyyülüm mənimlə oynamışdır sadəcə olaraq… Məyus oluram…Anlayıram ki, tənhayam…
Reallıqları bilərək gözlərimi yumuram, yuxuya gedirəm… Yuxumda o, var yanımda…. Uzanmış yanımda, qolunu uzatmış mənə doğru, baxışlarımız toqquşur tez-tez… Başım sinəsinin üstündədir, dinləyirəm ürək döyüntülərini… Oyanmaq istəmirəm… Saatın zəngi çalır… Oyanmaq istəmirəm, yuxum mənə şirin gəlir… Reallıqda oyanıram, təkəm yatağımda, yoxdur həyatımda kimsə… Tək yatmağa və oyanmağa məhkumam…
Evdən çıxıb işə gedəndə, özümü aldadıram ki, işdən evə qayıdanda, evimdə tək olmayacağam, evdə məni gözləyən birisi var… Açıram qapını, çıxıram evdən… Dönürəm evə, yenə açıram qapını, eyni şeydir, təkrarlanır, dəyişmir heç nə… Boşluq, sükunət, qaranlıq…
Başımı qatıram sosial şəbəkələrdə, tədbir, seminar, təlimlərdə, görüşlərdə, unutmaq üçün unuda bilmədiklərimi… Vaxtımı öldürmək üçün yazıram, mütaliə edirəm, piyada gəzirəm…
Evdə olarkən tək özün üçün yaşamaq, nəsə etmək, sükunət adamı elə bezdirir ki, dəli olur insan…
Hansısa dost, rəfiqəm məni qucaqlayıb öpəndə, sevincdən gülsəm də, içimdə ağlayıram, bəzən göz yaşlarım satır məni, istəyirəm ki, birisi olsun, hər gün 10 kərə məni qucaqlasın bərk-bərk, öpsün alnımdan, yanağımdan…
Elə istəyirəm ki, etibarlı və səbrli birisi olsun ki, mən danışım həyat hekayəmi, o susaraq dinləsin məni…
Aktivliyimi paylaşa biləcəyim, enerjimi sərf edə biləcəyim, mənə xoş yorğunluq gətirəcək bir nəfər olsun…
Musiqi sədaları altındas baxışaq, rəqs edək, sevişək…
Mən verdikcə özümü ona, qəbul etsin, ancaq almasın, o da versin özünü mənə…
İşə başım elə qatıram ki, işgüzar, sərt,, soyuqqanlı birisi kimi qəbul edilirəm…
Bəzən istəyirəm ki, ağladığım zaman məni bağrıma basıb, göz yaşlarımı silib özümü güldürəcək birisi olsun… Sevinc bəxş etsin bir baxışı, sözü, toxunuşu, təbəssümü ilə…
Birisi olsun, uzatsın əlini, tutum əlindən, buraxmasın bir daha…
Amma gerçəklik danılmazdır, kimsə yox, olmayacaq, Bəlkə çox tələbkaram, eqoistəm, yaxşı biri deyiləm, tənhayam… Tənhalıq qismətimdədir…
Отправить комментарий