8/04/2016

Göndərməyəcəyim məktub

13876698_1625253241118264_3224772234038323943_n (1)
Musiqi dinləyirəm...
Deyəsən gəlib ilham pərilərim, muzalarım...
Yazmağa başlayıram...
Sənə yazıram... Adını çəkmirəm... Özün biləcəksən "kimə aiddir"... 
Adını çəkmirəm, adın qalsın hamı üçün bir sirr olaraq...
Yazıram məktubumu... Göndərməyəcəyəm...
Cəsarət tapıram yazmağa, oxuma ancaq...
Sənə yazıram, oxuma ancaq... Oxuma!
"Əziz dostum, bilirsən, sanki sənlə həm eyniyik, həm də fərqli... Çəkir sənə məni... Sükunətin, rahatlığın, zarafatın, gülüşün, bir də məsum baxışın... Dostum bilirəm səni... Bir az deyəsən azmışam, itmişəm, itirilmişəm... Sənin yanında kim olduğumu bilmirəm... Yanılmaq da istəmirəm... Hər kəs üçün biz yadıq, özümüz üçün dostuq... Tək mənim üçün özəl birisən, doğmasan...
Nəsə demək istəyir baxışlarımız... Çalışıram baxmayım gözlərinin içinə... Batmaq istəmirəm... Yanılmaq istəmirəm... Gözlər qəlbin aynasıdır ancaq...
Dost kimi toxunuram sənə... Üzdə sakitəm ancaq... Yanında oturanda, danışıram ya boşu-boşuna, fərqli mövzulardan, ya da susuram... Bircə, sual verməyəsən... Bircə, sən danışmayasan deyə...
Ehtiyat edirəm... Dostluğumuzdan... İnanıram əslində kişiylə qadının dostluğuna... Hər münasibətdə bir sevgi vardır... Səni dostum olaraq çox sevirəm...
Sənə "qardaş" deyirəm... Sənsə, susursan... Demirsən mənə "bacı"... Xətrimi istəyirsən... Mən də sənin xətrini istəyirəm... Özü də lap çox...
Ehtiyat edirəm, susaraq da, itirməkdən də, deyərək də itirməkdən...
Həyatdan, insanlardan, sevginin özündən o qədər zərbə görmüşəm ki... Ehtiyat edirəm... Sənə bağlanmaqdan ehtiyat edirəm... Sənin üçün darıxmaqdan ehtiyat edirəm...
İstəmirəm baxışlarımız toqquşsun... Birdən nəsə oxuyarsan gözlərimdən...
İstəyirəm, sadəcə sənə baxım... Məsumluğuna, saflığına, gülüşünə, sadəcə dinləyim səsini, alıb aparsın məni başqa dünyaya... Salsın tilsimə...
İstəmirəm, əllərin toxunsun mənə... Birdən hisslərim oyanar, dəmirdən deyiləm, mən də insanam... Tez tələsik çəkim əllərimi əllərinin arasından... Hiss etməyəsən həyəcanlı olduğumu...
İdarə edə bilsəm də özümü... Bir dəlilik keçir içimdən... Dəliyəm əslində... Sıxıram özümü sadəcə olaraq... Səni bərk qucaqlamaq, öpmək əllərindən, alnından, saçlarına sığal çəkmək istəyirəm... Yanımda olmağın belə rahatlıq verər mənə... Çünki sənin alt və pis niyyətlərin yoxdur... Çünki safsan, səmimisən...
Ehtiyat edirəm, gedərsən... Bir də görmərəm səni... Gedərsən həyatımdan birdəfəlik, itirərəm səni... Öz ölümümdən qorxmuram... Ölməsin bircə vaxtsız olaraq mənə əziz olan insanlar...
Oxuma... Oxuma, xahiş edirəm... Dayan...
Oxudunsa, sadəcə boş ver... Keyf elə... Həyat davam edir... Bizi dərd, sevinc birləşdirdi, dost etdi... Ortaq nə qədər mövzular var... Amma sənin yanında susmaq istəyirəm... Klassik musiqi qoyum, dinləyək... Susaq... Dərin fikirlərə dalaq... Bəlkə yerimizə fikirlərimiz danışar telepatik yolla...
Hər şey bu qədər sadə... Bəlkə daha görüşmədik... Oxudunsa, gözlərinə baxmaqdan ehtiyat edəcəyəm... Birdən sual versən, cavabını verə bilməsəm, vermək istəməsəm... Hamı kimi olmaq, adiləşmək istəmirəm sənin üçün..."
Отправить комментарий