8/13/2016

Boşananların “Boş” anları və cəmiyyətdəki “boşluq”lar… 18+ (tənqidi yazı)

 
 
 
 
 
 
1 Vote

12640424_1549632762013646_1562971873089590549_o
Bu günkü mövzum çox aktual mövzudur. Bu yazımı yazanadək, çox düşündüm, müşahidə etdim, araşdırdım, qərəzsiz olmaq və reallığı yazmaq üçün 6 aydan çox vaxt sərf etdim. Ətrafımda boşanan qadın və kişilər çoxdur, boşanmaq ərəfəsində olan və ailəli olduğu halda, “subay” kimi gəzən qadın və kişilərimiz  də az deyildir.
Statistikaya baxsaq, görərik ki, ölkəmizdə qurulan ailələr arasında boşanma halları artmışdır və artmaqdadır.
Boşanma hallarının səbəbələrini bilmək üçün öncə ailə qurmazdan öncəki münasibətləri, ailədaxili münasibətləri və ailənin dağılması səbəblərini, sonda isə boşanmadan sonrakı həyatı araşdırmaq, təhlil etmək, müşahidə etmək lazımdır. Ancaq bundan sonra kimin haqlı, kimin haqsız olduğunu bilmək olar… Əslində hər kəs özünə görə haqlıdır…
Kimsə keyfindən boşanmaz…
Kimsə itirmək, dağıtmaq istəməz…
Kimisə boşandığına görə qınamaq olmaz… Əsla! Kimsə bundan sığortalanmayıb…
Boşanmaq boşalmaq, azad olmaq deyil, əksinə yüklənmək, hər şeyin iki qat artması, yüklənməsidir…
İnsanlar sevsələr belə, ailə həyatında çox zaman ortaq məxrəc, anlaşma, dil tapa bilmirlər… Çoxlu səhvlərə yol verirlər…
İlk səhvləri ailə quranadək özlərini yaxşı tərəfdən göstərmələridir… Sanki ikisi də yaxşı insan, huri-mələkdirlər, bir-birilərini anlayır, sevir, qəbul edir, bir-birilərinə güzəştə gedirlər… Ailə quranadək rol oynayırlar… Ailə qurandan sonra isə üzə çıxır əsl simalar, müxətlif vəziyyətlərdə, çətinlikdə nə edəcəkləri, deyəcəkləri, verəcəkləri qərarları…
Dözümlü olmurlar, hazır olmurlar… Düşünürlər ki, ailə həyatında hər şey bal kimi gedir, idealdır… Sevirsə, etməlidir, edəcəkdir…
Yoxdur vahid şərtlər, vahid qanunlar…
Ailə qurmaq:
  • Cəmiyyətə ismarıcdır. Səsli-küylü toydur, dəvət edilən qonaqlardır, pul salmaqdır, borclu borclunun sağlığını istər prinsipiylə… Sonra gözəl şəkil və videolar çəkdirib, ona bal ayında baxmaqdır…
  • Ailə qurandan sonra ilk çətinlikdə onunla tanış olduğun günü lənətləmək, onu lənətləmək, pisləmək, ondan şikayət etmək, bütün qohum əqrəba, dost-tanışı ailə işinə qatmaqdır…
  • Bir də böyüklərin böyüklük etmək iddiaları, qadağalar, mübahisələrdir… Kənar müdaxilələrlə mübarizə aparmaqdır…
  • Seçim qarşısında qalmaqdır… Valideynlər, yoxsa həyat yoldaşı, dostlar, yoxsa ailə…
  • Vaxtını bölüşdürməkdə çətinlik çəkməkdir…
  • İşin problemləri, yükünü evə gətirməkdir…
  • Ailə qurmağa tələsdirənlər, tələsənlər, sonra yaxasını kənara çəkənlərdir…
  • Düşünmədən, ölçüb biçmədən, riskləri nəzərə almadan özünü ailə münasibətlərinə salmaqdır…
  • Tələsərək valideyn olmaq istəyidir… İnsanı tanımadan uşaq doğmaqdır… Sonra uşaqla ortalıqda qalmaqdır…
  • Təhsil almadan, işləmədən, pul qazanmadan, kimdənsə asılı olmadan ailə qurmaq istəməkdir…
  • Xanım kimi bakirə qız axtarıb, tapıb evlənmək, sonra onunla boşanıb, başqa bakirə qzı axtarmaqdır evlilik üçün, bakirə olmayanlara isə məşuqə, seks obyekti, fahişə kimi yanaşmaqdır… Həyatı davam etdirməkdir…
Sonra isə məyus olmaqdır… Peşiman olmaqdır, dözməməkdir… Uzaqlaşmaqdır… Susmaqdır… Soyumaqdır… Yalandır… Xəyanətdir… Evə gəlməyi istəməməkdir… Hər kəsə və hər şeyə, həyata nifrət etməkdir… İntihara cəhd etməkdir… Bunlar alınmazsa, boşanmaqdır… Son çıxış yolu kimi ayrılmaqdır…”Xarakterimiz tutmadı” deməkdir… Bəhanələr axtarmaqdır, səbəblər, günahkarlar axtarmaqdır, axtardıqca, onların sayını artırmaqdır… Artdıqca, tapmaqdır, özünə təsəlli verməkdir, özünü haqlı çıxartmaqdır… Cəmiyyətə ismarıc göndərməkdir…
Boşananların anları boş olmur… Artır qayğılar, dərdlər, problemlər, tək çəkirsən yükünü, ev, iş, övlad, valideynlərin narazılığı, ittihamları, etibarsızlığı, qadağaları…
Boşanandan sonra qadın kimi xəstəlik tapmaqdır, tənhalıqdır… Mübarizə aparmaqdır cəmiyyətlə, qohumlarla, qonşularla, valideynlərlə, işdəki həmkarlarla, sübut etməkdir təmiz olduğunu, adını, namusunu qorumaqdır…
Bədənin seks, kişi tələb etsə də, boğmaqdır, tabudur, əxlaqsız olmamaq, fahişə olmamaq üçün qadın kimi xəstələnməyə, xərçəng olmağa razılaşmaqdır, sonra daxili orqanlarını müalicə etdirməkdir, cərrahiyyə əməliyyatına düşüb məhrum olmaqdır qadınlıqdan…
Əsəbləşməkdir, həssas, incik, kövrək, əsəbi olmaqla, aqressiya ilə hər kəsi və hər şeyi qarşılamaqdır…
Başını aşağı salıb yenidən yaşamağa cəhd etməkdir…
Kişilərdən, günahdan uzaq durmağa cəhdlər etməkdir… Zorlanmaqdır…
Bəziləri üçün isə azadlıqdır, yeni həyata başlamaq, yeni həyat yoldaşı tapmaq, yenidən sevmək, yenidən valideyn olmaqdır… Yenidən eyni səhvləri təkrar etməyəcəyinə ümid etmək, amma təkrarlamaqdır o səhvləri…
İşdə karyera qurmaq istəyidir, qurmaq cəhdləridir… Savadına, təhsilinə, iş təcrübənə sərmayə edib, halal pulunu qazanmaq niyyətidir…
İctimai qınaq, ictimai ittiham, söz, adlarla savaşmaqdır, hər kəsə qarşı sərt olmaqdır, inamı itirməkdir… Özünə qapanmaqdır…
Ortaq övladınıza valideynlərdən birini görməyi, sevməyi məhrum etməkdir… Tək böyütməkdir övladını… Kimdənsə asılı olmamağa çalışmaqdır…
Özünü çox şeydən məhrum etməkdir… Özünü yaşayırmış kimi göstərməkdir… Səmimilikdən uzaqlaşmaqdır…
Ağlamaqdır hər dəfə… Hər dəfə pislik, haqsızlıq görəndə, zəif görsənməməkdir… Güclü olmaqdır, mübariz olmaqdır…
Tək olduğunu anlamaqdır…
Özünün və camaatın suallarını cavabsız qoymaqdır, susmaqdır… Keçmişindəkiləri unutmağa çalışmaqdır… Keçmişində qoyduqlarının geri qayıtması, həyatının zəhərlənməsi anlarının olacağından ehtiyat etməməkdir…
Özünü inandırmaqdır ki, sevgi yoxdur, sevmək lazım deyildir… Sevgi başa bəla olur…
Özünü aldatmaqdır ki, hər şey yaxşı olacaq, hər şey dəyişəcək… Boşluqların dolacaq… Amma hər dəfə məyus olmaqdır, özünü aldatdığını anlamaqdır…
Ardı var…
Отправить комментарий