8/22/2016

Bir qızım olsun (Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə)


IMG-20160103-WA0011

Bir qızım olsun, atasının qızı olsun,
Atası xəbərsiz olsun onun varlığından,
Almasın məndən qızımızı…
Bir qızım olsun, bənzəsin atasına,
Atasının gözlərinin rəngi, saçları olsun…
Atasını sevdiyim kimi onu da sevim…
Atası kimi savadlı, ağıllı olsun…
Atası bilməsin bir qızı var,
Dəyişməsin həyatı, bağlanmasın bizə,
Borclu bilməsin özünü bizə…
Bir qızım olsun, adını Banu qoyum, ya da ki, Xatun,
Qoymasınlar ona ad, “bic, nigahdankənar”
Özüm üçün, tənhalıqdan qurtulmaq üçün,
Sevməyə bir kəs olsun deyə, istəyirəm
Bir qızım olsun…
Hər qucağıma alanda qoxusunu çəkim içimə,
Üzümə baxıb gülümsəsin, saçlarımı dartsın,
Balaca barmaqları ilə…
Evdə doğulsun…
Kiməsə verməyim hesabat,
Kimsə soruşmasın: “Kimdir atası?!”
Tək mənim olsun, başqalarının deyil…
Ağladıqca, qaçım yanına, öpüb qucaqlayım…
Gözəl gözləri, baxışlarının içində itim…
Yaşamağıma bir səbəb olsun,
Yorsun məni, unutdursun pislikləri,
Silsin keçmişimi…
Yeni həyatım olsun mənim üçün…
Bir qızım olsun, ancaq mənim olsun…
Kimsə bilməsin, kimdəndir!
Bir qızım olsun,
Sevinci və təbəssümü,
Oynadığı oyunlar xoşbəxt etsin məni…
Uzatsın əlini mənə, buraxmasın…
Yuxuya gedək birlikdə…
Sağlam olsun, atasına oxşadığından,
Bəxti olsun gözəl,
Xətrinə dəyməsin oğlanlar…
Dişləri çıxanda dişləsin məni…
Bir qızım olsun,
Ailə qurmadan, ərə getmədən…
Qız qıza yaşayaq birlikdə…
Bir qızım olsun,
Sadəcə bir qızım,
Ana-bala yaşayaq bir -birimiz üçün…
Bir qızım olsun,
Soruşmasın məndən bir az böyüyəndə:
“Kimdir atam?!”
Bilməsin, bir gecəlik yaxınlıqdan doğulmuşdur,
Atasını axtarmasın, atası da axtarmasın ikimizi…
Bir qızım olsun,
Sevdiyim kişidən, Əsl kişidən…
Sevgi olsun təməli…
Bir qızım olsun,
Nə qədər ki, sağam…
Bir qızım olsun,
Qınamasın kimsə məni…
Dalımca söz atmasınlar:
“tənha qadındır, kimdən qazanıb görəsən?!”
Ya da deməsinlər mənə: “Fahişə”
Ana olmaq haqqımdır…
Doğulmasın bu ölkədə…
Tanımasın bizi kimsə…
Отправить комментарий