8/19/2016

1, 2, 3… (fəlsəfi, həyati esse)

1, 2, 3… Çox önəmlidir insanlar üçün onların həyatında…
Hər bir insan bu üç yerdən birində olmaq istəyər… Hər kəsin arzusunda isə dayanır 1…
1, 2, 3… Nəhayət ki, “Xoş gəlmisən, bala, dünyamıza” “Qədəmlərin mübarək”
1, 2, 3… İlk addımlarındır, ilk cəhdlərin, yıxılmağın, büdrəməyin, qaçmağındır… İlk addımı atmamışdan öncə öyrənirsən ətrafındakıları, maraqlı gəlir sənə, yoxlayırsan əlinlə, ayağınla, alırsan ağzına, dadını bilmək üçün… Oturursan sonra… Yırğalanaraq o tərəfə, bu tərəfə… Başqaları alır qucağına, gah ağlayırsan, gah da gülürsən, dil çıxardırsan… Əlinə veriləni tutmağa çalışırsan, özün yemək, özün içmək istəyirsən… İstəyirsən, cəhd edirsən…
1, 2, 3… Öyrənməyə, müşahidə etməyə, anlamağa çalışırsan ta doğulduğun andan, ölənədək… Ölənə yaxın isəbacardıqlarının, biliklərinin bir hissəsini unutmağa başlayırsan, yadına salmağa cəhd edirsən… Məcbur olursan, yenidən başlayasan öyrənməyə, ya da cəhd etməyə… Ya xəstəlik mane olur, unutdurur, ya da ki, yaş…
1, 2, 3… İlk geyimin, sərbəst geyinirsən… Öncə düz geyinmirsən, səhv salırsan… Sonra səhvlərin üzərində öyrənirsən… Gəzməyi, digər biliklərini əldə etdiyin kimi öyrənirsən…
1, 2, 3… Artıq uşaq bağçasındasan… İlk uşaq dostların olur, rəqabət, paxıllıq, mülkiyyətçillik, davalar, ağlamaqlar, inciməklər… Dostların çevrilir düşməninə, rəqibinə… Bəxtin gətirsə, uzun çəkir uşaqlıq dostlarınla dostluğun…
1, 2, 3… Səndən sonra daha bir bacı, qardaşlar gəlir, sən qalırsan kölgədə, ya da kömək edirsən onların böyüməsinə… Öyrədirsən onlara öyrəndiklərini… Bəzən qısqanırsan onlara valideynlərini, bəzən paxıllıq edirsən, bəzən sevirsən onları… Dalaşırsan, bölüşməyi sevmirsən deyə…
1, 2, 3… İlk qadağalar bağlayır, ilk dəfə gedirsən orta məktəbə, ibtidai sinif, ilk dərslərin orta məktəbdə… Öyərnirsən elmi, rəqəm, hərifləri… Gələcəkdə lazım olsa da, olmasa da…
1, 2, 3… Davamlı qadağalar. davalar, umu-küsülü qalmalar, sən başlayırsan anlamağa, ağlamağa…
1, 2, 3… İlk sevgin, ilk səadətin, ilk ayrılığın, kədərin, göz yaşın… Həyat davam edir… Ardınca gəlir yeni sevgilər…
1, 2, 3… İlk xəstəliyin, müqavimətin, mübarizən, sağalmağın…
1, 2, 3… Məqsədlərin, arzuların olur, bəzən sənə məxsus olar onlar, bəzən başqalarına, sənə yeridilmiş olur sadəcə olaraq…
1, 2, 3… Gerçəkləşdikcə arzuların, nail olduqca məqsədlərinə sevinirsən, qalibsən, uğurlu insansan… Tərifləyirlər səni, tənqid edirlər… Sözünü kimsə ciddiyə alır… Az da olsa, azad olduğunu düşünürsən…
1, 2, 3… Yaşının keçid dövründəsən… Ardıcıl davalar, şüvənlər, isterikalar, göz yaşları, mübahisələr, etirazlar, tabe olmamaq istəyi, üsyanlar… Küsürsən, barışırsan ailə üzvlərinlə, getməyə yerin yox, tabesən.
1, 2, 3… Sevirsən, düşünürsən ki, o sənin arzularındakıdır… Ailə qurursan, özün olursan valideyn, anlayırsan valideynlərini, onlara nələr çəkdirdiyini…
1, 2, 3… Etmə,olmaz… Sənin deyil… Ayıbdır… Kim nə deyər? Başımızı soxma yerə…
1, 2, 3… Yumursan gözlərini, qapanır göz qapaqların, son nəfəsin, sondan başlayırsan saymağa 3, 2, 1… Nəhayət ki… Sən yoxsan, ölmüsən…
Nə isə…
Отправить комментарий