7/27/2016

Sabah…

13244793_10207073190568521_5455695611889068465_n
Sabah…
Sabah yeni bir gündür sıravi bir gün…
Adım qoyulsa da, doğulsam da, fərqlənməz heç nəyi ilə mənim üçün iki ildir…
Sabah taxmalıyam yeni maskamı, ən mahir aktrisa kimi ən peşəkar rolumu oynamalıyam… Guya deyiləm tənha, guya xoşbəxtəm, sağlamam… Guya vardır sadiq dostlarım, sevirlər məni… Guya düşəcəyəm yada… Guya…
Arzularım gerçəkləşəcək guya… Üzüm güləcək guya…
Hamısı guya olacaq bir məndən savayı… Mənsə sıxılacağam… Qapanacağam diqqətin çox olmasından, diqqətsizlikdən, içimdəki real boşluqdan, hisslərimin məhv olmasından, göz yaşlarımın qurumasından, biganəliyimdən…
Sabah qaçacağam özümdən, yeyəcəyəm anamın bişirdiyi dadlı yeməklərdən… Bəlkə şərab aldım, içdim ki, unudulub, unudum özümü… Bir az da ayıq olub anlayım gerçəkliyi… Atamdan savayı kimsəm yoxdur… Atamın da doğum günüdür… Atamın doğum günündə – 30 yaşında olmuşam atama hədiyyə… Atama görə yaşamalıyam… Qızım da, həyat yoldaşım da, qardaşım da boşluqdadır, yanımda olmadıqları gündən etibarən…
Qaçmaq istəyirəm uzaqlara… Dincəlmək istəyirəm… Ruhum çox yorulub… Mənəviyyatım yorulub… Dünyam da artıq maraqlı deyil… Yoxdur nəyəsə və kiməsə maraq…
Sabah növbəti iş günüdür, işimi görəcəyəm hər gün gördüyüm…
Sabah bəlkə bir az bəzəndim… Bir az gözəl olmaq istədim… Amma onu da istəmirəm… Gözəllik xilas etmir dünyanı… Gözəllik başa bəladır…
Sabah işdəkilər təbrik edəcəklər… Qeyd etməyəcəyəm… Təşəkkür edəcəyəm diqqətə, təbrikə görə…
Sabah bəlkə o, yazdı… Bəlkə zəng etdi… Bəlkə də eşitdim qızımın səsini, həsrətində olduğum… Nə dəyişəcək ki, bəlkə bir az kövrəldim… O da ötüb keçəcək… Həyat davam edəcək, adi olacaq günlərim… Fərqlənməyəcək… İş, ev, yemək, yatmaq… Bir az gəzinti, evə gec gəlmək… Uzaqlaşmaq özümdən…
Sabah üzümdən əskik olmamalıdır təbəssüm, gözümdə həsrət, kədər olsa da, olar…
Sabah nə günüdür ki?! Boş bir gün… Sıradan bir gün… Çox sadə…
Sabah sabah olacaq bu gün, bir gün sonra isə dünən… Mən də günlər kimi ötüb keçəcəyəm…
Отправить комментарий