7/01/2016

Mənə görə mən kiməm…


20160620_202530
Bir çoxunuza görə mən yazıçıyam, dostam, bacıyam, sevgiliyəm, xoşunuza gələn qadınam, hər kəsəm, hər şeyəm, ya da ki, düşmənəm, yadam, heç kiməm.
Özümə görə mən “”Qadınam mən” şeirimin baş qəhrəmanı olan qadındır, ziddiyyətlidir:
  • Makiyaj etməyi sevməyən, bəzən səhər yuxudan duranda belə saçını daramayan (sözə qulaq asan, məni incitməyən saçlarım var) bir insanam, bəzən gözələm, bəzən isə çirkinəm…
  • Bəzən inadkar, bəzən söz eşidənəm;
  • Bəzən tənhalıq və sakitliyi sevən, bəzən tənhalıqdan və sakitlikdən qaçmaq üçün səs-küy olan yerlərə, tədbir, partilərdə əylənən insanam;
  • Bəzən spirtli içkidən və siqaret iyindən zəhərlənən, bəzən isə spirtli içkilərin hamısının dadına baxan, qırmızı şərabı sevən, siqaret və qəlyandan asılılığı olmasa da, özünü qəlyan və siqaretin tüstüsündə unudan qadınam;
  • Bəzən cəsarətliyəm, bəzən ehtiyatlıyam;
  • Bəzən unutqan, bağışlayanam, bəzənsə unutmayan, kinliyəm;
  • Bəzən pislik etməyənəm, amma çox təhlükəliyəm;
  • Kənardakılar üçün çox soyuqqanlıyam, əslində isə çox istiqanlıyam;
  • Çoxları üçün qapalıyam, yaxınlarım üçün açığam;
  • Bəzən var dayağım, kimsələr, bəzən yetim, tənhayam;
  • Bəzən susqunam, bəzən isə əsəbi, davakaram;
  • Bəzən səbr edənəm, bəzən isə çox səbrsizəm;
  • Özünü axtaran və hələ də tapmayan, azmış insanam bəzən, bəzənsə özümü tanıyıram, tapıram, sonra isə itirirəm;
  • Bəzən saçlarını tez-tez rəngləyən, dəyişən, bəzən isə sabit, dəyişməyən biriyəm;
  • Bəzən sevmək istəməyən, sevməyən, bəzən bütün kimliyi, canı, ruhu, qəlb və ağlıyla sevən bir qadınam;
  • Bəzən günahsızam, bəzən günahlarım aparır məni haralara;
  • Bəzən zirvədəyəm, əlçatmazam, bəzən isə uçurumdayam;
  • Bəzən özümü bağışlamayan, danlayan, tənqid edən, sevməyən, özü ilə barışmayan, bəzən bağışlayan, tərifləyən, sevən, barışan bir insanam;
  • Bəzən razıyam özümdən, bəzən narazı;
  • Mən olduğum kimiyəm, göz onündəyəm, diqqət mərkəzindəyəm bəzən, bəzən isə olduğum kimi ola bilmirəm, gizlənirəm, unudulmaq istəyirəm;
  • Bəzən yerdəyəm, bəzən yerdən kəsilər ayaqlarım, uçuram sanki;
  • Bəzən odam, bəzən su;
  • Bəzən insanları özümdən qaçırdıram, bəzən insanları cəlb edirəm;
  • Bəzən oxunaqlı kitab kimiyəm, bəzən isə çin, yapon heroqlifləri kimi çətin anlaşılan, mürəkkəb, oxunulmayan ensiklopediya kimiyəm;
  • Bəzən it kimi hürürəm, bəzən pişik kimi myau edənəm sanki;
  • Bəzən işgüzar, bəzən avara, işsiz, bəzən varlı, bəzən kasıb birisiyəm;
  • Bəzən isə xoşbəxtəm, gülər gözlərim, bəzən isə bədbəxtəm, itər gözlərimdəki işartı, sönər ruhumun enerjisi, işığı, batareyası;
  • Bəzən çox şirinəm, yeyiləsiyəm bəzən isə çox acı, turşam, içləri göynədənəm;
  • Bəzən zərif oluram, bəzən isə çox kobudam;
  • Bir az fahişəlik var sanki məndə, bəzən isə məleykəlik;
  • Bəzən çox güclüyəm, mübarizəm, bəzən bezirəm, zəif oluram, mübarizəm bitər;
  • Bəzən tam sağlam insanam, olmaz ağrılarım, bəzən xəstəyəm, düşürəm haldan, hər yerim ağrıyar, səbəbsiz yerə;
  • Hərdən çox sevincliyəm, gülürəm dayanmadan, bəzən çox kədərliyəm, ağlayıram;
  • Həm yaxıyam, həm pisəm;
  • Bir az rənglidir dünyam, bir az rəngsiz-, boz- ağ və qara rənglərdir ancaq;
  • Bəzən haqlıyam mən, bəzən isə haqsızam;
  • Bəzən ulduz kimiyəm, mürəkkəb, uzaq, bəzən isə çox sadəyəm, çox yaxınam;
  • Bir az işıq oluram, bir az isə qaranlıq;
  • Bəzən çox qapalı geyinirəm, bəzən isə çox açıq;
  • Bəzən halal ola bilərəm, bəzən isə haram;
  • Bəzən savab ola bilərəm, bəzən isə günah;
  • Bəzən gerçək oluram, bəzən isə yalan.
  • Bəzən uğurun özü, qələbəyəm, bəzən isə uğursuzluq, məğlubiyyət;
Bir az anayam, bir az bacı, bir az qız övladıyam, bir az nəvəyəm, bir az həyat yoldaşıyam, sevgiliyəm, bəzən isə özümə belə yadam…
Отправить комментарий