6/22/2016

Demərəm… (satirik, yumoristik yazı)


IMG-20160324-WA0044
Xarici parklara, istirahət obyektlərinə baxıram…
Heç bəyənmirəm… Zövqümcə deyil… Əminəm ki, bir çox həmyerlilərim həmfikir olar mənimlə…
Xaricdə hər bir universitetin, tələbə şəhərciyində yaşıllıq var, ot, gül-çiçək var, piknik edir, dincəlir, qazonun üstündə otururlar… Görməmişdilər vallah… Yazıqlar bura gəlsələr, dəli olarlar…
Bizi müharibə, vətəndaş toqquşması, cahan müharibəsi, axirət qorxutmaz… Biz hər şeyin ən pis halına hazırıq…
Mən demərəm:
  • Qıza gözəl demərəm, əgər onda təbii bir cizgi, bədən üzvü qalıbsa… Qızın gözəllik meyarları-tatuaj qaş, şişirtmə dodaq, yumşaq yer, sinə, yanaq, dartılmış üz, dəri, gözlər, kəsilmiş burun, çənədir, bir də ki, qaynaq edilmiş süni saçlar, taxma kirpiklərdir, makiyaj isə o qədər olmalıdır sifətdə ki, qaşısan da, kisələsən də, kerosinlə yusan da, getməsin sifətdən…
  • Park demərəm, əgər orada çayxana, ağac, ağacın budaqlarında setka, ağacın dibində nəcis, sidik qoxuları yoxdursa, polis gizlənmirsə, küncdə-bucaqda, yerə zibil atılmırsa, qazon süni deyilsə, yer mərmərdən döşənməyibsə, kölgəlik varsa, gün vurma, süni və düzgün olmayan suvarma zamanı yıxılanların kəllə-beyin travması diaqnozları, kabab qoxusu və kababa çəkilən köhnə ətdən zəhərlənmə halları olmazsa, xəstəxanaya düşməzsə dincələn adam… Park demərəm, əgər orada yayın istisində qızan, qışın soyuğunda buza dönən, yazın və payızın yağışında su olan dəmir skamyalar qoyulmazsa…
  • Gəlin demərəm, gəlin qaynana və baldızla həftədə bir dəfə dalaşmazsa, bir ildən sonra boşanmazsa, ayda bir dəfə şələ-şüləsini yığıb ata evinə getməzsə, uşağını nənəsi, babası, atası üzünə həsrət qoymazsa, ərini ata evinədək didərgin qoymazsa…
  • Ana demərəm, ictimai yerdə uşağının meyidini sərib döyməzsə, söyüş söyməzsə, qızına varlı adaxlı axtarmazsa, öz qızına” əxlaqlıdır, ev qızı”, başqasına “fahişədir, küçə qızıdır” deməzsə…
  • Qadın demərəm, hər gün gün ərzində bütün telekanallarda göstərilən seriallara baxmazsa, ərinin beynini dır-dırları ilə yeməzsə, ərini xərcə salmazsa…
  • Kişi demərəm, evində xanımı olduğu halda, kənarda ən azı 3 nəfər qadınla intim münasibətdə olmazsa, yeni tanışlıqlar, sərgüzəştlər yaşamazsa…
  • Uşaq demərəm, uşaq vaxtından kimdən pul, hədiyyə gəlmirsə, onu çox istəyərsə…
  • İşi olduğu halda, həyatından, gəlirindən narazı deyilsə kimsə, işsiz olanda, borc altında qalmırsa, insan demərəm ona…
Отправить комментарий