6/07/2016

Bəlkə həyatam mən, bəlkə də ölüm… (Bir ailə həyatı dramı)


12654442_188648911495811_7152626655224108476_n
Hər kəs ölümdən qorxar, bir məndən savayı…
Hər kəs ölümdən edər ehtiyat, mənsə etmərəm…
Bəlkə əbədiyəm, ölümsüzəm mən, xəbərim yoxdur özümdən?!
Bəlkə də, mənəm həyat, ya da ki, ölümün özü?!
Bəlkə də!
Bəlkə mələyəm mən?!
Göylərdə çox idi səhvlərim, düzəltmək üçün, cəza kimi göndəriblər məni yer üzünə?!
Bəlkə qanadlarım qırılıb, bəlkə şərlə savaşda yaralanmışam, düşmüşəm buraya?! Səhv salmışam məkanı, zamanı…
Bəlkə də, var təyinatım, insanları qaytarmaq haqq yoluna, insanları insan etməkdir əsas təyinatım…
Bəlkə də…
Bu sirrdir, mənim sirrim, agah olmayacaq artıq kimsəyə…
Bu yerdə susmalıyam…
Nədir, ey insan, fikrin?!
Bezmisən həyatdan?
Atırsan özünü maşının altına?
Etmə, qurban olaram… Bax, axır hər gözündən yaş, bir, iki, üç damcı…
Sükan arxasında olan da insandır axı, onu düşün, addımını atmamışdan öncə.
Onun nə günahı var, sənin ölmək istəyində payı var?!
Yoxdur axı!
Qoy özünü onun yerinə…
Yandırmazdı səni kimsə sənə etsəydi bunu?! Yandırardı, özü də necə!
Bir də düşün, sənə doğma olan insanları, səni itirəcək şəxsləri?!
Varsa, onlar, deyilsənsə, tam tənha, kimsəsiz… Necə qıyırsan onlara?!
Yoxdursa, özünə qıyma barı…
Çəkil maşının yolundan, cavansan hələ…
Mənsə… Mənsə, yaşamışam yaşadığımı…
Onsuz da ölən deyiləm, onsuz da görmürsən məni…
Mən sənin içindəki səs, vicdan kimiyəm…
Varam bəzən, bəzən isə yoxam…
İnsandan insana vardır fərqi…
Mən ruh kimiyəm, hamı danışar varlığımdan, az insanlar görər məni…
Seçilmişsən bəlkə, fərqlisən bəlkə?!
Niyə tələsirsən, axı ölməyə?!
Bəlkə bir daha şans verəsən özünə, yaşamağa?!
Dayan, düşün, düşünməyə dəyər məncə…
Yaşamağa dəyər məncə, tələsmə, verərkən qərarlarını…
Allahın verdiyi canı almağa yoxdur haqqın…
Daha bir günah işləmə artıq…
Dayan, düşün, yaşamağa tələs…
Ölüm onsuz da gələcək dalınca…
Bu gün, ya sabah, beş ildən sonra, on ildən sonra, nə fərqi var ki?!
Dayan, qızım, hara tələsirsən?!
Cavansan, qıyma özünə, içində olan körpə balana, məhv etmə onu…
Günah etməmisən axı, etsən də, o günahsızdır…
Olan olub… Keçmişini unut getsin, başla yeni həyata…
Sil, sıfırla… Sən və balan…
Bir də axı, O, səni bilir özünə mələk, sevmirsən onu?!
Sevirsən axı! Bilirəm, sevirsən!
Bax, görürsən, haqlıyam, tərəddüd içindəsən!
Öldürmə onu… O bir həyatdır, günahsız həyat…
Qıyma özünə, qıyma ona…
Qoy yaşasın… Kim nə deyəcək, fikir eləmə…
Ruzisini Allah verəcək, tələsmə, qızım…
Bəlkə, sonra olmayacaq heç övladın?!
Ana, dayan! Saxla əlini, qaldırma yuxarı, sal aşağı…
Utanmırsan, sən Anasan?!
Cənnət vardır ayaqların altında…
Yuxarı başda günah, cəhənnəm, aşağıda cənnət, nəyimə lazımdır…
Nəyimə lazımdır belə ziddiyyət…
Sən, Anasan, vurma balanı, danlama…
Oturun üz-üzə paylaşın, danışın, dərdləşin, dinləməyi öyrən, xahiş edirəm…
Bəlkə, sən haqlı deyilsən, nə olsun ki, yaşca böyüksən?!
Nə olsun ki, sən doğmusan onu?!
Yoxdur haqqın onu döyməyə, yoxdur haqqın söyməyə…
Onsuz da indi hirslisən, qəzəb səni vadar edir bu kobudluğa, qəzəb səni dindirir, idarə edir…
Dayan, sakitləş…
Bax belə…
Nəfəs al, ver, dərindən…
Bax belə…
Sakitləşdin?!
Axı, indi peşimansan…
Üzr istə, övladından…
Öp, qucaqla!
O, səni sevir, sən də ki, onu!
Axı, sən Anasan, onun anası…
Ayırmasın anadan övladı Allah…
Qıymazsan axı ona pisliyi, niyə özün edirsən ona pislik?!
Kim deyib ki, arzuladığın, sən dediyin, seçdiyin, verdiyin qərar onun xeyrinə olacaq?!
Zamin durursan?!
Yox axı…
Sus, o zaman, bağışla, barış…
Bax, artıq için yanır, haqlı olduğumu bilirsən, ağlayırsan…
Kişi, dayan. Sən kişisən!
Vardır evində halal qadının, gözəl, sağlam, sənin diqqətinə, sevginə həsrət bir qadın…
Bir də evində yolunu gözləyir övladın…
Gözləyir nə vaxt atası işdən evə gələcək!
Əlində ona bir pay olacaq, o, sevinəcək, atılacaq qoynuna…
“Ata, səni çox sevirəm…” deyəcək…
Necə qıyırsan onlara?!
Həyatında var başqası, başqa qadın…
Necə qıyırsan ailənə?!
Nədir onların günahı, getmirsən evə, gedəndə də gec gedirsən, varlığını unutmuşlar yəqin ki…
Geyin paltarını geriyə…
Çıx bu yerdən, məkandan, unut ünvanı, bu yad qadını…
Bu sevgi deyil.
Oyundur, əyləncədir, bir ehtirasdır… Bu bir günahdır…
Bu bir həyatdır…
Ailə həyatı…
Dağıtma onu, dünyanı dağıtma…
Sevgini, səadəti kənarda axtarma…
Üçbucaq olmamalıdır…
Üçüncü şəxs hər zaman artıqdır…
Dayan artıq!
Dayan!
Get evinə…
Bax belə…
Bu qadından qalma nigaran…
Bir subay kişi çıxar ona sahib, mütləq çıxar bir kişi, bəlkə də evlənər, olar öz ailəsi…
Burax, o, qadını, qurban olaram…
Qoy, o, da olsun xoşbəxt, o, da olsun ana…
Olsun, onun da ailəsi…
Sən vermirsən, verməyəcəksən bunları ona…
O zaman qıyma, xəyanətin, ehtirasın məhv etməsin üç tərəfi, ailənin üzvlərini, səni, bir də o, qadını…
Qayıt evinə… Bax belə…
Döy, evinin qapısını… Uşağının səsini eşidirsən?!
“Ana, atamdır, urrrrraaaaa! Atam evə bu gün tez gəlibdir, Ana!
Bu gün mənim ad günümdür axı…”
Eh, ay kişi, sən atasan…
Unutmusan bu günü də…
Övladının doğum günü, beş yaşı tamam olur axı…
Dünən də, həyat yoldaşının doğum günü idi, evində olmamısan, təbrik etməmisən onu, o, ağlayıb bütün günü!
Bətnində sənin ikinci balan!
Öldürmək istəyirdi, onu da, səni cəzalandıracaqdı bununla guya…
Yolda atacaqdı özünü maşının altına…
Alınmasaydı, edəcəkdir abort…
Hirsli qayıdacaqdı evə, döyəcəkdi, söyəcəkdi ilk övladınızı, günahkar biləcəkdi səni bütün bədbəxtliklərində…
O, bilir ki, vardır başqa qadın, anlayır ki, dağılır ailəsi…
Səni sevsə də, qaytara bilməyəcək səni, sən istəməsən…
Mən saxladım onu bu gün üçün bütün səhvlərdən, mən qorudum, onu, bətnindəki övladı, mən qorudum ilk övladınızı…
Mən saxladım səni növbəti günahdan, mən qaytardım səni evinə…
Mən qorudum ailənizi…
Bunu unutma!
Mən sənin özünəm!
Vicdan, həyat və ölüm!
İçindəki səsəm, içindəki ümid, inamam, mən hər şeyəm!
Sənin inandığın, çox zaman unutduğun insanlıq, Allah kimi…


Allah var!
Отправить комментарий