6/08/2016

Adamım…

Aysel Abdullazadənin şeirlinə nəzirə
Eh, insan,
Bilirsən, necə sevinər qadın, sevəndə, sevildiyini biləndə?!
Dünyalar qədər, sonsuz, ucsuz-bucaqsız?
Hələ sevdiyi insanın elçiləri onun qapısına gələndə?
Necə həyəcanlanar qadın…
Düşünər ki, “birdən atam məni verməz deyə, razı qalmaz oğlanın ailəsindən”…
Həyəcandan var-gəl edər öz otağında, nigaran qalar, “nə oldu” deyə…
“Çağırmasalar məni otağa, verməsələr şirin çayı oğlan evinə, nə olacaq sonum”?
Eh, insan,
Verəndə atası sevdiyi oğlana, necə xoşbəxt olar, qadın, sözlə ifadə etmək olmur o anları…
Bir də barmağa üzük taxılanda, alnından öpəndə nişanlısı…
Toy öncəsi hazırlıqlar, həyəcan, stress…
Seçimlər, gözəllik salonu, gəlinlik…
Hər qadının arzusudur,
ailə qurmaq, ərə getmək, ana olmaq…
Eh insan,
Bir də çalınanda “Vağzalı” ağ gəlinlikdə ata evindən ər evinə getmək,
kövrəlmək, ayrılmaq valideynlərindən…
Qucaqlamaq ağlayan gözlərinlə ata, ananı, bacı, qardaşını…
Eh, insan,
Toydan sonra bir ay xoşbəxt yaşamaq, bal ayı…
Ehtiras, sevgi, sevişmələr, yanıb-sönmək…
Sanki yaşanılıb bitdi dəlicəsinə sevgi…
Sanki dəyişildi insanlar, toydan sonra…
Nə qədər fərq var imiş toydan öncə,
toydan sonra insanlar arasında…
Eh, fani dünya…
Qadın arzulamır ailədə şiddəti,
arzulamır döyülməyi…
Söysün onun var-yoxunu kişisi hər gün…
İstəmir ki, saçından tutub yerlə sürüsün sevdiyi, seçdiyi kişisi…
Qısqansın onu, itələyib yıxsın yerə,
içkili halda, döysün, təpikləsin qarnını, başını…
Qadın isə deyə bilməsin ərinə
“vurma məni, hamiləyəm, sən ata olacaqsan axı”
Qadın istəmir, məyus olmaq, üzülmək, ağlamaq…
İstəmir kişisi danışsın ona yalan, etsin xəyanət,
evinə gəlməsin gündüz, gecələr…
Gecələri başını yastığa tək qoymaq,
onun yatdığı tərəfə baxıb yuxuya getmək…
Tez-tez yuxudan oyanmaq gecə yarısında,
gözüylə onu axtarmaq,
“bəlkə bu gecə gələr evinə” deyə, ümid edərək…
Ümidlərini sonunda öldürmək…
Eh, insan,
İstəmirdi qadın kişisi qalsın işsiz…
Otursun kişisi evdə səhərdən-axşamadək,
Televizor önündə,
Qarışsın qadının hər bir işinə,
axtarmasın bir iş,
yaşamaq üçün hər kəsdən borc almaq…
Eh, insan,
Qadın da istəmir narazı qalmaq, dır-dırları…
Qadını razı salmaq asandır axı…
Ailə bir yeməkdir sanki…
Bir az duz, bir az istiot, ədviyyat qat yeməyinə,
bir az şəkər şirin çaya,
Çörəyində olsun bərəkət…
Qadın istəməz bədbəxt olmaq,
qadın istəməz ağlamaq, dağıtmaq ailəni…
Valideynlərinə geri qayıdaraq yük olmaq,
Övladını ərsiz böyütmək…
Ata evində minnət çörəyini yemək,
Danlanmaq…
Eşitmək hər gün
“dözərdin, niyə qayıtdın axı, ərindir, haqq edir, susmalıydın” sözlərini atasından…
Bu bir faciədir, dramdır…
Bir qadın həyatı, öncə və sonra…
Təəccüb edər bir həyat boyu qadın…
İnsanlara, həyata…
Oyunlara…
Bu qədər dəyişir hər şey,
hər şey yalandır?! Bir ondan başqa?!
Adamım…
Отправить комментарий