5/24/2016

Yenə...

11074132_10204644321248306_1418169557336614298_n
Şər qarışıb yenə…
Gecədir… Nə ənni var yolda, izdə, nə də cinni…
Tənhayam sanki bu böyük şəhərdə… Hər kəs yatır, mənzillərdəki, küçədəki işıqlar yanılı olsa da…
Şər qarışıb yenə…
Ölüm tək sakitdir hər yer… Təbiətin səsi gəlir qulağıma…
Kölgəmi görürəm ancaq, məni izləyir…
Baxıram mətbəximdəki pəncərədən küçəyə… Darıxıram… Nəfəs ala bilmirəm sanki… Fiziki ağrıya çevrilib mənəvi ağrılarım… Boşluq belə ağrı verir, boşluq belə bağlayıb irinli yara…Yaralarımı sağalda bilmədikcə, kəsib atıram, spirtləyirəm, duz basıram yerinə, qanını kəsməyə çalışıram… Sanki bu yaralar xərçəng xəstəliyidir bədənimdə olan, metastazdan qorxuram…
Rahatlıq buraxmır məni vicdanım… Nəfəs almaq üçün çıxıram balkona… Baxmıram əynimdə nə var, geyimimim hayında deyiləm…
Əlimdə stəkanda şərab, baxıram balkondan aşağı… Havanı çəkirəm ciyərlərimə… Gözlərimi yumuram… Gözlərim yanır… Otururam bir küncdə, telefonda qoyuram bir musiqini… Dinləyirəm… Ayrılıram bu dünyadan… Səyahət edirəm iç dünyama… Ağlatmağa çalışıram özümü belə anlarda…
Heç nədən, heç kimdən qorxmuram… Həyatda hər şeyi görmüşəm, ən pisini də, ən yaxşısını da…
Zorlamağa da cəhd ediblər məni, həm fiziki, həm mənəvi… Pulsuz da qalmışam, işsiz də, kirayə qaldığım evdən qızımla az qala küçəyə də atılmışam işsiz qalanda… Ən pis halda, ailəmi dağıtdım, ərimdən sonra həyatımdan qızım çıxıb getdi…
Səhhətim də əldən gedib… Üzdə sağlamam, hamı aldanır üzdən cavan, gözəl, sağlam görsənməyimə… Yenə həmişəki kimi içim özümü yandırır, çölüm özgəni…
Bir dərin ah keçir içimdən, dərindən nəfəs alıram…
Xəstəliyimi, keçmişimi unutmağa çalışmıram, çalışdıqca, unutmaq olmur onsuz da… Boş buraxmışam… Harada qırıldı, qırıldı… Bu xəstəlik xalamı alıb apardı, sonra 20 yaşı tamam olmamış əmim nəvəsini… Növbə deyəsən mənimdi…
Vəsiyyətimi də açıqlamışam dəfələrlə yazılarımda…
Cəhənnəm olsaydı, inansaydım cəhənnəmə, yerim ora olacaq öləndən sonra… Bədənim burada yanır, qəlbim burada ağrıyır, ruhum isə orada…
İstəyirdim asan ölüm, yuxuda yatarkən… Ya da suda boğulum… Sonra düşündüm ki, həyatımda nə asan olub ki, ölümüm də asan olsun…
Ölümü də tənqid edəcəyəm, ölümü də ələ salacağam, zarafat edəcəyəm ölümlə, inciyəcək məndən… Bir gələcək, bir gedəcək, aparmayacaq məni… Verəcək mənə iztirab, oynayacaq mənimlə…
Düşüncəyə dalıram…
Yenə şər qarışıb, şər içindəyəm… Şər düşüncələrim rahatlıq vermir mənə… Dolaşır beynimdə, keçir qanıma, iliklərimə, zəhərləyir beynimi, bədənimi, fikirlərimi…
Qanımı dəyişməliyəm… Düzələn deyiləm… Həmin Güneləm…
Düşünürəm bir vanna qəbul edim, hazırlayıram qaynar suda vannanı… Girirəm içinə… Çox qaynar olsa da su, hiss etmirəm, yanmır dərim, incitmir canımı… Bədənim titrəyir, əksinə üşüyürəm… Qaynar su içimdəki buzları əridir sanki… Gönüqalın olmuşam yəqin… Öyrəşmişəm ən pisinə, ən ağırına, ən acısına… Qaynar suyla mənə nə olacaq ki?!
Su axır, qalxır boğazımadək… Soxuram başımı suyun altına… Suyun altında uzanmaq, bir az boğulmaq istəyirəm, çağırıram sanki əcəli… Gəlmir ki, gəlmir…
Yəqin hələ tezdir, az etmişəm günahları, səhvləri, az qəlb sındırmışam, az etmişəm insanlara kobudluqları…
Niyə axı mən?! Niyə axı yaşayım?! Yaşamağa bir səbəb olmadığı halda?! Səndən soruşuram, Allah!
Отправить комментарий