5/24/2016

Yarımçıq düşüncələrim…

12063872_10205753805384716_7413162042437192691_n
Yenə şər qarışıb… Hava qaralmışdır… Yuxum gəlir bir yandan, yata bilmirəm, bir yandan gələn yuxumu qovuram ki, yatmayım, düşünüm səni… Niyə düşünürəm, bilmirəm, bəlkə içimdəki insan qoymur səni unutmağa…
Şəkillərinə baxmıram daha… Çalışıram unudum səni… Nə sənə verim əzab, nə də özümə…
Yazmıram səndən daha… Çalışıram yadıma salmayım xatirələrimi… Kövrəlmək, ağlamaq istəmirəm…
Hər kəs deyir: “Həyat davam edir, Günel… Yaşamağa davam et, Günel… Vaxt hər şeyi yerinə qoyacaq, Günel. O, sənə qayıdacaq, Günel… Ağlama, Günel”. Yaşamadığını anlamaq, insanın yerinə özünü qoymaq, insanı qınamaq və insana məsləhət vermək kənardan çox asandır. Hər kəs də bir yandan soruşur səni məndən… Mən nə bilim, hardasan, kimlər var, necəsən?!
Artıq çox üzürəm özümü, itirirəm çəkimi hər həftə 1 kq… Çəkilərimlə itirirəm ümidimi, inamımı, səadətimi, göz önündə əriyirəm, tapıram xəstəliklər, müalicə edilmirəm bilərəkdən…
Necə davam edim yaşamağa, necə davam etdirim həyatımı, necə vaxtın üzərinə qoyum hər şeyi, sağalda bilmirsə yaralarımı, ağrılarım artırsa, azalmaqdansa?!
Kimisə fiziki baxımdan itirməyə nə var ki?! Ölüb həmin insan, müəyyəndir hər şey, qəlbində yaşayır, yaşadıqca, yaşadırsan onu… Dad mənəvi ölənin əlindən… Dad, yarımçıq ölənin əlindən, fiziki baxımdan sağsan, amma ölmüş kimisən… Nə qəlbində varam, nə məni yaşadırsan, nə də sevirsən… Sən elə ölmüsən ki, sağ ola-ola, qayıtmağına yoxdur inamım, ümidim, qeyri-müəyyəndir hər şey… Gözləmək qeyri-müəyyənliyin içində çətindir axı?! Özümü aldadıram, silə bilmirəm səni…
Zaman keçibdir, unutmusan yəqin mənim səsimi, simamı, varlığımı… Başqaları sevdirib özünü… Başqaları pisləyib məni… Qoy olsun, nə deyim axı?!
Əziz olub mənə dostlarımın övladları… Hər birində sənin qoxun var, hər birində sənin səsin, baxışın… Qucaqladıqca uşaqları, gördükcə onları yadıma düşür hər şey…
Ağlamaq istəmirəm… Niyə ağlayım axı?! Xoşbəxtəm, təkəm, azadam… Bir sən yoxsan yanımda… Qismət budur… Sənin varlığın üçün valideynlərimdən, vətənimdən, dostlarımdan, işimdən vaz keçdim, indi qaytarmaq üçün vətənimi, işimi, atamı, dostlarımı səni itirdim…
Niyə bu qədər qəddar və ağrılı seçimlər olur? Niyə rəhm etmir zərbə vurarkən həyat bizə?! Həyatıma nə pislik etmişəm ki, cəzalandırır məni sənin yoxluğunla, varlığınla?!
Sevməyi də özümdən başladım, özümə vaxtım daha çoxdur… Yaradıcılığım, işim, istirahətim… Hər şeyim var, səndən savayı… Sən qiyməti oldun azadlığımın… Sən cəzası oldun günahlarımın… Sən itkim oldun qazanclarım üçün… Dəyərdimi? Bəlkə də… Hə!Amma ilk növbədə, gərək insanlığımı itirərdim… Məyusam ki, səni itirsəm də, özümü itirsəm də, insanam hələ, yaşayıram…
Məni sevməməkdə, nifrət etməkdə, məndən inciməkdə, soyumaqda haqlısan! Nə yaxşı ana oldum, nə həyat yoldaşı, nə övlad, nə də ki, bacı… Tək sən deyilsən… Cəbhəndə çox adam var incitdiklərim, üzdüklərim, günahlarım, səhvlərim… Sadəcə sən, sən məndən bir parça idin… Böyük bir parça… Yarımçıq qaldım…

Отправить комментарий