5/04/2016

Qadının səsi… III hissə- O, olmasın, bu, olmasın


11412430_1628523364057070_1732559732926837178_n

Qadınam, utanıram bəzən qadın olmağımdan…
Qadın kimi bir gün görmədim axı…
Olmasını istəmədim nə onun, nə də ki, bunun… Oldu, o da, bu da…
İstəmirdim məni qaçırtsınlar… Qaçırtdıqları günü zorlanım, sonra hədələsin zorlayan şəxslər… Atılım küçəyə… Paltarım çirkli, cırılmış halda…
İstəmirdim bu vəziyyətdə qayıdım evə… Bilsin valideynlərim… Qovacaqlar məni, ya da öldürərlər, axı namusum ləkələnim, boyunlarını soxmuşam yerə…
İstəmirdim boşalsın içimə ən azı üç oğlan, sonra bilim ki, hamiləyəm…
İstəmirdim edim abort… İstəmirdim sonra sonsuz qalmaq… Kişilərdən qorxmaq, iyrənmək, uzaqlaşmaq…
İstəyirdim ərə getmək, ana olmaq, toyla, adət-ənənə ilə köçmək sevdiyim insanın evinə, ərim deyərək…
Bakirə deyiləm artıq, kimsə bilsə, ad qoyacaqlar mənə “Fahişə”, hər kəs istəyəcək bir gecəlik sala məni yatağa, hər kəs ehtiras odunu söndürəcək mənimlə, əldən – ələ düşəcəyəm, zorlanacağam gün ərzində yüz kərə… Bakirə deyiləm artıq, kimdir məni evinə xanım, gəlin edən, min kərə qaxacaqlar başıma… Necə sübut edəcəyəm uşaq ikən zorlandığımı? Necə sübut edəcəyəm qaçırıldığımı?
İstəmirdim qiyabi təhsil almaq, amma neyləyim, yoxsul ailəm var, kömək etməliyəm ata, anama, anam da xəstədir, pul lazımdır müalicəyə, dərmanlara, müayinəyə… İşləməliyəm… Böyüməliyəm…
Başqalarından nəyim əskikdir axı?! Alardım təhsilimi, işləyərdim yaxşı yerdə, olardı savadım… Mən diktə edərdim iş şərtlərini, maaşımı…
Məni zorlayanlar varlıdırlar, mənsə kasıb, onlar pul verib, qurtaracaqlar canlarını həbsdən, cəzadan, alçaldılan, məhv edilən mən olacağam, hər kəs də biləcək, qınayacaq, deyəcəklər “Od olmayan yerdən tüstü çıxmaz”
Qorxuram hava qaralanda evdən çıxmağa, tanımadığım küçələrdən keçməyə… Kiminləsə tanış olmağa da qorxuram yaman…
Kimisə bilmirəm özümə yaxın, demirəm kiməsə dərdimi… Dostumun da dostu var, sözlər təhrif olunur, sənə qarşı istifadə edilə bilər…
İstəmirdim anamın arzusunu qoyum gözündə, getməməklə ərə, hər dəfə söhbətdən qaçmaqla, evə gələn elçiləri evdən qovmaqla…
İstəmirdim dəyişmək xarakterimi, kişi kimi olmaq, özümü qorumaq da istəmirdim… Evdə kişi var, kişi qorumalıdır qızı, qadını…
Sevməyə də qorxuram… Birdən sevib bağlanaram, evlənmək istəyər, deyərəm ona həqiqəti, fikri dəyişər, onlar hamı kimi… Düşərəm gözlərindən… Düşər gözlərimdən…
İstəməzdim ərə gedəsi olsam, ərim məni qınasın, hirsli olduqca, xatırlatsın yaşadığımı, qayıtsın keçmişə, qaytarsın mənə o bədbəxt anlarımı… Unutdurmaq əvəzinə, yadıma salsın… İstəmirəm…
İstəmirəm, qadın xəstəliyim olsun, əməliyyat etsinlər məni… İtirim qadınlığımı… Guya ki, indi qadınam…
İstəmirəm, qlamur qızlar mənə baxsın yuxarıdan aşağıya, kiminsə yazığı gəlsin mənə…
İstəmirəm, həyatımda kişi olsa, onunla həyatım çevrilsin zindana, cəhənnəmə… Olmasın kimsə… Kişim olacaq insanla intim həyatım ahəngdar olsun… O, mənə həzz versin, mən də ona… Heyif olmayacaq… Nələr bilirəm, bilmirəm, məndə qalacaq… Kimsə bilsə, yaşatsam kiməsə o həzzi, deyəcək ki, həyatımda min kişi olubdur, fahişəyəm, təcrübə qazanaraq əldə etmişəm bu bilikləri…
İstəmirdim ki, bədbəxt olum, qadın olum, qadın olan gündən itirim qadınlığımı…
İstəmirdim kişilərə hisslərim ölsün, marağım ölsün, meyl edim öz həmcinslərimə…
Qınamayın məni… Yaşadığımı siz yaşamamısınız…
İstəməsəm də bunları, oldu… Bəxtimlə barışmalıyam, yaşamalıyam, hamı deyir axı, həyat qısadır, həyat gözəldir…
Отправить комментарий