6/01/2016

Bilirsən, övladım…

Bilirsən, nədir, ən asanı, nədir ən çətini?
Ən asanı kənardan baxıb qınamaq, müzakirə etməkdir..
Ən çətini özünü başqa insanın yerinə qoymaqdır…
Ən asanı sevib, sevərək ərə getməkdir, xoşbəxt olmaqdır…
Ən çətini həyat yoldaşın sənin sevgini öldürəndə, bir ailə olmaqdır, xoşbəxt görsənməkdir, dözməkdir…
Ən asanı sevişməkdir, sevdiyin zaman sevdiyin şəxslə, ehtirası yaşamaq, yanmaqdır…
Ən çətini sevişməkdir sevmədiyin, nifrət etdiyin, iyrəndiyin şəxslə, sanki hər gün səni ailə daxilində zorlayırlar…
Ən asanı ailə quran kimi uşaq istəməkdir, ana olmağa tələsməkdir…
Ən çətini ailən dağılanda, ayrılanda, uşağı əmlak kimi bölüşdürmək, övladından ayrı düşmək, övladına yad olmaq, övladını uzaqdan iztirab çəkərək, həsrətində olub sevmək, övladını təklikdə böyütməkdir…
Ən asanı yanında sevdiyin şəxs olduğu zaman zəif olmaqdır…
Ən çətini isə tək, boşanan insan olaraq, güclü olmaqdır, azad olmaqdır mübarizə aparmaqdır…
Ən asanı uşağı doğmaqdır, yedirtmək, sevməkdir, qorumaq, nazıyla oynamaq, əzizləməkdir…
Ən çətini isə övladının səni sevmədiyini anlamaq, bununla barışmaqdır, övladından imtina etməkdir…
Ən asanı tək olmayanda gülmək, sevinmək, ağlamaq, kədərlənməkdir…
Ən çətini tənha olanda gülmək, sevinmək, kədərlənməkdir…
Ən asan ailən olanda, işdən evə tələsmək, qaçmaqdır…
Ən çətini tək olanda evinə işdən qayıtmamaq istəyini boğmaqdır…
Ən asanı hər kəs yanında olanda xatirələr, arzularla yaşamaqdır…
Ən çətini tək olanda, ayrılanda evə gələndə onlara xas xatirələrlə yaşamaq, əşyaları görməkdir… Evə gec gəlməkdir, yorğun gəlməkdir…
Ən asanı səadət, sevincdən, xoşbəxtlikdən alkoqol içki içməkdir… İçəndə dayanmaq olar deyə…
Ən çətini dərd, kədər, bədbəxtlikdən alkoqol içkisini qəbul etməkdir… İçdikcə, içirsən, dayana bilmirsən…
Sən gedən gündən səni unutmaq üçün siqaret də çəkməyə də başladım, şərab da içdim, araq da, rakı da… Qəlyan da… Çəkdim, içdim, uçuruma yuvarlandım, amma özümü unutdum, səni deyil, övladım…
Sən gedəndən hər dəfə özümə şans verib yeni həyata başlamaq və səni silmək istədim, alınmadı, yeni həyata başladım, keçmiş qayıtdı, ölmək istədim, intihar etmək cəhdlərim də alınmadı, həyat qoymadı ölməyə, bilmirəm niyə…
Sən gedəndən kiməsə lazım deyiləm, gözümdəki işıq gedib, sevincim qalmayıb, sevgim tükənib, zombiyəm, canlıyam guya, amma cansızam, ölüyəm…
Ən çətini, ölməyən insanı ölmüş sanmaqdır, öldürməyə çalışmaqdır, ümid etməkdir, təsəllilər ilə özünü aldatmaqdır, cəmiyyətə qarışmağa cəhdləridir, ölümdən qorxmayaraq, həyatdan ölümə doğru qaçmaqdır…
Ən çətini hamıya dərdini demək, hər kəsə etibar etməkdir, hər kəslə paylaşıb, hər kəsdən kömək, anlayış ummaqdır…
Ən çətini anlamaqdır, sən təksən! Tək! Tək özünsən! Xəstələnəndə də, yatanda da, yeyəndə də, gəzəndə də… Zənglərə cavab verməkdir, sosial şəbəkələrdə yazışmaqdır, suallara cavab verməkdir…
Ən çətini məni sevmədiyini bildiyim halda, səni sevməkdir, övladım…
Ölməyə cəhd etdiyində hər dəfə özünə qıymamaqdır… Güclü olmaqdan bezməkdir… Ən çətini bu boyda  dərdi tək daşımaqdır…
Ən çətini isə bilirsən, nədir, övladım? Sənsiz yaşamaqdır sən varkən, sən yoxsan kimi yaşamaqdır! Yaşamağa davam etməkdir heç nə olmamış kimi, ən çətini…
Ən asanı hər kəsdən qaçmaqdır, özünə qapanmaqdır…
Ən çətini özündən qaçmağa çalışmaqdır, özündən qaçdıqca, o da qaçır kölgə kimi…
Отправить комментарий