4/19/2016

Xəbərsizsən…

Xəbərsizsən…
Sən xəbərsizsən…
Məndən xəbərsizsən… Hələ də…
İlk tanış olduğumuz gündən bu günədək xəbərsizsən məndən… Arada bir yazırsan “Salam, necəsən?!”, vəssalam, bununla bitir sənin məndən xəbər alman…
İlk tanış olduğunda da məndən, kimliyimdən xəbərsiz idin, bilmək istədiyini bildin, dərininə varmadan…
Kimi sevdiyindən də xəbərsiz idin…
Necə yaşayıram, xəbərsizsən… Sağam, ya ölmüşəm, kim bilir, bəlkə xəstəyəm, bu gün və ya sabah, əcəl gələcək dalımca… Ölsəm də, xəbərsiz olacaqsan… Ölsəm də, uzaqda olacaqsan, vecinə olmayacaq…
Səni unutmuşam, boşluq var içimdə, tüfeylidir qəlb dünyam, qarışıqdır beynimdəki fikirlərim…
Yaşamağa çalışıram, tənha… Xəbərsizsən…
Hər gülüşümdə bir göz yaşı var, xəbərsizsən… Hər sevincimdə bir kədər var, xəbərsizsən…
Sənin üçün hər günə bir yeni xəbər var, xəbərsizsən…
Yazmırsan daha, 14 gündən çoxdur, incimisən ki, sənsiz yaşaya bilirəm… Yaşayıram, amma necə?!
Mücadilə, mübarizə, özümə münasibətimdən də xəbərsizsən…
Ürəyimdə min dərdimdən qalan min ağrı var, çarəsiz, ağrıdıqca ağrıyır, sağaltmadıqca, irinləyir yaralar, qanqrenaya çevrilir, çürüyür, kəsib atıram, ürəyimdən belə getsə, bir şey qalmaz, xəbərsizsən…
Susmağımda da gizlilik var, yazılarımda da, dediyim sözlərdə də… Üzdə sevənim çox, gizli düşmənim, xəbərsizsən…
Küsgünəm, səndən, hər kəsdən, özümdən, həyatdan… Xəbərsizsən küsgünlüyümün haqlı səbəblərindən…
Sevmək və sevilmək, xoşbəxt olmaq və xoşbəxt etmək, almaq və vermək istədim sadəcə, yaşamaq, yaşadıqca, yaşatmaq, yazmaq, yaratmaq, paylaşmaq istədim… Xəbərsizsən bu istəyimdən…
Nə məqsədlərimdən, nə arzularımdan, nə planlarımdan xəbərin var, xəbərsizsən, çünki özünü onlardan məhrum etmisən…
Hər sözümdən söz çıxartdığından və sözdə ən yaxın dost və sirdaşım olduğundan, susuram, susduqca, yazıram, yazdıqca, qınayır məni başqa insanlar, xəbərsizsən hamı kimi…
Xəstələnəndə, yaşadığım ağrılardan, tez-tez ölüm haqqında düşünməyimdən, özümə qapanmağımdan, özümə necə əzablar verib, özümü necə cəzalandırmağımdan, bezməyimdən, hər gün ağlamağımdan, xoşbəxt ola bilməməyimdən, ətrafımda bu qədər insan varkən, tənha olmağımdan xəbərsizsən…
Səni nə qədər çox sevdiyimdən də xəbərsiz idin… Sənə görə getdiyim güzəşt, verdiyim qurbanlar da göz önündə idi, görürdün sanki, amma xəbərsiz idin…
Əslində, güclüyəm, dözürəm, bezsəm də, hər gün ölmək istəsəm də, xəbərsizsən…
Məni bu hala sən saldın, sənə çox inandım, məni sevginlə məhv etdin, yaşatmaqdansa, xəbərsizsən hələ də sən…
Yaşamaq istəmirəm, belə həyatımı yaşatmaq istəmirəm, xəbərsizsən, susursan, sanki belə də lazım imiş…
Отправить комментарий