4/29/2016

Qeyri-rəsmi müsahibə - şair, yazıçı, gözəl insan və dost Ramil Mərzili



  1. Sizin üçün Ramil Mərzili kimdir?
Tam səmimi deyəcəm, mən hələ Ramil Mərzilini axtarıram. Çünki, mənim, sənin, onun, digərlərinin gördüyü adam tam olaraq  Ramil Mərzili deyil. Bu aysberqin görünən tərəfidir.
  1. Ramil adının mənası “Rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
Adımın mənasını bilirəm, amma razılaşmadığım məqamlar var. Rəml atmaq mənlik bir şey deyil, uzaqgörənliyim tam deyil. Çox zaman yanılıram, xüsusən də insanları tanıyanda. Amma üçüncü hissəylə razıyam, hər şeyi qabaqcadan düşünən biriyəm.
  1. Sizin üçün uğur düsturunun elementləri nədir?
Paxıl olmamaq, dürüstlük, savad, intellekt və zəhmət. Bunlar hansı insanda cəmlənirsə, mütləq o adam uğur qazananlardan olacaq.
  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
Mənim üçün ya hər şey olmalıdır, ya heç nə. Ortaqlığı sevmirəm. Mənim olan tam tamına mənim olmalıdır.
  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Bəli. Düşünürəm həyatda təsadüf deyə bir şey yoxdur.
  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
Həyat mənə 11 yaşımdan bəri elə dərslər keçib ki, mən onu zaman –zaman sosial şəbəkədə öz səhifəmdə bir statusluq xatirəsini yazanda onlarla insan ağlayır, yüzlərlə insan üzülür. İnsan acılardan süzülərək İNSAN kimi formalaşır. Bir gün həyatım haqda kitab yazmağı düşünürəm. Amma hər oxucuya kitabın üzərində babat ağrıkəsici dərman da verməyi düşünürəm.
  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
Nə yalan deyim, razı deyiləm.
  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
Tam əksinə, itləri hürdürməkdən xoşum gəlir.
  1. Sonrakı peşimançılıqda fayda varmı?
Mən bu 35 ildə görmədim. Varsa da mənim rastıma çıxmayıb.
  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
Hər üçü ola bilir. Baxır məqamına.
  1. Sizin üçün ən uğurlu sərmayə nədir?
İki balamın gözəl təhsil alması və xoşbəxt yaşaması. Nurayımın üzünün  daim gülməsi. Onu ağlayan görəndə, mən ölürəm.
  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
Bu gün anama onu hər kəsdən çox sevdiyimi deyər, doğmalarımın hamısı ilə görüşər  (qohum yox ha, doğma), dostlarımla bir çay içər, şeirlərimin QADINI ilə göz yaşlarımızı birləşdirər və o dünyada gözləyəcəyimi deyərdim. Vüqara (oğlum) bəzi tapşırıqlar verər, Nuraya (qızıma) sarılar yatardım.
  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
Zaman maşınım olsaydı, qayıdardım Ağdamlı illərə, uşaqlığıma. Orada bir oyuncağım vardı, məftil maşınım. Onu müharibədən sonra çox arzuladım. Güzgüləri, podpressi qırmızı slyuda şüşədən düzəldilən niva idi. Onu gətirər, saxlardım evimdə. Bir də anamın qara saçların darayardım…  Ehhhhh, mən müharibə uşağı olmuşam. Nə yaşamışam ki.
  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?
Əsl dost hər iki gündə də yanımda olandır. Çoxu deyir dost dar günün dostudur, razı deyiləm. Mənim xeyir işimdə də, dostum yanımda olmalı, təklik sadəcə Yaradana məxsus, Allah bizi dostlarsız etməsin.
  1. Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq, başqa bir yaradıcı istedadınız varmı?
Bunları da mən demədim ha, sən dedin. Əlavə edim, çox gözəl sevə bilmək qabiliyyətim var. İstər sevgili kimi, istər dost  kimi, istər övlad kimi, istər ata kimi…
  1. Tənqidə münasibətinizi bilmək olarmı?
Əsaslı və qərəzsiz  tənqid qədər sevdiyim heç nə yoxdur.
  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
Riski özüm qədər sevən ikinci insan tanımıram. Həyatda elə risklər etmişəm ki, bu an bu müsahibəni yazmaq şansım belə olmazdı. Dəfələrlə o dünya ilə qovuşmağa  an məsələsi olub, sıyrılmışam. Cavanlıqda  olan gənclik  “səhvlərində”  də olduqca  riskli idim. O vaxt həyacandan dodağımı, dilimi qurudan 3-5 hadisəni indi xatırlayanda gülümsəyirəm.
  1. Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?
Mən özümü bəzən tanımıram. Bu əsəb hissimin həddindən artıq olması ilə bağlıdır. Ümumilikdə bəli, tanıyıram. Amma vacib olan mənim deyil, yaxın çevrəmin məni necə tanımasıdır.  Dost və düşmən cəhətlərimə gəldikdə isə, bir çoxları kimi əslində xoş xarakteri özümdə bəd xasiyyət kimi “göstərib” gülüş obyektinə çevrilmək niyyətim yoxdur. Çoxu deyir, ən pis xasiyyətim ürəyi yumşaq olmaq, insanlara güvənmək, inanmaq, iki üzlü ola bilməməkdir filan. Səni inandırım ki, onu deyənlərin 99 faizi elə dediklərinin tam əksi olan adamlardı. Nəysə, mətləbdən uzaqlaşmayım. Dost cəhətim-  itirməkdən qorxmaq (insanı), vəfalı və sadiqliyim, cinsimi xarakterimlə bütövləşdirən kişiliyim və öz dostlarım arasında bilavasitə körpü rolu oynamağımdır. Dostlarım da, tələbə yoldaşlarım da, əsgər yoldaşlarım da toplaşanda məni BİZİ BİRLƏŞDİRƏN DƏYƏR olaraq qiymətləndirirlər. Düşmən cəhətim-  tez əsəbləşmək, sonda deyəcəyim sözü bəzən əvvəldə demək  (bunun peşimanlığın o qədər yaşamışam ki), biraz kinli olmaq, mənə olunan pisliyi unutmamaq və sair.
  1. Sizcə, yazılarınızın qəhrəmanları Sizin yerinizdə olmaq istəyərdimi?Bəs Siz öz yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?
Mənim bütün yazılarımın bir qəhrəmanı var. O da özüm. Mən özümü yazıram. Bəzən mələklərə, bəzən insanlara, bəzən hadisələrə, bəzən isə yaratdığım QADIN obrazına və onun özünə olan təmasımı yazıram…
  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Mən daim sovet gəncliyinə qibtə etmişəm. Sanki indiki gənclik  internetdən asılı yaşayır. Həyatında bir günlük sosial olmazsa, ölə bilərlər. Oysa həyatda başqa gözəlliklər bəs qədərdir. Sevdiyin kəslərlə görüşmək, çay masasında gözəl müzakirələr (bizdə şeir məclisləri), kinoya, teatra getmək, ən əsası kitabı sevmək, oxumaq. Gənclik uçurumdadır. Ən böyük qəbahətimiz  böyükləri  tanımamağımızdır. Xatirimdədir, kəndimizdə bir neçə ağsaqqal vardı, onların ayaq açdığı qapıda qan da olsa batardı. Ölüm hadisəsində belə ağsaqqalın minnətə gəldiyi evdə söz uzanmazdı. İndi nəinki ağsaqqal, gənclər heç atasını saymır. Bu hamıya şamil edilmir, amma vallah 95 faiz belədir…

SONDA  SƏNƏ  TƏŞƏKKÜR  EDİRƏM.  ƏZİYYƏT ÇƏKİB MƏNİ DANIŞDIRDIĞIN ÜÇÜN. NƏZƏRİNƏ  ÇATDIRIMKİ, MƏN DANIŞMAĞI SEVMİRƏM…  SAATLARLA DİNLƏYƏR, SANİYƏLƏRLƏ DANIŞARAM.
Var ol  GÜNEL.
Səninlə tanışlığımı unutmamışam, unudan deyiləm, Ramil, çünki bizi birləşdirən əsl iki dəyər var, dostumuz və gözəl insan Aysel Abdullazadə və kitab, hər ikinizin kitabı…
Təşəkkür edirəm, səmimiliyinə görə…
 Söhbətləşdi: Günel Fərhadqızı
Отправить комментарий