4/29/2016

O, qayıtdı...


IMG-20160324-WA0020
Uzun zaman idi, azmışdım, bilmirdim hara gedirəm, kimlər var yanımda… Doğrudurmu etdiklərim, yoxsa yanlış… Özümdən incimişdim, xarakterimə görə… Az da olsa, vicdanım, əzab verirdi mənə… Hər alınanda, alınmayanda, günahkar bilirdim özümü…
Bir yandan susqunluq, durğunluq, ətalət, bir yandan fırtına, inqilab, ziddiyyətlər, mübarizə… Qalib olma istəyi… Bəhsəbəs, öndə olmaq, sanki yarışdır… Kimə deyim, etibar edim, ətrafımda xəyanət, yalan, qısqanclıq, paxıllıq varsa… Özümə güvənməliyəm… Ancaq özümə…
Zirvəyə baxmaq, önə addımlamaq, yuxarıya doğru qalxmaq, kənarda tutacaq da yoxdur, nərdivan nazik, yıxılmaq ehtimalı var, amma qorxmuram… Arzular da belədir, həyat da… Bir addımı səhv atdınsa, tutacaq bir dayağın yoxdur, yıxılacaqsan… Haranısa əzəcəksən, haransa çıxacaq, sınacaq, dərində yaralar olacaq, qanayacaq hər yerin üzdə də, içində də… Tərslik edib, yenə cəhd edəcəksən məqsəd, arzuna doğru, bu dəfə dərs almısan həyatdan, arzulardan, səhvlərindən… Ehtiyatlı atırsan addımını, tələsmirsən, qaçmırsan, elə addım atırsan ki, sanki bıçaq üstündə gəzirsən, ya da kəndir üstündə, tarazılığı qorumağa çalışırsan… Bilirsən ki, sənin səndən başqa kimsəsi yoxdur…
İnsanlarla münasibət də belədir, yemək bişirməyə çalışırlar sanki, insanlarla münasibəti quranda, bişirirlər səni, hazırlayırlar qazan, tavanı, qalayırlar odu, salırlar səni odun içinə, qaynayırsan, qızarırsan, bişirsən, sonra boşqablara, kasalara çəkirlər səni, yeyirlər ətini birgə qonaqlıqda, ruhun da incimir… Yeyib bitirirlər səni, qalan səndən bircə ruh olur, o da ki, kənardan tamaşa edir olanlara…
İtirirsən özünü, itirilirsən, getdiyin yolu, həyatını yaxşı tanısan da, tapa bilmirsən nə yolu, nə özünü, nə də itirdiklərini… O qədər yük daşıyırsan ki, bir itkidən yüngülləşirsən sanki… Dönüb geriyə götürmürsən öz yükündən düşəni, itirdiyini, axtarmağa belə çalışmırsan, çünki bilmirsən nəyi və harada itirdiyini… Vaxtsa amansızdır, gedir ömürdən… Yükün yüngülləşir itirdikcə yükündən düşənləri, səssiz itirirsən o yükündəkini… Çiyinlərin ağrıyır, başın ağrıyır, ağlayırsan, peşiman olursan bəzən… Dayanmaq istəmirsən amma, yorulsan da, çünki bilirsən ki, geriyə yol təkrar eyni şeyi yaşamaqdır… Sənsə təkrar yaşamaq istəmirsən… Sən təkrardan qaçırsan…
Sevgi də belədir… Həyat yolunda ilk itirdiyin yük insanlar olur, onların sənə münasibəti, hissləri olur, yaşadığın anlar olur, xatirələr olur, yük itdikcə, xatirə də itir, xəyal da, məqsədin də, arzun da, silinir avtomatik yaddaşın…
Sevgi də, qovsan, itirsən, qayıtmır… Keçmişdə qalır… Yenisinə rast gələnədək… İnsanlar dəyişmir axı, sevgiləri də dəyişsin…
Ümid və inam gizlənir içimizdə, çox dərin bir yerdə, basdırırıq onu, bəzən üzə çıxır, boğa bilmirik, susdura bilmirik bəzən onları…
Sevgi də, belədir, güclü olanda, itirsək də, qayıdır insana, nadir hallarda… Eyni adam, eyni sevgi, eyni arzu və xatirələr, xəyallar, plan və məqsədlər…
Bax beləcə gedir insan, gedir həyat, ötür zaman, məkanlar dəyişilir…
O, qayıdır həyatıma… Bəlkə yenidən xoşbəxt olaram, sevgidən yazaram, unudaram keçmişimi, itirdiklərimi… Unutmadısa məni, hələ də biganə deyilsə mənə… Şans verim bəlkə ona mən… Bəlkə, qapını açım, girsin içəri, olsun həyatıma qonaq, deyim ona:
  • Sevgi, xoş gəlmisən həyatıma, sevgi səni sevirəm, çox sevirəm mən?!
Отправить комментарий