4/27/2016

Kimdir müqəssir?!

IMG_6503
Həyatımda nə baş verir, vermirsə, “Axı, niyə?” sualından sonra verdiyim sual “Kimdir müqəssir, nədir maneə?!” olur…
Cavab, hərlənib fırlanıb öz üzərimə gəlir, bütün suallarıma cavab, “Mən”dir!
Dəlicəsinə, ölümədək, sonsuz sevən mənəm, əzab çəkən, özümü düşünməyib, hər kəsi düşünən, özümü başqalarının yerinə qoyub, kiməsə nəyisə qıymayan, qınamayan kimisə mənəm…
Yaxşı insan olmağım, barışmağım, bağışlamağım, zərbələr vurduqca insan, pisliyə pisliklə cavab verməməyimdir məni günahkar edən…
Hər kəsi anlamağım, düşünməyim, qəbul etməyim, hörmət etməyim, saflığım, vicdanım, ağlımdır mənə düşmən olan cəhətlərim…
Səmimi, ünsiyyətcil olmağımdır məni insanlara pis tanıdan…
Sevdiyim zaman sevdiyim insanı xoşbəxt edə bilmirəmsə, onu üzürəmsə, getməyimdir, seçim zamanı qarşıdakının istəyini çox vaxt nəzərə almağımdır, bir zamanlar başqaları üçün yaşamağımdır günahım…
Sevdiyim zaman sevgimi gizlətməməyim, həddən ziyadə diqqətli, qayğıkeş olmağım, bununla onu bezdirməyimdir, biganə ola bilməməyimdir mənə maneə olan cəhətlər…
Yalanı sevməməyim, yalan danışılan zaman, xəyanət edilən zaman unutmadan uzaqlaşmağımdır həmin insandan…
Dava və mübahisələri sevməməyimdir…
Hər kəsi özüm kimi bilməyimdir…
Hər kəsə inanmağımdır…
Sadəliyimdir mənim düşmənim…
Sevdiyim zaman sevdiyim insanın xeyrinə, nə qədər əzab çəksəm, yansam, bədbəxt olsam da, çıxıb getməyimdir, onun xoşbəxt olması üçün gedişi zamanı onu saxlamamağımdır mənim günahım…
Kimdənsə asılı olmamağım, kimisə özümdən asılı etməməyim, insanların fərdiçilik və azadlığını qəbul etməyimdir təqsirim mənim…
Bəzən çox səbrli, bəzən isə səbrsiz olmağımdır, bəzən sakit, bəzən sərt olmağımdır…
Bəzən gülüşüm, bəzən göz yaşlarımdır, bəzən danışmağım, bəzən susmağımdır təqsirim ancaq…
İtirməyimdə də özüm günahkaram… İnad etməməkdə, özümün deyil, başqalarının seçimiylə razılaşmaqdadır səhvim…
Məni sevənləri sevə bilməməyim, məni sevməyənləri özümə sevdirməməyimdir, cavabsız sevgimdir, sevgimi cavabsız qoymağımdır əsl günahım…
Beləyəm, neyləyim, günahkaram…

Отправить комментарий