4/27/2016

İnsanı vuran ən yaxınıdır...


İnsana ən böyük zərbəni özü vurar, bir də ki, ən yaxın olan insanlar, doğmalar… İnsanın ən böyük düşməni öncə özüdür, sonra doğmalar, yaxınlar…
Ən böyük zərbəni məndən valideynlərim aldı, onları tərk etdim, öz ailəmi qurmaq üçün…
Ailəmi qurdum, valideynlərimi, vətənimi, işimi, təhsilimi atıb, getdim ərə, köçdüm vətəndən, “Arvad ər olan yerdə olmalıdır” prinsipiylə hərəkət etdim… Ər haqlıdır, onun sözü qanundur axı…
Ona görə tərk etdiyim, qurban verdiyim, mübarizə apardığım həyatımda zərbə dalınca zərbə aldım… Özüm özümü cəzalandırdım, zərbə endirdim, sonra doğmalar, sonra uzaq, yadlar, bir də baxdım, hər kəs belimə soxub bıçağı, elə yaralanmışam ki, sağ qalmağım möcüzədir…
Cəza dalınca cəza, yad və qərib ölkə, yad və qərib insanlar, ər belə yadlaşdı, qəribləşdi… Sonra övladın yadlaşdı sənə, övladın qəribləşdi… Azyaşlı olmasına baxmayaraq, vurdu zərbəni sənə bacardığı qədər… Ən böyük zərbə də qızımdan gəldi… Necə sındımsa, qızım sənin hərəkət və sözlərindən, həyatdan bezmişəm, məhv olmuşam, dağılmışam, ağlamaq belə çarə deyil mənə… Atan göndərdi mənə şəkillərini, daha istəmirəm, sənin mənə olan sevgisizliyini, hörmətsizliyini, haqsızlığını, mənə verdiyin əzabı, vurduğun zərbələri uda bilmirəm… Dayanın artıq…
Qızım, sənin səsin, sözlərin, məndən qaçmağın, məni sevmədiyini deməyin, mənim yanıma atasız gəlməməyini, atasız yaşamaq istəmədiyini və atanı sevdiyini qəbul etdim, sənə olan sevgim naminə, mübarizə aparmıram, seçiminə və sevginə hörmətlə yanaşıram… Amma qızım, səncə mən bu qədər pis insanam, nə pislik etmişəm sənə axı?! Niyə mənə bunu edirsən?! “Anamı istəmirəm, anamın yanına getmək istəmirəm… Anam pisdir, anam gəlib burada yaşamır, məni sevmir anam, sevsəydi, gəlib burada yaşayardı” deməyin, nə bilim vallah, mən azərbaycanlıyam, kimsə məni məcbur edə bilməz, başqa ölkədə yaşamağa, kimsə məni kiminsə əliylə vura bilməz, onsuz da vururlar, kimsə səni silah kimi istifadə edib, məni məhv etmək istəməz deyə düşünərdim, amma sən saydığını say, gör, fələk nə sayır…
Bu qədər ucsuz-bucaqsız dərdim var ikən, kişilərin, qadınların mənə münasibəti, qınaması, məsləhətləri məni lap boğur, guya istəmirəm səni qaytarmaq istəyirəm… Amma sənin istəyinə qarşı gedə bilmirəm… Məni sevməyən, mənimlə yaşamaq istəməyən, məni seçməyən övladım üçün niyə mübarizə aparım ki, sən azadsan, səni sərbəst, azad böyütdüm, öz fikrin, qərarın olsun, asılı olmayasan kimdənsə, indi öz fikrin, qərarın, seçimin var… Əzab çəksəm də, hər gün daha çox məhv olsam da, yansam da, içimdə ağlasam da, yenə də qəbul edirəm… Bilirəm, atasız yaşamaq istəməyəcəksən, atanı seçəcəksən, atan üçün darıxacaqsan…
Sən atanla artıq yeni ana axtarışına çıxmısınız… Bir-bir sınayırsınız anaları, deyəsən artıq seçdiyin, bəyəndiyin var… Bir yandan sevinirəm, bir yandan üzülürəm… Sevinirəm ki, xoşbəxtsən, üzülürəm ki, doğma anan sənin üçün heç kimdir… Kaş ki, öləydim, bu günləri görməzdim, ölmüş bilərdin məni…
Acizəm, çünki mənim üçün sən və sənin arzun, qərarın, seçimin daha önəmlidir… Qanun önəmlidir… Bəlkə sən məndən imtina etdiyin kimi mən də səndən imtina edim, hər kəs rahatlıq tapsın, bir məndən başqa?
Çarə axtarıram, unutmağa bu dərdi, bu zərbəni, sağaltmağa yaranı… Arzularım olur heç də xoş olmayan…
Nə qədər qınayır insanı, qadını insanlar, cəmiyyət, nə qədər günahkar bilirlər…
Hər kəs ağıllıymış, məndən savayı…
Yenidən ərə get, yenidən ana ol kimi məsləhətlər verirlər, yerimdə deyillər, olsaydılar, bəlkə anlayardılar…
Kiməsə arzulamıram, övladın sağ ikən, ölmüş kimi davranmaq, sağ ikən olmamış kimi davranmaq…
Kişiləri də anlaya bilmirəm… Mən nə haydayam, siz nə haydasınız… Qəmiş olmayın…
Bir xəstəlik olsaydı, əzab verərək, ağrılarla bezdirsəydi, başımı qatsaydı, müalicəsi olmasaydı, günbəgün aparsaydı məni ölümə doğru, bəlkə o zaman xoşbəxt olardım…
Bəlkə bundan sonra həkim desəydi ki, uşağın daha olmayacaq, sonsuzsan, müalicəsi yoxdur, canım qurtarardı ağıllı məsləhətverənlərdən… Sonsuz olsaydım, kişilər də əl çəkərdi məndən…
Xatirələr qoymur məni yaşamağa, evdəki geyimlərini, oyuncaqlarını verə bilmirəm kiməsə, iyin vardır evdə, səsin vardır… Qınama məni, səni unuda bilmirəm…
Bir qəza baş versəydi, beynim silkələnsəydi, yaddaşımı itirsəydim, xoşbəxt olardım, unudardım keçmişimi, varlığını…
Hər kəs yadıma salır, soruşur səni məndən, daha çox üzülürəm… Elə bir yer olsaydı, insan olmasaydı… Kimsə salmasaydı səni yadıma…
Başdan gərək sonsuz olardım, itirərdim səni, doğulmamalıydın bəlkə də sən… Bilmirəm, nə doğrudur, nə yanlış…
Mənəvi ölüm, komadayam, oyanmaq istəmirəm, qayıtmaq istəmirəm bu dünyaya… Cəhənnəm belə məni qorxutmur… Əsl cəhənnəmi sənsiz bu həyatda yaşayıram…
Sənsiz bu həyatı neyləyirəm ki, uzaqda qınamaq, yaşamadan qınamaq çətindir… Bezmişəm hər suala cavab verməkdən, dərdləşməkdən, paylaşmaqdan…
Bezmişəm mübarizə aparmaqdan, təhdidlərdən, şantajlardan, təhqirlərdən, söyüşlərdən…
Axı, bu necə həyatdır?! Məgər bu həyatdır?! Əsla!
Əlvida, qızım, bağışla, bacarsan məni, sənsiz yaşaya bilmirəm artıq…
Отправить комментарий