4/08/2016

…ağılsız adamlar xoşbəxt olduqlarını anlamazlar… (Tanımadığımız tanışlar silsiləsindən XXIII yazı)

image
Bu dəfəki müsahibəmiz elə bir vaxta təsadüf etdi ki, hər birimizin düşünə biləcəyimiz ancaq bir mövzu var – Qələbə! Son günlər çox gərgin günlər yaşadıq, şəhid verdik, dinc əhalidən də həyatını itirən, yaralananlar oldu. Neçə kəndə maddi ziyan dəydi. Bu gün atəşkəs elan olunsa da, biz qələbəyə gedən yolun yaxın olduğuna inamımızı itirmirik. Bəlkə kimsə məni qınayacaq ki, bu vəziyyətdə Sevinc müsahibə təqdim edir, amma inanlram ki,  inşAllah gün gələcək, qələbə xəbərini də sizinlə paylaşmaq mənə qismət olacaqdır… 
Müsahibim gənc bloggerlərdən olan Günel xanımdır. Cəsarətli, dözümlü, səbirli bir xanım… Sözün düzü Günel xanımı yaxından tanımağım mənə hardasa ürək ağrısı yaşatdı. Çünki səbəbi nə olursa olsun, bir ananın övladından ayrı düşməsinə biganə qalmaq insanlıqdan kənardır. Günel xanım, Allah sizi tezliklə övladınıza qovuşdursun inşAllah…
Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Günel Fərhadqızı, yazılarında yaşayar, ya tam yaşayar, ya da qismən, bir parçası…
2. Özünü tanımaq heç də hamıya sərf etmir. Özünüzü tanımaqda çətinliyiniz yoxdur ki?
– Məndə hər şey “mən”dən başlayır, tanışlıq da, tənqid də, müşahidə də, sevgi də, qəzəb də… Eqoist olmağın müsbət tərəfidir.
3. İstedadlıya kömək edin, istedadsız onsuz da özünə yer tapacaq. Eşitmisiniz bu ifadəni yəqin ki. Deyəsən zəmanəmizə tam uyğun deyilib. Günel xanım, necə olur ki, İstedadsız biri xalq artisti, əməkdar artist, yazıçı, şair, incəsənət ulduzu səviyyəsinə qədər asanlıqla yüksələ bilir?
– Mənim ilk iş yerim dövlət qurumu olub, mənə rəhbərliyimiz həmişə deyərdi ki, sən ağıllı, savadlı, işgüzar qızsan, sənə dəstək lazım deyil, özün özünü aparacaqsan irəli…
İstedadsız, ağılsız, əxlaqsız və mənəviyyatsız insanları önə vermək asandır, çünki onlar tabe olmağı və itaət etməyi, ona deyiləni etməyi bacarırlar. Ya arxa dayaqları başqası olur, ya da pulu olur. İstedadlı insan itaəti sevməz, tabe olmaz, özünü və yaradıcılığını sevər, dəyər verər, azad olarlar, belə insanlar idarəedicilərə və ya pul verənlərə, dayaq olanlara əl vermir. İstedadsızın da başqa “istedadı” olur ki, istedadsız istifadə edir, istedadlı isə bu istedadından istifadə etmir.
4. Gözümüzü açandan eşitdik ki, pul əl çirkidir. Əl çirki dediyimiz puldan ötrü də insanlar bütün çirkinliklərə bulaşmaqdan çəkinmədilər. Deyilən fikir, əməllə tərs mütənasib gəldi. Sizcə atalar sözü düz deyilməyib, yoxsa əlimizin “çirki” pula bulaşdı?
– Mən maliyyəçiyəm, iqtisadçıyam, mənim üçün pul əl çirki ola bilməz. Kapitalizmdir, kapitalizmin bünövrəsində pul və insan durur. Pul insanlara onu qazanmaq üçün verilir, insanlığını itirmək üçün yox. Pulu bəzi insanlar asan qazanır, bəzi insanlar çətin… Burada sağlam olmayan rəqabət və paxıllıq başladığından hər kəs öz bildiyi metodla pula sahib olmaq istəyir. Atalarımız bunu deməklə, insanların puldan asılılığını azaltmaq istəmişdir. Pulun önəmli olmadığını vurğulamaq istəmişlər. Həyat və insanın özü daha önəmlidir, ancaq pul olmadan bu mümkün deyil. Pulu çirkli edənlər də, pulu qazanmaqla, onu dəyərdən salıb, dəyərə mindirənlər də insanlardır və onların həyatıdır.
5. Sofokl deyib ki, xoşbəxtliyin birinci şərti ağıllı olmaqdır. Belə çıxır ki, xoşbəxt olmayanların ağıl sarıdan kəsiri var?
– Tamamilə razıyam, ağılsız adamlar xoşbəxt olduqlarını anlamazlar. Bəlkə artıq xoşbəxtdirlər, sağlam olduqları üçün, ev və digər nəyəsə, ailəyə sahib olduqları üçün. Amma onlar bunu görmürlər və xoşbəxt olmalı olduqları halda, olabilmirlər. Ağılsız adamlar nə istədiklərini bilmirlər, məqsəd və arzuları olmaz, nə üçün yaşadıqlarını belə anlamazlar, yaşayarlar, nə həyatı anlayarlar, nə həyatın verdiklərini, aldıqlarını…
6. Qadınlar özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. Belə çıxır ki, qadınlar kinlidirlər? Bəs siz necə, bağışlamağı bacarırsınızmı?
– Bağışlayıb bağışlamamaq hikməti və seçimi insanlara verilməyib, ancaq Allaha məxsusdur, Allah bağışlayarsa, mən niyə bağışlamayım, qınamağı, bağışlamamağı, ittiham etməyi və küsülü qalmağı sevmirəm və əgər özümə və ya kiməsə qarşı səhvim olubsa, etiraf edib, üzr istəmişəm.
Unutmamaq kin deyildir, unutmamaq dərs çıxartmaq və gələcəkdə onu etməmək, təkrarlamamaq üçündür. Yaxşını da, pisi də unutmayıb, tərəzidə çəkirsən, hansı ağır gəlirsə, nəticə çıxardırsan…
7. “Kaş ki, ……………….” Günel xanım, bu cümləni necə tamamlamaq istəyərdiniz?
– Kaş ki, qadın kimi doğulmamaydım, ələxsus da, şərq ölkəsində. Kaş ki, ailə qurmazdım, ana olmazdım… Bir şeirim var, Kaş ki…
Kaş ki…13.05.2015
Allah, niyə qız doğuldum?
Qız olmaq yaman ağırdı,
Kaş ki, doğulmayaydım…
Allah, niyə övlad verdin?
Yaxşı ana mən olmadım,
Kaş ki, sonsuz olaydım…
Allah, niyə həyat verdin,
Yaşamağı öyrətmədən?
Kaş ki, ölü doğulaydım…
Allah niyə güclü oldum?
Bariz oldum həyatımda,
Kaş ki, ağlım olmayaydı…
Allah niyə yaşayıram,
Sevgi, sevinc uzaq ikən,
Kaş ki, bu gün yox olaydım…
Allah, niyə hər şey verdin,
Sonra aldın verdiyini?
Kaş ki, almaz olaydım…
Sənsə, verməz olaydın…
Cavanlığı, gözəlliyi,
Neyləyim, mən bu həyatda?
Qiyməti yox insanların,
Dəyəri yox yaxşıların,
Kaş ki, unudulardım…
Allah, niyə doğruları,
Görməz, eşitməz insanlar?
Kaş ki, yalan olaydım…
Allah, nəyə lazım inam,
Yalan ümid, əbəs sözlər,
Kaş ki, onlar heç olmazdı…
Allah niyə verdin canı,
Verdin qəlbi, bu vicdanı?
Niyə verdin səbr, hicranı?
Kaş ki, mənlə yanardılar…
Allah niyə verdin dərdi?
Görürsən ki, üzülürəm,
Yoruluram, taqətim yox…
Dərd çəkməyə yoxdur halım
Kaş ki, dərdsiz olardım mən…
8. Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar…Sizin necə, səbir edib əldə etdiyiniz nələrsə oldumu?
– Mən dinə inanmıram, dini də insanlar yaradıb, deistəm, mənim üçün ancaq Allah vardır. Mən əvvəl dindar idim, məni bisavad və əxlaqsız, mənəviyyatsız və əslində dindən uzaq “dindarlar” uzaqlaşdırdılar dindən… Onlar olan yerdə mən yoxam… Oruc tutmuram, nə varsa, yeyirəm, şükür ac qalmamışam… Ağrı və dərdi Allah çəkənə verər, çəkdikcə, insan daha mübariz, güclü, dözümlü olar… İnsanlara münasibətdə səbrliyəm, amma mənə dəyməsinlər… Dəyəndə, sözümü deyib, uzaqlaşıram onlardan… İstədiyimi Allahdan istəyirəm, dua etməsəm də, içimdə ünsiyyətdəyəm hər zaman… Şükürlər olsun ki, eşidir məni… Göz yaşlarım çox axıb, hər gün də axmaqdadır, bəlkə də çox həssas, duyğusalam deyə… Həsrət və darıxmaq nədir, bilirəm… Anamın və qızımın həsrətindəyəm… 6 ildir anamın, 2 ildən çoxdur ki, qızımın həsrətini çəkirəm… Özümü sevirəm və mənə əziz olan insanları… Bir zamanlar hər kəsi sevərdim, indi insanlardan çox heyvanları sevirəm, bir də ki, təbiəti… Səbr etmək gözləməkdir… Gözlədikcə, ağlayırsan da, dözürsən də, Allahından istəyirsən də, ağrıyırsan da, dərd çəkirsən də… Bunları yaşadıqca, insan olur, insanlığını qoruyur, həyatında olan və həyatından gedənləri, gələcək hər şeyin, hər kəsin qədrini bilirsən, müqayisə edə bilirsən… Səbr etdikcə, itirdiyimdən, özüm vaxt itirməməyi və tədbirlər görməyi öyrənmişəm. Kiməsə güvənməmək özümdən savayı…
9. “Oxuya bilsəniz, hər insan bir kitabdır”. Bir kitab olsaydınız, oxucularınız çox olardımı?
– Mənim bu ay yazdığım “Kitab” adlı essem var, həmişə demişəm, insanlar kitab kimidir… Baxır dilimə və kitabın mətninə, reklam edilməsinə və bazardakı tələb, təklifə… Dilim anlaşılan, mətnim maraqlı, reklam edilmiş, bazarda tələb və təklifi formalaşdırılmış kitab olsaydım, əlbəttə ki, oxucum çox olardı… Bir qadın cinsli kitab olaraq, tələbat və maraq çoxdur, satışa çıxarılsam və ya oxunmaq üçün açıq olsam ictimaiyyətə, bəlkə də çox adam əldə etmək istəyər, tirajıma baxmazlar, yenidən çıxardarlar məni…
10. Mövlanə deyir: “Başqalarını hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin”. Özünüzə bağışlamadığınız hansısa addımı atdınızmı?
– Əfv etmək insanlığın bir cəhətidir. İnsanın ən böyük dostu da, düşməni də onun özüdür. Bu baxımdan dost kimi özündən çox insana yaxşılıq edən olmaz, özünə düşmən olub, özünə pislik etsən, bunu başqası sənin qədər edə bilməz… Peşiman olmamışam, səhvim də, doğrum da, mənimdir, dərslərim olub, imtahan vermişəm, qazanmışam, itirmişəm… Amma mən buyam, bağışlamadığım olmayıb, unutmadığım olub, bir ərə getdiyim gün ailəmlə-valideynlərimlə vidalaşmamağım, bir də qızımı atasıyla aeroportda yola salanda, vidalaşdığımızı bilə-bilə soyuqqanlı görsənməyimi unutdurmuram özümə…
11. İnsan sevmək hissini israf etməməlidir. Kim nə qədər sevilməyə layiqsə, onu o qədər sevməlidir. Sevginizi israf edəcəyiniz biri varmı və ya oldumu? Kimdir o?
– Bu fikirlə tam razıyam. İnsan nəyisə tükəndirməməlidir, bu günün sabahı da var… Kiməsə layiq olduğundan artıq verəndə, qədrini bilməz… Verdikcə, alar, əvəzini verməz, borclu çıxardar, bir gün verməsən, artıq onun üçün pis insan olarsan… Bəri başdan az ver, layiq olduqca, artır, hər şey qarşılıqlıdır. Verirsənsə, almalısan da. Təklif varsa, tələb də var…Qızım, atam və hələ də unutmadığım, ayrıldığım həyat yoldaşım…
12. Deyirlər ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur. Günel xanımın yeri kölgəlikdirmi, yoxsa günəşə baxacaq qədər cəsarətlidir?
– Mən özümü Günəş sayacaq qədər cəsarətliyəm, çünki çox insan və özüm üçün işıq olmuşam, çox insanı isə kölgəmlə “işıq”dan qorumuşam. Bürcüm şirdir, doğulduğum rəqəm birdir, bizim himayədarımız günəşdir, özümüz də günəş kimiyik, adım belə gün və eldir, elin günəşi…
13. “Düşünməmizi öldürən ən böyük düşmənimiz kiməsə alışmağımızdır”…Kiməsə alışdığınız oldumu?
– Mən tez bağlanan, tez dəyər verən, tələskənəm… İnsanları yaxşı tanımadan, yaxınıma buraxan, sadəlövh və səmimiyəm… Tez bağlanmaq cəhətim və təbii, səmimi olmağımı özümə düşmən cəhətlərim kimi tanıyıram… Elə insanlar olur ki, ilk təəssüratdan xoşuma gəlmiş olur, iki – üç dəfə ünsiyyətdən sonra bağlanıram, sonra yaxından tanıdıqca, anlayıram ki, yanılmışam, susaraq, uzaqlaşmışam həmin insanlardan…
14. Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır. İndiki gənclərin düşüncəsi ilə biz də nələrinsə dəyişəcəyinə ümid edə bilərikmi? Gənclik sizi qane edirmi?
– İndiki gənclər məni qane etmir. Dəyişsə də, pisliyə doğru dəyişəcəkdir. Çünki onlar uşaqlarına nəyi öyrədəcək, necə tərbiyə edəcək onları? Onların valideynləri onlara nə öyrədibsə, onları necə tərbiyə edibsə, eləcə də övladlarına vərəsəliklə ötürəcəklər… Düşüncələr dəyişməyincə, dəyişən deyil heç nə… Ümid etməmək də olmur. Çünki gənclərimizin hamısı pis deyil, az da olsa, yaxşıları var… O, yaxşıların övladlarınadır ümidim…
15. Çətin olduğu üçün cürət edə bilmədiyimiz şeylər, əslində biz cürət edə bilmədiyimiz üçün çətindir deyirlər…Sizcə doğurdan belədir?
– Çətinlikdən qorxmuram və cürətim yetməyib deyə, etmədiyim nələrsə də olmayıb, istədiyimi də etmişəm, cürətim də çatıb. Çox qadınlarımızın arzusudur, ailə qurmaq, ana olmaq, ailəsi uğurlu olmazsa, xoşbəxt deyillərsə, ayrılıb azad yaşamaq, övladına sahib çıxmaq… Ayrıldım, işləyirəm, tək yaşayıram, həm karyeram var, həm azad istəklərim, məqsədlərim, həyatım, ailəmi də saxlaya bilirəm…
16. Elə cinayət var ki, bağışlanmır – o, Vətənə xəyanətdir. Sizdən vətənə xəyanət edən birinə cəza istəsəydilər, hansı cəzanı kəsərdiniz?
– İki variant var, o, xəyanətkara deyərdim, özü seçsin özünə cəza, özünə cəza seçə bilməzsə, mən seçərəm ona cəzanı… Vətənsiz qoyaram onu… Vətəninin üzünə qalar həsrət…
17. “Mən tənha qadınam… Qadın olmaqdan öncə insanam… Tənha insan…” Sizə aid cümlələrdir bu, Günel xanım. Milyonların içində özünüzü tənha hiss etməyə səbəb nədir?
– Mənəvi və fiziki baxımdan tək və tənhayam, mənə uyğun birisi yoxdur, hamısı müvəqqəti, nisbidir. Ancaq özüm, tənhalığım sadiqdir mənə… Çox zaman qadın tənha olanda, cəmiyyət də, insanlar da fərd olaraq, qınayır səni, adlar, damğalar, ittihamlar, əxlaqsız təkliflər… İnsanları cinslərə bölməməliyik, insan insandır, cinsindən asılı olmayaraq, istər tənha olsun, istər olmasın…
18. “Sən gedəndən sonra, ayrıldığımız zaman sənin sevdiyin hər şeydən imtina etməyə başladım… Səni unutmaq, yada salmamaq üçün, səni xatırlatmasın deyə…” Bu qədər sevdiyiniz halda, bəs niyə ayrılıq? Ayrılıq sevgidən güclü çıxdımı? Səbəb?
– Əsl sevgi ağıldan başlar, qəlbdən deyil. Ağılda da bitər əsl sevgi… Ağıl isə bitməyə qoymaz… Əsl sevən insan bağışlamağı və sevdiyi insanı buraxmağı bacarmalıdır. Əsl sevən insan əzab çəksə də, sevdiyi insana əzab verməməlidir. Sevsən də, sevilsən də, bəzən ayrılmaq lazımdır. Ayrılıqda, xoşbəxt olmaq üçün, çünki sevgi olsa da, birlikdə xoşbəxt olmaq mümkünsüz olur bəzən… Səbəb sevərək, sevilərək, sevgi obyektinlə xoşbəxt ola bilməməkdir. Sevgi güclü çıxdı deyə, ayrılığa razılaşdıq, ayrıldıq… Ayrılıqda, tənhalığımızda anladıq, sevgimizi, dəyərimizi, həyatımızdan onsuz nələrin qalıb, nələrin getdiyini…
19. Qeyri- mümkun olsa da, deyin, uşaqlıq illərinizə geri dönmək istərdinizmi?
– Yox, ancaq uşaq vaxtı rayonda nənəmin sağ olduğu dövrə qayıtmaq istərdim. Nənəmi yenidən qucaqlayıb, nənəmlə sirlərimi paylaşmaq üçün… Mənim sirrimi paylaşdığım 3 nəfər var, nənəm, atam və keçmiş həyat yoldaşım…
20. Kiminlə güldüyünü unuda bilərsən, kiminlə ağladığını isə, əsla…kimdir ağlayanda sizinlə birgə ağlayan?
– Atam və qızım… Atam içində ağlayır mən ağladıqca, dərd çəkir, gözlərindən görürəm kövrəldiyini, həm də xaraktercə atama oxşamışam deyə, bilirəm, tanıyıram onu… Qızımla tək yaşadığım anlarda, ağlayardım, qızım sakitcə saçlarıma sığal çəkib, öpərdi alnımdan, yanağımdan, sonra qucaqlayardı, “Ana, ağlama” deyib, susardı… Ya da ki, gülərüzlə baxıb, balaca barmağını yelləyib,deyərdi hökmlə, “Olmaz”. İndi o, yoxdur yanımda, indi mənə ağlamaq olar…
21. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?
– Yox, şansım olub, dəyişməmişəm, çünki seçdiyim peşəni özüm seçmişəm, sevirəm də… Maliyyə, iqtisadiyyatı da, risk və sərmayə menecmentini də, yaradıcılığı da… Digər peşələrə oxuyaraq, kitab mütaliə edərək, kurs və treninqlərə gedərək, bilik əldə edərək, yiyələnmişəm… Ən uğurlu sərmayə bilik və təcrübədir…
22. Nə qədər insan gördüm ki, əynində libası yox, nə qədər libas gördüm ki, içində insan yox… İnsanları geyiminə görə tanımağa çalışırsınız, yoxsa geyiminə aldandığınız insanlar da oldu?
– İnsanlara insan olaraq aldanıram, geyimə görə qiymət verən deyiləm, çünki günüm olub, qlamur kimi görsənmişəm, günüm olub, idmançı, günüm olub kişi kimi… Amma nə geyinməyimdən asılı olmayaraq, mən həmin Güneləm, dəyişmirəm… Yaxşı geyinib, insan olmaya da bilərsən, yaxşı insan da ola bilərsən… Geyim ölçü meyarı deyil mənim üçün. Geyimə görə insanları peşələrə və nə iş gördüklərini bilə bilirəm, çünki korporativ etika və geyim stili ilə tanışam.
23. “Sən bir şeylər verdikcə, dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!” Mövlanə hikmətidir bu. Sizin münasibətinizi də öyrənmək istərdim. Həqiqətənmi belədir?
– Düzdür, insanlar var mənim kimi verər, insanlar da var ancaq istəyər, alar… Mən verdikcə, almağı da sevirəm, qarşılıqlıdır. Təki verdiyim pul və borc olmasın… İnsanları elə sınayıram, verdikcə, almağa çalışıram, verirlərsə, verməyə davam edirəm, vermirlərsə, dədələrinə borcum yoxdur ki, vermirəm))))
24. İnsan dünyanın hakimi olsa da, ürəyinin əsiri olur həmişə. Ürəyinizin əsiri çox olduğunuzmu?
– Mən ürəyimin əsiri olmuram, ağlımla qərar verirəm. Bir şeirim var – Ön cəbhədə 27-29/03/05
Ağıl gerçəyi bilər, qəlbsə daim səhv edər
Eybi yox, qəlb səhvini vaxtla ağıl düzəldər
Qəlb yağıdır ağıla, öz bildiyini edər
Qəlbə qulaq asanlar tələdə ömür sürər
İnsan həyatı boyu qəlblə vuruşmalıdır.
Qəlblə qərara gələn düşüncəsiz insandır.
25. …Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?… Yadınıza düşən biri varmı?
– Yadımdan çıxmayanlar var… Yadımdan çıxmayanlar da, hər zaman düşər yadıma…
26. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… Tanıdığınıza peşman olduğunuz biri necə, oldumu?
– ​Çox olub, hər kəs medal kimidir, iki tərəfi də var, yaxşı tərəfi də var, pis tərəfi də… Əslində, yaxşı dediyimiz tərəf bizi qane edən tərəfdir, pis tərəf isə bizi qane etməyəndir… Peşimançılığı sevmirəm, hər yaxşının da, pisin də, bir nəticəsi var, nəsə öyrənirik… Hər kəslə xoş günümüz də var, xoş olmayan günümüz də, xoş olanı tez unuduruq, xoş olmayanı isə unutmuruq…
27. Bir aforizm var: Bir dəfə dedin inandım. İkinci dəfə dedin, şübhəyə düşdüm. And içdin, inanmadım. İnsanlara inanmağınız asanmı olur?
– Tez inanan insan idim, indi insanlara inanmıram, tanımağa çalışıram. Bəzən özümə belə inanmıram, çünki insanam. İnandığım iki insan var, biri qızımdır, biri atam, ikisi də safdır deyə…
28. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?
– Eşq bir insanla yaşadığın və yaşaya biləcəyin yaxşı və pislərin məcmusudur… Əlçatmaz olduqca, sevməyimiz, daha yaxşıdır, platonik sevgi sadiq olur. Düşündükcə, mənə çata bilməyən kişiləri, o zaman məni nə qədər kişi lənətləmişdir, saymaq istəmirəm))) Nəyəsə əlin çatmırsa, o sənin üçün ali olur, onu daha çox sevirsən, daha çox istəyirsən… Əlin çatdısa, adiləşir və gündəmdən düşür…
29. Şirin şeylər sonu yaxşı bitən ağrılardır… Fikriniz?
– Şirin olan ağrılı həsrətdir, qovuşursan, ağrın keçər, həyat verməkdir, övladını doğursan, keçər ağrın, övladın xəstələndiyi zaman onu sevginlə müalicə etməkdir, sağaltmaqdır, ağrılıdır, amma nəticəsi yaxşıdır.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızda deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Mənə və həyatıma, azadlığıma, intim həyatımın olub-olmamasına kimsə qarışmasın, azadlığım kiminsə gözünə girməsin, paxıllamasın kimsə kimsəni, pislik etməsinlər, özünə rəva bilmədiklərini başqasına rəva bilməsinlər… Mənə verilən, başqasına 100 qat artıq verilsin ki, gözləri doysun… Tənhayam, tənha deyiləm kimə nə? Niyə kimsə, ələxsus kişilər tənha olmağımdan belə “nigaran” qalmalıdır axı…
Ən əsas istəyim evli kişilər məndən uzaq olsun, qızıma ölməmiş qovuşum… Vidalaşa bilim, sevdiyimi deyə bilim gözlərimlə… Bir də ki, keçmiş həyat yoldaşımı qucaqlayım, təşəkkür edim, verdiklərinə, verə bilmədiklərinə və vermək istəmədiklərinə görə… Hər şərdə bir xeyir var. Qadın sağlam və xoşbəxt olmaq, sevmək-sevilmək, hüzur içində yaşamaq istəyər…
Mən də öz növbəmdə, maraqlı, fəlsəfi, fərqli, düşündürücü suallara və diqqətinizə görə minnətdaram.
Mən də sizə maraqlı müsahibə üçün öz təşəkkürümü bildirirəm💐
Sevincli Dünya
https://sevinclidunya.wordpress.com/2016/04/05/agilsiz-adamlar-xosb%C9%99xt-olduqlarini-anlamazlar-tanimadigimiz-tanislar-silsil%C9%99sind%C9%99n-xxiii-yazi/
Отправить комментарий