3/17/2016

Sevməyi kimdən öyrəndim?!


Ailə kiçik bir dövlətdir, öz qanunları olan. Bəzi qanunları yazılmış olur, bəziləri yazılmamış.
Ailə ilk keçdiyin məktəbdir, uşaq bağçası, orta və ali məktəbdən öncə. Ailə uşağın həyat məktəbinin başlanğıc sinifləridir.
Ailən sağlam olarsa, valideynlərin tərəfindən sevgi, tərbiyə görərsənsə, ailədə öyrədilən hər şeyi unutmazsan, başqa təsirlərə məruz qalmazsan. Çünki əsl ailə alınmaz qaladı. Çünki əsl ailə elə möhkəm olur ki, kənar təsirlərə məruz qalmır, qoruna bilir.
Mən ailəmlə, valideynlərimlə fəxr edirəm, anam da, atam da  ali təhsillidir, indi Bakı Dövlət Universitetinin məzunlarıdır. Atam ixtisasca iqtisadçıdır, anamsa indi evdar qadın, öncə olub, coğrafiyaşünas.
Ana nənəm də, ana babam da təhsilin tərəfdarı olub, ana nənəm mühasibatlığı, rəqəmləri sevərdi, bu sahədə işləyərdi. Ata babamın indiki dillə desək, öz biznesi olub, anamın ata nənəsi də, savadlı, dünyagörüşü olan, zəhmli qadın olub, ana tərəfdən tam bir ziyalı nəslindənəm, həm ziyalı, həm mədəni, həm yaradıcı, sevməyi bacaran, savadlı olublar hamısı.
Mən çox şeyi ailəmdən öyrəndim, anamdan, atamdan, qardaşımdan, sonra ərimdən, qaynanamdan, qaynatamdan.
Anamdan ana olmağı, fədakarlığı, sevməyi, bir az mühafizəkar, bir az demokrat olmağı öyrəndim, anam mənə azad olmağı öyrətdi, təhsil almağımı, işləməyimi önəmli bildi, kimdənsə və ya nədənsə asılı olmayıb, hər vəziyyətdən çıxmağı və yıxılmamağı, yıxıldığın zaman təkbaşına qalxmağı öyrətdi mənə… Evdar deyildim, nə qədər anam evdar olsa da, indi öz evim var, təkəm, evdarlığımı da özüm etməliyəm…
Kitabı sevməyi, sözü sevməyi, yaradıcılığı sevməyi, təbiəti sevməyi, özünü və özüm kimi digər insanları sevməyi, Allahı sevməyi onlardan öyrəndim…
Sevməyi öyrəndim, ailəmi sevməyi, övladımı sevməyi, dostlarımı sevməyi, ərimi sevməyi…
Sevdikcə, üstdən deyil, dərindən sevməyi, ağılla sevməyi öyrəndim…
İnsan olmağı öyrəndim… İnsanlara dəyər verməyi, düşünməyi öyrəndim…
İrəli getməyi öyrəndim… Güclü və ağıllı olmağı öyrəndim… Seçilməyi öyrəndim…
Atamın anamı necə sevdiyini gördüm, atam mənə ideal ər və kişi obrazındadır, qızıl insan…
Bağışlamağı, barışmağı, doğmalarını darda qoymamağı öyrəndim onlardan…
Tolerant və multimədəni olmağı, səmimi və təbii olmağı, təbiətə hörmət edib, sevməyi, qorumağı öyrəndim…
Yazdıqca, yaradıcılığı anlamağı, qiymətləndirməyi öyrəndim…
Şans verməyi, qurban verməyi, güzəştə getməyi öyrəndim…
Nail olmağı, əldə etməyi, itirməməyi öyrəndim…
Yalan danışmamağı, doğrunu, haqqı seçməyi öyrəndim…
Səbrli olmağı, gözləməyi öyrəndim…
Öz üzərimdə işləməyi, mübariz olmağı öyrəndim…
Öyrəndim, bildim, yetər-deməməyi, davam etməyi, öyrənməyi öyrəndim…
Öz bilik və bacarıqlarım, təhsil və təcrübəmlə irəli getməyi öyrəndim…
Başladığım hər işi məsuliyyətlə və sevərək görməklə, uğur qazanmağı öyrəndim…
Sevərkən gizlətməməyi, paylaşmağı, paxıl olmamağı, pozitivi bölüşməyi, gülməyi, sevinməyi, sevindirməyi, sevdirməyi, güldürməyi öyrəndim…
Mən öyrəndikcə onlardan, məndən də kimsə nəyisə öyrəndi… Çox uzağa getməyin, özünüzdən başlayın, ailənizdən başlayın, mütləq öyrəniləsi nəsə var, dayanmayın, öyrənin…
Отправить комментарий