3/04/2016

Fuad Musayev: Bizim şou biznes başımızın bəlasıdır…

Bu günkü müsahibim bu ilin may ayının birində konsert verməyi nəzərdə tutan “FM Express” qrupunun solisti, banisi Fuad Musayev və qrupun üzvləridir. Bu dəfə müsahibə mövzumuz müasir yerli şou-biznesdən gedəcəkdir.
  • Fuad bəy, öncə ürəkdən oxuduğunuz, ürəklə oxudunuz “Ürək” Sizi 10 il ərzində hara apardı?
10 il bundan əvvəl oxuduğum bu mahnı mənə çox şey verdi, vizit kartım oldu, ilk uğurum oldu. Musiqi yolunda çox dəyişikliklər oldu. “Ürək” mənə uğur gətirdi, solo karyeramda önəmli yer tutdu, gözəl insanlarla tanış etdi, əməkdaşlıq etməyə başladım,  Bu mahnıdan sonra solo karyeramdan uzaqlaşdım, canlı ansamblın yaranmasına – “FM Express” qrupunun formalaşmasına səbəb oldu. Hər mənada özümə tənqidi yanaşıram. İndi o vaxt ifa etdiyim mahnıları dinləyəndə səhvlərimi tuturam, ifamı bəyənmirəm, əsl peşəkar  insan yaşından və cinsindən asılı olmayaraq, önə doğru addımlamalıdır. Musiqi dəryadır, sonu yoxdur, hey axtarışdasan və axırını tapa bilmirsən, yəni qurtarmır…
10 il ərzində Moskvadan vətənimə gələn gündən bu günədək, ansamblla işləyən zaman çox şey öyrənmişəm, öz üzərimdə çox işləmişəm. Ağıl-ağıldan üstündür, birlikdə işləyirik, şükürlər olsun ki, ansamblın üzvləri peşəkar musiqiçilərdir. Güc birlikdədir. Haradasa bir-birimizdə nöqsanlarımızı görürük, tənqid edib, qüsurlarımızı düzəldirik, təkmilləşirik. Mənə qrupdan kimsə irad tutanda, incimirəm, çünki o peşəkar musiqiçidir, məsələn Sergey bəy ölkədə zərb alətləri ifaçısı kimi öndə gedənlərdəndir. Elə ifaçılar var ki, irad bildirəndə ifasına inciyir, özlərindən razılıq edirlər guya bunlar hamıdan çox bilirlər, əslində isə heç nə bilmirlər. Ona görə də mən bu gün bu səviyyəyə çatmağıma, bu günkü uğurlarıma görə öz dostlarıma minnətdarlığımı bildirirəm. Qrupumuza yeni qatılan musiqiçi, gənclərimizə də minnətdaram, bu gün “FM Express” qrupu var, fəaliyyətdədir, irəli gedir.
  • Yaradıcılığınızın 10 ili tamam olur, 10 illik hesabat vermək niyyətiniz varmı?
Bəli, 1 may tarixində konsertimiz olacaq. Hesabat konsertimiz. Hər kəsi konsertimizə dəvət edirəm. Bu il 10 ilimiz tamam olur. Daha bu 10 illiyimizdə də konsertimiz olmazsa, gərək heç konsert verməyək. (gülür-redaktordan). Yeni mahnılar üzərində işləyirik. Disk buraxmırıq, qazanclı deyil, müəlliflik hüquqları qorunmur. Bütün mahnılarımız internet saytlarda yerləşdirilmişdir.
Medianı da konsertimizə dəvət edirəm.
  • Özünüzü şou-biznesdə görürsünüz?
Xeyr. İndiki şou-biznesdə görmürəm. Başımıza bəladır indiki şou-biznes. Bəlamız budur ki, bizim nəsildən söhbət gedir. Nə oxuyur, hansı mahnını oxuyur, kim öndədir, toy mahnılarını efirə qatırlar, zövqləri korlayırlar. Gələcəyimizi fikirləşmirik. Pop musiqisi, estrada musiqisi toyxanaya qarışıb, seçə bilmirik bu mahnı hansına aiddir, o qədər qatırıq ki, pis günə qoyuruq. Vaxt var idi, Qaya ansamblı, Sərxan Sərxanov, Mübariz Tağıyev, Karvan, Talisman, Yuxu qrupu var idi, rok, estrada ifaçıları kimi, səviyyəli musiqilər, qruplar var idi. Karvan qrupunu çox sevirəm, pop musiqisinə düzgün yanaşmaları var idi. İndiki mahnılarda isə bilmirsən bu türkdü, rusdu, ingilisdir, sözlərində xarici sözlər, qarışdırıblar, mahnı sözlərində dilimizdən bir şey qalmır. İnteqrasiya adıyla estrada musiqisini korlayıblar. Kim nə oxuyur bilmir, anlamırsan. Bu bizim başımızın bəlasıdır. Yaxşıları da var, çalışırlar ki, nə isə etsinlər. Amma ümumi baxanda buna son qoyulmalıdır. Toy tutmaq xətrinə, pul qazanmaq xətrinə sənəti bu günə qoymaq lazım deyildir. Toy mahnıları toyda oxunmalıdır, efirə çıxmamalıdır. Əvvəllər oxuyan mügənnilərimizin bir qismi də toya getmişdir, amma bazarı bazarı qatmırdılar, efiri bazara çevirmirdilər. Bunun planını telekanalların birində demişdim. Bir baxın xarici ölkələrdə şou-biznesin səviyyəsi necədir. Özgələşirik. Milli musiqi alətlərimiz unudulur, dilimiz unudulur, muğam üzərində yazılan mahnılarımız unudulur. Türkləşmə gedir. Bizim kökümüz türk olsa da, musiqi alətlərimiz fərqli olub, ifamız, estradamız fərqli olubdur. Bizim Rafiq Babayevimiz var, Akif İslamzadəmiz var. Onların ifalarına baxın. Bizim üçün bu ifalar bir məktəbdir. Bədbəxtçilik budur ki, “Üzeyir kimdir?” sualına “meyxanaçı” cavabı verilir. Unuduruq ki, Üzeyir Hacıbəyovumuz var, Fikrət Əmirovumuz var.
Efirlər, telekanallar səviyyəsiz musiqi və ifalara yer verir. Reytinq xətrinə elə mahnı və ifaçıları çıxardırlar efirə ki, bu vəziyyət sözlə ifadə olunmaz. Camaatda yaxşı və ya pis zövqü, seçimi məhz telekanallar formalaşdırır. Telekanal təbliğ etməli, öyrətməlidir. Bilməyən adamlar da bilsin. 6-7 telekanalımız var, hər telekanalda bir peşəkar musiqiçi, qrup senzura və ya tənqidçisi olsun. Kommersiya telekanallarının birinə “Rast” qrupunun rəhbəri Rəşad Həşimov dəvət edilməlidir, birinə Vaqif Gərayzadə, “Cəngi” grupu var, Emil Əfrasiyab var, Eldar Məmmədov var, Rafael Bünyatov var, “FM Express” qrupu var və s. Onları dəvət etsinlər, işə götürüb, yaxşı maaş versinlər, şərait yaratsınlar ki, bu peşəkarlar estradanın səviyyəsini qaldırsınlar. Belə bir iş qurulsa, senzura olacaq, mədəniyyət sahəsi üzrə haqlı tənqidçilər olacaq və haqlı və sağlam rəqabət yaranacaqdır, həm estradada sahəsində, həm telekanallar arasında, heç bir qrup, heç bir müğənni istəməyəcək ki, digər kanalda çıxış edən qrupdan və yaxud müğənnidən pis çıxış etsin, beləliklə inkişaf başlayacaq…
Bu vaxtadək keçirilən musiqi yarışmalarından ancaq Səs Azərbaycanı bəyənirəm. Çünki orada peşəkarlar işləyir, seçim də düzgün aparılır. Qalan telekanallarda keçirilən müsabiqələri bəyənmirəm, qalanlarında inkişaf, səviyyə yoxdur. Hər sahəyə gərək bilən adamlar cəlb edilsin. Bilməyən adamlar cəlb ediləndə, səviyyə bu hala düşür.
Reytinqdən danışırlar. Kim təyin edir və necə təyin edir bu reytinqi? Bu reytinqi formalaşdıran şəxslərin səviyyə, intellekt, savad, peşəkarlığından xəbərimiz yoxdur.
Mən dostlarıma deyəndə, “filan kanalda ifa etdim, baxdınmı?” deyirlər ki, “biz, yerli telekanallara baxmırıq”. Axı telekanallar özlərini niyə bu günə salmalıdır?
Prezidentimiz İlham Əliyev həmişə qeyd edir ki, inkişaf hər sahədə olmalıdır! Gərək Sizi tənqid etsinlər, Sizə iradlarını bildirsinlər? İnkişafı biz özümüz etdirməliyik, buna da Prezident qarışmalıdır?
Xalq və əməkdar artisti adını alanlar, xalqın verdiyi addan sui istifadə etməsinlər, rayonlara turnelərə çıxsınlar, xalq üçün konsert versinlər. Bu adları daşıyanlar intriqa ilə məşğul olmasınlar, intriqa yaratmasınlar. Konsert verənlər bir Röyadır, bir də Miri Yusifdir, onlarda ki, Bakıdan kənara çıxmırlar.

  • “Dostumsan, yoxsa sevgilim”. Yaradıcılığınız Sizin dostunuzdur, yoxsa sevgiliniz?
Sevgilisi də olmalıdır, dostu da. Amma sevgisi olmalıdır. Sənəti, gördüyün işi elə sevməlisən ki, ürəkdən. Bəzi insanlar sənətdə qısa müddətdə nəsə etmək istəyir, tələsirlər, unudurlar ki, sənətdə qısa müddətdə uğur və müsbət nəticə əldə etmək olmur. Qısa müddətdə 1-2 ilə nəsə əldə etməyi bacaranların da pulları var, sponsorları var. Mən şəxsən hər işimi özüm görmüşəm, çalışmamışam ki, tez-tez efirlərdə görünüm, insanların gözünə girim, insanları bezdirim. Mənim üçün həmişə deyirlər ki, mən səviyyəmi saxlayan ifaçılardan biriyəm. Sevinirəm ki, mənim haqda insanlarda yüksək fikir formalaşmışdır. Başqaları üçün dedikləri kimi demirlər ki, bezdirdi insanları, televizoru söndürürük ki, həmin bezdirən ifaçını görməyək. İşim göz önündədir, görən görür, tanıyan tanıyır, eşidən eşidir məni. Bu mahnı ilə nəyi demək istəmişəm: İndiki gənclər münasibət qurarkən bilmirlər ki, qarşı tərəf dostudur, yoxsa sevgilisi, seçim qarşısında qalırlar, tərəddüd edirlər. İndiki gənclər bilmirlər ki, dostluq edirlər, sevirlər, qeyri-müəyyəndirlər, ciddi deyillər. Dostu dost kimi sevməlisən. Sevirsənsə, sevgini etiraf et.
  • Kiminlə duetləriniz olmuşdur və kimlə duet oxumağı nəzərdə tutmusunuz?
“Ayrılıb gedirəm bu şəhərdən” mahnısını 2006-cı ildə Dostəliyevə Nazpəri xanımla birlikdə duet olaraq ifa etmişəm. Fürsətdən istifadə edib, Nazpəri xanıma öz dərin minnətdarlığımı bildirirəm, hələ Moskvada olanda, orada tədbirlərdə görüşərdik, getdiyi tədbirlərə məni özü ilə aparardı. Nazpəri xanımla da, məhz Moskvada tanış olmuşam. Bakıya gələndə də, əlaqəmiz kəsilməmişdi, dostluğumuz davam etdi. Mən ona duet oxumağı təklif edəndə, qəbul etdi. İndi də bayramlarda bayramlaşırıq. Çox gözəl ailəsi, övladları var. Alim Qasımovla “Ürək” mahnısını duet ifa etmişik. FM Express ansamblının solisti olan Leyla xanımla duet mahnı ifalarımız vardır. Muğam ifaçısı Ehtiram bəylə duet oxumağı nəzərdə tutmuşuq. Muğam sintezi olacaq bir mahnı var, yeni mahnı, onu duet şəklində oxumağı nəzərdə tutmuşuq.
  • Yaradıcılıqdan əlavə nə işlə məşğulsunuz?
İdmanla. İdmanı çox sevirəm. Gəncədə Dinamo klubu vardı. Dzüdo ilə məşğul olurdum. İndi də idmanla məşğul oluram. Dostlarımızla futbol oynayırıq. Balıq tutmağı sevirəm. Video ilə, montajlarla məşğulam. Velisoped sürməyi sevirəm. İtim var, o, mənim ən yaxın dostumdur, onunla vaxtımı keçirdirəm.
  • Sizcə, O, Qayıdacaq?
Bəli. Ümidimi itirmirəm. Hər şey qayıdacaq, nəinki o. Biz onu qaytarmalıyıq. Belə getməməlidir.
  • Sənət aləmində sənətçi dostunuz çoxdur, ya sizi özünə rəqib bilən sənətçilər?
Dost deməzdim, yoldaşlarım çoxdur, dost daha məsuliyyətli və ciddi anlayışdır, dostlar illər ərzində qazanılır.
Sənət aləmində yaxşı münasibətlərdə olduğunuz, yoldaşlıq etdiyiniz sənətçilər kimlərdir?
Lalə Məmmədova, Samirə, Manana, Zamiq, Faytonçu Nazim, Fərid Əsgərov, Emil Əliyev, Məryəm Şabanova, Tünzalə Ağayeva.
  • Komanda üçün:
İsmayıl Yaqubov:
  • Fuad Musayev və “FM Express” qrupunu 3 sözlə ifadə edin.
Yaradıcı, öndə gedən və qabağa aparan qatar.
  • Qrupda ən xoş gününüz və ən ağır gününüz.
Ən xoş günüm fəaliyyətimi, potensialımı tam göstərə bildiyim, daha səmimi, açıq olduğum gün.  Ən ağır günümün qrupa aidiyyatı yoxdur, çünki özümdən asılıdır, ruhum təmizlənmədikcə, günüm ağır olub, olacaqdır. Təmizləndikcə isə yüngül, xoş olub, olacaq da…
Coşqun Qadaşov:
  • Fuad Musayev və “FM Express” qrupunu 3 sözlə ifadə edin.
İlk növbədə, dost, qardaş, dayaq, peşəkar musiqi və təkcə pul qazanmağı düşünməmək
  • Qrupda ən xoş gününüz və ən ağır gününüz.
Ağır günüm olmayıb. Xoş günüm qrupa gəldiyim günüm, qrupun ən uğurlu çıxışları olan gün.
Sergey Krasnyanskiy:
  • Fuad Musayev və “FM Express” qrupunu 3 sözlə ifadə edin.
Hər şey əladır, əla olacaq
  • Qrupda ən xoş gününüz və ən ağır gününüz.
Ağır günüm tədbirdə çıxışı bitirib evə gec gedəndən sonra səhər tezdən-səhər saat 08-00-da TV-dəki çəkilişlərə getmək. (gülür-redaktordan) Ən xoş günüm pul alanda, maaş alan gün hər gün bayramdır (gülür-redaktordan)
Elcan Cəbrayılov:
  • Fuad Musayev və “FM Express” qrupunu 3 sözlə ifadə edin.
Gələcəyimiz, inkişaf, yaradıcı yanaşma, yaradıcılıq məşəli
  • Qrupda ən xoş gününüz və ən ağır gününüz.
Ağır günüm olmayıb. Xoş günüm qrupda olduğum hər gün.
Təşəkkür edirəm.
Söhbətləşdi: Günel Fərhadqızı

Отправить комментарий