3/07/2016

Çox istəyirəm…

539869_3384599974134_1590840138_n
Çox istəyirəm, səni… Sən varsansa, axtar tap məni… Qoyma gözüm qalsın yollarda, yol çəksin gözlər gözləməkdən…
Çox istəyirəm, pəncərədən təbiət mənzərəsinə birgə baxaq, həyata baxdığımız kimi…
İstəyirəm, sənin olum, səninlə olum, paylaşdıqca, zəifliklərimi də biləsən, ağlamağımı və kövrəkliyimi zəiflik bilib, qınamayasan…
İstəyirəm, qəlbimi xilas edəsən məzara gedən yoldan, biganəlikdən, sevgisizlikdən…
İstəyirəm, ruhumuz bir-birinə qovuşsun, desinlər ki, torpağımız bir yerdən götürülüb bizim…
İstəyirəm, unutdurasan mənə keçmişimi, günahlarımı bağışlayasan, etiraflarımı düz anlayıb sirri kimi saxlayasan özündə…
İstəyirəm, xəzinən olum, xəzinəm olasan, əlçatmaz olaq başqaları üçün…
İstəyirəm, hər gün bir-birimizi yenidən kəşf edək…
İstəyirəm, insanlar, xəstəliklər bizi ayırmasın, soyutmasın, dalaşdığımızda belə yatağımızı ayırmayaq, yataqda barışaq…
İstəyirəm, barışaq, bağışlayaq, qıymayaq pislikləri bir-birimizə, qəlbimizə dəyməyək…
İstəyirəm, ağlımdakı hər fikrim sənin haqda olsun, məni itirim içimdə, bizi qəbul edim…
İstəyirəm, sevim səni, sevəsən məni, səbəbsiz, qınaqsız, qərəzsiz…
İstəyirəm, yenidən inanmaq, xoşbəxt olmaq, gözlərimdəki kədəri sevinclə, işıqla əvəzləmək, üzüm gülsün, təbəssüm mənə yaraşır axı…
İstəyirəm, unutmayaq, ayrılmayaq…
İstəyirəm, ən yaxın dostum olasan, məsləhətçim olasan, sirdaşım olasan, sevgilim olasan, yol yoldaşım olasan, qadağalar, məhdudiyyətlər olmadan, məni olduğum kimi qəbul edəsən…
İstəyirəm, tək almaq istəməyəsən, verməyi də bacarasan, qədrimi biləsən…
İstəyirəm, zirvəyə qalxdıqca, yanımda olasan, sevinc, uğurlarımı səninlə paylaşım, sənsə mənə baxıb, qucaqlayasan, öpəsən alnımdan, əlimdən, baxasan gözlərimə və gözlərin desin məni sevməyini…
İstəyirəm, sevginlə, əməllərinlə sözlərin dəyərini mənə qaytarasan… İnanım sözlərə…
Heyif, özümü tanıdığım, anladığım andan sevdiyim insanlar məni sevməyib, məni sevənləri mən sevə bilməmişəm, çox kişi sadəcə məni yataqda təsəvvür edir, istəyir, səmimilik, sevgi yoxdur, ehtirasdır…
Sənsənsə, özünə əminsənsə, gəl, sınayaq!
Отправить комментарий